Şuşa gör nələr eylər...
Qələmsiz
yazılanlar
Rəşad
MƏCİD
"Dünyanın çox
şəhərlərində olmuşam, amma Şuşa kimi
gözəl şəhər görməmişəm".
Cənab Prezident hər dəfə
Şuşada olarkən müqəddəs şəhərimiz
barədə dərin mənalı, sevgi dolu fikirlər səsləndirir. Mayın 12-də
Cıdır düzündə "Xarıbülbül"
musiqi festivalının açılışındakı
çıxışına "Biz Şuşanın
azadlığını Qəhrəman əsgərlərimizə
borcluyuq" sözləriylə başlayan dövlət
başçısı bir az sonra Şuşa barədə bu
fikirləri səsləndirdi.
Müzəffər Ali Baş
Komandanın Şuşa sevgisi ilahi sevgidir.
O, Şuşa haqqında danışanda
çöhrəsini ilahi bir nur bürüyür. Hələ bu ilin yanvar ayında Şuşada olarkən
bildirdi ki, Azərbaycan Prezidenti Şuşaya gəlib və gecəni
də Şuşada qalmalıdır. Sonra
Şuşanın təbiəti, tarixi, fərqli aurasından
danışdı. Şuşanın vəsfi
cənab Prezidentin təqdimatında xüsusi məna kəsb
edir.
30 ildir, hər dəfə
Şuşa barədə danışanda mədəniyyət
xadimlərimizin - Anar müəllimin, Toğrul Nərimanbəyovun,
Polad Bülbüloğlunun, Fərhad Bədəlbəylinin
fikirlərindən sitatlar gətirirəm. Son
aylar bu fikirlərin məcmusu, cəmi kimi bir müdrik kəlam
dilimdən düşmür. O dəqiq müşahidənin,
o dəqiq kəlamın da müəllifi Ali Baş Komandan
İlham Əliyevdir: "Sözün düzü, adam
heç Şuşadan getmək istəmir!"
Bu, çox böyük və çox
dəqiq həqiqətdir - gerçəkdən də adam Şuşaya gələndə ondan
ayrıla bilmir.
***
Azərbaycan mədəniyyətinin
dünyada təbliğində və yüksək səviyyəli
təqdimatında Heydər Əliyev Fondunun fəaliyyəti
misilsizdir. Müstəqilliyimizin 20 illiyi ilə bağlı
dünyanın böyük şəhərlərində,
nüfuzlu salonlarında Fondun təşkil etdiyi konsert
proqramlarının səviyyəsi barədə çox
danışmışam. O tədbirlərin dinləyicisi
olmuş insanların, əsasən də xaricilərin heyrətamiz
təəssüratlarını indi də eşidirik. Fond hər dəfə mədəniyyətimizin
yüksək səviyyəli təqdimatıyla bizi heyrətləndirir,
qürurlandırır.
"Xarıbülbül"
musiqi festivalının təşkili də yüksək səviyyədəydi. Bunu cənab
Prezident də qeyd etdi. Festivalın ilk günündə
- mayın 12-də ölkəmizdə yaşayan müxtəlif
xalqların musiqi yaradıcılığının "Azərbaycan
musiqisində multikulturalizm" mövzusunda təqdimatının
ideya müəllifinin özü olduğunu qeyd edən
dövlət başçısı proqramın yüksək
səviyyədə hazırlanmasında Heydər Əliyev
Fondunun xüsusi əməyini vurğuladı. Hər
iki konsert Azərbaycan mədəniyyətinin, multikultural dəyərlərinin
yüksək səviyyəli nümayişi idi. Bu tədbirlər böyük ruh, incə zövq, mədəniyyətimizə,
xalqımıza dərin sevgiylə yoğrulmuşdu.
Bütün bunların
müəllifi isə heç şübhəsiz, Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban
xanım Əliyevadır. Qürur və göz
yaşları içində izlədiyimiz, istedadlı sənət
adamlarımızın içdən, ürəkdən gələn
ifalarının möhtəşəm duyğular
yaşatdığı bu dərin mənalı, təsirli, qəlb
titrədən təqdimata - bu möhtəşəm sənət
nümunələrinə, unudulmaz konsert proqramlarına görə
Mehriban xanıma sonsuz minnətdarlıq və kübar təzim
düşür.
