Mətbuat tariximizin "Qızıl şəfəq"i .

 

İrəvanda Azərbaycan dilində yeganə mətbuat orqanı olan "Zəngi" qəzeti  1929-cu ilin yanvar ayının 1-dən etibarən "Qızıl şəfəq" adı ilə nəşr olundu.

 

Araşdırmalardan məlum olur ki, Əkbər Rizayevin redaktorluğu ilə işıq üzü görən "Qızıl şəfəq" qəzeti həftədə 3 dəfə 4 səhifədən ibarət çıxırdı. Qəzet 17 yanvar 1929-cu ildə 5-ci nömrəsindən etibarən latın əlifbası ilə nəşr edilməyə başladı. Amma bununla yanaşı, "Qızıl şəfəq" qəzeti də öz sələfi "Zəngi" kimi çoxlu məhrumiyyətlərlə üzləşməli olurdu. Bunlara baxmayaraq, İrəvanda xalqımızın bütün təbəqələrinin savadlanması, habelə bütün sosial-siyasi proseslərdən xəbərdar olması, nöqsanların vaxtında aradan qaldırılması işində ana dilimizdə çıxan "Qızıl şəfəq" qəzeti xüsusi rol oynamışdır.

 

Ümumiyyətlə, İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin formalaşmasında və inkişafında da "Qızıl şəfəq" qəzetinin böyük rolu vardır. 1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin nəzdində yaradılmış azərbaycanlı yazarlar bölməsi və onun ətrafına toplaşmış Nəriman Fəxri, Telman Nəzərli, Əsgər Əsgərzadə, Abbas Tahir, Yusif Rizayi, Əbülfət Rəhimov, Ələşrəf  Bayramov, Sona Bağırova, Əli Şahin, Abbas Azəri, Əli Əliyev, İslam Süleyman, Bəhlul Məmmədov, Əbülfət İbrahim, Cəlal Sərdar və başqa bu kimi gənc ədəbi simaların yaradıcılığının inkişaf etdirilməsində, onların ictimaiyyətə təqdim olunmasında "Qızıl şəfəq" qəzetinin rolu danılmazdır. Araşdırmalar göstərir ki, "Qızıl şəfəq" qəzeti redaksiyası İrəvan azərbaycanlı yazarlar bölməsi ilə sıx təmasda işləmiş, gənc yazarların ədəbi meydana çıxarılmasında, onların çap olunmuş və olunacaq bütün şeir, hekayə, oçerk və sair bədii nümunələrin səviyyəsinin yüksək olmasına xüsusi səy göstərirdi.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, İrəvanda Azərbaycan ədəbi mühitinin formalaşmasına və inkişafına burada keçirilən ədəbi tədbirlərin böyük təsiri olurdu. Ana dilində yeganə mərkəzi mətbu orqan olan "Qızıl şəfəq" qəzeti Azərbaycan dilində  cərəyan edən ədəbi hadisələrə qarşı çox həssas idi. Elə bir ədəbi hadisə olmazdı ki, o, qəzetin səhifələrində işıqlandırılmasın.

 

1929-cu ilin yanvarında EK (b) F-nin VI qurultayında iştirak etmək üçün Bakıdan nümayəndə heyəti getmişdi. Onlar qurultay iclaslarından başqa klublarda, məktəblərdə, qiraətxanalarda, həmçinin, "Qızıl şəfəq" qəzetinin redaksiyasında olmuş, bədii, publisist məsələlərlə də bağlı söhbətlərdə iştirak etmişlər. Bundan 6 ay sonra 1929-cu ilin iyun ayında Zaqafqaziya şair və yazıçıları İrəvan şəhərində toplaşaraq partiyanın "yeni tələbləri səviyyəsinə" cavab verən əsərlər yaratmaq üçün yazıçı və şairlərin qarşısında duran vəzifələri müəyyənləşdirdilər. Ədəbi toplantıda Azərbaycandan C.Məmmədquluzadə, H.Cavid, Ə.Haqverdiyev, S.Sani Axundov, C.Cabbarlı, S.Rüstəm, X.İbrahim, A.Şaiq, Ə.Cavad, M.Müşfiq, M.Rahim, S.Hüseyn, C.Əfəndizadə, İ.Əminbəyli, H.K.Sanılı iştirak etmişdi. "Qızıl şəfəq" qəzeti Azərbaycan yazıçılarının İrəvanda olduğu on günlük fəaliyyətini işıqlandırmış, irəvanlı gənc şairə Asya Məsudi nümayəndə heyətinin gəlişini şeiri ilə alqışlamışdı. Bakıdan gəlmiş nümayəndə heyəti "Qızıl şəfəq" qəzetinin redaksiyasında olmuş, qəzetin redaktoru Əkbər Rizayevlə və redaksiya heyəti ilə keçirilən görüşdə qəzetdə ədəbiyyat səhifəsinin buraxılması, genişləndirilməsi və s. məsələlər haqqında müzakirə aparmışdılar. Onu da qeyd edək ki, belə tədbirlər sırf ideoloji xarakter daşıyıb, prinsip etibarı ilə marksizm-leninizm fəlsəfəsinin ədəbiyyata təcəssümü problemlərinə həsr olunsalar da, İrəvan azərbaycanlı şair  ədiblərinin yaradıcılığına bir növ stimul verirdi.

