Cıdır düzündə zəfər təntənəsi

 

Azərbaycanın memarı, qurucusu, Ulu öndər Heydər Əliyevin layiqli, ləyaqətli varisi, ölkəmizi qısa müddətdə hərtərəfli, uğurlu inkişaf yoluna çıxaran, onun dünya dövlətləri sırasında ön mövqedə yerini möhkəmləndirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, qalib sərkərdəmiz İlham Heydər oğlu Əliyev haqqında fikirlər, düşüncələr, onun misilsiz fəaliyyətinin təhlili saysız-hesabsız kitablara sığmaz.

İnanıram ki, bu cür kitablar yazılacaq - özü də tolerantlıq nümunəsi, multikultural dəyərlərin məkanı olan ölkəmizdə yaşayan müxtəlif xalqların, ayrı-ayrı nəsillərin nümayəndələri tərəfindən! Mən isə bir alim kimi ürəkdən gələn fikirlərimi, səmimi duyğularımı bacardığım qədər bu kiçik yazıda oxuculara çatdırmağa çalışdım. Və bununla fəxr edirəm! Fəxr edirəm ki, Ümummilli lider Heydər Əliyev yolunun yolçusuyam, onun ali ideyalarını qətiyyətlə davam etdirən, gerçəyə çevirən İlham Əliyev kimi bir görkəmli dövlət başçısının rəhbərlik etdiyi ölkədə yaşayıram, bu ölkənin vətəndaşıyam. Azərbaycanlı olmaqdan qürur duyuram! Düşünürəm ki, Prezident İlham Əliyevin tarixdə ən parlaq missiyası 30 illik həsrətdən sonra Qarabağımızı bizə qaytarmasıdır, Azərbaycana qaytarmasıdır.

Rəhmətlik Ulu öndər Heydər Əliyev Qarabağ məsələsini ölkənin, dövlət başçısı kimi özünün bir nömrəli problemi elan etmişdi, bu yolda çox əziyyət çəkdi, çox fədakarlıq göstərdi. İstər bu problemin həllinə, istərsə də bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın üzləşdiyi çətinliklərin həllinə mühüm töhfələr verdi. Xalqımız bu tarixi xidmətləri heç zaman unutmayacaq!.. Dahi Heydər Əliyev Qarabağ məsələsini də böyük müdrikliklə həll edəcəkdi - amma ömür vəfa etmədi! Bu, həqiqətdir!

Cənab İlham Əliyev isə Ata vəsiyyətini qeyrətlə gerçəyə çevirdi, Qarabağı azad etdi, Azərbaycanı bütövləşdirdi! Təkcə biz yox, dəyişən nəsillər zaman-zaman bu xidmətinə görə Ali Baş Komandana minnətdar olacaqlar. Çünki O, torpaqlarımızı işğaldan azad etməklə xalqımızın milli qürurunu, milli ləyaqət hissini özünə qaytardı, hər bir Azərbaycan vətəndaşına başucalığı gətirdi. Nəşrə hazırladığım "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının əvvəlində 2020-ci ilin Vətən müharibəsindəki Qələbə paradından yazmışdım. Qismət elə gətirdi ki, kitabın son səhifələrini yazdığım gün Prezident İlham Əliyevin azad etdiyi, üçrəngli Azərbaycan bayrağını ucaltdığı, Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi Şuşamızda "Xarıbülbül" musiqi festivalının keçirildiyi günlərə təsadüf etdi. Heydər Əliyev Fondunun mayın 12-13-də Şuşada təşkil etdiyi "Xarıbülbül" musiqi festivalı daha bir möhtəşəm Qələbə kimi tarixə düşdü. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın, onların övladları Leyla və Arzu Əliyevaların da qatıldığı festivalın hər dəqiqəsi, hər anı qürurdan gözlərimizi yaşatdı, bizə 30 illik ağrı-acımızı unutdurdu. İçimizdəki Qarabağ nisgilinə, həsrətinə son qoydu. Dövlət başçımızın böyük qətiyyət və mətanətlə, qeyrətlə, sədaqətlə yenidən qurduğu, abadlaşdırdığı Şuşanı, sanki biz də onunla birgə gəzdik, gördük, sevindik, fəxr elədik! Gövhər ağa məscidini ziyarət etdik, bu müqəddəs məkanda Allaha dualar etdik, şükürlər etdik! Festivalın açılışında hörmətli Prezidentimizin tarixi çıxışı, ilk kəlməsindəcə Şuşanı, Qarabağı böyük mərdlik və qəhrəmanlıqla, canları, qanları bahasına azad edən Şəhidlərimizi anması ürəyimizdən xəbər verdi! Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə "Xarıbülbül" festivalının yüksək səviyyədə təşkili yenə böyük heyranlıqla qarşılandı. "Qarabağ şikəstəsi", Üzeyir Hacıbəylinin "Koroğlu"su, Bülbülün "Ölkəm"i və digər bir-birindən əzəmətli musiqilər Cıdır düzündə yenidən səsləndi, dünyaya yayıldı, düşmənin qulağını batırdı, Şuşadakı möhtəşəm atəşfəşanlıq düşmənin gözlərini kor etdi! Və inanıram ki, hələ xalqımızın tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə belə təntənəli günlər, uğurlar, nailiyyətlər çox olacaq, hələ çox Qələbəmizi beləcə elliklə, ölkəmizdə mehribanlıqla yaşayan xalqların nümayəndələri ilə birgə qeyd edəcəyik! Tezliklə "Zəfər yolu" ilə mədəniyyət paytaxtımız Şuşaya gələcək əcnəbi qonaqlar bir qocaman dövlətin, öz qüdrətli Liderinin, Müzəffər Ali Baş Komandanının ətrafında yumruq kimi birləşən bir xalqın nələrə qadir olduğunu öz gözləri ilə görəcəklər! Dostlar sevinəcək, düşmən xar olacaq!..