***
- Gecə də Şuşada
qalacayıq?
- Aha, əlbəttə!
(Belə dialoqdan kim
sevinməz? Həm də mayın 8-də).
***
"Bütün gecəni
yol gedəcəyik, bir az yatıb gözümün
acısını alım" düşüncəsiylə
gün uzunu nə qədər əlləşdim, xeyiri
olmadı. Nə
illah eləsəm də, tanış
küçələr, doğma mənzərələr hərlənib-firlanıb
yenə gəlib durdu gözlərimin qabağında. Şuşanı görmək duyğusunun yaratdığı
həyəcan, ürək çırpıntısı
çimir eləməyə imkan vermədi.
... Əziz Şuşa!
Səni görmək, sənə qovuşmaq
yanğısından üstün nə ola
bilər? Hansı hiss bu həyəcana tən gələr? Az qala, Daşaltıda əks-səda verən,
Cıdır düzündə eşidilən bu ürək
çırpıntılarını necə duymamaq olar?
Əlimi uzadıb
ulduzlarını sığallasam,
daşını-torpağını oxşayıb gözlərimin
üstünə qoysam, günahımdan keçərsənmi? Son dəfə
1991-ci ilin payızında tək-tənha baş çəkdiyim,
hüznlü, bənizi saralmış Cıdır düzü
məni əfv edərmi? Şuşa məni
bağışlayarmı?
Kim bilir, bəlkə,
bağışlanmamaq qorxusu itirmək qorxusundan daha
ağırdır.
Fərhad Bədəlbəyli kimi
hamılıqla hüzurunda diz çökərək,
"Bizi bağışla, Şuşa!" deyib bəraət
istəsək, bizi əfv edərsənmi?!.
Mərhəmətinə
sığınaraq hüzuruna gəlirik!..
***
Musiqi proqramı bitən kimi
Cıdır düzünün qayalıqlarına tərəf
çəkildim, Fərhad Bədəlbəyli kimi dizlərimi
yerə qoyub, sal daşları öpdüm,
"Bağışla bizi, Şuşa" - dedim.
***
Cıdır düzündə Anar
müəllimlə gəzmək, İbrahim xanla,
Mirmöhsün Nəvvabla bağlı məkanlara onun təqdimatıyla
baxmaq, sevincindən qanadlanan insanlarla birgə şəkil
çəkdirmək, yaşıl, nəm otların üzərində
buludların üstündə yeriyirmiş kimi addımlamaq...
Xoşbəxtliyin başqa şəkli
ola bilərmi?
***
Mayın 12-si axşam,
"Xarıbülbül" musiqi festivalının
açılışı münasibətiylə
Şuşada 15 dəqiqəyə yaxın atəşfəşanlıq
oldu. Atılan rəngbərəng fişəng
topalarının, cələnglərinin işığı
bütün Qarabağı nura boyadı.
Yağıya, düşmənə
göz dağı oldu...
***
Səfər yoldaşım, əslən
şuşalı olan Xalq artisti Firəngiz Mütəllimova
yolboyu həyəcanını gizlədə bilmirdi,
Cıdır düzünə çatan kimi torpağı
öpəcəyini deyirdi. Onun torpağa səcdəsini
müşahidə etmək çox təsirliydi.
15 il öncə
Türkiyəyə səfərə gedirdik, Şuşadan
söhbət düşdü, Firəngiz xanım
xalasının əriylə bağlı bir əhvalat
danışmışdı: Ölüm ayağında olan
Tofiq kişi canını tapşıra bilmirdi, "Məni
Şuşaya aparın" - deyirdi. Övladları
onu təcili yardım maşınına mindirib Bakıda
Sovetskinin dolambaclarını gəzdiriblər ki, Şuşaya
qalxırıq, fişəng atıblar ki, Şuşanı
aldıq. Soyuducudan buz kimi su çıxarıb veriblər
ki, İsa bulağının suyudur, iç. Tofiq kişi bundan sonra gözlərini yumub, son nəfəsini
verib.
Şuşada o hadisəni Firəngiz
xanımın yadına saldım, bir də danışdı,
Xalq artisti Həmidə Ömərova ilə birlikdə dinlədik,
Tofiq kişinin ölüm səhnəsini
düşünüb, Şuşa həsrətiylə
dünyadan köçən bütün
insanlarımızın ruhunu yad etdik.