 

Vaxtı ilə "Zəngi" qəzetinin arzusu 5 min tirajla çap olunmaq idisə, onun xələfi olan "Qızıl şəfəq" öz nəşrinin 2 il yarımında artıq 10 min  tiraj haqqında elan vermişdir. "Bütün kolxoz, kolxozçu, zəhmətkeş, kəndli, firqəçi, komsomol, qadın, pioner, hamı, hamı, hamı "Qızıl şəfəq"in sayı 10 min olmalıdır". Qəzetin tirajının artmasına İrəvan Türk Pedaqoji və Kənd Təsərrüfatı Texnikumunun müəllim və tələbə kollektivi xüsusi səy göstərirdilər. Qəzetin ən aktiv müxbirləri və təbliğatçıları məhz bu  təhsil müəssisələrinin müəllim və tələbə heyəti idi. Həmin müəllim və tələbələr İrəvanda və eləcə də yerlərdə EK(b)P MK-nın Azərbaycan dilində yeganə mətbuat orqanı olan "Qızıl şəfəq" qəzetinin yayılması və abunə yazılışı işində çox fəal iştirak edirdilər. Araşdırmalardan məlum olur ki, 1929-cu ilin avqust ayında qəzetin redaktoru təyin edilmiş Mustafa Hüseynov redaksiya heyətinin üzvləri Əkbər Rizayev, Murtuza Muradov və başqaları "Qızıl şəfəq"in tirajının artırılması üçün çox ciddi səy göstərirdi. Onların fədakar fəaliyyəti sayəsində qəzetin ideya-siyasi səviyyəsi günü-gündən yüksəlir, kütlələrlə əlaqəsi möhkəmlənir, nüfuzu daha da artırdı. Qəzet yalnız Ermənistanda deyil, başqa şəhərlərdə də özünə oxucu kütləsi toplaya bilmişdi. Xüsusilə Azərbaycanda, onun bir sıra şəhər və kəndlərində oxucuları, müxbirləri olan "Qızıl şəfəq"in artan nüfuzu bu mətbu orqanın yayılma arealını daha da genişləndirmişdi. Bakıda Məhəmməd Zəki, Naxçıvanda, Şərurda İbrahim Qazıbəyov Qulam Səfərov, Ordubadda Səfa Əylisli, Gəncədə Məhərrəm Əliyev qəzetin ən fəal müxbirləri olmaqla yanaşı, bu mətbu orqanın abunə yazılışında da çox böyük səy göstərirdilər.

 

1931-ci ilin 30 iyun tarixi "Qızıl şəfəq" üçün yadda qalan günlərdən birinə çevrilir. Həmin gün qəzetin 500-cü nömrəsi çapdan çıxır. Bu münasibətlə İrəvan şəhər mərkəzi kəndli evində qəzetin müxbirləri və işində yaxından köməklik göstərənlərin iştirakı ilə geniş tədbir keçirilir. Həmin tədbirdə Ermənistanda keçirilən teatrlar olimpiadasında münsiflər heyətində təmsil olunmaq üçün İrəvana dəvət almış, Azərbaycanın görkəmli səhmə ustaları Hüseynqulu Sarabski və Rza Təhmasib də iştirak etmişdir. H.Sarabski konfrans iştirakçıları qarşısında çıxış edərək yaradıcı kollektivə işlərində uğurlar arzulamış və öz təbrikini çatdırmışdı.