Bu fəxarət hissini bizə yaşatdığına görə uca Tanrıya borcluyuq! Qalib bir dövlətin vətəndaşı olmaq şərəfini bizə yaşadan Ali Baş Komandanımıza, möhtərəm Prezidentimizə bir ömür boyu minnətdarlıq borcumuz var!..

Bir vacib məqamı da əvvəlcədən böyük fəxarətlə xatırlatmaq istəyirəm. Bu il möhtərəm Prezidentimizin, müzəffər Ali Baş Komandanımızın 60 yaşı tamam olur! Ulu millətimizin, xalqımızın sonsuz sevgisi, bitib-tükənməyən duaları Onun halal haqqıdır, onun hədiyyəsidir! Amma mənə elə gəlir ki, öz ad gününə, öz əlamətdar yubileyinə elə ən böyük hədiyyəni də cənab İlham Əliyev özü verdi! Bu, onun milyonların 30 illik həsrətinə son qoyaraq azad etdiyi Qarabağdır, Qarabağımızdır!

Tarixdə çox az dövlət başçısı millətin xilaskarı kimi tarixə düşüb. Allah "millətin xilaskarı" obrazını, məhz Onun taleyinə yazdı! O isə Qarabağ problemini həll etməklə hər kəsin qəlbində öz heykəlini ucaltdı. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən cənab İlham Əliyev 2003, 2008, 2013 və 2018-ci illərdə onu Prezident seçən xalqına sədaqətlə xidmət etdi və etməkdə davam edir. İndi dünyanın tanınmış siyasi liderləri, ictimai xadimlər, beynəlxalq ekspertlər də etiraf edirlər ki, ötən 18 ildə Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqlarının qorunması ilə yanaşı, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, Dağlıq Qarabağ kimi ağır bir yaranın sağalmasına gətirib çıxardı. Bir sözlə, Azərbaycan 30 ildən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ problemini həll etdi...

Möhtərəm Prezidentimizin 10 dekabr 2020-ci il tarixli möhtəşəm paraddakı bir fikrini xatırlatmaq istəyirəm: "Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi..."

Ali Baş Komandan, Prezident İlham Əliyev bu Qələbəyə böyük maneələri, ikili standartları, bəzi dövlətlərin riyakar münasibətlərini diplomatik gedişlər və siyasi məharətlə dəf edərək nail oldu, bir çox düşməni dosta çevirdi. "Azərbaycan müstəqilliyi dövründə heç vaxt indiki qədər güclü olmayıb" deyən dövlət başçımızın "Sözümüz imzamızdır!" ifadəsi ən ağrılı problemimizin - Dağlıq Qarabağ münaqişəsinin ədalətli, ərazi bütövlüyü və suverenliyimizin bərpası çərçivəsində həllində əsas strategiyaya çevrildi. Azərbaycan ərazilərini işğaldan azad etməklə, həm də 27 ildir kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi...

İndi xalqımız Vətən müharibəsində torpaqlarımızı işğal altında saxlayan, sərvətlərimizi talayan, maddi-mədəni abidələrimizi məhv edən məkrli düşmənin üzərindəki şanlı Qələbəsinin qürurunu yaşayır. Bir daha qeyd etmək istəyirəm ki, bu Qələbənin kökündə dayanan sarsılmaz xalq-iqtidar birliyi dayanır. Böyük rəhbərimizin elə Şuşada səsləndirdiyi "Biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq! ...Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!" fikri hər birimizin ürəyini dağa döndərir!

... Bəli, Azərbaycanın Vətən müharibəsindəki parlaq Qələbəsi ilə Vətən bütövləşib və ölkəmizin inkişaf planı indi Qarabağa uzanır. İşğaldan azad edilən torpaqlarımızda başlanan genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, Azərbaycana sığal çəkən əllər Qarabağı da cənnətə çevirəcək...

Azərbaycanın ən böyük Qələbələri isə hələ bundan sonra olacaq. Çünki "Biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm!" deyən müdrik rəhbərimiz, Prezidentimiz var.

Yaşasın xalqımızın böyük oğlu, dahi və müdrik Prezidentimiz İlham Əliyev!

Yaşasın tarixə belə bir qüdrətli sərkərdə, uzaqgörən dövlət başçısı bəxş edən Azərbaycan xalqı!

Allah Azərbaycana belə bir ləyaqətli oğul bəxş edən Heydər Əliyevə və Zərifə Əliyevaya qəni-qəni rəhmət eləsin!

Qarabağlı, bütöv Azərbaycan daim var olsun!..

 

Vaqif ABBASOV

525-ci qəzet.- 2021.- 22 may. S. 7.