Kavalerli Məhəmməd bəy

 

Vasif QULİYEV

 

Şuşaya qonaq-qara gələndə pəhləvan güləşdirmək, qoç, dəvə döyüşdürmək, atçapma yarışları, musiqili-ədəbi məclislər keçirmək şəhərin nüfuzlu ağsaqqallarından olan Cəfərqulu xan Cavanşirin şakəri idi. Bu vətənpərvər ziyalı həmin əyləncələri təşkil etməklə həm qonaqları əyləndirir, həm də xalqımızın mədəniyyətini, milli oyunlarımızı, Qarabağın qonaqpərvərliyini onların qarşısında nümayiş etdirirdi.

 

... Yenə də Cıdır düzündə qələbəlik idi. Xan Tiflisdən, Bakıdan, Şəkidən, Şamaxıdan, Gəncədən, İrəvandan, hətta uzaq Peterburqdan gəlmiş dostlarını cıdır meydanına gətirmişdi. Qonaqları da ən çox maraqlandıran hələ neçə il əvvəl Cəfərqulu xanın haqqında fəxrlə, ürəkdolusu söhbət açdığı atçapma yarışları idi. Ona görə də xan həmin gün yarışda iştirak etmək üçün Qarabağın bütün say-seçmə, igid oğlanlarını Şuşaya yığmışdı.

 

... İgidlər, ərənlər öz güclərini, məharətlərini göstərməyə başladılar. Yarışa sonsuz maraqla tamaşa edən yüksək rütbəli peterburqlu qonaqlardan biri bu vaxt köhlən üstündə qırğı kimi səkən, müxtəlif fəndlər işlədərək atı çapa-çapa düşüb-minən gənc oğlanın kim olduğunu Cəfərqulu xandan soruşdu. Xan bu igid haqqında qısaca məlumat verəndən sonra çar zabiti heyrətini gizlədə bilməyib dedi:

 

- Bu ki əsl kavaleristdir!..

 

Yarış başa çatandan sonra yüksək rütbəli zabitin xahişi ilə Cəfərqulu xan həmin oğlanı - Məhəmmədi qonaqlar üçün öz həyətində təşkil etdiyi ziyafətə dəvət elədi. Burda zabit həmin oğlanla daha yaxından tanış oldu, hələ onu çar hökumətinə xidmət etmək üçün yaxınlarda rus ordusuna dəvət edəcəyi fikrini də bildirdi... Məclisin şirin yerində həmin zabit başları üzərindən uçan quşun hansı quş olduğunu soruşdu. Quş çox yüksəkdən uçduğuna görə heç kəs onun adını doğru-dürüst deyə bilmədi. Məhəmməd izn istəyib, rus zabitinin tapançası ilə qaraltını nişan alaraq, necə deyərlər, quşu düz gözündən vurub, yerə saldı. Onların lap yaxınlığına düşən quşun qartal olduğu məlum oldu. Heyranlıqla bu mənzərəyə tamaşa edən yüksək rütbəli çar zabiti heç bir söz demədən sinəsində parlayan ordeni çıxarıb, hamının gözü qarşısında Məhəmmədin döşünə taxdı və sonra onun cəldliyinə, igidliyinə vurulduğunu bir daha təkrar elədi... Həmin vaxtdan Məhəmmədin adının qabağına bir ad da əlavə olundu: Kavalerli Məhəmməd! Və ailəsinin bütün kişi üzvləri "kavalerlər" adı ilə adlandırılmağa və onlara xüsusi hörmət bəslənilməyə başladı...