 

Qəzet 1931-ci ildə dekabr ayında özünün 6-cı ildönümü və 500-cü nömrəsi münasibəti ilə işçi-kəndli müxbirlərinin respublika konfransını keçirmişdi. Bu münasibətlə qəzetin xüsusi nömrəsi buraxılmışdır. Qəzetin həmin nömrəsində Vedibasarda çıxan "Bolşevik surəti" qəzetinin və Ağbaba maarif şöbəsinin müdiri Əjdər Kazımovun bir sıra qurumların təbrikləri verilmişdir. İrəvan proletar yazıçılar cəmiyyətinin azərbaycanlı bölməsinin katibi Əbülfət Rəhimov "Qızıl şəfəq" qəzetinin 6-cı ildönümünə", Müzəffər Nəsirli "Doğuşlar" ("Qızıl şəfəq"ə ithaf), Abbas Tahir "Qəsrlərə hücum" şeirləri, Telman Nəzərli "Qızıl şəfəq" adlı oçerki, qəzetin müxbiri İmanqulu Kərimov isə "Sosializm quruluşu cəbhəsində" adlı məqaləsi ilə qəzeti təbrik edirdi. Qəzetdə dərc olunan bu yazılarda və məqalələrdə qəzetin keçdiyi çətin mübarizə yolu da əks olunmuşdur.

 

1929-cu ilin noyabr ayının 20-dən etibarən həftədə 2 dəfə 6 səhifədən ibarət çıxan "Qızıl şəfəq" qəzeti, 1930-cu ilin 24 yanvarından yenidən həftədə 3 dəfə 4 səhifədən ibarət çıxmışdır. Qəzetin həftədə 3 dəfə çıxması nəticəsində bir sıra mühüm sahələr haqqında məlumat ya gec dərc edilirdi, yaxud da işıqlandırılmırdı. Qəzet özünün 22 dekabr 1931-ci il sayında 1932-ci il yanvar ayının 1-dən gündəlik çıxacağı barədə məlumat vermişdi. Qəzet  özünün gündəlik çıxacağı haqqında elan versə də, buna nail ola bilməmişdir. Qəzet hələ 1930-cu illərdən tirajının artaraq, 10000-ə yüksəlməsini təmin etməyi qarşısına hədəf kimi qoysa da, 1934-cü ildə özünün 10 illik yubileyi və 1000-ci nömrəsinin çapdan çıxmasını böyük təntənə ilə qeyd etdiyi bir vaxtda hələ də abunəçilərinin sayı 7000-i ötməmişdi. Hətta qəzet bu barədə yazır: "Ermənistan Soyuz Peçatın məsul işçilərin bəziləri belə simasızlıq və işdə məsuliyyətsizlikləri aradan qaldırmaq əvəzində onların özləri belə bu məsələni genişləndirirlər. Qəzetin vaxtında abunəçilərə çatmaması və tirajının artmaması işinə özləri səbəb olur. Türk mətbuatının yayılmasına fikir verilmir". Bütün çətinliklərə, erməni şovinist dairələrinin gizli və rəzil ayrı-seçkilik siyasətinə baxmayaraq, qəzetin kollektivi böyük əzmkarlıqla və daha da inamla fəaliyyət göstərdi.

 

1934-cü ildə qəzetin "1000-ci nömrəsinin çapdan çıxması və 10 illiyi münasibəti ilə qəzetin redaktoru M.Hüseynov qəzetin keçdiyi yol haqqında geniş məqalə ilə çıxış edərək yazır: "Qızıl şəfəq"in 10 il ərzində gördüyü işlər inkar olunmaz müvəffəqiyyətlərdir". Həmin dövrdə qəzetin redaktoru M.Hüseynov məsul katibi isə şair, tərcüməçi Əbülfət İbrahim idi.

