Elçin... Teatr... və
Qarabağ
Xalq
yazıçısı Elçin haqqında yazmaq o qədər
də asan deyil. İllər boyu onun
yaradıcılığı tədqiq olunur, ünvanına
gözəl sözlər deyilir, yaradıcı dostları
xatirələr bölüşürlər, əsərləri
müxtəlif dillərə tərcümə olunaraq
dünyanın ən prestijli səhnələrini fəth edir.
Mən
ilk növbədə gözəl qəlbli istedadlı insana, nəslin
ləyaqətli davamçısına, əvəzolunmaz ataya,
ailə başçısına cansağlığı
arzulayır və Ulu Tanrıdan onu bizlər üçün
qorumasını diləyirəm!
Gənclərə
üzümü tutub: "Siz necə də xoşbəxtsiniz!
- deyərdim. - Çünki Elçin kimi
yazıçının müasirlərisiniz!"
ELÇİN
VƏ TEATR
Azərbaycan
ədəbiyyatının böyük nümayəndələrindən
biri, Xalq yazıçısı Elçin tanınmış
şəxsiyyətlər, ədəbiyyatşünaslar,
görkəmli dövlət və elm xadimlər, eləcə
də tərcüməçilər tərəfindən
maraqla izlənilib və onun yaradıcılığına
çoxlu sayda yazılar, kitablar, şeirlər, tədqiqatlar
həsr olunub. Hələ 2013-cü ildə M.F.Axundov adına
Milli Kitabxana tərəfindən "Azərbaycanın
görkəmli şəxsiyyətləri" seriyasından
hazırladığı "Elçin" adlı biblioqrafik
göstərici Xalq yazıçısının o ilədək
həyat və yaradıcılığı haqqında
materiallar 560 səhifə tutumunda idi.
Nasir,
dramaturq, tənqidçi, ədəbiyyatşünas, ictimai
xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət
xadimi, Xalq yazıçısı, "İstiqlal" ordenli
və nəhayət, Azərbaycan Respublikası Baş nazirinin
keçmiş müavini Elçin İlyas oğlu Əfəndiyev...
Əgər rəsmiyyətə qalsa, onu bu cür təqdim etməliyik.
Amma bütün oxucular, tamaşaçılar, Elçinsevərlər
və həssas azərbaycanlılar üçün o,
özü də dediyi kimi, sadəcə yazıçı
Elçindir.
Düşündüm
ki, lirik hekayələr ustası, müqtədir
romançı, mahir komediyalar müəllifi, psixoloji faciələr
və tragediyalar dramaturqu, ədəbi prosesə hakimlik etmək
səlahiyyəti olan ustad tənqidçi, fundamental
monoqrafiyalarıyla özünəməxsus elmi-nəzəri
sistemini yaradan klassik ədəbiyyatşünas alim
Elçinin çoxşaxəli
yaradıcılığına milli səhnəmizi yaşadan
və onu daim ruhlandıran pyeslərindən və
dramaturgiyasından söz açım. Bu gün cəsarətlə
demək olar ki, sənətkar öz dramaturgiyası ilə
milli teatrın daxilində özünəməxsus ədəbi-estetik
konsepsiyaya malik olan Elçin Teatrını yaradıb.
Elçin
dramaturgiyasının əhəmiyyətli xüsusiyyətlərindən
biri də milli xarakterin və humanist ideyaların vəhdətinin
yaradılması və yüksək estetik ifadəsini
tapmasıdır. Yazıçının pyeslərini fərqləndirən
məhz humanist konsepsiyasının olmasıdır.
Elçinin pyesləri müəyyən bir janrla məhdudlaşmır;
buraya komediyalar, fars, tragikomediyalar və komediyalar daxil etmək
olar. Bu da, insan taleyi baxımından öz növbəsində,
dramaturqa bədii ifadəsində həyat müxtəlifliyi
yaratmağa imkan açır. Təsadüfi deyil ki,
"ümumbəşər tərənnümçüsü"nün
pyesləri dünya teatr səhnələrinə çox
asanlıqla daxil ola və həmin teatrların repertuarında
yaşaya bilir. Dram əsərlərin mövzuları və fəlsəfi
konsepsiyası Türkiyə, Rusiya, İngiltərə və
Amerika kimi ölkələrin teatr ictimaiyyətinin də diqqətini
cəlb edib.
