12-ci əsrdən 21-ci yüzilliyə müdrik mesajlar

 

 

Azərbaycanın dahi mütəfəkkir şairi Nizami Gəncəvi dünya  ədəbiyyatına, mədəniyyətinə misilsiz töhfələr bəxş etmiş qüdrətli söz ustasıdır.

 

Dünya şeir-sənət xəzinəsini bənzərsiz əsərləri ilə zənginləşdirən dahi sənətkarın parlaq yaradıcılığı yeni bir ədəbi hadisənin əsasını qoyub. Elə bu səbəbdən onun əbədiyaşar kəlamları bu gün dünya ədəbi-mədəni, ictimai-fəlsəfi fikrinin ön sıralarında dayanır. Yaradıcılığı, poeziyası sərhəd tanımayan bütün zamanlar şairinin qanadlı misraları nəinki azərbaycanlıların, bütün dünya xalqlarının mədəni-mənəvi sərvətinə çevrilib. Onun hikmətlə dolu müdrik kəlamları yüz illərdir ki, yer üzünü dolaşır, insanları nəcib duyğulara, mənəvi yüksəlişə, kamilliyə, xeyirxah əməllərə səsləyir.

 

Nizami, idrakından süzülüb gələn tükənməz  nəsihətlər, aforizmlər,  kəlamlar, sözlər vasitəsi ilə özündən sonrakı nəsillərə, eləcə XXI əsrin sakinlərinə qiymətli məsləhətlərini, mesajlarını çatdırıb. Şair, elə bil ki, əsərlərini bu gün qələmə alıb, bu gün üçün yazıb, sözlərini bizim müasirlərimizə yenicə ünvanlayıb. Bu müdrik kəlamlardan ibarət düşüncə açarları yaddaşların bütün kodlarına düşür, ağıl qapılarını açır, ürəklərə yol tapır.

 

İnsan mənəviyyatına incəliyinə qədər bələd olan, zəmanəsinin elmlərini dərindən bilən Nizami Gəncəvi həyatın elə bir sahəsi yoxdur ki, yaradıcılığında toxunmasın, münasibət bildirməsin. Şair əsərlərində dilindən, dinindən, irqindən, dünyagörüşündən asılı olmayaraq, hər kəsi düşündürür, bəşəri ideyalarla silahlandırır. Lakin Nizami daha çox mənsub olduğu xalqla bağlı olan sənətkardır.  Buna görə onun hər bir kəlməsi, hər bir sözü biz azərbaycanlılar üçün daha doğma, daha yaxın hesab olunur. Təsadüfi deyildir ki, müdrik Nizami kəlamları hər bir azərbaycanlının həyatında atalar sözü, məsəllər statusu qazanıb. "Sözün su kimi lətafəti var", "Artıq içiləndə dərd verir su da", "Eşqdir mehrabı uca göylğrin", "Qoy, ədalət zəfər çalsın", "Kamil bir palançı olsa da insan,yaxşıdır yarımçıq papaqçılıqdan" kimi müdrik ifadələr uşaqdan-böyüyə hər kəs üçün məhrəm əzizdir. Şairin əsərlərində yer alan bu müdrik ifadələr nəsildən-nəslə ötürülərək, dillər əzbəri olmuşdur.

 

Böyük sənətkar  "Xosrov Şirin", "Leyli Məcnun", eləcə "Yeddi gözəl" poemalarında oğlu Məhəmmədə verdiyi nəsihətlərin, məsləhətlərin timsalında bütün insanlara öz  məramını açıqlayır. O, sanki zəmanəsinin tribunasından bütün bəşər övladlarını haqqa, ədalətə, kamilliyə, düzlüyə, doğruluğa dəvət edir:

 

Ucalmaq istəsən, bir kamala çat,

Kamala ehtiram göstərir həyat.

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə, ədəblə yaşa.

Öz adına layiq işlər gör ki, sən,

Axırda utanma xəcalətindən...

