Qiymətli tarixi salnamə
Nadir RZALI
Azərbaycanın qocaman qələm sahibi, Əməkdar jurnalist Bəbir Hüseynov "Qarabağın tarixindən
səhifələr" kitabını
ərsəyə gətirməklə
nəinki Qarabağ, bütün Azərbaycan tarixinə qiymətli töhfə verdi.
Sovet dövründən
sonra Azərbaycan tarixşünaslığının qarşısında çox
çətin və vacib vəzifə dururdu: 70 illik imperiya əsarəti nəticəsində saxtalaşdırılmış
faktların həqiqət
tərəfini aşkarlamaq
və bu illər ərzində üstüörtülü qalmış
məqamları üzə
çıxarmaq vacib idi. Əgər bir xalq öz tarixinə dərindən bələddirsə,
baş verə biləcək təhlükələrdən
qorunaraq, əslində,
nəyin düz, nəyin yanlış olduğunu müəyyən
edə bilər.
Ona görə də müstəqillik illərindəki
tarixi araşdırmaların
rolu böyükdür
və bu illər ərzində yetərincə sanballı
tədqiqat işləri
ərsəyə gəlib,
yüzlərlə orijinal
faktlara əsaslanan nəşrlər işıq
üzü görüb.
Xüsusən, Qarabağ tarixinin
araşdırılması ən
əsas məsələlərdən
biridir. Çünki bu məsələyə
dair kifayət qədər uydurulmuş nüanslar var. Ermənistanın
formalaşdırdığı miflər nəinki ermənilərin, hətta
bəzi başqa xalqların da inamını qazanıb.
Çünki Sovet dövründə
ermənilərin bu təbliğatı üçün
kifayət qədər
şərait yaradılmışdı
və bəzən bilərəkdən Azərbaycanla
bağlı arxiv sənədlər yoxa çıxarılmışdı. Amma ortada yaddaş
faktoru var. Qocaman alimlərimiz faktlardan əlavə, şahidi olduqları məqamlar barədə illərdir ki, tədqiqat işləri aparırlar və bu proses
uğurla davam etdirilir.
Azərbaycanın qocaman qələm sahiblərindən
biri, Əməkdar jurnalist Bəbir Hüseynovun tarixi bilikləri və yüksək publisist peşəkarlığı sayəsində
bu il
"Qarabağın tarixindən
səhifələr" adlı
kitabı işıq üzü görüb. Elə bir kitab ki,
həm yerli, həm də xarici tədqiqatçılar
Qarabağla bağlı
bir çox suallara məhz bu kitabdan cavab
axtarıb tapa bilərlər. Bundan
əlavə, əsas məsələ odur ki, kitab ali dərslik səviyyəsindədir.
"Qarabağın
tarixindən səhifələr"
kitabını üç
hissəyə ayıraraq
təhlil etmək olar. Birinci hissə:
Qarabağın etimalogiyası,
Qarabağın xanlığa
qədərki və xanlıq dövründəki
tarixi. İkinci hissə: ermənilərin
milli kimliyi, Azərbaycan ərazilərinə
yerləşdirilməsi, onların
yaratdığı "Böyük
Ermənistan" mifi və bunun absurdluğunun
isbatı. Üçüncü
hissə: İkinci Qarabağ savaşının
gündəliyi.
Kitabda elə bir məqam
yoxdur ki, verilmiş fikir hansısa dəqiq fakta arxalanmasın. Birincisi, kitabın
ədəbiyyat siyahısı
zəngindir, yəni Qarabağın tarixi ilə bağlı olan ən vacib
nəşrlərdən mənbə
kimi istifadə olunub. Bəbir Hüseynov Mirzə Adıgözəl bəyin
"Qarabağnamələr"indən tutmuş, İkinci Qarabağ savaşı dövründə çap
olunan bir sıra qəzetlərə
qədər dəyərli
mənbələrə istinad
edib. Bu da
yüksək peşəkarlıqdan
və hərtərəfli
araşdırmadan xəbər
verir. İkincisi də, Bəbir
Hüseynov bütün
faktlara həm tarixçi, həm də publisist kimi yanaşıb. Müəyyən bir tarixi faktın təqdimedilməsi
məsələsi çox
mühümdür. Hansısa bir
üslubi səhv fikri alt-üst edə və yaxud kitab öz
oxunaqlılığını itirə bilər. Bu nöqteyi-nəzərdən bütün bölmələr
zərgər dəqiqliyi
ilə hazırlanıb.
