Tahir
Salahovla söhbət
Rəssamlar danışmağı adətən çox
da xoşlamırlar. Duyğularını və
düşüncələrini, sevgilərini,
ağrılarını, sevinc və təlaşlarını
boyalar, fırça vasitəsiylə ifadə edirlər.
Jurnalist, musiqişünas, publisist Raya Abbasova
azdanışan Tahir Salahovu, - bizim qeydsiz-şərtsiz
böyük sənətkarımızı -
"danışdıra" bilib.
Sənətşünaslıqda Tahir Salahov "sərt
üslubun" yaradıcılarından və ən görkəmli
nümayəndələrindən biri kimi qəbul edilir. "Sərt
üslub" - çoxcəhətli həyat gerçəkliyini
bütün qəlizliyiylə, çətinlikləriylə
ifadə etməkdir. Çətinliklərə
mərd-mərdanə sinə gərmək və qalib gəlməkdir.
"Sərt üslub" dünyaya çəhrayı
eynəklə yox, ayıq və açıq gözlə
baxmaq, onu bəzək-düzəksiz görmək və
göstərmək cəhdidir. "Sərt
üslub" qurucu, yaradıcı insanların - fəhlələrin
və bəstəkarların, neftçilərin və
yazıçıların bədii obrazlarını plakat
nikbinliyiylə deyil, real cizgilərlə yaratmaqdır. Raya Abbasovayla söhbətdə Tahirin ürəkdən
gələn etiraflarını oxuduqca bir daha əmin olurdum ki,
bu "sərt üslub" hardasa rəssamın
uşaqlıq və yeniyetməlik çağında
qarşısına çıxmış sərt həyat
sınaqlarıyla bağlıdır.
Tahirin atasını - görkəmli partiya
işçisi, əqidəli kommunist Teymur Salahovu şərləmiş,
1937-ci ildə həbs etmiş və güllələmişlər. Tahir Salahovun başqa bir
müsahibəsində dediyi sözlər məni çox həyəcanlandırır:
"O
sentyabr axşamında hava çox xoş idi. Təqribən
axşam 10-da qapımızı döydülər. İki nəfər içəri girdi. Anam həyəcanla:
- Nə olub? - deyə soruşdu. Atam: - Məndən
şübhələnmə - dedi - narahat olma, tezliklə
qayıdacam.
Onu apardılar Mən pəncərədən
baxırdım. Atam onu aparan iki adamla tini burulub gözdən
itdi. Bu səhnə ömürlük
yaddaşıma həkk olundu. Bundan sonra
atamı daha heç vaxt görmədim".
O zaman
Tahirin doqquz yaşı varmış və donub qalmış
kino-kadr kimi bu səhnəni bütün həyatı boyu
unutmayıb. On illərin içindən
keçirib hafizəsində saxlayıb.
R.Abbasovayla söhbətində Tahir məhkumun ailəsinin
hansı əzab-əziyyətlərə, məşəqqətlərə
düçar olduğundan danışır. Anasının - Sona
xanımın beş uşağı necə
qəhrəmancasına böyüdüb yetişdirməsindən
bəhs edir. Ən yaxın qohumların,
qonşuların daha onların qapılarını
açmamalarından söz açır. Amma
Tahir müdrik mərhəmətlə onları qınamır.
Zəmanənin insanları ağır imtahana
çəkdiyini nəzərə alır.
Ən gənc yaşlarından afişalar çəkərək,
asfalt üzərində rəsmlər yaradaraq Tahir ailələrinin
az-çox dolanışığını təmin
edirmiş. Rəsmə marağı ona lap kiçik
yaşlarından atası təlqin edib. Moskvanın
və Leninqradın Ali rəssamlıq məktəblərinə
daxil olmaq istəyiylə bütün imtahanları uğurla
verib və instituta … qəbul edilməyib. Axı
tərcümeyi-halında siyasi məhkum olunmuş insanın
oğlu olduğunu qeyd edirdi. Və
bütün bioqrafik məlumatarda bu məlumatın
altını qırmızı xətlə
cızırmışlar, Tahir Salahovun əksər əsərlərində
sənətinin özəl işarəsi kimi
qırmızı xəttin, ya qırmızı detalın
olması burdan doğulmayıbmı?