 

Məhəmməd Şuşanın Çuxur məhəlləsindən, Qarabağın tanınmış bəylərindən olan Şirin bəyin üçüncü oğlu idi. Ailədə beş qardaş, bir bacı idilər. Böyük qardaş Həsən bəy rus üsul-idarəsinə qarşı çıxdığına görə uzun illər Bakıda həbs cəzası çəkmiş və elə orda da vəfat etmişdi. Tağı bəy adlı digər bir qardaşı isə sonralar, 1905-ci ildə Vladiqafqazdan Şuşaya qayıdarkən Bakıda ermənilər tərəfindən öldürülmüşdü. Qardaşı Həsən bəyin tutulması Məhəmmədin mövcud rejimə qarşı çıxmasına bir növ səbəb oldu. O, başına özü kimi bir neçə say-seçmə igid toplayıb, dağlara çəkildi, Qarabağda yenicə başlanmış qaçaqçılıq hərəkatını daha da alovlandırdı. Adı az müddətdə bütün Qafqaza yayıldı, Peterburqda hallanmağa başladı. Elə həmin vaxtlar Qaçaq Nəbi də Zəngəzurda təzəcə qaçaqçılığa başlamışdı. Hər iki qaçaq bir-birinin adını eşitmiş, üzlərini görməmişdi. Lakin bir-birinə bənzəyən taleləri çox çəkmədən onları görüşdürdü, dostlaşdırdı...

 

Hər iki igid haqqında el arasında həqiqət dolu rəvayətlər, əhvalatlar indi də gəzib-dolaşır. Deyirlər ki, Kavalerli Məhəmməd bəylə Qaçaq Nəbi Şuşada məşhur tarzən Sadıqcanın apardığı bir toya gedirlər. Çağrılmamış qonaqları tanıyan çalğıçıların qorxudan əl-ayağı soyuyur, toy əhli təşvişə düşür. Bu haləti görən Kavalerli Məhəmməd bəy qanqaraçılığı aradan qaldırmaq üçün üzünü məclisdəkilərə tutaraq: - Nə oldu?! Niyə çalıb-oynamırsınız?! Biz ki adamyeyən deyilik. Sizin də bir tayınız bizik. Sizinlə bizim heç bir işimiz yoxdur! Bizim düşmənlərimiz ancaq çar hökuməti və onun quyruqbulayanlarıdır! - deyir. Sonra məclisi canlandırmaq üçün təzəcə məşhurlaşan "Qaçaq Nəbi" havasını sifariş verir və hər iki qaçaq qol götürüb oynayır. Toy əhli özünə gəlib, yenidən əvvəlki kimi şənlənir. İki saata yaxın burda iştirak edən qaçaqlar məclisə xüsusi bir əhval-ruhiyyə gətirirlər. Sonra da sazandalara xələt verib, nəmərlərini salaraq çıxıb gedirlər.

 

Bu əhvalatdan sonra çoxlarının gözündə quldur kimi qələmə verilən Qaçaq Nəbiyə və Kavalerli Məhəmməd bəyə camaatın münasibəti dəyişir. Bir çox cavanlar onların dəstələrinə qoşulur.

 

Kavalerli Məhəmməd bəyin səsi-sorağı İranda da tez-tez eşidilirdi. O, vaxtaşırı o taya adlayır, kasıb-kusubu incidən haramxor hökumət nümayəndələrini cəzalandırır, sadə, yoxsul adamlara həyan dururdu. Tacirlər, hətta çox vaxt gömrük haqqını hökumət nümayəndələrinə yox, Kavalerli Məhəmməd bəyə verərək o tay-bu taya rahatlıqla gedib-gələ bilirdilər. O vaxtlar ona həsr olunmuş şeirlərin bir bəndi belə idi:

 

Kazak gəldi Selliyə, (Kənd adı)

Gəlin qaçaq Telliyə. (Qaçaqların gizləndiyi yer)

Urusa tamojna vermə,

Apar Kavalerliyə...

 

Şuşada mükəmməl mədrəsə təhsili almış, ərəb və fars dillərini də gözəl bilən və olduqca dindar bir adam olan Kavalerli Məhəmməd bəy İran səfərlərinin birində Xorasan ziyarətinə də getmiş və Kərbəlayı olmuşdu.

