"Azərbaycan ədəbiyyatı tarixi"ndə bir ilk: "Yunus Əmrə"

 

 Türk dilinin böyük şairi Yunus Əmrənin nüfuz və təsir sahəsi o qədər geniş və o qədər dərindir ki, onu Anadoluya sığdırmaq mümkün görünmür.

Böyük ruhların ən aydın görünən xüsusiyyətləri yaşadıqları dövr və mühiti aşaraq dünyəvi bir dil yarada bilmələridir. Səkkiz əsr sonra belə Yunus Əmrə niyə yaddaşlardadır və dildən-dilə ötürülməkdədir? Bunun arxasında dövrlərin sonrasını belə izah edən zəngin mistik könülmü yatır, yoxsa insanı mərkəzə qoyan və bütün aləmi, adəmin daxili dünyası üzərində oxuyan dərin bir fəlsəfi təcrübəmi? Şübhəsiz, Yunus Əmrəni böyük sənətkar edən və onu dünyəvi bir dilə qovuşduran əsl səbəb aləmi və adəmi eyni anda anlaya bilməsi və şərh edə bilməsiydi.

Türkiyədə hər kəsin öz baxış bucağı və ya ideologiyasına görə formalaşan Yunus Əmrə şərhləri və sevgisi də onun zəngin fəlsəfəsindən irəli gəlir. Bu baxımdan nəzər yetirdikdə, müxtəlif qrupların Yunus Əmrəni dərk etməsinin ideoloji təəssübkeşlikdən qaynaqlandığını, beləliklə də, Yunus Əmrəyə öz səviyyələrinə görə don geydirməyə çalışdıqlarını, bunun isə onu tam mənası ilə izah etmədiyini görə bilərik. Halbuki hər nə qədər Türkiyədə bütöv və dərin bir baxış bucağı olmasa da, fərqli siniflərin yenə fərqli səbəblərlə Yunus Əmrədə müttəfiq olduqları ortaya çıxmırmı? Yenə böyük şairin, "Hər dəm yenidən doğularıq/Bizdən kim usanası" beytində olduğu kimi, Yunusun fərqli mühitlərdə yenidən doğulduğu da buradan başa düşülmürmü?

Yunus Əmrənin Türkiyədə çox sevilməsi, bundan əlavə, hər seqmentin özünü onda tapması və davamlı ona istinad edilməsi sənətkarın dərinliyini və böyüklüyünü göstərir. Bəlkə də Türkiyədə heç bir şairə nəsib olmayan bu ittifaq, heç şübhəsiz, Yunus Əmrənin yaşadığı dövrdə olan Anadolu ittifaqını xatırlatmırmı? Yəni Anadoluda xaotik bir dövr yaşandığı zamanda Yunus Əmrənin təmsil etdiyi mistifikasiya Türkiyənin quruluş ittifaqıydı əslində. Hacı Bektaş Vəli, Mövlanə, Yunus Əmrə kimi kolonist türk dərvişləri, Asiyanın içərilərindən gələrək, Anadoluda tarixin ən təmtəraqlı təşkilatının qurulmasına imza atmışlar, dünyəvi Türkiyə Dövləti tam olaraq belə qurulmuşdu.

Yunus Əmrənin Anadolunun həqiqi memarlarından biri olduğu şübhəsizdir, ancaq biraz əvvəl də ifadə etdiyimiz kimi, böyük ruhlar, böyük sənətkarlar dar mühiti deyil, daha geniş bir dünyanı anlamağa və izah etməyə səy göstərənlərdir. Belə ki, Yunus Əmrə Türkiyədə olduğu kimi, Azərbaycanda da diqqətlə oxunur, haqqında tədqiqatlar aparılır. Bu mövzuda ən diqqət çəkən təsbiti Azərbaycanın böyük yazıcısı Anarın etdiyinə şahid oluruq. Anara görə, "Yunus Əmrəni türk ədəbiyyatı tarixindən heç çıxarmadan, Azərbaycan ədəbiyyatı tarixinə də daxil etmək, onu mənsub olduğu yerdə təsdiq etmək şərəf borcudur" (Anar, Söz Dünyası, Şərq-qərb Nəşriyyatı, Bakı 2018, səh. 352).