Xarici
jurnalistə verdiyi müsahibələrin birində Elçin
milli teatr sənəti haqqında maraqlı mülahizələr
irəli sürərək deyir:
- Nə
üçün roman və kino sahələrində uğur
qazandıqdan sonra teatra üz tutursunuz?
- Milli mədəniyyətimizin
tarixilə qürur duyuram. Regionda teatra qucaq açan ilk
ölkə Azərbaycan idi. XIX əsrin sonunda burada Şekspir
və Molyer səhnəyə qoyulur. 20-ci əsrdə pyes
yazmayan bir Azərbaycan şairi və ya
romançısının adını çəkmək
çətindir - teatr sənəti Azərbaycana çox
doğmadır.
Sənətkar
teatrın ecazkar cazibə qüvvəsindən danışarkən:
"Teatr əvəzolunmazdır... Həm kino, həm də
teatr sənədi inkişaf mərhələlərini
keçir; kino texniki cəhətdən inkişaf edir və
beləliklə, 10 yaşlı bir film köhnəlmiş
görünə və cazibəsini itirə bilər. Teatr
prinsipi isə eyni qalır: yazıçı, rejissor və
aktyor... Fərq ondadır ki, teatr canlıdır, isti bir sənətdir".
Əlbəttə
ki, Elçinin dramaturgiyasından danışarkən Xaq
yazıçısı İlyas Əfəndiyev Məktəbini
qeyd etməmək mümkün deyil.
Elçin
atası - görkəmli ədib İlyas Əfəndiyevdən müasir həyatı dərindən
duymağı, bədii
yaradıcılığın sirlərini və dilin daxili
imkanlarını axtarışda mənimsəməyi, oxucunun
zövqü və tələbini
duymağı öyrənib.
Yazıçı
Elçindən soruşanda ki, neçə yaşından
yazmağa başlamısınız, bu suala belə cavab verir:
"Özümü xatırladığım zamandan. Hələ
yazıb-oxumağı bacarmırdım, amma özümdən
cürbəcür əhvalatlar uydurub
danışırdım".
Daim
mütaliə ilə məşğul olan yazıçı
üçün "Kitab həyat tərzidir", "Kitab
oxumaq, mütaliə özü özlüyündə
böyük bir sənətdir". Sənətkarın fikrincə,
"Ədəbiyyatın missiyası əbədidir - xeyirlə
şərin mübarizəsində xeyirə kömək etmək
və bu, dövrün dəyişməsindən asılı
deyil". "Ədəbi düşüncələr"in
müəllifinə görə "bəşərin
yaratdığı ən böyük kitab "Don
Kixot"dur". Gənclik illərindən
yazıçının stolüstü kitablarından biri
"Bayronun məktubları", ən çox bəyəndiyi
isə Emil Zolyanın və Erskin Kolduellin
yaradıcılığı olub (sonralar yazıçı
onun "Bomboş otaq" adlı hekayəsini tərcümə
edib). Yazıçının ədəbi zövqünün
formalaşmasında dünya ədəbiyyatının
görkəmli sənətkarlarının
yaradıcılığının böyük təsiri olub.
Bu barədə ədib yazır: "...Mənim üçün
Mirzə Fətəli ilə, Mirzə Cəlil ilə Azərbaycan
nağılları, dastanları ilə birlikdə İntibah
hekayələri və "Don Kixot" da, Tolstoy və Balzak,
Qoqol və Zolya da, Folkner və Heminquey, Flober və Çexov,
Marsel Prust və Natali Sorrat da, başqaları da doğma
olub".