***
Mayın 12-də
Şuşada, Cıdır düzündə Fərhad Bədəlbəylinin
qanadları çıxmışdı. O qanadlarla Topxananın
üzərindən uçurdu, musiqiçilərlə, həmkarlarıyla,
dostlarıyla rəqs edirdi - xoşbəxtliyə qərq
olmuşdu.
Gözlərində
qürur, sevinc göz yaşları görünürdü. Ona qoşulub
sevincdən ağlamaq da bir səadət idi.
***
Şuşada səhər tezdən
Alim Qasımovun azan səsi kimi canlı muğam ifasına
yuxudan oyanmaq....
İçdən gələn bu qəfil
ifa bal kimi şirin havaya qarışıb
Şuşanın sakit görkəminə ilahi, mistik
çalarlar əlavə edirdi.
Deyirlər, 30 ildi
Şuşada quşlar da susmuşdu. Cıdır
düzündən gələn əsrarəngiz musiqi səsləri
sanki quşları da ayıltdı.
Alim Qasımovun ifasından
sonra quşların oyanmasının, "dirilməsinin",
oxumağa başlamasının canlı şahidi oldum. Şuşanın 13 may səhərini
quşların səsi bürüdü.
Səs səsə qovuşdu
Şuşada...
***
Mayın 13-ü səhər konsert
proqramı başlamazdan öncə bir qədər boş vaxt vardı. Düşüb Şuşanı gəzmək istədim.
Yusif Rzayev və başqa dostlar xatirə
üçün Şuşadan daş gətirməyimi istəmişdilər.
Əyilib bir neçə daş seçdim.
Cıdır düzündən
piyada enib Molla Pənah Vaqifin məqbərəsinə gəldim. Qızğın
təmir işləri gedir. Məqbərənin əvvəlki
görkəmi qalmaqla daha möhtəşəm bir xiyabana
çevriləcəyi hiss olunur. Sonra daş
döşənmiş yolla üzü aşağı endim.
Yolboyu əsgərlərlə, orada xidmətdə
olan polislərlə hal-əhval tuta-tuta, sorğu-sual edə-edə
sola dönüb bərpa olunmuş Mamayi bulağına tərəf
gəldim, dupduru suyuyla əl-üzümü yudum. Bulaqlar bərpa olunub. Orada işləyənlərin
sözlərinə görə, ermənilərin
bulaqlarımıza sonradan çəkdikləri xaç
işarələrini çətinliklə silib təmizləyiblər.
Yəqin ki, qısa zaman sonra bulaqların üzərinə
adları da qeyd olunacaq: Mamayi bulağı, Xan qızı
bulağı və s.
Köhnə, xatirimdə olan
binalardan qalanı da var, uçub dağılanı da.
Mamayi bulağının
yanıyla Yuxarı Gövhər ağa məscidinin arxa hissəsinə
döndüm.
1988-ci ilin yayında burada kirayə
qaldığımız evi görmək istəyirdim. Həmin yay oğlum Mirhacibin, bacım oğlu Səmədin
bir yaşları vardı. O vaxt Cıdır
düzündə çəkilən şəkilləri indi də
qalır.
Şuşada axırıncı dəfə
yaşadığımız ev. Ötən
il o evi yuxuda görmüşdüm, status
yazmışdım:
"Şuşanı yuxuda
gördüm...
32 il əvvəl
qaldığımız evin səliqəli həyətindəydim.
Güllərin, ləklərin yanıyla, daş
pillələrlə darvazaya tərəf getdim. Həyətin balaca qapısını açıb
daş döşənmiş küçəyə
çıxdım. Sağa dönsəm,
Gövhər ağa məscidinin yanından Bazarbaşı
meydanına, oradan da Güllü bağa gedə bilərdim.
Sol tərəf Vaqifin məqbərəsinə,
Cıdır düzünə aparırdı.
Düşündüm,
hansı səmtə gedim?! Səhərin bu
çağı ikisi də əvəzsiz olur.
Sonrası yadımda qalmadı, həyəcan
içində ayıldım..."
