Şeirimizin Şuşası
və ya Nizami Gəncəvi əsərlərinin tərcüməsinə dair qeydlər
Klassik ədəbiyyatın
məziyyətləri, bildiyimiz kimi, çoxdur, bunlardan biri də
hər dəfə oxuyanda yeni nə isə tapmaqdır.
Bunu
bildiyim üçün dahi Nizaminin əsərlərini bir də
oxumaq qərararına gəldim. Doğrusu, məni daha
çox bu həvəsə salan amillərdən biri də məktəb
illərindən hamının əzbər bildiyi bəzi beytlər
idi. O zamanlar elə də fərqinə varmadığım məşhur
şeirlərdəki məntiqsizliyi getdikcə heç cür
Nizami ilə bağlı görmürdüm:
Şam
şəhərində xeyli qoca bir kişi vardı,
Pəri
kimi, cin kimi camaatdan qaçardı...
Necə yəni
xeyli qoca? Bu "xeyli qoca" necə kərpic kəsə bilər?
Və
yaxud:
Zülm
edib bir qarıya çox uddurmuşdular qan,
O da Sultan
Səncərin tutaraq yaxasından
Dedi ki: -
Səndə insaf az görmüşəm, qulaq as!
Səndən
gördüyüm zülüm əsla hesaba sığmaz.
Bir kənd
darğasının əlində aciz qalan qarı ölkənin
Sultanının (padşahının) yaxasından tuta bilir.
Özü də ona həm səndə insaf az
görmüşəm, həm də səndən
gördüyüm zülüm hesaba sığmaz deyir.
Heç bir məntiq yoxdur - insaf gördüyü
üçün müraciət etməyə cəsarət
etdiyi adama deyəsən ki, səndən çox zülümlər
görmüşəm (?!).
Belə məntiq
boşluqlarını və digər problemləri əsərləri
oxuduqca tez-tez gördüm. Hətta, omonim olan ədatla yerlik
hal şəkilçisinin qafiyə kimi işləndiyi
"Bir inci saflığı varsa da suda, Artıq içiləndə
dərd verir su da" kimi dillərə düşmüş
beyt də düzgün tərcümə olunmayıb:
Ab ərçe
həme zolal xizəd,
Əz
xordəni por məlal xizəd.
- beytinin
sətri tərcüməsi, yəni mənası belədir:
Su hərçənd
ki, bütün zülalları yaradır,
Çox
qəbul edəndə məlal (yəni əzab) yaradır.
Bəs tərcüməyə
Nizaminin demədiyi "inci" sözü - lüğətlərdə
molyusklardan çıxarılan sədəf kimi izahı verilən
bu söz niyə daxil edilib, bilmədim. Belə sualların
cavabı haqda bir qədər sonra fikirlərimi qeyd edəcəyəm.
Tərcüməsi
çox təəccüb və təəssüf doğuran,
hətta Nizami kimi nəhəng dühanın şəxsiyyətinə
kölgə salmaq cəhdi kimi qiymətləndirdiyim "Sirlər
xəzinəsi"ndə rast gəldiyim 2 beyt var və
düşünürəm ki, Nizaminin əsərlərinin tərcüməsinin
keyfiyyəti haqda bu iki beyt kifayət qədər təsəvvür
yarada bilər:
Çərx
ilə əyləşsən əgər süfrəyə,
Barı
bir az sür-sümük at bəndəyə.
Mən
bir itintək edirəm iftixar,
Bəndəliyinlə
yaşaram bəxtiyar.