Azərbaycanın böyük yazıçılarının da Anarın bu fikirlərini mənimsədiyi görülür. Bəs Azərbaycanda Yunus Əmrə sevgisi və ona olan maraq haradan qaynaqlanır? Yunus Əmrə Suriyada, İraqda olmuş, hər yerdə hörmətlə qarşılanmışdır. Üstəlik, aparılan tədqiqatlarda Yunus Əmrənin şeirlərindəki "yuxarı ellər" ifadəsi "Azərbaycan və Qafqaz ölkələri"dir. Oğuz türkcəsiylə yazan şairin Azərbaycanda diqqətlə oxunmasının, tədqiq edilməsinin əsas səbəblərindən biri də türk ədəbiyyat tarixində olduğu kimi, Azərbaycan şeir tarixinin inkişafında və özünəməxsus bir ənənə formalaşdırmasında Yunus Əmrənin mübahisəsiz təsiridir. Türkiyədə olduğu kimi, Azərbaycanın Qax şəhərində Yunus Əmrənin məzarının yerləşdiyinə inanılması, hətta Tapdıq Əmrənin də məzarının olması, bu təsirin ən aydın əlamətidir.

Azərbaycanda Yunus Əmrə haqqında aparılan tədqiqatlar XX əsrin II rübündə başlamışdı. 1927-ci ildə Əmin Abidin "Maarif işçisi" qəzetində nəşr edilən Heca vəzninin tarixi məqaləsində Yunus Əmrənin türk şeirində heca vəzniylə göstərdiyi xidmətlərdən təriflə bəhs edilir. Ardınca Salman Mümtaz iki il sonra "Molla Qasım və Yunus Əmrə" adlı yazısında Osmanlı ədəbiyyatında mühüm təsiri və nüfuzu olan bu böyük türk şairinin Azərbaycan ədəbiyyatı ilə və xüsusilə onun qurucusu olan Molla Qasımla əlaqəsini izah edir. Diqqət edilərsə, bu tarixlərin Fuad Köprülünün tədqiqatlarının artdığı və Yunus Əmrə çalışmalarının ard-arda həyata keçirildiyi tarixlərə təsadüf etdiyini görmək olar. Türkiyədə Yunus Əmrə tədqiqatlarının artdığı günlərlə Azərbaycandakı tədqiqatların yenicə başlaması təsadüf ola bilərmi? 1926-cı ildə Bakıda keçirilən Türkologiya Konqresindən sonra Fuad Köprülü, azərbaycanlı elm xadimləri üzərində diqqətəlayiq bir təsir əldə etmişdi. Bu baxımdan nəzər yetirdikdə, Azərbaycanda Yunus Əmrə tədqiqatlarının 1926-cı ildən sonra başlamasının əsl səbəbinin Köprülünün Azərbaycan ziyalıları tərəfindən izləndiyini görmək olar.

Azərbaycanda Yunus Əmrəşünaslığa töhfə verənləri bu şəkildə sadalamaq olar: Anar, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Tofiq Hacıyev, Azadə Rüstəmova, Qara Namazov, Yusif Seyidov, Mürsəl Mürsəlov, Kamil Vəli Nərmanoğlu, Füzuli Bayat, Mahirə Quliyeva, Fəridə Vəliyeva.

Yunus Əmrə haqqında aparılan bu tədqiqatlarla yanaşı, böyük şairin əsərlərinin isə ilk dəfə Salman Mümtaz tərəfindən 1928-ci ildə Azərbaycan türkcəsinə köçürüldüyünü öyrənirik. Bundan əlavə, Məmməd Aslan, Müzəffər Şükür, Cəlal Beydili Məmmədovun da Yunus Əmrənin şeirlərini müxtəlif zamanlarda nəşr etdirdikləri görülür.