İndi Gövhər ağa
məscidinin arxasıyla, daş döşənmiş
küçəylə aşağı enib o evi axtarıram. Evlərin əksəriyyəti
dağıdılıb, uçuq divarları, qalın, qədim
hasarları qalıb. Şuşaya belə
qəddar münasibət ağlasığmazdır. Prezident İlham Əliyevin dediyi kimi, elə bil, vəhşi
tayfa keçib buralardan. Prezidentin qənaəti də
haqlıdır: Əgər Şuşa həqiqətən
də sizin olsaydı, ona qayğı göstərər,
baxardınız, bu günə qoymazdınız.
Açıq görünür ki, evlərdə,
həyətlərdə işlərinə yarayan nə varsa - taxta pəncərələrə,
məhəccərəcən söküb aparıblar. Yaddaşında dipdiri qalan, hər hissəsini
xatırladığı doğma məkanları belə viran
halda görmək insanı sarsıdır, ürəyini
parçalayır, cızdağını çıxarır.
Amma heç olmasa, şükr edirsən ki, Şuşada həyətlər
qalıb, ev özü dağılsa da, həyət-bacanı
kol-kos basıb, böyürtkən, moruq kolları
bürüsə də, yeri bilinir, tapmaq olur. Ağdama
getmək isə ona görə mənimçün
ağır və iztirablıdır ki, orada heç bunlar da
qalmayıb.
Beləcə,
yaddaşımın köməyiylə o evi tapıram. Kol-kosun
qarışıqlığından içəri girə bilməsəm
də, əvvəllər həyətində olan
çardağın yerini tanıdım, evin
uçuqlarını görə bildim.
1988-dən sonra Şuşada çox
olsam da, bura bizim Şuşada qaldığımız son ev kimi əziz idi.
Həyəti uzaqdan videoya
çəkirəm, internet açılan kimi Mirhacibə
göndərirəm.
Təbii ki, Şuşalı
xatirələrimizin son ünvanını belə miskin,
dağılmış görmək çox
ağrıdıcı, əzabverici haldır. Dayanmaq isə
olmaz. Görmək istədiyim çox yer var və
Şuşanın kimsəsiz, tənha, adamsız, sakinsiz məhlələri
məni çağırır...
Şuşalı axtarışı
Uşaqlıq dostum Vaqifin ana
nənəsi Tubu xanım köklü şuşalıydı. Torpaq
meydanında qədim, qalın divarlı evləri vardı.
Evin tağbəndli taxta qapısı da, həyəti
də, tez-tez yığışdığımız
kitablarla dolu dərin taxçalı otaq da, qədimi pəncərələr
də yadımdadı. O evdəki kitab taxçasından
bir dəfə Cəmşid Əmirovun "Qara volqa" əsərini
gizlincə götürmüşdüm. Sonra
Vaqifə zarafatla deyirdim ki, kitab oğurluğu oğurluq deyil.
Tubu nənənin qədim şuşalı
qadınlara xas təmkinli xanım obrazını indi də
yaxşı xatırlayıram.
Yay aylarında o evə
tez-tez gedərdik. Evin yeri təxminən yadımda idi, fikirləşirdim
ki, tapmaq çətin olmayacaq. Vaqif
Şuşaya getməyimi biləndə xahiş etmişdi ki,
evi tapıb çəkim, görək Tubu nənənin evi
dururmu, salamatdımı? Demişdi ki, Bazarbaşı
meydanından, Yuxarı Gövhər ağa məscidinin
qarşısından 500 metr üzüaşağı gedib
sola dönəndə Hacıqulular məhləsi var, oradan
Torpaq meydanına çıxacaqsan.
Yadımdadır ki, mən o evə
çox vaxt bir az irəlidən - raykomun
binasına çatmamış sağa dönüb gedirdim.
İndi Bazarbaşından bir az
aşağı düşdüm, sola buruldum, gedib
Aşağı Gövhər ağa məscidinə
çıxdım. Məscidin həyətində
su içdim, əl-üzümü yudum. Hava sərin
olsa da, enişli-yoxuşlu yollar bir az məni
yormuşdu. Amma hiss etmirdim. Bir azdan Cıdır düzündə
telefonumda baxıb, 3 saata 21 min addım gəzdiyimi görəndə
təəccüblənəcəkdim.