"Kitabın
yazılma səbəbi" bölməsində şaha xitabən
yazılmış bu beytlərin Xəlil Yusifli tərəfindən
belə tərcüməsi Nizaminin şahın iti olmaqdan
iftixar duyduğu anlamına gətirir. Ancaq Nizami elə
Nizamidir, o, bütün əsərlərində öz şəxsiyyətini
yüksək tutur, fenomenal istedad sahibi olduğunu yaxşı
bilir və özünü söz səltənətinin
sultanı hesab edir. Bəs necə olur ki, bu sultan birdən-birə
kiminsə iti olmaq istəyir, həm də bundan qürur duyur? Əlbəttə,
bu, absurddur. Ona görə tərcümənin müxtəlif
variantlarına baxdım. Süleyman Rüstəm Abbasəli
Sarovlu ilə bu beytləri tamam fərqli tərcümə
edib:
Söz
süfrəsi başında fələklə zövq alarsan,
Öz comərdlik
töhfənlə məni yada salarsan.
Sənə
sadiq, vəfadar olmağın öz yeri var,
Qulluğunda
dayanmaq iftixardır, iftixar.
Eyni
misralardakı bu qədər məna fərqi məni yenə təəccübləndirdi.
Xəlil Rzanın tərcüməsini axtardım:
Axşam əl
uzadırkən fələklə bir təama,
Sən mənim
də qarşıma bir tikə qoy, unutma.
Sənə
məhəbbətimi vəsf etdim dönə-dönə,
Qoy sənə
qul xidmətim iftixar olsun mənə!
Fikir
verirsinizsə, Xəlil Rza da yuxarıdakı tərcüməçilər
kimi Nizaminin özünün özünə it deməsi
fikrini yazmır, ancaq təəssüf ki, şaha qul olmaqdan
iftixar duyduğunu göstərir. Mənim fikrimcə, bu beytlərin
nisbətən kamil tərcüməsi tanınmış
nizamişünas, maştağalı şair Mircəlal Zəkiyə
məxsusdur. "Sirlər xəzinəsi"ni Nizami Gəncəvinin
vəzn, üslub və təhkiyəsini həssaslıqla
qoruyaraq tərcümə edən Mircəlal Zəki həmin
beytləri belə təqdim edir:
Çərx
ilə həmsüfrə olan axşamı,
Bəndəyə
həm süfrədən et ənamı.
Bəndəliyindən
vururam dəm sənin,
Dəbdəbədir
bəndəliyin həm sənin.
Bu beytlərin
rus dilinə tərcüməsi də maraqlıdır,
böyük tirajla MDB məkanında yayımlanan həmin
kitabda gördüyüm fərqli fikirlər isə məni
çox təəssüfləndirdi:
Tı
çitay moö kniqu, blistaə mej zvezdnıx qostey,
So stola
svoeqo tı mne kinğ xotğ nemnoqo kostey.
Ə
vedğ tolğko tvoy pes, i rasstalsə ə s rokom
uqrömım,
Uslujaə
tebe gtim laem pokornım i şumom.
(Tərcümə
edənlər: K.A.Lipskerov və S.V.Şervinskiy)
Tam
aydın olsun deyə, həmin misraların söz-söz tərcüməsini
qeyd edirəm:
Ulduz
qonaqların arasında parlamaqla sən mənim kitabımı
oxu,
Masanın
üstündən heç olmazsa, mənə bir qədər
sümük tulla.
Axı mən
ancaq sənin itinəm, tutqun qayalardan ayrılmışam,
Sənə
öz təslimçi və hay-küylü
hürüşümlə xidmət göstərirəm.
Tərcüməçilər
bir tərəfdən şairin yazmadığı fikirləri,
sözləri özlərindən əlavə ediblər,
misraların uzunluğunu təxminən iki dəfə
artırıblar (Nizami "Sirlər xəzinəsi"ni əruzun
Səri bəhrində, yəni hər misrası təxminən
11 hecada yazmışdır), digər tərəfdən dahi
Nizamiyə qərəzçiliklə yanaşıblar. Ancaq
şahın iti olmaq, ona təslimçi və hay-küylü
hürüşlə xidmət göstərmək nə deməkdir?!
Bəs acizanə şəkildə ağasından stol
üstündən (Şərqdə süfrə yerdə
açılır, stol üstdə yox!!!) sür-sümük,
yəni süfrənin artığının xahiş edilməsi
nə deməkdir?! Bu, Nizamiyə yaraşarmı?