R.Abbasova rəssamı elə məsələlərdən
danışmağa vadar edir ki, o təbii təvazökarlığı
və nəcabətinə görə özü heç vaxt
bu məsələləri car çəkməzdi. Amma bu faktlar
da böyük rəssamın tərcüməyi-halında
izsiz qalmamalıdır. Özü əqidəli və bu
sözün ən dəqiq, ən yüksək mənasında
realist Tahir Salahov heç bir dəbdə olan "izm"lərə
meyl göstərmədi, amma bununla belə başqa istiqamətlərdə,
ayrı üslublarda işləyən rəssamların da - əgər
onlar həqiqətən istedadlıydılarsa - dəyərini
bilir. Bu baxımdan o, "Abşeron məktəbi" adlanan və
o dövrdə rəsmi siyasi və sənət dairlərində
saya salınmayan bir qrup rəssamı - Mir Cavadı, Rasim
Babayevi, Tofiq Cavadovu, Əşrəf Muradı, Qorxmaz Əfəndiyevi
"hədsiz dərəcədə istededalı" sayaraq
onlara hər növ yardım göstərib. Azərbaycan Rəssamlar
İttifaqının sədri və SSRİ Rəssamlar
İttifaqının katibi olaraq Tahirin onların hər birinin
taleyində xeyirxah rolu var.
Əşrəf Murad xəstələnəndə maddi vəziyyəti
ağır olan rəssamla müqavilə bağlayaraq ona o vaxt
üçün çox böyük məbləğ - 15 min
manat verir. Mir Cavadın Türkiyə xəstəxanasında
müalicəsinə yardım edir. Səttar
Bəhlulzadə də xəstələnəndə təcili
şəkildə onun işlərini alıb müalicə
üçün gərək olan məbləğlə təmin
edir.
Toğrul Nərimanbəyovun anası İrmanın bəraət
qazanıb Bakıya dönməsi, mənzillə təmin
olunması da Tahirin xidmətidir.
Tahir Salahov rus rəssamı Pavel Nikonovun
"Geoloqlar" tablosunu xilas edib. Məhz bu əsərinə
görə N.S.Xruşşovun nadan hücumlarına məruz
qalan rəssam tablosunu məhv etmək qərarına gəlir.
Tahir onu bu fikrindən daşındırır, əsəri
götürüb Bakıya gətirir. Xruşşov
və onun sənət siyasəti süquta uğrayandan sonra
Nikonovu Azərbaycana dəvət edir və xilas olunmuş
işini ona təqdim edir. Rəssamın
taleyin (daha doğrusu, Tahirin) bu gözlənilməz töhfəsindən
necə xoşbəxt olduğunu təsəvvür etmək
olar.
Həqiqi istedadın bir cəhəti də
başqalarının istedadlarına sevinməkdir. Paxıllar o
adamlardır ki, həsəd çəkdiklərindən nə
qədər aşağı olduqlarını özləri də
dərk edirlər. Dərk edirlər, amma
xislətləriylə bacara bilmirlər.
Tahir Salahovun "peredvijniklər" adlanan XIX əsr rus
rəssamlarına münasibəti də maraqlıdır. Bu rəssamlara
bədii cəhətdən deyil, mövzuları
baxımından qiymət verir. O işlərini qeyd edir
ki. onlarda sosial mövzular qabarıq ifadə olunub - Perovun
"Üçlük", Yaroşenkonun "Hər yerdə
həyat", Repinin "Təbliğatçının həbsi"
və "Gözləmirdik" əsərlərinə
münasibəti T.Salahovun özünün də sənətdə
vətəndaşlıq mövqeyinin nə qədər önəmli
saydığını göstərir.
