Vida baxışı - Xatirə-oçerk
Hərdən
mənə elə gəlir ki, bəşərin (insanın)
xarakteri ilə təbiət arasında könüləyatımlı
bir yaxınlıq, möcüzəvi bir uyğunluq (bəlkə
də eynilik!) var: şimşək
çaxışını qəzəbə, bulaq
axışını nəğməyə, təranəyə,
göylərin yağışını kövrəkliyə,
qılığı mehə, gözəlliyi
qövsü-qüzehə,
çılğınlığı yelə, coşqunluğu
selə... bənzədiblər, bənzədirik, bənzədəcəklər.
Bəşər
təbiətin bir parçasıdı, hissənin tama, bütövə
bu səviyyədə, bu duyğusallıqla bənzəyişində
qəribəlik yoxdu. Onu da bilirəm ki, dərk edənə,
buludun, şimşəyin, yağışın, küləyin
dilini bilənə təbiət böyük məktəbdi:
görürsən, duyursan, düşünürsən və
daha mükəmməl öyrənmək həvəsiylə
öyrənirsən. Öyrətdiklərinin
cazibəsinə düşənlər də olur,
ömrünü bu cazibənin konturları - hüdudları
arasında yaşayanlar da.
Onlardan biri də Hürü Hüseyn qızı idi.
Sonralar fəal həyat mövqeyi ilə tanınan,
ehtiramlarla əhatələnən Hürü Hüseyn
qızı 1936-cı ildə Zəngilanın
Bürünlü kəndində anadan olub. Atasının, əmisinin,
yaxın qohumlarının təhsilli olması
Hürünün marağının istiqamətini müəyyənləşdirib:
oxumaq, öyrənmək, təhsil almaq.
Səkkizinci sinifdə oxuyurdu. Haqlı olduğuna əmin
olduğunu bilirdisə, heç nəyi ürəyində
boğmazdı. Bəzən
anlaşılmaz vəziyyətlər yaransa da,
düşündüklərini deyərdi, hərdən
mülayim deyərdi, hərdən bir qədər kəskin.
"Sözün bərki də mətləb anlatmaq
üçündü, yumşağı da", -
könül həmdəmlərinə belə də deyərdi.
Müəllimləri təhsilin fəzilətlərindən, cəmiyyətdə
rolundan danışanda Lenindən sitat gətirmişdi: Oxumaq,
oxumaq, yenə də oxumaq. Onda Hürü səbirsizliklə
"Bu fikri Məhəmməd peyğəmbər Lenindən
14 əsr əvvəl deyib...", -
demişdi. Nə yaxşı məktəbin
tarix müəllimi də, məktəbin direktoru da fikir
ayrılığına görə yaranmaqda olan mübahisəyə
vaxtında müdaxilə etmişdi - müəllim sinifdə
başlayan mükalimələşməni davam etdirmək, günahı
olmayan şagirdin cəzalandırılmasına cəhd
göstərmək fikrindən daşınmışdı...
Hürü uşaqlığından duruluğa meyilli
olub. Şagird, tələbə kimi də, ailədə
bacılarına, qardaşına atanın, ananın
yoxluğunu unutduranda da duruluğu yaşanılan illərə
göyqurşağı bilib. "Duru
olmayan ömür nəyə lazımdı, kimə
lazımdı. Belə ömürə dəyərsiz
ömür deyirlər. Dəyərsiz illər
ömürsüzlük deməkdi", - kəlamı
Hürü Hüseyn qızının sevdiyi kəlamlardan
olub. Bu kəlam onu mənəvi
duruluğun - saflığın mücahidi etmişdi.
Pircivan orta məktəbinin sonuncu sinif şagirdi
Hürü Mehralıyeva kimya fənnini seçdi. Məktəbin kimya müəllimi,
Əməkdar müəllim Əsəd Məmmədov
Hürünün Azərbaycan Dövlət Universitetinin kimya
fakültəsinə qəbul olunduğunu eşidəndə
şükranlıqla göy üzünə baxdı...
"Təhsili saflaşmağa yönləndirən
pedaqoji prosesdir", - Hürü həm də belə deyərmiş. Bu düşüncələrin
işığında ali təhsil
aldı. Aqrarkimya institutunda kiçik elmi
işçi kimi əmək fəaliyyətinə
başladı (əslində, Hürü əməyə
uşaqlığından alışmışdı, həmişə
gücü çatan işin qulpundan yapışırdı).
Az sonra Bakı Rezin Texniki Məmulatlar
zavodunda plan-istehsalat şöbəsinin mühəndisi oldu. Elmi müəssisədə elmi işlə məşğul
olmaq ayrı, istehsalatda işləmək ayrı. Hər sahənin öz çətinlikləri var, bu
çətinliklər biliklə, erudisiya ilə aradan qaldırıldı.