 

Uğurlu fəaliyyəti nəticəsində bu mətbuat orqanı nəinki Cənubi Qafqazda, bütün SSRİ-də nəşr edilən mətbuat orqanları arasında böyük nüfuz qazana bilmişdi. "Qızıl şəfəq"in 1000-ci nömrəsinin çapdan çıxması münasibəti ilə Cənubi Qafqazda  başqa yerlərdə nəşr olunan bir sıra mətbuat orqanları qəzetin redaksiyasına təbrik məktubu göndərmiş və yaradıcı kollektivə uğurlar arzulamışlar. Belə mətbuat orqanlarından Azərbaycanda çıxan "Kommunist" (redaktoru Əli Aslanov), "Yeni yol", "Bakinskiy raboçiy", "Gənc işçi" (redaktoru Qəzənfər Məhəmmədov), "Vışka", Naxçıvanda çıxan "Şərq  qapısı", Tiflisdə çıxan "Yeni kənd" (redaktoru Teymur Hüseynov), "Zarə Vostoka", "Na rubeje Vostoka", "Krestğənskaə qazeta" və s. göstərmək olar. Azərbaycan dilində çıxan yerli mətbuat orqanlarından"Bolşevik surəti", "Zərbəçi kolxozçu" "Qırımızı Basarkeçər", "Qızıl şəfəq"in 10 illiyi və 1000-ci nömrəsinin işıq üzü görməsi münasibəti ilə bu mətbuat orqanını təbrik edirdi. Bu da qəzetin gərgin fəaliyyətinə verilən ictimai dəyər idi. Qəzet özünün 1000-ci nömrəsinin çapdan çıxması münasibəti ilə rəngli formatda xüsusi yubiley nömrəsi buraxmışdır.

 

Qəzetin uğurlu fəaliyyəti erməni şovinist dairələrində qıcıq yaratdığından qəzetin ünvanını tez-tez dəyişməklə onun artan nüfuzuna və möhkəmlənməsinə hər vasitə ilə maneçilik törətməyə çalışmışlar. Daimi redaksiyası olmayan qəzetin redaksiyası 1929-cu ildə Engells küçəsi 4, kənd təsərrüfatı bankının binasında, Abovyan 35-də, 1933-cü ildə Kununyan ev 23-də, 1934-cü ildə İrəvan firqə komitəsinin ikinci mərtəbəsində, 1936-cı ildə Qanuni küçəsi 32-də, mənzil kooperativ binasında və s. yerləşirdi. Bu qəzeti oxucu kütləsi ilə  canlı təmasdan məhrum etmək, müxbirlərdən  təcrid etmək məqsədi güdürdü.

 

Belə ki, 1932-ci ildə Ermənistanda 10 mərkəzi, 13 rayon, 1933-cü ildə 13 mərkəzi, 18 rayon qəzeti, 1934-cü ildə isə 55 qəzet nəşr edildiyi halda, bunlardan yalnız Azərbaycan dilində 1 mərkəzi üç rayon qəzeti nəşr edilirdi.

 

Bütün bunlara baxmayaraq, "Qızıl şəfəq" qəzeti öz fəaliyyətini uğurla davam etdirir və mətbuat orqanları arasında öz yerini daha da möhkəmləndirirdi. 1935-ci ildə Azərbaycan yazıçılarından M.S.Ordubadi, M.Müşfiq, S.Rəhman, M.Hüseyn, Y.Vəzirovdan ibarət nümayəndə heyəti İrəvanda olarkən "Qızıl şəfəq" qəzetinin redaksiyasında olmuş, bu mətbuat orqanının redaksiya heyətinin üzvləri ilə görüş keçirmişlər. Görkəmli yazıçı və şairlər "Qızıl şəfəq" qəzetinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Onlar qəzetin azərbaycanlı əhali arasında böyük iş apardığını və yaradıcı soydaşlarımızın bədii yaradıcılığının inkişafında böyük rol oynadığını xüsusi qeyd etmişlər.

 

Qəzet demək olar ki, Azərbaycandan İrəvana gəlmiş şair və yazıçılardan ibarət nümayəndə heyətinin səfərini onların bütün görüşlərini daim öz səhifələrində işıqlandırmışdır. Qəzet onların səfər təəssüratları ilə bağlı geniş müsahibəni  hər birinin yaradıcılığından bədii nümunələr də dərc etmişdir. Ümumiyyətlə, Azərbaycanın bir çox görkəmli ziyalıları Vəli Xuluflu, Əli Nazim, Əbülhəsən və başqaları qəzetin qonağı olmuşlar.