Belə
müxtəlif yanaşmaları, hər kəsin bir cür tərcümə
etməsini Nizami irsinə böyük hörmətsizlik hesab
edərək həmin beytlərin orijinalına baxdım:
Ba fələk
an şəb ke neşini bexan,
Pişe mən
əfkən ğədəri-ustuxan.
Kaxere-lafe-səgite
mizənəm,
Dəbdəbeye-bəndəgite
mizənəm.
Bu beytlərin
filoloji tərcüməsi görkəmli şərqşünas
alim Rüstəm Əliyevin icrasında belə alınıb:
Bir gecə
fələklə süfrə arxasında oturarkən,
Mənə
də bir neçə sümük at.
Çünki
mən sənin itin olmaqdan dəm vururam,
Sənə
qul olmağım üçün haray salmışam.
Əlbəttə,
bədii tərcümələr üçün əsas kimi
götürülən bu filoloji tərcümə özü
qəti düzgün deyil. Bəs əslində, necə
olmalıdır? Birincisi, buradakı "səgit" və
"bəndəgit" sözləri birinci şəxsin təkini,
yəni "(mənim) itliyim"i və "(mənim) bəndəliyim"i
yox, ikinci şəxsin təkini, yəni "(sənin)
itliyin"i və "(sənin) bəndəliyin"i bildirir.
Əsas məsələ isə budur ki, burada söhbət tərcüməçilərin
təqdim etdiyi maddi varlıqlardan yox, ilahi dəyərlərdən,
göy cisimlərindən gedir. Bilirik ki, Şeyx Nizaminin
"Sirlər xəzinəsi" poemasını ithaf etdiyi Ərzincan
hakimi Bəhram şahın adının mənası Mars
planeti deməkdir. Nizami Gəncəvi
yaradıcılığını dərindən bilən, həm
də astronom kimi tanınmış alim olan Firudin Qurbansoy tədqiqatlarında
yazır ki, Bəhram, yəni Mars planeti Günəş
sistemində Yerdən görünən parlaq planetlərdən
biri, həm də qırmızı olduğuna görə
Şərq ədəbiyyatında çox yüksək səviyyəli,
nəcib və nüfuzlu şəxsləri bu planetin adı ilə
mədh edirdilər. F.Qurbansoy qeyd edir ki,
Nizami burada Bəhram şahın adaşı Mars kimi daim parlaq
və göylərdə (ucalarda) olmasını yazır və
onu öz nuru ilə hətta kainatın ən parlaq ulduzu olan
Şira ulduzu (latınca Sirius) ilə müqayisə edir.
Günəş sistemindən bir neçə işıq ili
(8,6) uzaqda olan və Böyük İt bürcünün Alfa
ulduzu hesab edilən Sirius da Şərq poeziyasında Mars kimi
şöhrətin, dəbdəbənin, taxt-tacın, yüksək
dövlət qulluğunun rəmzidir, ancaq o, Marsdan qat-qat
böyük və parlaq olduğuna görə daha yüksək
mərtəbəli, daha məhşur və daha nüfuzlu
şəxslərin mədhində istifadə edilir.
Maraqlıdır ki, Mars planeti bəzi məqamlarda Sirius ilə
bir xətdə dayanır və ətindən kabab bişirilə
bilən heyvanlar kimi tanınan Qoç, Buğa, Oğlaq
bürclərinin (digər bürclər istisnadır)
ulduzları da həmin məqamda bunlarla eyni xətdə qərar
tutur. Nücum elmini, yəni astronomiyanı mükəmməl
bilən Nizami
haqqında söhbət gedən beytlərdə
süfrəni səmaya, həmin bürcləri təşkil
edən işıqlı ulduzları kabab tikələrinə
bənzədir (Şərq ədəbiyyatında xəyali xətt
ilə-şiş anlamında birləşə bilən
ulduzların kabab kimi səciyyələndirilməsi geniş
yayılmışdır). Deməli, Nizami bu beytlərdə təqdim
edildiyi kimi yox, tamam başqa fikir deyir. Gəlin Şeyx Nizaminin
Bəhram şaha müracətlə yazdığı həmin
misraların dəqiq filoloji tərcüməsinə baxaq:
O gecə
ki, fələklə bir süfrədə oturmusan,
Bir qədər
sümüklü tikələrdən (kababdan) mənim
üçün endir.