İctimai xadim kimi Tahirin xidmətləri sırasında
Moskvada sovet ideologiyasına daban-dabana zidd olan Robert
Rauşenberq, Ruffino Tamaya (onun obrazları Mir Cavadın
obrazlarına yaxındır). Frensis Bekon (əlbəttə,
orta əsr filosofu yox, müasir ingilis rəssamı) kimi məşhur
Qərb sənətkarlarının Moskvada sərgilərinin təşkil
edilməsidir. Tahirin məqsədi bütün
dünyanın bələd olduğu çağdaş sənət
örnəkləriylə ölkəni də tanış
etmək idi. Onu da deyək ki, bütün bu rəssamların
sənəti Tahir Salahovun estetik prinsiplərindən çox
uzaqdır. Elə bunda da rəssamın
tolerantlığı, başqa üslublara yalnız
dözümlülüyü deyil, həm də
anlaşıqlı, dəyərverici münasibəti
görünür.
T.Salahov özündən qabaqki nəslin nümayəndələri
- Azərbaycan rəssamlarına da xüsusi ehtiramla
yanaşır.
Sələflərə inkarçı, yekəxana,
lovğa, bəzən təhqiredici yanaşma yalnız
nankorluğun yox, eyni zamanda, tərbiyəsizliyin örnəyidir.
Yalnız rəssamlar deyil, başqa sənət
sahibləri də keçmişə nəcib münasibət
bəsləməyi Tahirdən öyrənməlidirlər.
T.Salahov özündən əvvəlki sənətkarlar - Qəzənfər
Xalıqov, Lətif Kərimov, Səttar Bəhlulzadə,
Böyükağa Mirzəzadə, Tağı Tağıyev
haqqında böyük hörmətlə danışır.
Mən də
Tahirlə uzaq gənclik illərimdə elə bibim Həbibə
Məmmədxanlının həyat yoldaşı Tağı
Tağıyevin evində tanış oldum.
Qonşu idilər. Tez-tez
dostu və sinif arkadaşı Toğrul Nərimanbəyov
Tahirgilə qonaq gələrdi. Bəzən
onlar və Toğrulun əmisi kinooperator Arif Nərimanbəyov
Tağıgilə keçərdilər.
Elə təxminən bu vaxtlarda Tahirin və Toğrulun
yaradıcılığı atamın də diqqətini
çəkmişdi. Özü poeziyada novator olan Rəsul Rza
hansı fəhmləsə tək ədəbiyyatda yox, musiqidə,
rəssamlıqda da yeniliyi, qeyri-adiliyi duyur, bəyənir və
dəstəkləyirdi. Moskva
Konservatoriyasını bitirib, Bakıya qayıdanda çox da
xoş münasibətlə rastlaşmayan Qara Qarayevi ilk dəstəkləyənlərdən
biri də atam idi. Qarayevin bir söhbətini
xatırlayıram. Şostakoviçə
qarşı növbəti yöndəmsiz tənqid
kampaniyası başlayanda onun tələbələri Qarayev və
Cövdət Hacıyev təlaşlanırlar, öz aqibətlərini
bilmək üçün Quran səhifələrinə
üz tuturlar. Müqəddəs kitabı açıb
rastlarına çıxan ilk cümləni oxuyurlar: Sizi dəmir
dəyənəklərlə döyəcəklər - Qarayev
bunu gülə-gülə danışırdı. Çox
illər sonra mən bu əhvalatı Cövdət Hacıyevdən
xəbər alanda Cövdət müəllim səhvimi düzəltdi:
Yox, orda belə yazılmışdı: - Sizi dəmir
qırmaclarla döyəcəklər.
O vaxt
Kinematoqrafiya naziri olan Rəsul Rza Qara Qarayevə maddi dəstək
məqsədilə xüsusi olaraq məhz onunçün yeni
vəzifə yaradır: Kinoteatrların musiqi rəhbəri. Axı o illərdə kinoteatrların öz orkestrləri
vardı və seansqabağı çalardılar.