 

Bir gün Kərbəlayı Məhəmməd qaçaq yoldaşları ilə İrandan bu taya qayıdarkən strajniklər Araz kənarında onları mühasirəyə alıb, tutmaq istəyirlər. Aralarında atışma düşür. Kərbəlayı Məhəmməd strajniklərdən birini vurur və qaçaqlar qaçıb aradan çıxırlar. Yoldaşlarından biri "Kərbəlayı Məhəmməd, Kərbəlayı Məhəmməd!" - deyə onu haraylayanda strajniklər eşidib, bu adı yadda saxlayırlar. Kərbəlayı Məhəmməd isə izi itirmək üçün sərhəddən Şuşaya daha tez - iki saata gəlib çıxır. O, guya, heç şəhərdən kənara çıxmadığını bildirmək üçün təzəcə vəfat etmiş qonşusunun dəfnində də iştirak edir. Bununla belə, şübhələndiklərinə görə onu məhkəməyə verirlər. Kərbəlayı Məhəmmədin yaxın dostu, şair Qasım bəy Zakirin nəvəsi İbrahim bəy Fuladov o vaxtlar məhkəmə orqanlarında çalışırdı. Ona görə də dostuna vəkillik etməyi öz üzərinə götürmüşdü. Əhvalatdan xəbərdar olan İbrahim bəy çıxış edir. Deyir ki, əvvəla, hadisə baş verəndən iki saat sonra belə uzaq məsafədən Şuşaya gəlib-çatmaq müşkül məsələdir. İkincisi də, nə çoxdur "Kərbəlayı", "Məhəmməd" adları. İbrahim bəy öz fikrini belə əsaslandırır: - Hörmətli məhkəmə işçiləri bilməlidirlər ki, xaçpərəstlər çıxılmaz vəziyyətə, dar günə düşəndə, adətən, "Beytül-müqəddəs"i, İsanı və Məryəmi, müsəlmanlar isə çətin anlarda müqəddəs Kərbəlanı, Məhəmməd peyğəmbəri köməyə çağırırlar. Yəqin ki, sərhədi pozan müsəlmanlar da bu sözləri bərkdən demiş, kömək istəmişlər. Bu iki kəlməyə görə, insan taleyini belə həll etmək olmaz. İbrahim bəy Fuladov beləliklə, dostuna bəraət qazandırır.

 

Kavalerli Məhəmməd bəyin şöhrəti artdıqca düşmənlərinin sayı da çoxalırdı. Hacı Şükür adlı birisinin onu heç gözü götürmürdü. O, tez-tez Məhəmməddən çuğulçuluq edir, kimlərlə oturub-durduğunu, harda gizləndiyini polis idarəsinə xəbər verirdi. Ona görə də tez-tez polislər onun evinə basqın edir, tuta bilməyəndə hayıflarını çıxmaq üçün ailəsini incidir, axtarış apararaq ev əşyalarını qaçaq malı kimi müsadirə edirdilər. Elə Hacı Şükürün çuğulçuluğu nəticəsində də Kavalerli Məhəmməd bəy tutulub, qazamata salınmışdı. Məhəmməd bəy bilirdi ki, onu ən azı Sibirə göndərəcəklər. Ona görə də qazamatdan qaçmağa fürsət axtarırdı. Bir gün fürsətdən istifadə edib, qazamatdan qaçanda qaravulçunun gülləsindən yüngül yaralanır və qaça bilmir. Tezliklə o, məhkəməyə verilir və ona iyirmi il iş kəsilir. Sibirə yola düşən zaman Şuşa camaatı etiraz əlaməti olaraq qazamatın qarşısına toplaşır. Kavalerli Məhəmməd bəyi və onun yoldaşlarını qazamatdan çıxarıb aparanda anası Tükəzban xanım heç nədən qorxub-çəkinmədən irəli çıxaraq üzünü camaata tutub deyir: - Ay camaat, görürsünüz ki, rus hökuməti sizin gözləriniz qarşısında mənim oğlumu nahaqdan Sibirə sürgün edir. Bura bizim öz torpağımızdır. Axı, rusun burda nə işi var?! Eybi yoxdur! Amma sizin qarşınızda Məhəmmədə deyirəm ki, Məhəmməd, sən Sibirdən salamat gələcəksən, orda ölsən, südümü sənə halal eləmərəm. Oğlum, səni də, yoldaşlarını da bir olan o Allaha tapşırıram!