Sözümün
axırında sənin itliyini vəsf edərəm,
Bəndə
olmağının dəbdəbəsini vəsf edərəm.
Aydın
olur ki, şair burada it sözünü qətiyyən
özünə aid etmir, Sirius ulduzunu nəzərdə tutaraq
Böyük İt bürcündən danışır,
heç kəsdən süfrə artığı da istəmir,
ancaq göylərdə qərar tutan Marsı, yəni Bəhram
şahı tərifləyir, onun göylərdə
olmasını fələklə bir süfrədə
oturması kimi səciyyələndirir, "Sənin itliyini vəsf
edərəm" deyərək sözünün, yəni
"Sirlər xəzinəsi" əsərinin sonunda Bəhram
şahı kainatın ən parlaq ulduzu olan Böyük İt
bürcündəki Sirius qədər parlaq olduğunu tərənnüm
edəcəyinə söz verir və Bəhram şahdan kabab
tikələri kimi təsvir etdiyi ulduzların qonorar kimi
endirilməsini istəyir. Deməli, şair bu misralarda həm
Bəhram şahı, yəni Marsı Böyük İt
bürcündəki Sirius ulduzu ilə müqayisə edir, həm
şaha böyük, parlaq, nüfuzlu deyir, tanrı nümayəndəsi
kimi yüksəklərdə fələklə bir süfrədə
oturmaq ixtiyarında olduğunu qeyd edir, həm onun əndazəsindən
çıxmaması üçün adi bir Allah bəndəsi
olduğunu vurğulayır, həm də göydəki məclisdən
sümüklü (yəni ləzzətli) kabab istəməklə,
"Sirlər xəzinəsi"nə görə şahdan ədalətli,
ləzzətli qələmiyyə (qonorar) gözlədiyini
bildirir:
Ba fələk
an şəb ke neşini bexan,
Pişe mən
əfkən ğədəri-ustuxan.
Kaxere-lafe-səgite
mizənəm,
Dəbdəbeye-bəndəgite
mizənəm.
Nizaminin
böyüklüyü, dahiliyi də odur ki, iki beytdə
şair-tərcüməçilərin dərk edə bilmədiyi
çox dərin mətləbləri deyib. Bilirik ki, Nizaminin
yalnız "Xəmsə"si təxminən 30 min beytdir. Bu
30 mindən ancaq ikisinin izahı göstərir ki, Nizaminin əsərlərinə
"qafiyə tutmaqla tərcümə etməyə cəhd"
yanaşması kökündən yanlışdır.
İndi
bu qədər böyük və dərin fikri cəmi iki beytə
sığışdıran Şeyx Nizaminin tərcümələrinin
belə bərbadlığının səbəbləri
haqqında:
1. Nizami Gəncəvi
bəzi ədəbiyyatşünaslar tərəfindən təəssüf
ki, "Böyük şair", "Görkəmli
şair", "Şərq ədəbiyyatını
ulduzu" kimi epitetlərlə səciyyələndirilsə də,
əslində, o, dünya ədəbiyyatının ən nəhəng
simalarından biridir və Şərq poeziyasının
günəşidir. Astronomiyadan bilirik ki, Günəş
sisteminə daxil olan planetlərin hamısının bir yerdə
kütləsi günəşin həcminin cəmi 2 faizini təşkil
edir. Nizami də poeziyanın günəşi olaraq elədir:
bütün şairlərin, tərcüməçilərin
bir yerdə təfəkkürü onun istedadının 2
faizini təşkil edə bilər. Həmin 2 faizə 98 faizin
tərcüməsi tapşırılanda nəticə belə
də gözlənilməlidir.
