Ümumi dilçilik elmi üçün qiymətli dərslik

 

Bakı Dövlət Universiteti Filologiya fakültəsində bakalavr pilləsinin son kursunda tədris olunan Ümumi dilçilik fənni tələbələrdə dil haqqındakı elmin əsasları barədə mükəmməl təsəvvür yaratmağa xidmət edir.

Ümumi dilçilik kaferdasının tədris etdiyi bu fənnin indiyə qədər nə proqramlarında, nə də istifadə edilən dərslik, yaxud dərs vəsaitlərində zəruri stabillik  olmamışdır. Səbəbi isə odur ki, keçən əsrin 70-ci  illərinə aid təcrübə, yəni köhnə təhsil sistemi üzrə beşinci  kurslardakı tədris ənənəsi bu və ya digər şəkildə davam etdirilib, yalnız cari dəyişikliklərlə  kifayətlənib. Həm proqramların, həm də dərslik, yaxud dərs vəsaitlərinin ən böyük  çatışmazlığı isə bilavasitə ilk mənbələrdən - dünya dilçiliyi klassiklərinin əsərlərindən uzaq düşməsi, nəticə etibarilə, məsələn, V.Humboldt,  F.Sössür, N.Xomski kimi dühaların ideyalarının tələbələrə rus-sovet dilçilərinin bir çox hallarda qüsurlu baxışları prizmasından təqdim olunmasıdır. Tədrisin keyfiyyəti nöqteyi-nəzərindən başqa bir çatışmazlıq isə ondan ibarətdir ki, adətən, mövzuların seçilməsində özünü göstərən məntiqi-elmi sistemsizlik və ya metodoloji yanlışlıq kursun mənimsənilməsində ciddi problemlər yaratmışdır.

Akademik Nizami Cəfərovun tərtib etdiyi dərslikdə  əsas məziyyət, bir tərəfdən, fənnin  tədrisində müəyyən kompaktlığa, ideya-məzmun mükəmməlliyinə cəhd edilməsidirsə, digər tərəfdən, dil haqqındakı elmin hər hansı problemini şərh edərkən birbaşa ilk mənbələrə istinad olunmasıdır. Bu, ilk  növbədə, ondan irəli gəlir ki, müəllif artıq neçə illərdir ki, dünya dilçilik klassiklərinin ən mühüm əsərlərini  ruscadan Azərbaycan dilinə çevirməklə məşğuldur və ötən il akademik Nizami Cəfərovun tərcümələrinin üstünlük təşkil etdiyi "Ümumi dilçilik müntəxəbat"ı  nəşr olunub.

Dərsliyin kifayət qədər sistemli quruluşu var. O, indiyə qədər "Ümumi dilçilik" dərsliklərində öz  əksini tapmamış "Dilçiliyin predmeti" mövzusu ilə başlayır. Hansı ki, burada dil haqqındakı elmin öz həqiqi obyektinə yiyələnməsi tarixi nəzərdən keçirilərək onun predmeti barədə geniş analitik təsəvvür yaradılır. Sonra isə aşağıdakı mövzular təqdim olunur: 1) Dilçiliyin tarixi, 2) Dilçiliyin metodları, 3) Dilin mahiyyəti, 4) Daxili və ya sinxron dilçilik, 5) Xarici və ya diaxron dilçilik.

Dilçiliyin tarixi inkişaf dövrlərini təqdim edərkən  müəllif mövcud ənənədən fərqli olaraq ayrı-ayrı hadisələrin təfsilatına yox, dil ilə bağlı təsəvvür, nəzəriyyə və təlimlərin varisliyinə diqqət yetirir. Burada verilən bölgü kifayət qədər elmi prinsiplərə dayanmaqla bərabər, metodiki baxımdan da rahat qavranıldığına  görə dil haqqındakı elmin təşəkkül, təkamül və tənəzzül dövrlərinin bir-birini əvəz etməsi barədə qənaətin təsadüfi olmadığına inam doğurur.

Müəllifin dilçiliyin tarixindən sonra onun metodlarından bəhs etməsi, eləcə də üç əsas  metod (təsviri, müqayisəli- tarixi və müqayisəli-tipoloji) üzərində dayanması, fikrimizcə, məntiqlidir və eyni sözləri dilin mahiyyətinə həsr olunmuş bölmə barəsində də demək olar.

Ümumiyyətlə, N.Cəfərovun dərslikdə F.Sössür təliminə daha çox əsaslandığı diqqəti cəlb edir. Xüsusilə daxili və ya sinxron - xarici və ya diaxron dilçilik təsnifini ön plana çəkərək dil haqqındakı elmin kardinal problemlərini məhz bu mövqedən şərh eləməyə çalışması həmin əsaslanmanın nəticəsidir. Lakin burada söhbət F.de Sössürün ideyalarını mexaniki şəkildə qəbul etməkdən getmir. Dərslikdə dahi dilçinin təliminə onun birbaşa varislərinin - strukturalistlərin tənqidi münasibəti, multidissiplinar təlimlərin müxtəlif reaksiyaları da öz müfəssəl əksini tapmışdır.

Dərsliyin bir üstünlüyü də ümumi dilçilik problemlərinin izahında polemikaya geniş meydan açılması, tələbələrin yaradıcılıq axtarışlarına həvəsləndirilməsi, onların bu və ya digər mövzu ətrafında müstəqil fikir söyləmək bacarlıqlarının inkişafı üçün şərait yaradılmasıdır.

İnanırıq ki, "Ümumi dilçilik" dərsliyi dil haqqında elmin bakalavr pilləsində daha uğurla tədrisi işinə yardım edəcək.

 

Qismət CƏFƏROV

Nadir RZALI

525-ci qəzet.- 2021.- 22 may. S. 12.