"Şəhərin
göz yaşları"
Ülvi Ələkbərzadə 1999-cu ildə
Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasını
bitirib. "Əfsun" elmi-ədəbi,
bədii-publisistik jurnalında
çalışır. "Bir fincan
limonlu çay (povest və şeirlər)" kitabının
müəllifidir.
Şəhərin göz yaşları
Bu şəhərin göz yaşları
isladır Xəzər
dənizini.
Çıxıb bir ağ
buluda
qışqırmaq istəyir
küçələrin yuxusu - arzularını,
xəyallarını.
Şəhərin boyu qısadır,
çatmır gecələrin
qulağına
pıçıldasın həqiqətləri.
Gecənin boynuna çıxıb,
öpür bu şəhərin alnından
tanrının mələkləri
şəklini çəkərək
dünyanın.
Bu şəhərsə, hələ
də
yorğun baxışlarıyla
gözləyir
tikiləcək göydələnləri.
Bu gecənin
Darmadağın çarpayı,
eləcə bir küncə atılmış
boş şərab butulkası.
Masa - üzərində aylar öncə
söndürülmüş siqaret kötükləri.
Saralmış kağız, bir də qələm.
Kağıza düzülmüş
misra-misra göz yaşları.
Qələmin mürəkkəbindən intihar edən
sükutun hayqırtısı.
Və yerdə qan ləkəsi kimi
bir ümid işığı.
Asıldı bu gecənin
lənət qoxuyan yaxasından.
Bir misra əzab müjdəsi
Bir saralmış məktub
sətirləri göz yaşından.
Varağa
düzülmüş,
həsrətdən öləzimiş
şeirlər.
Bir əlçim yalnızlıq
əlləri üşümüş
həsrətdən..
Bir ümidsiz yol
sonunda ayrılıq nəğməsi oxunur.
Qara buludlardan
intizar ətirli ruhuma
ümidsizlik toxunur.
Pərən-pərən bir ürək
içində kədər
qoxulu kirpik izləri
Qılınc kimi dəlib-deşmiş ürəyi.
Üfüqü yarıb keçən
baxışlar,
Üfüqdə günəşin sapsarı
tellərindən
boylanan arzular.
Ovcumda bəslədiyim
sərçədən yadigar qalan
quru çörək
ovuntuları.
Hə, bir də
dimdiyində gətirdiyi
bir misra əzab müjdəsi...
Paramparça etdi
məni,
sabahımı,
yuxularımı...
Bir də "sənsizlik"
qoxuyan
gələcək ömrümü.
Səs-küy, sükut!
Sağım səs-küy, bağırtı,
hənirti.
Solum - səssizlik, sükut..
Sükutun səssizliyindən qulaq batır.
Mən ortada qalmışam,
nə səs-küyəm,
nə sükut...
Nə sağam, nə də sol...
Özüm sükutdan yaranmışam,
səsdən yoğrulmuşam.
Yırtmışam sükutun yaxasını,
udmuşam səs-küyün
havasını
Mən nə sağımdakı səs-küyəm
nə də solumdakı sükut...
Özüm elə sükutam..
Özüm elə səs-küyəm.
O sükutun, səssizliyin içində.
Sonda
Bir yağış yağacaq
pozacaq səssizliyi.
Bir külək əsəcək
uçuracaq kədəri.
Bir mahnı oxunacaq
bitirəcək bu həsrəti..
Sonda..?
Sonda... bir göy qurşağı
parlayacaq
güldürəcək bütün
üzləri.
Gecə miniatürü
Gecədir,
içimdə lal bir sükut hayqırır.
Ulduzlar gecənin yanağından
dağılır saçlarıma.
Gözlərim ayla söhbət edir.
Pəncərəmə düşən
şeh
ayın baxışlarıdı.
Dözməz ürəyim
Ey eşq-məhəbbət
Bu dəfə qəlbimə gələndə
ayaqyalın gəl.
Soyun qəlbin qapısında
həsrət qoxuyan ayaqqabıları.
Könlümə gətirmə
kədərin, ayrılığın
ayaq izlərin.
Daha dözməz,
dözməz ürəyim.
Səndən əvvəl
Səndən əvvəl
dadmamışdım ayrılığın
dadını.
Bilməzdim həsrətin
ağrısını, acısını.
Səndən əvvəl yox
idi
lügətimdə
"Göz yaşı",
"intizar"
"kədər" ... sözləri.
Sən gəldin ömrümə
və tez də getdin..
Ömürlük qaldı
sinəm üstə
eşqimizin şikəst
izləri...
Gedirəm
Gedirəm buralardan.
Gedirəm.
Bir ovuc torpaq aldım,
bir parça bulud.
Bir də misra-misra yalnızlıq.
Bu şəhərin sən ətirli küçələrindən
keçib gedirəm.
Üstünə basa-basa xatirələrin.
Qəlbimin sən adlı qapısını bağladım
girməsin içəriyə,
sənsizlik həsrət
tozuna bulaşmış
ayaqlarıyla.
Gedirəm.
Birdəfəlik gedirəm.
Geridə nə qoydum?
Kiçicik bir ev.
Pilləkənsiz.
Bizdən
sonra nəyə lazım,
o ev, o pilləkənlər.
Hə, unutmadan...
Bir də ayrılıq qoxuyan
bayquşun titrəyişini.
Ülvi ƏLƏKBƏRZADƏ
525-ci qəzet.- 2021.- 18 may.- S.15