2.
Bildiyimiz kimi, Nizaminin 800 illiyi - 1941-ci il ərəfəsində,
dəqiqi 1939-cu ildə onun "Xəmsə"sinin ilk dəfə
Azərbaycan dilinə tərcüməsi haqda dövlət səviyyəsində
qərar qəbul olunmuşdur. Ona görə də, əsərlərin
keyfiyyətsiz tərcüməsinə təsir göstərən
amil kimi 1937-ci ilin müdhiş hadisələri də
xüsusi qeyd edilməlidir. Çünki məhz 1937-ci ildə
bu tərcüməyə daha böyük potensialı olan
şairlərin - Əhməd Cavad, Mikayıl Müşfiq,
Hüseyn Cavid, Hacı Kərim Sanılı, Tağı
Şahbazi, Sultan Məcid Qənizadə, Ömər Faiq
Nemanzadə, Səid Hüseyn, alimlər Məmməd Kazım
Ələkbərli, Hənəfi Zeynallı, Vəli Xuluflu, Bəkir
Çobanzadə və başqalarının aradan
götürülməsi ilə böyük boşluq
yarandı. Tərcümə zərurəti yarananda ədəbiyyat
aləmində yalnız Məmməd Rahim, Abdulla Şaiq, Abbasəli
Sarovlu, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm,
Mikayıl Rzaquluzadə... vardı. Böyük Nizaminin bədii
tərcüməsi bu şairlərə, filoloji tərcüməsi
isə Həmid Araslı, Mübariz Əlizadə, İbrahim
Tahir, Abbasəli Sarovlu, qismən də Abdulla Şaiq və
Böyükağa Qasımzadəyə
tapşırıldı. Özü də hansı şəraitdə?
Cəmi bircə - 1940-cı il ərzində "Xəmsə"
həm filoloji, həm də bədii tərcümə
olunmalı idi. Bir yandan 1937-ci ildə qurban getmiş, necə
deyərlər, "gözü çıxarılmış
qardaşın" xofu, bir yandan tərcümənin
gedişinə ümumi nəzarətin KQB-nin, o vaxtkı
NKVD-nin rəhbəri rus Yemelyanova tapşırılması,
onun şair və tərcüməçilərdən həftəlik
hesabat tələb etməsinin nə demək olduğunu təsəvvür
etmək çətin deyil. Necə deyərlər,
başının üstündə "Domokl
qılıncı", qarşında tələsik edilmiş
filoloji tərcümə, qaçmış yuxularında
sürgünlük həyatı, Mircəfər
Bağırovun vahiməli baxışları, Yemelyanovun
çığırtıları və Nizami Gəncəvinin
ruhu... Bu paradokslar çərçivəsində tərcümənin
keyfiyyətini təsəvvür etmək olar...
3. Mənbələrdə
müxtəlif məlumatlar verilsə də, bilirik ki, Nizami təxminən
1174-cü ildə "Sirlər xəzinəsi"ni,
ömrünün sonlarında isə "İsgəndərnamə"ni
tamamlayıb. "Xəmsə" ilə tanış olanda
görürük ki, bu əsərlər yalnız yüksək
sənətkarlıqla qələmə alınmış
poeziya nümunələri yox, həm də nəhəng
filosofun, astronomun, coğrafiyaşünasın, tarixçinin,
kimyaçının, fizikin, ilahiyyatçının və
digər elmlərə dərindən bələd olan fenomenal
bir insanın yaratdıqlarıdır. 35 il ərzində Nizami
kimi bir dühanın yazdığı 5 dərin məzmunlu
poema cəmi 1 ildə tərcümə olunub.