 

Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı öz məkrli planlarını, şovinist və antitürk siyasətini bütün sahələrdə olduğu kimi milli mətbuatımıza qarşı da həyata keçirirdi. Ermənilər kommunist-bolşevik pərdəsi altında ziyalılarımızı məhv etməklə yanaşı, onlara qarşı fiziki terror və sui-qəsdlər təşkil etməkdən çəkinmirdilər. Erməni terrorunun qurbanlarından biri də "Qızıl şəfəq" qəzetinin Dilican üzrə müxbiri, amansızcasına qətlə yetirilmiş Alma Muğanlinski idi. "Qızıl şəfəq" qəzeti bu haqda yazırdı: "Alma öz şərəfli vəzifəsini yerinə yetirmək sahəsində ön sıralarda gedən bir yoldaş idi. Düşmənlər ona sui-qəsd etməkdən çəkinməyərək Almanı qətl etdilər".

 

Nəşrlər üzərində nəzarəti gücləndirmək və ya keçmişi idealizə edən kiçik bir yazının da dərc edilməsinə yol verməmək üçün 1922-ci ilin iyun ayında Ədəbiyyat və Nəşriyyat Baş İdarəsi (Qlavlit) yaradılmışdı. Bu mərkəzi idarənin hər bir müttəfiq respublikada şöbəsi var idi. Bu şöbələr zahirdə respublika XKS-nə tabe olsalar da, əslində, onların işinə Moskvadan nəzarət olunurdu. Bu, səbəbdən də repressiya illərində ən çox təqiblərə məruz qalan zümrələrdən biri də mətbuat işçiləri idi. 1937-1938-ci illərdə amansız repressiya "Qızıl şəfəq" qəzetinin taleyindən də yan ötmədi. Belə ki, "Zəngi" sonralar isə "Qızıl şəfəq" qəzetinin məsul redaktoru M.Hüseynov güllələndi. M.Hüseynovun güllələnməsində erməni şovinist dairələrinin xüsusi rol oynaması aydın şəkildə özünü göstərmişdir. Bu ilk növbədə onunla bağlı idi ki, M.Hüseynovun qəzetdə məsul redaktor olduğu dövrlərdə azərbaycanlıların ədəbi-mədəni yüksəlişinə hər vasitə ilə süni əngəllər yaratmağa çalışan, Ermənistan rəhbərliyini kəskin tənqid edən, erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə, qətliamlara və total qırğınlara aid kifayət qədər materiallar çap etdirməsi, Türkiyənin iqtisadi-siyasi uğurları, Atatürkün, o cümlədən, digər türk dövlət xadimlərinin haqqında qəzetin səhifələrində müntəzəm yazılar dərc etdirməsi, Türkiyə haqqında intensiv informasiyaların çap olunması erməni şovinistlərini qıcıqlandırmaya bilməzdi. Qəzetin digər əməkdaşları İbrahim Əliyev, İsmayıl Əliyev, Abdulla Mirzəyev, məktublar şöbəsinin müdiri, şair Abbas Azəri də repressiyaya məruz qalaraq, müxtəlif bəhanələrlə aradan götürülmüşlər. Onların ən böyük təqsiri mətbuatda xalqının tarixi haqqını müdafiə etmələri idi.

 

Bütün bunlara baxmayaraq, onu da xüsusi qeyd etmək yerinə düşər ki, müxtəlif vaxtlarda qəzetin məsul redaktorları olmuş Əkbər Rizayev, Mustafa Hüseynov, Əli Tağızadə, Rza Vəlibəyov, Səfər Alməmmədov və başqaları əsl ziyalılıq cəsarəti göstərirdilər. Onlar erməni şovinizmi əhatəsində soydaşlarımızın və ana dilimizin hüquqlarını qoruyurdular.

 

Aparılan araşdırmalardan belə bir nəticə hasil olur ki, 1 yanvar 1929-cu ildən 1 oktyabr 1937-ci ilə kimi fəaliyyət göstərən "Qızıl şəfəq" qəzeti "Ermənistan"da yaşayan azərbaycanlıların ictimai-siyasi və ədəbi-mədəni həyatının güzgüsü idi.

 

Cəlal ALLAHVERDİYEV

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 18 may.- S.14;15.