Rəsul
Rza cahil, küt tənqiddən gənc istedadlı şairləri
də qoruyurdu - Əli Kərimi,
Məmməd Arazı, Fikrət Qocanı, Vaqif Səmədoğlunu...
İndi onlar klassik sayılır və o
hücumlar da, o hücumlardan müdafiə də unudulub gedib,
sanki heç belə şeylər olmayıb.
Qəribə
şakərimiz var. Sənətə bənzərsiz
yaradıcıldıqla gələn gənc istedadlar ilk
addımlarında top-tüfənglə
qarşılanırlar, sonra özlərini təsdiq edəndən,
hamı tərəfindən qəbul və təqdir olunandan
sonra onları vaxtilə tənqid edənlər də bu xora
qoşulurlar, haçansa nəinki onlara, hətta onların
müdafiəçilərinə də hücumlarını
yaddan çıxarırlar.
Eynən bu təbir Tahirlə Toğrula da aiddir. İlk
addımlarında onlar da şiddətli və əsassız tənqidlərə
məruz qaldılar, Bir gün Toğrulun tamamilə bədbinləşib
ölkədən çıxıb getmək istəməsini
də xatırlayıram. Amma gənc rəssamlara
qahmar duranlar da oldu və onlardan biri də atam idi. Rəsul Rza elə ilk işlərindən Tahirə də,
Toğrula da diqqət yetirdi, onları özüylə Azərbaycan
rayonlarına aparırdı, barələrində müsbət
rəy yazırdı. Toğrul haqqında
"Pravda" qəzetində, Tahir haqqında Moskvanın
"Tvorçestvo" jurnalında. T.Salahovun əsərlərini
- "Səhər eşalonu", "Rezervuarlar", "Fəhlənin
portreti"ni yüksək qiymətləndirdiyinə görə
Moskvanın mötəbər sənətşünası
Andrey Lebedev Rəsul Rzaya ciddi iradlar bildirmişdi.
Gənc rəssamlara iradları yalnız mühafizəkar
sənətşünaslar deyil, bəzi partiya xadimləri də
tuturdular. Belə
hadisələrdən birini Tahir xatırlayır:
"Yadımıdadır
mənim "Yeni dəniz" (1970) şəklimin təqdimatında
MK-nın məsul işçilərindən biri məndən
soruşdu: "Tahir, niyə sənin fəhlələrin belə
ciddidirlər, niyə heç gülümsəmirlər?"
Heydər Əliyev söhbətə qarışdı:
"Onlar niyə gülməlidirlər ki... İşləyiblər,
əmək sərf ediblər - bu, çox ağır zəhmətdir".
Bir qədər sonra "Yeni dəniz" tabloma
görə mən ilk dövlət mükafatımı
aldım".
Heydər Əliyev sonralar da Tahir Salahovu həmişə
dəstəkləyirdi, onun böyük istedadını, həyatın
müxtəlif sınaqlarında dəyanətini və sədaqətini
yüksək qiymətləndirirdi.
Tahir Salahov tez bir zamanda sənətiylə
özünü təsdiq edə bildi. Moskvada və Bakıda Rəssamlar
İttifaqına rəhbərlik etdi, əvvəl Azərbaycan
Ali Sovetinin, sonra da SSRİ-nin deputatı seçildi, ən
müxtəlif mükafalara və ən yüksək adlara
layiq görüldü. Rəssamın ilk
yaradıcılıq dövründə - gəncliyinin ən
kövrək, həssas illərində aldığı yaralar
da sağaldı, bəlkə də unuduldu.
Sovet sisteminin sənətkarlara münasibətində qəribə
bir paradoks vardı, onları gah qaldırır, gah da gözdən
salırdı.