 

Nizami müdrik nəsihətləri ilə hər kəsə, xüsusilə gənc nəslin nümayəndələrinə müraciət edərək, dəyərli məsləhətlərini, öyüdlərini sıralayır. Əslində, dahi sənətkarın nəsihətləri yalnız bunlarla yekunlaşmır. O, əsərlərinin hamısında bəşər övladını humanizmə, mənalı yaşayışa, həqiqətə səfərbər edir. Nizaminin bütün ibrətamiz hekayətləri, fəlsəfi düşüncələri, az sözlə böyük mənalar ifadə edən mühakimələri sonsuz səlahiyyətlərə malikdir.  Sənətkarın bütün beytləri, rübailəri, qəzəl qəsidələri, poemaları yüksək tərbiyəvi əhəmiyyət daşıyan kəlam nəsihətlər dəfinəsidir.

 

Nizami bütün həyatı boyu dünyada hökm sürən haqsızlıqdan, ədalətsizlikdən  narahat olub,  daim azad, demokratik, xoşbəxt cəmiyyət arzusu ilə yaşayıb. Ona görə yaradıcılığında bu mövzulardan geniş söhbət açıb. Şairə görə, zülm, zor dünyada heç vaxt qalib ola bilməz. Ona görə ki:

 

Yer üzünün fatehi ədalətdir, ədalət...

 

Şair böyük uzaqgörənlik cəsarətlə kamil, ideal cəmiyyətlə bağlı fikirləri tərənnüm edib. Onun qənaətinə görə, kamil cəmiyyətdə zorakılıq, müharibə, günah, xəyanət, kin-küdurət, yaltaqlıq  yolverilməzdir. Təsadüfi deyildir ki, şairin ölməz ideyaları müstəqillik qazanmış ölkəmizdə həyata keçirilən demokratik cəmiyyət quruculuğunda öz geniş əks-sədasını tapır. Nizami Gəncəvinin dünya malına hərislikdən, dağıtmaq qamarlamaq psixologiyasından uzaq olmaq, haqsızlığa, rəzilliklərə boyun əyməmək, xeyirxahlıqla, halal, zəhmətlə yaşamaq barədə verdiyi dəyərli məsləhətlər bugünümüz üçün çox önəmlidir:

 

İnsan yem dalınca qaçmasın gərək,

Quşdan ayıq olsun, zirəkdən zirək.

 

Nizami Gəncəvu  "İsgəndərnamə" əsərində insanın üstünlüyünün yalnız elm bilikdən ibarət olduğunu dilə gətirir:

 

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

 

Nizami üçün təmiz ad, doğru yol insanın ən ali məqsədi olmalıdır.   Yalnız bununla ucalmaq, həyatda  layiqli mövqe qazanmaq olar. Ləkəli yaşamaq isə hər kəsi fəlakətlərə sürükləyər:

 

Mərdə təmiz adı candan əfzəldir,

Ləkəli qalmaqdan ölüm gözəldir.

 

Nizami Gəncəvinin hikmət çeşməsi o qədər zəngin axarlıdır ki, bitib, tükənmək bilmir. Şair dühası yolumuza daim işıq tutur, nur saçır. Məktəblərdə, ictimai yerlərdə, küçə meydanlarda, elm-sənət ocaqlarında, əmək cəbhəsində həmsöhbətimiz olan ölməz, müdrik sənətkar kəlamları daim bizə yol göstərir, istiqamət verir. Bu müdrik kəlamlara söykənərək, günümüzün neçə-neçə problemini, çətinliklərini çözmək, həll etmək mümkündür. Şairin verdiyi həyat resepti tələbədən, elm adamından, ziyalıdan, sahibkardan tutmuş nazirə qədər   hər kəs üçün dəyərlidir. Onun müdriklikdə dediyi sözlər  hər bir vətən övladının qəlbində vətənpərvərlik, xeyirxahlıq, düzlük, sədaqət, xalq qarşısında yüksək borc hissləri doğurur. Nizami kəlamlarını oxuyan, dinləyən hər kəsdə yəqinlik yaranır ki, yurdu sevmək, onu düşməndən qorumaq, vətən xalq qarşısında ən ali borc sayılır. Bunun üçün gərək hünər göstərməyi, qəhrəman ömrünü yaşamağı bacarasan. Azərbaycan gəncləri  artıq öz əməlləri ilə bunu sübuta ediblər. Ölkəmizin igid oğulları 44 günlük Vətən müharibəsi zamanı müqəddəs torpaqlarımızı  mənfur erməni işğalından xilas etməklə ulu babamız Nizaminin müdrik nəsihətlərini ləyaqətlə yerinə yetiriblər.

 

 

Yəhya  Paşazadə

 

525-ci qəzet.- 2021.- 18 may.- S.16