Heç
təsadüfi deyil ki, Xalq yazıçısı, görkəmli
ədəbiyyatşünas-tənqidçi Elçin Əfəndiyev
Hüseyn Cavidin "Ana" mənzum dramı ilə italyan
yazıçısı Cambatista Ciraldenin "Ekatommiti"nin
(yunan dilində "Yüz hekayə" deməkdir)
altıncı novellası arasında oxşar məqamlardan bəhs
edərək yazmışdır: "...Cavid də bir ədəbi
mənbə kimi Avropa intibahı novellalarından istifadə edən
bütün böyük dramaturqlar kimi (Şekspir, Lope de Veqa və
başqaları) mexaniki yox, ardıcıl yolla getmişdir. Və
intibah novellası əsasında özünün orijinal səhnə
əsərini yaratmışdır".
Elçin
Əfəndiyevin adı 60-cı illərin ideoloji qəliblərinə
sığmayan üslubda yazıb-yaratmış və ədəbiyyatımızın
yeni mərhələsini formalaşdırmış nasirlər
sırasında öndə yazılan adlarındandır. Bu
gün o, təkcə Azərbaycanda deyil, onun
hüdudlarından çox-çox uzaqlarda tanınan, sevilən
yazıçılardandır. Belə ki, dünya ədəbiyyatından
bəhrələnib faydalanan yazıçı ustalıqla
öz yaradıcılığında Qərb psixologizmin və
Şərq lirizmin vəhdətini cəmləndirə bilib.
Məlumdur
ki, maarifçilik, tərəqqi, demokratiya, azadlıq
anlamlarında qərbçiliyə yönəlmə hər
zaman ədəbi qüvvələrin başlıca qayəsi
olub. Bu mənada ədəbiyyatın, mətbuatın və
teatrın ictimai-milli şüurun oyanmasında, xalqın
özünüdərkində, yüksəliş və tərəqqisində
müstəsna rolu var. Ədəbiyyat, mətbuat və teatr
maarifçilik platformasından qərbçilik
ideyalarını təbliğ etməklə
xalqımızın dünya mədəniyyətinə
inteqrasiya olunmasına təkan vermiş, ümumbəşəri
mənəvi dəyərlərə qovuşmaq
üçün münbit zəmin yaratmışdır.
Elçin
yaradıcılığının hər dövrü məhsuldar
olub. Məhz buna görə sənətkarın
vurğunları Azərbaycan teatr repertuarında "fasilə"
və ya "durğunluğu" dekadalar boyu hiss etmədilər.
Əksinə, zaman ötdükcə hər nəsil sanki
yaşadığı dövrün bir birini rahatlıqla əvəzləyən
(qısqanclıq hissilə deyil!) pyeslərdə
güzgüvari refleksiyasını sehr edirdi.
ELÇİN
VƏ ŞEKSPİR
Xalq
yazıçısı Elçinin "Şekspir"
adlı on şəkildən ibarət ciddi və kədərli
komediyasını da müstəqillik dönəmində Qərb
mövzusu ilə bağlı keyfiyyət dəyişikliklərini
özündə əks etdirən ən dəyərli əsərlərdən
biri hesab etmək olar. 2006-cı ildə qələmə
alınmış bu dərin məzmunlu əsərin sərlövhəsi
dahi ingilis şairi və dramaturqu Vilyam Şekspirin adından
götürülüb. Burada vaxtilə bütün Avropada və
Rusiyada məşhur olmuş fransız aktrisa Sara Bernar
(1844-1923), milliyyətcə gürcü olan keçmiş
SSRİ-nin rəhbəri, diktator İ.V.Stalin (1879-1953) kimi
tarixi obrazlar da vardır.
Elçin
dünya ədəbiyyatı dəyərlərini, bu sahədəki
təcrübəni mükəmməl şəkildə öz
yaradıcılıq laboratoriyasından uğurla keçirən
çox maraqlı bir yazıçıdır... Rejissor Devid
Perri "Şekspir" pyesini oxuyub ona valeh olmuşdu. Onun
quruluşunda əsər Londonun Avanqard Teatrında müvəffəqiyyətlə
tamaşaya qoyuldu. Elçinin yaşanmış tarixə
ironik, paradoksal şəkildə təqdim edilən münasibəti
ingilis tamaşaçıları üçün çox
maraqlı idi.