Tahir Salahovun portretlərini çəkdiyi sənət
adamları da bütün bunları yaşamışdılar
- Dmitri Şostakoviç də, Mstislav Rastropoviç də,
Andrey Voznesenski də. Eyni aqibəti Rəsul
Rza da yaşamışdı. Bir vaxt yüksək vəzifələr
tutan, fəxri adlarla təltif olunan şair qısa müddət
ərzində qurduğu və on il rəhbərlik etdiyi
ensiklopediyadan Moskvanın təhriki ilə uzaqlaşdırıldı,
deputat "seçilmədi", SSRİ Yazıçılar
İttifaqı İdarə Həyətinə düşmədi.
Halbuki uzun illər boyu həm deputat, həm də
İdarə Heyətinin üzvü olmuşdu. Sonralar Heydər Əliyevin təşəbbüsüylə
o, yenidən deputat seçildi, Sosialist Əməyi Qəhrəmanı
adı aldı. Ömrünün məhz o
bəlalı dövründə Tahir atamın portretini çəkdi.
Bu, kişi hərəkəti idi. Qorxmazlığın ifadəsi idi.
Rəsul
Rzanın vəfatından çox illər sonra Tahirlə məhrəm
söhbətimiz zamanı dedi ki, atasını çox erkən
yaşında itirdiyindən xüsusilə ilk gənclik illərində
Rəsul Rzanın ona atalıq qayğısını heç
vaxt unutmur.
Rəsul
Rza Tahirə məqalə həsr edib və orada portret üzərində
işi xatırlayır:
"Bir də görürdün ki, Tahir müəyyən
bir şəkildə, müəyyən bir tərzdə səni
otuzdurur və başlayır işləməyə. Baxıb
görürsən ki, doğrudan, çəkdiyi şəkil
istər oxşarlığı, istər üzünun ifadə
məzmunu etibarı ilə çox yaxşıdır. Səhərə vədələşib vaxt qoyurduq
ki, davam etsin. Səhər gələndə
görürdüm ki, Tahir bütün kompazisiyanı dəyişib
təzədən başlayır. Belə bir, iki,
üç, dörd dəfə... Bir də görürsən
ki, yalnız əlləri çəkməklə bir neçə
seans məşğul oldu".
Raya xanım mənə T.Salahovla söhbətlər
kitabına ön söz yazmağı təklif edəndə
qarşıma problem çıxdı. Məsələ ondadır
ki, 2003-cü ildə Tahirin yetmiş beş
illiyində onun haqqında "Sədaqət" adlı
böyük esse yazmışdım və bu yazı
"Bakinski raboçi" qəzetində dərc olunub, mənim
"Azərbaycan ədəbiyyatı, sənəti, mədəniyyəti"
üçcildliyimə daxil edilib. Sevdiyim rəssam
haqqında yenidən necə yazasan ki, dediklərini təkrar
etməyəsən. İndiki yazımda
buna çalışdım, rəssam haqqında demədiklərimi
söyləməyə cəhd etdim. Köhnə
yazımdan yalnız bircə sitat gətirmək istəyirəm:
"Bir dəfə özüm də bilmədən
Salahovun işləməsinin şahidi oldum. Tahir uzun illər
boyu görüşəndə deyirdi ki, şəklimi çəkmək
istəyir. Onun çox gərgin həyat
ritmini bildiyim üçün özüm bunu heç vaxt rəssama
xatırlatmırdım. İki il
bundan qabaq ən yaxın və əski dostumu, istedadlı bəstəkar
Emin Sabitoğlunu itirdim. Tahir də onunla dost idi. Vəfatının ikinci günü Emingildəydik.
Televizoru qurmuşduq. Bəstəkar
haqqında nekroloq səslənməyə başladı.