"Qarabağın
tarixindən səhifələr"
kitabının elmi redaktoru tarix elmləri doktoru, professor Şikar Qasımov ön sözdə nəşrin zəruriliyi və peşəkar tərtibatı barədə
söhbət açaraq
müəllifin bu əməyini yüksək
qiymətləndirir: "Qarabağ
bölgəsinin qədim
tarixinə, keçilən
yola nəzər salmaq, bu yerlərin
əhalisi və ərazisi haqqında tarixi həqiqətləri
işıqlandırmaq məqsədi
ilə tarixə müraciət etmək daha məqsədəuyğundur.
Bu baxımdan Bəbir
Hüseynovun "Qarabağın
tarixindən səhifələr"
mövzusuna müraciət
etməsini , böyük əhəmiyyət kəsb
edən və tarixilik prinsipi ilə yazılmış bir əsər araya-ərsəyə gətirməsini
təqdirəlayiq hal kimi qiymətləndirmək
olar. Mənə elə gəlir
ki, doğma Qarabağımızın tarixi,
onun Azərbaycanın
ayrılmaz hissəsi olması və bu diyarın yağılardan qorunması
uğrunda qəhrəmanlıq
göstərən igidlərimiz
haqqında yazılan hər bir əsər
xüsusi əhəmiyyətə
malikdir".
İkinci ön söz müəllifi, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli Qarabağ mövzusunun Bəbir Hüseynov üçün
daim əsas prioritet olduğunu vurğulayaraq bu dəyərli kitabı müəllifin peşəkar
publisistikasının davamı
kimi qiymətləndirir:
"Bəbir Hüseynov
oxucuya Qarabağın
tarixi ilə bağlı vacib faktlar vəd edən belə bir kitabı birdən-birə qələmə
almayıb. O, indiyə
qədər meydana qoyduğu bir neçə kitabında və sonsuz saydakı publisistik əsərlərində nədən
bəhs edir etsin, mütləq müqəddəs Qarabağımızın
etimalogiyası, ərazi
və sərhədləri,
qədim dövrlərdən
xanlıqlara qədər
olan faktları qələmə alır, oxucunu yormadan ermənilərin mənşəyi,
"Böyük Ermənistan"
xülyası və bu xülya ətrafındakı
tarixi həqiqətləri
açıb göstərir.
Maraqlı cəhətlərdən
biri budur ki, müəllif istər Azərbaycanın
qədim və ən yeni tarixindən,
istərsə də bu tarixi təhrif
edən erməni
"araşdırmaçılarının"
yazılarına diqqəti
cəlb edərkən
mütləq həqiqəti
inkaredilməz mənbələrlə
bizə çatdırır".
Azərbaycan Yazıçılar
Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının idarə
heyətinin üzvü,
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid Bəbir Hüseynovun ömrünün
bu müdrik çağında belə
bir təşəbbüsünü
təqdirəlayiq hadisə
hesab edir: "Respublikanın Əməkdar
jurnalisti, Bəbir Hüseynovun "Qarabağın
tarixindən səhifələr"
kitabı “Təhsil Nəşriyyat”ı tərəfindən
çox nəfis şəkildə işıq
üzü görüb.
Mən Bəbir müəllimi lap
uşaqlıqdan tanıyıram.
Onun əsas fəaliyyəti Ağdamla bağlı olub. Mən gənc ikən
Bəbir Hüseynov Ağdamda rayon qəzetinin
redaktoru idi. Bəbir müəllim həm də, ixtisasca tarixçidir. O, ötən
əsrin 80-ci illərində
rayonun ictimai-siyasi həyatında fəal olan insanlardan biri kimi Qarabağ
hadisələrinin şahidi
olub. Bəbir Hüseynovun tarixi
bilgiləri, həmin illərdə özünün
şahidi olduğu hadisələrin işıqlandırılması,
məcburi köçkün
həyatı sürərkən
fəal ictimai-siyasi mövqeyi, respublika mətbuatında tez-tez çıxış etməsi
nəticəsində belə
bir kitab yaranıb. Bu kitab Bəbir Hüseynovun Qarabağa dərin sevgisi, dövlətçiliyimizə böyük
məhəbbətinin təzahürüdür.