Məsciddə əsgərlərlə
görüşdüm, Onlardan Torpaq meydanının yerini xəbər
aldım. Yerli deyildilər, Şuşanı yaxşı
tanımırdılar. Amma irəlidə
geniş sahə var deyə, yolu göstərdilər, həmin
istiqamətdə getdim. Bir az
oxşatsam da, tam əmin olmadım və Vaqifə zəng elədim.
Telefonumun enerjisi də azalırdı. Vaqif anlatmağa çalışırdı, amma nədənsə,
evi tapa bilmirdim. Gəzə-gəzə
yuxarı dönüb bir şuşalı tapmaq ümidilə
keçmiş raykomun binasının yanına
çıxdım. Əsgərlərdən,
yol polislərindən elə hey soruşurdum ki, burada
şuşalı var? Torpaq meydanının
yerini bilən var? Şuşada şuşalı
axtarırdım!
Yolüstü heykəllərin
yanında gəzdim, videolar çəkdim, Natəvan
bulağına enib, su içdim, əl-üzümü yudum. Keçmiş xatirələr
də yol yoldaşım... Qarşıma
çıxanlardan isə soruşurdum ki, indi burada bir
şuşalı yoxdur ki, mənə Torpaq meydanının
harada olduğunu göstərsin? Bir
mağaza var, əsasən əsgərlər
alış-veriş edir, yanında da çörək sexi.
Soruşdum, orada işləyənlər də
şuşalı deyildilər. Amma Natəvan
bulağının yanında bir polis dedi ki, burada bir qadın
var, şuşalıdır, oğlu burada işləyir, onunla
qalır, hər yeri tanıyır! Dediyinə
görə, qadın elə daima buralarda olur, şəhərin
hər qarışına bələddir, hər binanın, hər
evin yerini bilir.
Soraqlaşa-soraqlaşa Güllü
bağdan üzüaşağı endim və gəzə-gəzə
bir az daha aşağı tərəflərə
düşdüm. Deyəsən, Torpaq
meydanını tapmışdım. Qədim
evin yerində qalın, köhnə divarların
uçuqları qalıb. Tağlı taxta
darvazanın yerinə bir paslı dəmir qoyublar. Kol-kosun əlindən içəri keçmək
mümkün olmadı. Amma hər halda
videosunu ürək ağrısıyla da olsa, çəkə
bildim.
Yaddaşım yerinə
qayıdırdı - Məhərin balaca mağazasını, ətrafındakı
evləri də xatırlayırdım.
Polis Fərid
Torpaq meydanını, Tubu nənənin
evini tapandan sonra dincəlmək üçün bir az aralıda bir daşın üstündə
oturdum. Bu məqamda əslən Şuşadan
olan, tədbirə bu gün qatılan İqtisad Universitetin
müəllimiylə rastlaşdım. Şuşaya
təzəcə çatmışdı və öz evlərini
görməyə gedirdi. Buraları
yaxşı tanıyırdı. Tubu nənənin evini
tanıdığını dedi. Məlum oldu ki,
mən də düz tanımışam.
Müəllim yoluna davam etdi, bir az aralıda bizim söhbətimizi eşidən
bir polis nəfəri mənə yaxınlaşdı:
- Bayaqdan sizi müşahidə edirəm,
üzdən də tanış gəlirsiniz.
Görürəm bütün bulaqlardan su
içirsiz. Burada bulaqlar üzrə
mütəxəssislər var. Fikirləşdim, yəqin siz də
bulaqlara baxırsız. Müəllimlə
söhbətinizi eşitdim. Tapdınızmı
evi? Bəlkə, birgə axtaraq?
Fərid Şuşada
doğulub, Ağdamda yaşayıb. Uşaqlığında
Şuşaya çox gəlib-gediblər.
Danışdıqca tanış
çıxdıq. Atasını,
babasını tanıdım. Fərid deyir ki, Bakıda
polisdə çalışanda bəzən başqa rayonlarda
iş təklifi olurdu, amma ailəm razılaşmırdı
ki, onsuz da üzünü görmürük, elə burada
işləsən yaxşıdır. Şuşada xidmət
etmək təklifi gələndə isə evdə bu xəbəri
bayram kimi qarşıladılar, uğur olsun, get,
razılaş dedilər. Şuşa müqəddəsdir
bizim evdə. Çox sevindilər, hamı bir
ağızdan dedi ki, "Şuşaya get".