İan
Piert
İngilis
ədəbiyyatşünası, "Şekspir" pyesinin tərcüməçisi
Pyesdəki
mükalimələrdə Sara Bernar obrazı Şekspir qəhrəmanlarının,
xüsusilə Cülyettanın mahir ifaçısı olaraq
dönə-dönə qeyd edilir. Dramaturq özünün sənət
və cəmiyyət haqqındakı mülahizələrini əks
etdirən bir çox düşüncələrini bu
obrazın müxtəlif situasiyalardakı
davranışlarına və dialoq məqamlarındakı
sözlərinə istinadən çatdırır.
Cəmi səkkiz
obrazın iştirakı ilə yaradılmış bu rəmzi-məcazi
səciyyəli pyesin süjet xəttindəki hadisələr
ruhi xəstəliklər klinikasında cərəyan edir.
Müəllif öz ideya-estetik məqsədini tədricən
- obrazlararası münasibət və dialoqlarda açıb
göstərir. Buradan aydın olur ki, onların hamısı
real həyatdan bezmiş, öz mövcudluqlarından
usanmış varlıqlardır. Onlar gündəlik
yaşayışda heç bir fərəhli hadisə,
heç bir işıq görmürlər. Yaxşı,
gözəl, pak olanlar ya keçmişdə qalmış, ya
da hələ gələcəkdə baş verəcəkdir.
Bu baxımdan Sara Bernarın aşağıdakı sözləri
özünütəqdimat baxımdan olduqca səciyyəvidir:
"Cülyetta mənim ən sevimli rolumdu! Əslində,
Cülyetta arzudur! Gələcəkdir! Bəşəriyətin
təmizliyidir. Paklığıdır! Təkcə on dörd
yaşlı bir qızın yox, bütün
insanlığın ən ülvi hisslər aləmidir.
İndi bütün teatrşünaslar deyir ki, rolu həyatdakı
kimi oynamaq lazımdı. Nə qədər misgin bir fikir!.. İnsanlar həyatda çox xoşbəxtdirlər
ki, səhnədə də həyatı görsünlər?! Yox!.. Cülyettanı həyatda olduğu kimi
yox, xəyallar aləmində olduğu kimi oynamaq lazımdı!.. Səhnə həyatı əks
etdirməməlidir, yox, səhnə arzuları, xəyalları,
gözəl yuxuları əks etdirməlidir!..
Sən elə oynamalısan ki, səhnəni yerdən səmaya
qaldırasan!.. Səhnə yerin, həyatın
yox, səmaların qoynunda olmalıdır!" Fikrimizcə,
bir xeyli dərəcədə müəllif mövqeyini əks
etdirən bu düşüncələr məhz ətraf gerçəkliyin
bataqlığından, real mühitin buxovlarından xilas olub
idealda bəslənən bir aləmə can atmağın, ali
bir məqama yüksəlmək istəyənin obraz dili ilə
çatdırılan ifadəsidir.
Əsərdə
Şekspirin adı və sənəti məhz
insanlığı hər cür pisliklərdən, rəzalətdən
xilas edib gözəl, ülvi bir dünyaya qovuşdura biləcək
fəlsəfi-estetik qüvvənin ümumiləşdirilmiş
obrazı səviyyəsinə yüksəldir. İncəsənət,
o cümlədən, Şekspir kimi sənət
dühalarını səhnədə yüzillər boyu
yaşada bilən teatr bəşəriyyətin mənəvi-zehni
sağlamlığını, elə bu anlamda da onun
düzgün həyat tərzini, xoşbəxt
yaşayışını təmin etməyə qadirdir.
