AZAD ŞUŞAM

 

Ordumuzun gücündən

Qorxub qaçdı yağılar.

Şuşanı azad etdi

Şir biləkli oğullar.

 

Bu yer sanki möcüzə -

Uca dağlar, şiş qaya...

Dolama yollarıyla

Biz qalxırıq Şuşaya.

 

Hamımız əsgər olub

Durarıq keşiyində.

Üzeyirin yurdunda -

Musiqi beşiyində.

 

Şuşa sənət məbədi,

Gözəlliyin taxtıdır.

Şuşa Azərbaycanın

Səs-sənət paytaxtıdır.

 

GÜLÜMSƏ, EY GENERAL!

 

Milli Qəhrəmanımız general Polad Həşimovun parlaq xatirəsinə

 

Polad kimi əyilməz,

Aranlısan, dağlısan.

Sən üç rəngə boyanmış

Bir Vətənin oğlusan.

 

Hamı səndən danışır,

Adın elə doğmadı.

Səni oxşayan sözlər

Kitablara sığmadı.

 

Gülümsə, ey general,

Azad oldu yurdumuz.

Qürur duy əsgərinlə,

Zəfər çaldı ordumuz!

 

ŞUŞA YENƏ BİZİMDİ

 

Sevinirəm, mən bu il

Gedəcəyəm Şuşaya.

Şuşa dağ başındadı,

Çatır ulduza, aya.

 

Dağı-daşı möcüzə.

Çölü-meşəsi bir sirr.

Xəstələr gəlib bura

Haqdan şəfa diləyir.

 

Nənəm Şuşadan ötrü

Göz yaşı tökür hələ.

Mən onunla gedəcəm

Şuşaya gülə-gülə.

 

Şuşa vuran qəlbimiz,

Doğma Vətənimizdi.

Qoy var olsun Ordumuz

Şuşa yenə bizimdi!

 

 

Mina Rəşid

 

525-ci qəzet.- 2021.- 18 may.- S.15