Atasının təkidi ilə rayona qayıtdı.
Zəngilan şəhər məktəbində müəllim
işlədi.
Yeni müəllimin savadı,
davranışı, fəzilətli düşüncəsi
diqqətdən kənarda qalmadı, işıq, nur qüdrətiylə
sinif otaqlarından, məktəbdən dünyaya sızdı.
Hürü müəllim rayon Maarif şöbəsinin
metodisti təyin edildi. Pedaqoji işə bələd
olanlar yaxşı bilir ki, xüsusi qabiliyyəti olmayan
kadrı bu qədər az iş stajı ilə
bu vəzifəyə təyin etməzdilər ("Haqq əmək
itirməz" - məsəlini xatırlayıram,
xatırladıram)...
Hüseyn kişinin son nəfəsindən sonra ailənin
ağırlığı Hürünün hələ
düz-əməlli bərkiməmiş çiyinlərinə
düşdü. Üç bacıya, bir qardaşa həm
bacı oldu, həm ata. Heç biri
Hürünün göz yaşlarını görmədi.
Göz yaşları ürəyinə axdı
Hürü ananın. Bu, bəşəri duyğular bəşəri
sevgi deyildimi?!.
Hüseyn
kişi Qaryagində (indiki Füzuli)
mühasibatlıq məktəbini bitirmişdi. O dövrlərdə
belə təhsil də güzəran üçün xeyli əhəmiyyətliydi.
Zəngilanın meşə təssərüfatı
idarəsində mühasib, texniki istehsalat birliyində baş
mühasib işləmişdi, dörd qızını, bir oğlunu
böyüdüb boya-başa çatdırmışdı.
O illərin
ideoloji mühitində komsomolun boyu kifayət qədər əzəmətlə
görünürdü. Bu təşkilatın
strukturlarında işləyənlərə ictimaiyyətin
kifayət qədər səviyyəli ehtiramı
varıydı. Bu ehtiram vəzifəyə
təyinatla tamamlanırdı; təhsil, savad, ictimai fəallıq,
nitq qabiliyyəti - bu komponentlər vəhdətdə gənclərin
komsomolda təmsil olunmasına vəsilə (vasitə) olurdu.
Rayon Maarif şöbəsinin metodisti
Hürü Mehralıyeva Rayon Komsomol Komitəsinin II katibi vəzifəsinə
təklif olundu. Seçildi. Yeni təyinat ictimaiyyətdə böyük
coşqu yaratdı. Az sonra I katib vəzifəsinə
seçildi. Bu coşqu ehtiramın
davamıydı; gənc müəllim gənc katib kimi də gənclərin
sırasındaydı, onların etimad ünvanlarından
biriydi.
Rayonda gənclərin
istər siyasi, istərsə də fəaliyyət (iş) fəallığı
yüksəldi. Bu yüksəliş həm də
iqtisadi yüksəlişə zəmin yaratdı.
Bunları Rayon Partiya Komitəsi görürdü, dəyərləndirirdi,
təqdir edirdi...
Hürü
Mehralıyevanı Rayon Partiya Komitəsinin ideoloji işlər
üzrə katib (bu, üçüncü katib vəzifəsidir)
vəzifəsinə seçdilər...
Sonra
ikinci katib...
Sonra Sovet
İKP MK yanında Moskva Ali Partiya Məktəbinin dinləyicisi...
Sonra
Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin
sədri...
Sonra Zəngilan
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri...
Sonra
Respublika Aqrar-Sənaye Bankı Zəngilan rayon şöbəsinə
müdiri... İki övlad anasıydı
Hürü Mehralıyeva.
Atasının ölümündən sonra özündən
kiçik dörd uşağa ata olmuşdu, həyat
yoldaşı Şükür Şükürovun vaxtsız vəfatından
sonra iki övladına - Sevincə, Həsənə həm ana
oldu, həm də ata. Balaları da ali təhsil aldı.
Talehin gərdişinə təsəlli bildi oğlunun,
qızının ali təhsil
almasını. "Taleyim mənimlə
cavanlığımda da, bir qədər yaşlaşanda da
acı davrandı. Atam vaxtsız öldü -
üç bacıma, bir qardaşıma ata oldum, həyat
yoldaşım vaxtsız öldü, oğluma, qızıma
ata oldum", - Hürü Mehralıyeva könül isitdiyi
yaxınlarına giley kimi deyil, dərdləşmə kimi belə
deyərmiş...
Hürü Mehralıyeva gəncliyində
tay-tuşlarına, səmimiyyətinə inandığı həmsöhbətlərinə
deyərdi ki, dürüstlüklə, haqq-ədalət cəfakeşi
olmaqla yaşanılan ömür saf ömürdü, duru
ömürdü, belə ömürlərdə müqəddəslik
zərrələri var. Adına əmək kitabçası
açılan gündən son nəfəsinəcən belə
yaşadı.
Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin
sədri idi. Qəbuluna gəlmiş ağsaqqalı diqqətlə
dinləmişdi. Hansı duyğuların
təsiriyləsə ona inanmışdı. Rayonun Maarif şöbəsinin müdirinə zəng
etmişdi, "Nəvələrinə atalıq edən
ağsaqqala, müharibə veteranına, vətəndaşa
belə münasibəti partiya heç kimə
bağışlamaz. İndi
yanınıza gələcək. Onun problemini həll
edin...", - demişdi.
Zəngilan
xatirələri - Posts | Facebook
Səhərisi
gün kənd Sovetinin sədrindən öyrənmişdi ki,
ağsaqqalın problemi həll edilib - gəlini kəndlərindəki
məktəbə dəyişdirilib...
Hürü
Hüseyn qızı yeniyetməliyindən mütaliəni
sevirdi, sonralar iş yoldaşlarına da sevdirirdi, qızı
Sevincə də, oğlu Həsənə də sevdirirdi, nənə ağuşuna can atan nəvələrinə
də sevdirdi.
... Zəngilan işğal olunanda Araz
çayının sahilində ayaq saxladı. Ona "Tez ol, ay ana, ay nənə!" demədilər.
Bilirdilər ki, Hürü Hüseyn qızı
belə məqamlarda səbəbsiz dayanmaz. Həm də el-elatın ağı günündə.
Həm də bir qədər aralıdan bənzərsiz misralar
eşidildiyi anlarda:
Doyunca
doydurammadı,
Bu bar məni,
bəhər məni.
Yedəyinə
alıb gedir,
Bir ovunmaz
qəhər məni...
Ağı misallı misralar eşidənləri
varından yox elədi. Əzizləri Hürü nənəyə baxdı,
Hürü nənə
Zəngilana sarı. Bu baxış Zəngilanla vida
baxışıymış; Hürü Hüseyn
qızının son nəfəsi Zəngilana qismət
olmadı...
Hürü Mehralıyeva dövlət
qarşısındakı xidmətlərinə görə
"Şərəf Nişanı" ordeninə və
"Əmək igidliyinə görə" medalına layiq
görülmüşdü. "Ən
böyük mükafatı insanların sevgisidi. Son nəfəsinin sığındığı bu
sevinc olanlara həsəd aparıram", - Hürü
Mehralıyeva həm də belə deyərdi. Onun ruhunu haraylayıram, "Sən yaşayanda da,
son nəfəsindən sonra da belə bir sevgi ilə əhatələndin,
Hürü müəllim". Onu hamı
belə çağırardı. Təkcə
zamanında müəllim olduğuna görə deyil, həm də
vətəndaşlığına görə...
Hürü Mehralıyevanın xeyirxah işləri
yaddaşlardadı. Sovet dönəmində rəhbər vəzifələrdə
işləyən qadınların iş rejiminin nə qədər
ağır olduğunu o illəri yaşamış insanlar
yaxşı bilir. Gərgin iş rejimi, ailə,
uşaqların təhsili, digər qayğılar. Bunların hamısının icraçısı
olmaq, həm də cəmiyyətin inkişaf səviyyəsinə
uyğun şəkildə qurmaq bir qadın üçün o
qədər də asan deyildi. Buna
güclü iradə, işə və ailəyə eyni səviyyəli
sevgi (və ehtiram) gərəkdir. İllər
bu gündən sabahlara düşən işıq kimi
yaşanılmalıdır.
Təkcə işmi, ailəmi?
Yaxın
qohumlarına da qayğı göstərirdi Hürü
Hüseyn qızı...
Ölümündən sonra xatirələrdə
yaşamaq, həm də bu qədər sevgilərlə
yaşamaq hər adama nəsib olmur. Ömürdən
sonrakı ömür ifadəsi var. Məni qınayan olmasa,
deyərdim ki, ömürdən sonrakı ömür müqəddəslərə
nəsib olan ömürdü. Belədisə,
Hürü ana kimi xatırlanan Hürü Hüseyn
qızının ömrü belə ömürdü...
Yüksək mənəvi keyfiyyətləri, əməksevərliyi,
sadəliyi, təmkini ilə çoxlarına örnək oldu
bu cəfakeş ana, cəfakeş vətəndaş. Düzgünlüyü
düzgünlüyün, cavabdehlik məsuliyyəti cavabdehlik
məsuliyyətinin düsturu oldu. Hürü xanımın
keçdiyi şərəfli həyat yolu tarixləşdi...
Səmimilik, alicənablıq, əməksevərlik, əvvəl
özünə, sonra isə ətrafındakılara
qarşı tələbkarlıq, Vətəninə,
torpağına, ailəsinə bağlılıq, yüksək
əxlaq Hürü xanıma xas xarakterik xüsusiyyətlər
idi. Ciddi nizam-intizam, məsulliyyət duyğuları onun
üçün müəyyən mənada milli mentalitet idi.