Bəbir
müəllimin bir tarixçi kimi Qarabağda ən qədim dövrlərdən
bu günə qədər olan hadisələri əks etdirməsi onun yüksək səviyyədə
məlumatlı olmağından
xəbər verir.
Mən dəfələrlə Bəbir
müəllimin Qarabağla
bağlı canlı söhbətlərini dinləmişəm.
Bəbir
müəllimin yazıları
"525-ci qəzet"də çap olunub. Çox sevinirəm ki, Bəbir Hüseynov bu söhbətlərin, yazıların toplusu kimi belə bir sanballı kitabı ərsəyə
gətirib. Belə hesab
edirəm ki, bu kitab xalqımızın
böyük zəfərinə,
parlaq qələbəsinə
bir töhfədir.
Mən bu kitaba görə
Bəbir Hüseynovu təbrik edirəm və öz təşəkkürümü bildirirəm".
Kitab 5 bölmədən ibarətdir. Birinci bölmə
Qarabağın etimalogiyası,
ərazisi və sərhədləri haqqındadır.
Bu, bir növ,
oxucu ilə ilkin tanışlıq xarakteri daşıyır,
Qarabağla bağlı
ilkin anlayışlar təqdim olunur.
İkinci bölmə Qarabağın
ən qədim dövrlərdən xanlığa
qədərki tarixini əhatə edir. Ərəb xilafətinədək,
xilafətin dövründə,
habelə, kiçik feodal dövlətlərin
hakimiyyət illərində,
bir sözlə,
1747-ci ilə qədər
Qarabağın tarixi əks etdirilir. Həmçinin, bu bölmədə
ermənilərin mənşəyi,
onların həqiqətə
uyğun olmayan iddiaları, bir sıra tarixi həqiqətlər yer alıb.
Üçüncü bölmədə Qarabağ
xanlığının yaranması,
Pənahəli xanın
və İbrahimxəlil
xanın hakimiyyəti
illərində ərazinin
siyasi-ictimai mənzərəsi
təsvir olunub, bir neçə tarixi abidənin fotoşəkili əyani olaraq göstərilib.
Dördüncü bölmə Birinci Rusiya-Qacar müharibəsi fonunda Kürəkçay, Gülüstan müqavilələri və İkinci Rus-Qacar müharibəsi fonunda Türkmənçay müqaviləsi haqqındadır. Burada Kürəkçay müqaviləsinin əhəmiyyəti izah olunur, Türkmənçay və Gülüstan müqavilələrinin xalqımızın taleyi üçün qərəzli sövdələşmə olduğu göstərilir.
Kitabın sonuncu və olduqca əhəmiyyətli hissəsi ermənilərin əsassız torpaq iddiaları, Azərbaycana qarşı törədilmiş vəhşiliklər və bunların nəticəsi kimi İkinci Qarabağ savaşında qazandığımız parlaq qələbə barədədir. Tarixi ardıcıllıqla ermənilərin terror aktları sadalanır, Birinci Qarabağ müharibəsi bütün çalarları ilə təsvir olunur, Qarabağın işğalda olduğu müddətdə aparılan danışıqlar, siyasi addımlar təhlil edilir. Kitabda İkinci Qarabağ müharibəsinin xronologiyası gündəlik şəklində qələmə alınıb, 27 sentyabrdan 10 noyabra qədər bütün proses əks etdirilib. Müəllif bu hissədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını, işğaldan azad edilmiş ərazilərə səfərlərini qeyd edərək Azərbaycanın uğurlu siyasəti barədə söhbət açır. Bəbir Hüseynov Qarabağ tarixinə həsr etdiyi tarixi salnaməni bu şüarlarla yekunlaşdırır:
"Yaşasın müstəqil Azərbaycan Respublikası!
Yaşasın qalib Azərbaycan xalqı!
Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandanımız İlham Əliyev!
Yaşasın sarsılmaz və əbədi Azərbaycan və Türkiyə qardaşlığı!".
Azərbaycanın qocaman qələm sahibi Bəbir
Hüseynov "Qarabağın tarixindən
səhifələr" kitabını ərsəyə gətirməklə
nəinki Qarabağ, bütün
Azərbaycan tarixinə qiymətli töhfə verdi.
Bəbir Hüseynova
cansağlığı və yeni
yaradıcılıq uğurları arzu edirik!
525-ci qəzet
2021.- 19 may.- S.15.