Dəlilər
və ağıllılar arasındakı əsl fərqlənmə
meyarı da əsərin mətnarxası mövqeyinə
görə Şekspirə münasibətdə təzahür
edir. Bu meyar Şekspir və Şekspir dünyasının
ölməzliyinə inam məsələsidir. Kim həyatı
ancaq zahirən görürsə, onun daxili mahiyyətindən,
fəlsəfi-estetik incəliklərindən xəbərsizdirsə,
Şekspir onun üçün diri deyildir, o, Şekspiri
ölmüş bilir. Bunun əksinə, kim həyatın
zahiri görüntülərinin fövqündə duya bilirsə,
zaman və məkan məhdudiyyətinə məxsus şərtilikləri
bir kənara qoyub əbədiyaşar gözəllik və
humanizm qanunları ilə yaşayırsa, o, sənətin
ölməzliyinə, daha dəqiqi, Şekspirin ölməyən
missiyasına da inanır. Bu anlamda, o yerdə ki sənətin
fəlsəfi-estetik qanunları yaşayır, davam edir, o yerdə
Şekspir ölməzdir. Əsərin bir neçə yerində
bu məsələ personajlar arasında polemikaya səbəb
olur və qızğın müzakirə-mübahisə
obyektinə çevrilir. Məşhur aktrisa, Qərb teatr mədəniyyətinin
parlaq simalarından biri olan Sara Bernar sənətin əbədiyaşarlığı,
həqiqi sənətkarın bütün zamanlar
üçün ölümsüz olması düşüncəsindən
çıxış edərək, Şekspirin sağ
olmasından, hətta dünən axşam ona zəng
çalmasından danışdığı zaman özlərini
ağıllı bilən digər ruhi xəstələr onun
sözlərini heyrət və təəccüblə
qarşılıyırlar. Həyatı, mövcudluğu ancaq
fiziki anlamda qavrayan bu adamlar Şekspirin sağ ola bilməsinə
inanmırlar. Gülməli olduğu qədər də kədərli
olan bu səhnə komediyada maraqlı bədii kontrast üzərində
qurulmuşdur:
"Sara
Bernar - Bir gecə Şekspir özü mənə telefonla zəng
etdi: "- Sara, bu saat dünyada məndən xoşbəxt
adam yoxdur" - dedi. "- Nə olub, Vilyam?" -soruşdum.
"- Sara, - dedi, mən bu dəqiqə "Romeo və Cülyetta”nı bitirdim!" Sonra ürəyinin
ən dərin guşəsindən gələn bir səslə:
"Sara, - dedi, - Cülyetta sənsən!..
Kim haçan onu oynayır, oynasın, amma mən onu səninçün
yazmışam, Sara, mən Cülyettanı əbədi olaraq
sənə bağışlamışam, Sara!"
Ər-arvad
- Şekspir dedi bu sözləri?
Sara Bernar
- Əlbəttə!
Ər-arvad
- Ancaq...
Sara Bernar
- Hə ancaq?
Ər-arvad
- Ancaq mənim ərim deyir ki, Şekspir o vaxt artıq ölmüşdü!..
Sara Bernar
(hiddətlə) - Nə, Şekspir ölmüşdü?
Bağışlayın, amma siz kimə ərə getmisiniz? Bəyəm
sizin əriniz bilmir ki, Şekspir daimidir? Şekspir əbədidir?
Bilmir? Hə?
Şərti
simvollara sıx-sıx rast gəlinən əsər boyu müəllif
öz mövqeyini çox qabarıq şəkildə
büruzə verməsə də, bu qəbildən olan
situasiyalardan bəlli olur ki, özü də Şekspirin
simasında həqiqi sənətin ölməzliyi, həyatiliyi,
bütün zamanlar üçün yeni və
çağdaş olması təsəvvüründədir. Hətta
onun qənaətinə görə, həyatın mürəkkəbliklərinin,
təzadlarla dolu olan inkişaf dinamikasının bənzərsiz
fəlsəfi ümumiləşdirməsi olan Şekspir sənəti
təkcə bəşər cəmiyyətinin
yaşadığı yer kürəsinin deyil, qalaktikada
mövcud ola biləcək başqa sivilizasiyalar
üçün də əvəzsiz, unikal bir mənəvi sərvətdir.