"Ömrün mənası insanlara diqqət və
qayğı göstərməkdədir, insanlara təmannasız
kömək əlini uzatmalısan", - Hürü Hüseyn
qızı belə deyirdi...
Zamanında mən də komsomol işçisi
olmuşam. Mən də komsomol sıralarında
formalaşmışam. Bir dəfə,
işğaldan əvvəl bir tədbirdə səmimiyyətlə
görüşdük. "Bayram müəllim", -
dedi. "O illərin komsomolçularına Səməd
Vurğun əsər həsr etmişdi, sən də
dövrümüzün komsomollarından yazı yaz. Bizim də
çətinliklərimiz az olmayıb. Nə çətinliklər olduğunu komsomolda
işləyənlər bilər. Bu çətinliklərin
partiya sıralarında bir qədər də tündləşdiyini
sən də yaxşı bilirsən..." Çarəsizliklə
gülümsündüm. Üzündə acı bir təbəssüm,
acı təbəssümə söykəkli bir təəssüf
gördüm...
Hürü üç bacısının, bir
qardaşının təhsil almasına
çalışdı, buna nail oldu da. Ömrünün ahıl
çağında qardaşı Nəcəfin
ölümü Hürünün könül
dünyasının nizamını pozdu; qardaş itkisi
könül mülkünü qəhərlə silkələdi,
yanıqlı bir bayatıya döndü:
... qar daşı,
Qarlı dağdan qar daşı.
Yadlar
var-dövlət gəzir
Mən gəzirəm qardaşı.
Hürü
Hüseyn qızının son nəfəsi Zəngilana qismət
olmadı; Hürü Hüseyn qızı Zəngilan nisgiliylə
köçdü dünyadan...
44 gün davam edən Vətən müaribəsi Zəfərimizlə
başa çatdı. Zəngilan da işğaldan azad edildi.
Xəyalında yaşatdığı Zəngilanın
qurtuluşunu Zəngilanda sözüylə oxşaya bilmədi,
bu qurtuluşa ruhu salavat çevirdi...
Zəngilanın işğaldan azad edildiyini eşidəndə
bir anlığa duruxub. Sonra var səsiylə üzü göylərə
sarı qışqırıb: Dədələr "gec edər,
güc edər" deyib, qoca dünya. Uzun
çəkdi, sonda yağının gözünü
tökdü əsgər balalarımız. Bu zəfər sərkərdənin qüdrətidi.
Allahdan möhlət istəyirəm, gedim Zəngilanımı
görüm...
İşlədiyi illərdə rəsmi. qeyri-rəsmi
səfərlərdə çox olub. Səfərə
hazırlaşarlar. Hürü Hüseyn
qızı da harda işləməsindən asılı
olmayaraq hər səfərə qadın səliqə-sahmanıyla
hazırlaşardı. 2020-ci ilin
oktyabrın 20-dən son nəfəsinəcən Zəngilana
getməyə hər gün hazırlaşıb. Zəngilandan çıxanda əlli yeddi yaşı
vardı. Qayıda bilsə, səksən beş
yaşlı ağbirçək kimi qayıdacaqdı. "Əhd etmişəm, evimin boyu
görününcə, uçurulub-dağıdılıbsa,
yeri görününcə dizin-dizin yaxınlaşacam.
Onda atamın da, balalarımın atasının da, qardaşımın
da ruhu rahatlıq tapacaq...", - deyərmiş...
O
yazını Hürü ananın sağlığında yaza
bilmədim. Komsomola deyil, komsomol sıralarında, şərəfli
həyat məktəbi keçən, formalaşan, mətinləşən,
Sovet ideologiyasının əsgəri olsa da milli mənsubiyyətini
ömrünün-gününün bayrağına döndərən
Ana haqqında yazmaqla təsəlli tapdım; Hürü
Hüseyn qızı ...
Bu gün Hürü xanım aramızda olmasa da, el
içində üzü ağdır. Bugünkü
nəsil üçün örnək sayılmaqla
yanaşı, tanınmış ictimai-siyasi xadimdir. Artıq o, təkcə Həsənin, Sevincin
anası, nəvələrinin nənəsi deyil, el
ağbirçəyiydi. Bu möhtərəm müraciəti
ona el-oba vermişdi...
Hürü ana uzun müddət onu tanıyan
insanların qəlbində düzlük, sadəlik,
xeyirxahlıq və insansevərlik simvolu kimi yaşayacaq.
Zəngilandan son gedişində Araz çayının
ləpədöyənində dönüb Zəngilana
baxmışdı. Bu baxış vida
baxışıymış...
Bayram MƏMMƏDOV
525-ci qəzet.- 2021.- 17 may.- S.14.