Bir
neçə cümlə də Gəncədə doğulub,
burada da yaşayan, təpədən dırnağadək
türk oğlu türk olan Nizaminin niyə farsca yazması barədə
mülahizələrimi demək istəyirəm. Nizami
dövründə Anadoludan Hindistana kimi böyük bir ərazinin
ədəbi dili farsca olmuşdur. Milli mənsubiyyətindən
asılı olmayaraq Mövlanə Cəlaləddindən
Firdovsiyə, Əlişir Nəvaidən Ömər Xəyyama
kimi bütün şairlər fars dilində yazırdı. Həm
də bu problem yalnız Azərbaycan ədəbiyyatına aid
məsələ deyildi, bütün dünya üçün
xarakterik hal idi. Bildiyimiz kimi, V əsrə kimi 40-dan artıq
dövləti, 100-dək yazı mədəniyyəti olan
xalqı birləşdirən Avropada bədii əsərlər
yalnız latın və qədim yunan dilində, VI əsrdən
XVI əsrə qədər isə cəmi 5 dildə - alman,
ingilis, ispan, italyan və fransız dillərində
yazılırdı. Bu o demək deyildi ki, V əsrə qədər
alman ədəbiyyatı, yaxud XVI əsrə qədər
Polşa, xorvat, ya da çex ədəbiyyatı
olmamışdır, yaxud bu gün rus dilində yazan dünya
şöhrətli Çingiz Abdullayev Azərbaycan
yazıçısı deyil.
Bütün
qeyd edilənləri ümumiləşdirərək hesab edirəm
ki, Nizami Gəncəvini doğma xalqına yaxından
tanıtmaq, onun yalnız şablon söz birləşmələrində
yox, həqiqətən dahi, təkrarsız, nəhəng
olduğunu təqdim etmək üçün "Xəmsə"nin
izahlı, geniş şərhli tərcüməsini etmək
lazımdır. Qoy bu tərcüməyə 10 il, 20 il vaxt
getsin, ancaq heç olmasa Nizaminin 900 illik yubileyindən sonra
insanlar onun dahiliyinə eşitdiklərinə görə yox,
oxuyaraq, dərk edərək heyran olsunlar. Özü də bu
tərcümə nəzmlə-poetik olmamalıdır.
Yuxarıda qeyd edilən nümunələrdə
gördüyümüz kimi, hər misrasında böyük
fikir gizlənən Nizaminin poeziyasını onun səviyyəsində
çatdırmaq qeyri-mümkün bir işdir. Dünya təcrübəsində
belə halların olduğunu deməyə ehtiyac yoxdur.
Qardaş Türkiyədə Mövlanəni nəsrlə, həm
də geniş şərhli-izahlı tərcüməsini
ediblər. Ancaq bu tərcümələrdən sonra Cəlaləddin
Ruminin xalq arasında əsl dəyəri yerini tapıb və
Mövlanə bu gün dünyada ən çox oxunan şairlərdəndir.
Mən bu yazını "Şeirimizin
Şuşası" adlandırmışam. Çünki
Nizami bizimçün Şuşa qədər müqəddəs,
Şuşa kimi dəyərli, Şuşa səviyyəsində
uca, Şuşa qədər əziz və doğmadır.
Şuşa kimi bizim olsa da, ona göz dikənlər çox
olub. Etiraf edək ki, Şuşa kimi biz onu da yaxşı
tanımamışıq və tam dərk edə bilməmişik.
İndi Şuşa azad olub, Şuşaya yollar çəkilir,
Şuşa mədəniyyət mərkəzinə
çevrilir, yenidən abad olur... Nizami də bu tərcümə
əsarətindən xilas edilməli, onun parlaq zəkasına
yeni yollar çəkilməli, onun dəyərləri bərqərar
edilməli, Nizami dünya mədəniyyətinə layiq
olduğu səviyyədə təqdim olunmalıdır...
Fikrət
ŞİRİYEV
525-ci qəzet.- 2021.- 17 may.- S.12;16.