Yer
üzünə enən və təsadüfən əsərdə
təsvir olunan ruhi xəstəliklər klinikasına gəlib
çıxan "Drob-13" şərti adlı xəyali
varlıq (o, "uçan boşqab" vasitəsi ilə
başqa planetdən gəlmişdir) yer üzündəki
mürəkkəb, ziddiyətli proseslər və insanların
baş açılmayan xisləti ilə tanışlıqdan
sonra buradakı ən dəyərli şeyin Şekspir sənəti
olduğunu görür.
Günün
birində "uçan boşqab" onu yenidən öz
doğma planetinə qaytarmaq üçün yerə enəndə
problemlər, ziddiyyətlər, mənəvi boşluq içərisində
çabalayan hər kəs yer üzündən
uzaqlaşıb "Drob-13"lə başqa planetə getmək
istəyir. "Drob-13" isə öz planetində ona
lazım ola biləcək bir şeyi Şekspiri özü ilə
götürmək qərarına gəlir:
"Drob-13
(əlini yelləyə-yelləyə) - sağ olun!..
Mən gedirəm!.. Sağ olun!..
(o biri əlindəki kitabı yuxarı qaldırıb
qışqırır) Sara!.. Sara!.. Mən Şekspiri özümlə aparıram!.. Mən Banderprandurda teatr
yaradacağam, Sara!.. Mən qayıdıb
sizi ora qastrola aparacağam. Əlvida, dostlar!..
Sara, mən sizinçün qayıdacağam!."
Əsərin
finalındakı bu rəmzi mənalandırmadan sonra
bütün personajların dilindən xorla "Yaşasın
Şekspir!" nidaları yüksəlir. Dramaturq komediyanı
bu şərti simvolika ilə tamamlayır. Əsər boyu təlqin
olunan estetik qənaət budur ki, böyük fəlsəfi
ümumiləşdirmə gücü olan Şekspir sənəti
ecazkar bir fenomen kimi nə zaman, nə də məkan miqyası
tanıyır. Bəşər cəmiyyətinin bütün
tarixi epoxalarda öyrənməli və ibrət dərsi
götürməli olduğu bu ölməz, əbədiyaşar
sənətin mənəvi gücü intəhasızdır.
Beləliklə,
çoxsaylı və çoxyönlü sosial-siyasi və bəşəri
problemlərin inikas olunduğu "Şekspir" komediyası
Qərb mövzusuna və qərbli obrazına yeni məzmunlu
müraciətin ən uğurlu nümunələrindən
biri sayıla bilər.
Bu gün
də o xətti davam etdirir Elçin. Ona görə də o,
həmişə müasirdir! Əminliklə deyə bilərəm
ki, Elçinin pyeslərini səhnədən izləyən hər
bir tamaşaçı orada ya özünü axtarır, ya da
özünü görür. Çünki Elçin bizdən
yazır. İnsanların həyatından, istəkləri və
eyni zamanda, mütərəqqi, monoton və sevincli ola bilən
dünyaya reaksiyalarından bəhs edir. Elçin içimizdəki
ən yaxşı şeyləri qeyd etməyimizə,
uğursuzluqlarımıza istehza ilə təəccüblənməyimizə
və ciddi düşünməyimizə rəvac verir.
ELÇİN
VƏ QARABAĞ
"O
unudulmaz möhtəşəm Zəfər gecəsindən bir
neçə saat əvvəl Ali Baş Komandan neçə-neçə
yeni kəndin işğaldan azad olunmasını elan etdi.
Onların arasında İlyas Əfəndiyevin atası, ulu
babam Məhəmməd Əfəndinin yurdu - Füzuli rayonunun
Saracıq kəndi də yer alır. Əslində, Məhəmməd
kişi hələ gənckən ordan Füzuliyə köçmüşdü,
tacir idi, işləri çox yaxşı gedirdi,
Qarabağın məşhur bəylərindən olan Bayram bəyin
qızı Bilqeyis ilə evlənmişdi, orda böyük iki
mərtəbəli ev tikdirmişdi. Hətta İlyas Əfəndiyev
artıq Füzulidə anadan olmuşdu...