Bütün bunlarla yanaşı, əsas diqqətimizi çəkən Azərbaycan Ədəbiyyatı Tarixinə Yunus Əmrənin daxil edilməsi və haqqında uzun-uzadı bir təhlil yazısına yer verilməsidir.

Azərbaycanın böyük alimi, akademik İsa Həbibbəylinin redaktorluğu ilə hazırlanan on cildlik Azərbaycan Ədəbiyyatı Tarixinin üçüncü cildində Yunus Əmrəyə geniş yer verilir (Azərbaycan Ədəbiyyatı Tarixi, c. 3, AMEA, Bakı - 2020, səh. 135-148).

Azərbaycanda ilk dəfə ədəbiyyat tarixində Yunus Əmrə maddəsiylə böyük şairin həyatı, sənətkarlığı, təsiri və Azərbaycandakı Yunus Əmrə tədqiqatları izah edilir. Orta əsrlər Azərbaycan Ədəbiyyatı Tarixi adını daşıyan bu əbədi əsərdə, Yunus Əmrəyə yer verilməsi və Azərbaycan ədəbiyyatının bir parçası kimi qəbul edilməsi, heç şübhəsiz, böyük şairin təsir və nüfuzunu göstərir. Azərbaycan Ədəbiyyatı Tarixində Yunus Əmrədən bəhs edilərkən bu diqqətəlayiq şərhlə qarşılaşırıq:

"Yunus Əmrənin şeirləri, hər şeydən öncə xalq şeirindən bəslənərək dövrün əsəbi-ictimai həqiqətlərini və insanlıq dərslərini tərənnüm edən orijinal şeir nümunələrindən ibarətdir. Bu mənada, Yunus Əmrə şeiri Kitabi-Dədə Qorqud soylamaları ilə Füzuli şeirləri arasında fərqli bir zirvədir. Yunus Əmrə şeiri Dədə Qorqud soylamalarından Qurbaniyyə və oradan da Molla Pənah Vaqifin əsərinə doğru gedən inkişaf prosesini əks etdirən ədəbi-tarixi mərhələdir".

Oğuz türk şairi Yunus Əmrə Azərbaycanda, yəni Oğuz elində tam da bu tarixi perspektivlə dəyərləndirilir, türkcənin monumental əsəri olan Dədə Qorquddan Yunus Əmrə şeirinə bir təkamül aid edilir. Bundan əlavə, Azərbaycan ziyalıları və elm xadimləri Yunus Əmrəni dünya ədəbiyyatında özünəməxsus yeri olan böyük bir şair olaraq görür və onun özündən sonrakı dövrlərdə türk ictimai-ədəbi fikrinin inkişaf etməsinə təsir etdiyini düşünürlər. Lakin Azərbaycanda Yunus Əmrə tədqiqatları və ya anımları bizdən daha fərqli bir ölçü qazanmış kimi görünür ki, əsas orijinal tərəfi də budur, məncə. Bu fərqlilik də şair və sənətkarların Yunus Əmrə haqqında əsər ərsəyə gətirmələri və şeir yazmalarıdır. Azərbaycan Xalq şairi Zəlimxan Yaqubun "Yunus Əmrə dastanı" bu istiqamətdə yazılmış ədəbi bir abidədir.

Akademik bir nizam-intizamla aparılan təhlilləri tamamlayacaq sənətkarların yeni forma və müasir bir üslubla şeir, hekayə, roman, rəsm, musiqi kimi sahələrdə əsər vermələridir. Sənətkarı əsas yaşadacaq olan da bu yenilikçi əsərlərdir.

 

Selçuk KARAKILIÇ

Tərcümə: Aygün ƏLƏKBƏRZADƏ

525-ci qəzet.- 2021.- 22 may. S. 10.