Altı yaşından tanıdığım və
bütün şüurlu həyatımı
çiyin-çiyinə yaşadığım bir dost
haqqında bu vida sözlərini eşidərkən nə hala
düşdüyümü təsəvvür etmək olar. Bu
hisslərin sifətimdə necə əks olunduğunu isə az sonra Tahirin demə bu vaxt çəkdiyi
qrafik portretimdən bildim. Yəqin ki, bu, mənim
ən kədərli şəklimdir. Amma mənə
çox əzizdir. Həm Eminin xatirəsiylə
bağlı olduğuna görə, həm də Tahirin qələmindən
çıxdığına görə".
O gündən
çox illər keçdi və bir səhər Tahir zəng
elədi, məni İçərişəhərdəki
muzey-emalatxanasına dəvət etdi. Məlum
oldu ki, portretimi çəkmək niyyətindədi.
Dörd-beş seansa mənim iki qrafik və bir iri həcmli
yağlı boya ilə portretlərimi çəkdi. O vaxt qəlyan çəkirdim
və şəkil çəkdiyi zaman da əlimdə qəlyan
tutmuşdum. Bir gün nədirsə unutdum, qəlyansız
gəldim. Tahir bir az tutuldu. Dedim ki, əlimi
eynən elə tutaram - elə bil əlimdə qəlyan var.
Bir az düşünüb köməkçisini
göndərdi, eynən belə bir qəlyan aldırdı və
yalnız mən qəlyanı əlimə alandan sonra işləməyə
başladı. Mən sənətkarın ən
xırda detallara belə neçə
"vasvasılıqla" yanaşdığının
şahidi oldum. Portretimdə mənə təsir
edən bir detal da o oldu ki, arxa planda atamın məşhur
şəklini yerləşdirmişdi. Tahir Salahovla bu
yaradıcılıq görüşləri,
iş seansları, məhrəm söhbətlər
ömrümün unudulmaz xatirələrindəndir. Tahir
özü də bu barədə deyib: "Son işlərimdən
biri Xalq yazıçısı Anarın portretidir. Əvvəllər atasının - gözəl
şair Rəsul Rzanın portretini çəkmişdim. Anar - bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir,
fikirlərinə qərq olur, səninlə birgə duyur".
Tahirə çox minnətdaram bu səmimi sözlərinə
görə də, birini mənə
bağışladığı gözəl portretlərimə
görə də.
Tahir Salahovun 90 yaşı tamam oldu. Hörmətli
Prezidentimiz İlham Əliyev onu Birinci dərəcəli əmək
ordeniylə təltif etdi.
Böyük
sənətkarımıza nə arzu etmək olar, uzun
ömür, mökəm cansağlığı, yeni
yaradıcılıq uğurları...
Bir də mənim bir arzumun həyata keçirməsini. Bu
arzularımı Tahirə demişəm. T.Salahov Dədə
Qorqudun, klassik və çağdaş şairlərimizin
parlaq portretlərini çəkib. İstərdim
ki, gənc Füzulinin də portretini çəksin. Məhz
GƏNC Füzulinin, çünki adətən bu şairi
çox qoca yaşında təsvir edirlər. Sevgi
haqqında ən incə və ən ehtiraslı şeirlər
müəllifini saçı, saqqalı ağarmış
ixtiyar obrazında görmək adama qəribə gəlir.
Tahir Salahovun fırçasıyla
canlandırılmış gənc Füzuli onun şeirlərindən
aldığımız zövqə uyğun bir obraz olardı.
Bir də Tahirə təklif etdim ki, milli faciəmiz
Xocalı soyqırımını əks etdirən bir tablo barədə
düşünsün. Tahir Salahov belə
bir şəkil çəksə, İnsanlığın
Yaddaş muzeyində bu şəkil Pablo Pikassonun məşhur
"Hernika"sıyla yanaşı yer tutardı.
R.Abbasovayla söhbətlərində Tahir Salahov ən məhrəm
fikirlərini söyləyir. Sanki
özü-özüylə təkbətək
danışır.
Təklikdə, amma bizim hamımızla birlikdə.
2 dekabr 2018
ANAR
525-ci qəzet.- 2021.- 22 may. S. 6-7.