Lakin
Saracıq başqa bir məna daşıyırdı, nəslimizin
kökü orda salınmışdı və biz
hamımız, Füzuliylə yanaşı, bu kəndin - kəndimizin
alınmasını səbirsizliklə gözləyirdik... Bu
gün artıq Dədənin - biz, nəvələr, İlyas
Əfəndiyevi belə çağırırdıq, onun
atası və anası Məhəmməd kişi və
Bilqeyis xanımın, çox sevdiyi babası Bayram bəyin
ruhu şaddır. Və bu, inanılmaz duyğudur - ruhu şad
eləmək, bunu bilmək, hiss etmək, əmin olmaq..."
(Günay
Elçin qızı Əfəndiyeva)
Ümumiyyətlə,
hər zaman, xüsusilə də bu gün, Elçin
yaradıcılığını Qarabağsız təssəvvür
etmək mümkün deyil. Elçin müsahibələrin
birində təəssüf hissi ilə bildirir ki: "Biz (mən
qarışıq) vaxtında Qarabağnan əlaqədar
lazımi fəaliyyət göstərməmişik. Ona layiq əsərlər
yaratmamışıq". Bu cəsarətli etirafı ürəyi
Qarabağnan döyünən İlyas Əfəndiyevin ləyaqətli
varisi Elçin dilə gətirə bilər. Halbuki İlyas Əfəndiyevin
tarixi romanı "Hökmdar və qızı" Qarabağ
salnaməsi hesab oluna bilər. Hər iki (Ata və oğul)
Xalq yazıçının yaradıcılığında
Qarabağ mövzusu qırmızı xətlə keçir!
İşğal
- yaddaşlardan silinməyən iz,
Hələ
də Cəbrayıl, Qubadlı bizsiz...
Hər
gün ya Şuşasız, ya Füzulisiz
Dağ
boyda qəm çəkir yazıçı Elçin!
(2011-ci
ildə Oqtay Rzanın qələmə aldığı
misralar)
Bugünlərdə
isə Şuşada Xarıbülbül Festivalı
keçirildi! 29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın
dilbər guşəsi Şuşada Ramazan bayramı namazı
qılındı.
Bundan da
böyük hədiyyə ola bilərmi?!
Xalq
yazıçısı Elçindən 44 günlük Vətən
müharibəsindən sonra soruşurlar ki, azad olunmuş
Qarabağda ilk hara gedəcəksiniz?
Dedi, birinci Füzuliyə, oradan təzə
açılacaq Füzuli-Şuşa yoluyla Şuşaya...
Sonra həmin yolla yenə Füzuliyə.
...
Hörmətli Elçin! Əziz və doğma Elçin! Sizin
yeni yaşınızı ürəkdən təbrik edirəm.
Bunu da bilirəm ki, xoşbəxtliyiniz ondadır ki,
yaşınız artsa da, sənətdə
qocalmırsınız. Həmişə belə qalın.
Yazıb-yaradana
yetmiş nədir ki,
Səksəni,
doxsanı haqlamalısan;
Şərəfli
yetmişi yüzə yetir ki,
Yüzün
özündə də çağlamalısan.
(Eyvaz
Borçalının Elçinə həsr etdiyi şeirin son
bəndi)
Əziz
yazıçımıza yaradıcılığından əsl
ilham və sevinc almağı arzulayıram, çünki
yazıçılıq peşə deyil, həyat tərzidir.
Sizin yazdığınız hər sətir oxucunun
düşüncəsini həyəcanlandırır, onu mənən
zənginləşdirir və dünyanı daha da maraqlı
edir! Belə də davam etsin! Qələm və nəcib sətirlər
ustadı! Ad gününüz mübarək!
Sevinc ZEYNALOVA
Filologiya elmləri
doktoru, ADU-nun professor
525-ci qəzet.- 2021.-
18 may.- S.12-13.