Azərbaycanda tolerantlığın
daha bir ünvanı - Nic qəsəbəsi
Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin
və din mənsublarının
birgə yaşadığı,
mədəniyyətlərin qovuşduğu məkan olub.
Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin
tarixi və mədəni kökləri
var. Xalqımız bu gün də öz dəyərləri ilə bütün dünyaya nümunədir. Azərbaycanın bu dəyərləri dəfələrlə beynəlxalq
səviyyədə təqdir
olunub. Tarix boyu ölkəmizdə
heç bir millətə, etnik qrupa, dinə qarşı hər hansı ayrı-seçkiliyə
yol verilməyib.
Azərbaycan sivilizasiyalar arasında
dialoqa, birgəyaşama
ənənələrinə, tolerantlığın təbliğinə
bu gün də öz töhfəsini verməkdədir.
Hazırda ölkəmizdə müxtəlif
dini konfessiyalar fəaliyyət göstərir. Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hərtərəfli
şərait yaradılıb
və heç vaxt dini və
milli zəmində qarşıdurma, xoşagəlməz
hal baş verməyib. Azərbaycanda bütün dini
konfessiyaların nümayəndələrinin
öz dini etiqadlarını, ayinlərini
sərbəst və bərabər şəkildə
həyata keçirir,
ölkəmizdə məscidlərlə
yanaşı, kilsələr,
sinaqoqlar fəaliyyət
göstərir. Azərbaycanda
yaşayan qədim yəhudi, xristian, udin və digər
milli azlıqların yaşayış məskənləri
olan "Qırmızı
qəsəbə", İvanovka
və başqa kəndlər dövlətin
daim diqqət və qayğısı ilə əhatə olunub. Belə məkanlardan biri
də Qəbələnin
Nic qəsəbəsidir.
Azərbaycan Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 15-də Qəbələ
rayonunda səfərdə
olublar. Səfər zamanı ənənəvi
olaraq bir sıra mühüm obyektlərin açılışı
olub. Dövlət
başçısı və
birinci xanım Qəbələnin Nic qəsəbəsində yerləşən
Müqəddəs Məryəm
Ana Alban kilsəsini, Müqəddəs
Yelisey adına
Cotari kilsəsini ziyarət ediblər. Bu, əlbəttə ki, Azərbaycanda multikulturalizm ənənələrinin
qorunub saxlanması və inkişaf etdirilməsi, bütün
dini konfessiyalara dövlət dəstəyinin
növbəti bariz nümunəsidir. Xatırladaq
ki, Müqəddəs
Məryəm Ana kilsəsi
2019-cu ildə Heydər
Əliyev Fondu tərəfindən bərpa
olunmağa başlayıb,
2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılıb.
Bu tarixi irsin
yenidən bərpası
Azərbaycanda multikultural
dəyərlərə verilən
önəmin göstəricisidir.
Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı
qoruyub saxlayıblar.
Yenidənqurma zamanı tikilinin
50 faizə yaxın kərpicləri, daşları
bərpa olunub, həyətyanı sahə
abadlaşdırılıb, bulaq və üç
gölməçə yaradılıb.
Kilsənin tavanı, döşəməsi
dəyişdirilib. Kilsənin aşağı
hissəsi XII əsrdə
tikilib. Müqəddəs Məryəm Ana kilsəsi
Azərbaycanda ən böyük kafedral kilsədir. İkinci hissənin tikintisi
isə 1898-ci ildə davam etdirilib və bərpa olunub. Tarixi özündə əks etdirən Müqəddəs Məryəm
Ana kilsəsinin bərpası
Afina memarlığına
uyğun olaraq aparılıb.
Prezident İlham Əliyev kilsədə olarkən deyib ki, udi
xalqının çox
böyük tarixi mirası var. "İndi həm
Qəbələ rayonu
ərazisində və
eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına
məxsus olan digər məbədlər
də var. Onların böyük hissəsi dağılmış, ya
da ki, yarıdağılmış
vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik.
Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə
bir neçə dəfə olmusunuz”.
Dövlət başçısı əlavə edib ki, Şuşada keçirilən "Xarıbülbül"
festivalında udi xalqının nümayəndələri
çıxış ediblər:
"Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi
yaşayır. Uzun fasilədən
sonra Şuşada təşkil edilmiş
"Xarıbülbül" festivalının ilk günündə
Azərbaycanda yaşayan
xalqların nümayəndələri
səhnəyə çıxmış
və öz mədəniyyətlərini nümayiş
etdirmişlər. Eyni zamanda,
biz hamımız birliyimizi
nümayiş etdiririk
və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir".
Qeyd edək
ki, Nic kəndi
udilərin ən iri yaşayış məskənidir. Tolerantlığın
nümunələrindən biri olan Nic
qəsəbəsində hazırda
3 kilsə, 2 məscid
var. Dünyadakı 10 minə
yaxın udinin 4 minə yaxını məhz Qəbələnin
Nic qəsəbəsində
yaşayır.
Qəsəbədə təhsilin inkişafına
da xüsusi önəm
verilir və bu məqsədlə Prezident tərəfindən
məktəb tikintisinə
vəsait ayrılıb. Dövlət
başçısı Nic
qəsəbəsində olarkən
bildirib: "Bir nömrəli məktəbin
təmiri, idman kompleksi ilə bağlı işləri yəqin ki, Heydər Əliyev Fondu görəcək. Dörd nömrəli məktəbdə
isə təmir işləri dövlət
xətti ilə həyata keçiriləcək".
Səfər bitdikdən sonra
Prezident Qəbələ
rayonunun Nic qəsəbəsində yeni
ümumtəhsil məktəbi
binasının tikintisi
ilə bağlı tədbirlər haqqında
sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Qəbələ
rayonunun Nic qəsəbəsində 4 nömrəli
tam orta məktəb üçün 360 şagird
yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan
Respublikasının 2021-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş
yüz min) manat ayrılsın.
Dövlət başçısı Qəbələnin Nic qəsəbəsində Müqəddəs
Yelisey adına
Cotari kilsəsində
də olub. Nic qəsəbəsindəki bu
kilsə də Heydər Əliyev Fondu tərəfindən
2006-cı ildə əsaslı
bərpa olunaraq Alban-Udi Xristian dini
icmasının istifadəsinə
verilib. Müqəddəs Yelisey kilsəsi
1823-cü ildə tikilib.
Azərbaycanın qədim yerli
xalqlarından biri olan udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat
verilib. Dünyanın etnik xəritəsində
udi adlı etnos bu gün
əsasən, Azərbaycan
ərazisində mövcuddur.
Udilər Qafqazın qədim
sakinlərindəndir, dilləri
Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub. Bu gün faşizmi dövlət siyasətinə çevirən,
monoetnik ölkə olan, 30 ilə yaxın işğalda saxladığı Azərbaycan
ərazilərində tarixi-dini
abidələri dağıdan,
udilərə və digər az saylı
millətlərə məxsus
dini abidələri özününküləşdirməyə çalışan Ermənistandan
fərqli olaraq Azərbaycan multikultural ənənələri, tolerantlığı
ilə nümunə olmaqda davam edir.
PƏRVANƏ
525-ci qəzet.- 2021.- 20 may.- S.5.