Fərid bunları
danışdıqca, ailənin timsalında
insanlarımızın Şuşaya olan belə böyük
sevgisi gözlərimi yaşartdı, fikirləşdim ki,
Şuşadan ötrü tamarzı, onun həsrətiylə
dodaqları çatlayan, o torpağa ayaq basmaq arzusuyla
yaşayan, orada işləməyi arzulayan nə qədər
insan var. Ona görə də könüllü şəkildə
Şuşada çalışmaq, fikrimcə, bu gün ən
böyük vətən sevgisidir. Fəridin də
beləcə Şuşaya gəlməsinə, burada
çalışmasına çox sevindim. Onun söhbətlərindən
Şuşa haqqında xeyli məlumatlar əldə
etdim və sözlərindən belə başa
düşdüm ki, Şuşa çox böyük incəliklə
və yüksək səviyyədə bərpa olunacaq.
Aqil Abbasın zəngi
Aqil Abbas özü
Şuşaya gedə bilməsə də, ürəyi orada
idi. Tez-tez zəng vururdu. Növbəti
zənglərinin birində Şuşanı gəzirdim.
"Aqil, elə bil, Cıdır
düzü balacalaşıb" - dedim.
Qayıtdı ki:
- Hə, mən də gördüm
televizorda, hiss olunur. Cıdır
düzünün aşağı tərəfində ağac əkiblər.
Bu fikri Anar müəllimdən
də eşitdim. Qulu Məhərrəmlinin də
Cıdır düzüylə bağlı təəssüratı
eyni idi.
Bəs bunun izahı nədir
deyə, xeyli düşündüm. Əvvəllər bu
yerlərin mənzərəsi başqa idi. Cıdır düzünə qalxan kimi dağın
başında, ən hündürdə möhtəşəm
bir genişlik vardı. Sol tərəfdə,
aşağıda Ağdam yolu, Xankəndi, qarşıda isə
Topxana görünürdü. İndi
Topxana meşəsi olan tərəf açıqdır,
sağ və sol tərəflərdə isə ağaclar əkiblər.
O ağaclar həm Cıdır düzünü bir az daraldıb, həm də yoxuş bitən
kimi açılan geniş ənginliyi görməyə mane
olur. Aqil Abbas da bunu televizordan görüb hiss eləmişdi.
Aqilin zəngi məni
Güllü bağda yaxalamışdı.
9 mərtəbəli "Qarabağ"
mehmanxanası təmir olunurdu. Qarşısındakı
Güllü bağ isə sanki balacalaşmışdı.
Adına ona görə "Güllü
bağ" deyirdilər ki, orada rəngbərəng müxtəlif
güllər əkilərdi. Yayda
Şuşanı gəzməyə gələn qonaqların ən
gözəl istirahət məkanlarından biri idi Güllü
bağ. O rəngbərəng, gözəl ətirli
güllər insana xüsusi zövq verirdi. Təəssüf
ki, indi o bağı da kol-kos basıb.
Bu möcüzə şəhəri
gəzəndə məndə belə bir təəssürat
yarandı: Şuşa məhz
baxımsızlıq, laqeydlik ucbatından görkəmcə
xeyli balacalaşıb.
Bütün bunları telefonda Aqil
Abbasa danışanda hiss etdim ki, onun da ürəyi
Şuşada, bizim yanımızdadır. Elə
oradaca arzuladım ki, inşallah, yaxın zamanlarda keçiriləcək
Vaqif Poeziya Günlərinə Aqil Abbasla, xanımı İradə
Tuncayla birlikdə gələrik.
1986-cı ildə Xalq
şairi Məmməd Arazla birgə Şuşaya gəlişimizi
xatırladım. Onunla Cıdır düzünü gəzmiş,
İsa bulağına getmişdik. O vaxt Məmməd
Araza İsa bulağında bir şeir də
yazmışdım. Dedim, Məmməd müəllim, gəlin
bulağın üstünə tərəf keçək.
Dedi, yox, tanıyan olar. O vaxt Məmməd müəllimin səhhətində
problemlər vardı və istəmirdi ki, həmişəki
şax, əzəmətli, vüqarlı Məmməd
Arazı indi kimsə xəstəhal vəziyyətdə
görsün. O hadisəni şeirə çevirmişdim:
İsa bulağının soyuq suyundan
Yaxın gəl, əyil iç, bu da bir dərman.