 

... Kavalerli Məhəmməd bəy iki il Sibirdə yatandan sonra qaçıb, Qarabağa gəlir, yenidən qaçaqçılıqla məşğul olur. Bu dəfə çar hökuməti nümayəndələri onun yanına adam göndərib, sifariş edirlər ki, üzə çıxsa və onlarla işləsə, onu bağışlayar və rütbə də verərlər. Ancaq Kavalerli Məhəmməd bəy rədd cavabı verir, bildirir ki, hökumətə qulluq etməkdənsə, qaçaqçılıq etmək onun üçün daha şərəflidir.

 

Kavalerli Məhəmməd bəyin düşmənləri təkcə rus, erməni məmurları deyildi. Camaatı incidən, hökumətə yarınan, ona yaltaqcasına qulluq göstərən Hacı Şükür kimi yerli adamlar da onun gözünün düşmənləri idilər. Ona görə də çuğulçuları birdəfəlik o dünyalıq edirdi. Köhnə düşməni Hacı Şükürün də dərsini vermək üçün münasib məqam axtarırdı. Nəhayət, bir gün Kavalerli Məhəmməd bəy Arazın o tayında Məkkədən gələn ziyarətçilərin qarşısını kəsir. O bilirdi ki, ziyarətçilərin əksəriyyəti camaatı nahaqdan incidən, onları soyan lotu-potulardır. Və bilirdi ki, Hacı Şükür də onların arasındadır. Məhəmməd bəyin işi ancaq Hacı Şükürlə idi və məqsədi də onu cəzalandırmaqla qalanlarına dərs vermək idi. Hacılar onu görən kimi qorxudan əsməyə başladılar. Məhəmməd bəy əvvəlcə üzünü onlara tutub, ziyarətlərinin qəbul olunmasını Allahdan dilədi, onları təbrik elədi. Sonra bir neçə dəfə Hacı Şükürün irəli çıxmasını xahiş elədi. Ancaq Hacı Şükür qorxusundan cınqırını da çıxartmırdı. Kavalerli Məhəmməd bəy onda hacıların kənara durmalarını xahiş elədi. Hacılar dağılışanda Hacı Şükür ortada tək qaldı. Kərbəlayı Məhəmməd düşməninin camaata etdiyi pislikləri ziyarətçilərin qarşısında sadaladı və "sənə getdiyin yer qənim olsun!" - deyərək tüfənginin tətiyini çəkib, onu cəhənnəmə vasil elədi.

... Ziyalı müasirlərinin əksəriyyəti kimi Kavalerli Kərbəlayı Məhəmmədin də poetik istedadı vardı. Onun "Sufi" təxəllüsü ilə qələmə aldığı şeirləri tez-tez Şuşanın ədəbi məclislərində səslənirdi. Kərbəlayı Məhəmmədin Şuşa qazamatında yatarkən çar hakimiyyət orqanlarının, hökumət qulluqçularının camaata etdikləri zülmdən, xalqın çəkdiyi əzab-əziyyətlərdən bəhs edən farsca yazdığı bir poeması da məlumdur. Təzkirəçi-şair Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" əsərində Kavaler Qarabaği (1846-1891) adı ilə məşhur olan Kərbəlayı Məhəmmədin bədii yaradıcılığından bir nümunə və həyatı haqqında qısaca məlumat vermişdir.

 

Kavaler Kərbəlayı Məhəmməd bəy Qarabaği 1891-ci ildə ailə münaqişəsi zəminində İranda öz qohumları tərəfindən qətlə yetirilmişdir.

 

525-ci qəzet  2021.- 19 may.- S.14.