Yaxın gəl bir az,
bu səs-küydə səni,
Şair Məmməd Araz,
tanıyan olmaz.
Aqilin zəngi həmin illəri, Məmməd
Arazla Şuşada keçirdiyimiz o qənimət günü
yenidən yadıma saldı...
Radioya dediklərimdən:
Şuşada
"Xarıbülbül" musiqi festivalının
keçirilməsi Azərbaycan xalqının həyatında
çox mühüm hadisələrdən biridir. Biz 30 ildir Şuşa
həsrətiylə qovrulub yanırdıq. Bu
sevinci, bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman
əsgərlərimizə, Ali Baş Komandanımıza minnətdarıq.
Şuşanın ilahi havasında, Cıdır düzündə,
bir vaxtlar böyük mədəniyyət xadimlərimizin gəzdiyi
məkanda Azərbaycanda yaşayan müxtəlif xalqların
musiqiləri səsləndi, canlı korifeylərimiz Polad
Bülbüloğlu, Alim Qasımov, Fərhad Bədəlbəyli,
Mənsum İbrahimov, eləcə də gənc xanəndə
və müğənnilərimizin ifaları bizlərə
unudulmaz anlar bəxş etdi. Şuşada olmaq,
Şuşanın havasını udmaq, belə bir festivalda
iştirak eləmək böyük xoşbəxtlik idi. Hesab edirəm ki, hər bir
iştirakçının yaddaşında bu gün uzun illər
qalacaq və əbədi yaşayacaq. Hazırda
Şuşada quruculuq və bərpa işləri sürətlə
davam etməkdədir. İnanıram ki, Şuşa
qısa müddətdən sonra öz gözəl görkəmiylə
bütün ziyarətçilərin könlünü
oxşayacaq və Şuşanın timsalında həqiqətən
də, "Mədəniyyət paytaxtı" adına layiq,
bütün dünyanın sənət adamlarını qəbul
edib öz incəsənətimizi, milli-mənəvi dəyərlərimizi
təqdim edə biləcəyimiz bir şəhər görəcəyik.
Əminəm ki, Prezidentimizin Şuşaya dərin sevgisi nəticəsində
Şuşa qədimliyini və özünəməxsusluğunu
qorumaqla, həm də müasir və gözəl bir şəhərə
çevriləcək. Çünki
Şuşanın bərpasının özülü incə
zövq və möhkəm sevgi ilə qoyulur.
***
Adı iştirakçılar
sırasında olub, üzürlü-üzürsüz səbəbdən
Şuşaya gedə bilməyənlərə, təəccüb,
təəssüf hissiylə, bir az da incik
baxıram. Axı, Şuşanı görmək
həsrətiylə yanıb-yaxılan o qədər
insanların olduğu halda sən niyə bu yeri boş qoydun?
***
Görünür, bu
yarıuçuq evlər arasında, adamsız küçələrdə
gəzən Rəşad və bu mənzərə heç
vaxt gözümün önündən getməyəcək.
***
Şuşanı məhlə-məhlə,
ev-ev, adam-adam tanıyanlar var hələ.
***
Şuşada olmağın
verdiyi mənəvi və fiziki güc inanılmazdır. Şuşa ovqatı, Şuşa aurası adamı Bakıda da tərk
etmir, güc, enerji getdikcə artır, çoxalır.
***
Ermənilər yaşayan kəndlərdən sırayla, ard-arda keçən, içərisi azərbaycanlılarla dolu 20-dən artıq "Mersedes" markalı mikroavtobuslara baxan bərəlmiş gözlərdən bir ifadə oxunurdu:
Onlar inanmırdılar ki,
BİZ QAYIDACAĞIQ.
***
Sonda şeirsiz olmaz
Şuşa
Min şəhər adı var dillərdə
əzbər,
Adların ən üstün
adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla,
Dilimin şəhdidir, dadıdır Şuşa.
Ciyərdə nəfəsdir, damarda
qandır,
Ruha qanad verən sirli məkandır,
Biri beş edəndir,
güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
Qoynuna hər gələn yüz xəyal
eylər,
Uzaqdan baxanlar qeylü-qal eylər.
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur
Şuşa.
525-ci qəzet
2021.- 19 may.- S.10-11.