Rəsul Rzalı günlər

 

1966-cı il noyabrın 16-dan Azərbaycan Sovet Ensiklopediyasının (ASE) Baş  redaksiyasında işləməyə  başladım.

 

Xalq şairi Rəsul Rza kimi bir şəxsiyyətin rəhbərlik etdiyi kollektivin üzvü olmaq böyük şərəf idi və hamı həvəslə, cani-dildən işləyirdi. İlk mərhələdə ensiklopediyanın  bünövrəsi sayılan Sözlük tərtib edilirdi. Bu, həm çətin, həm də vaxtaparan iş idi. Əməkdaşların da əksəriyyəti gənclər, cavanlar  idi, öz istəyimizlə iş vaxtından sonra, hətta istirahət günlərində  də işləyirdik. O vaxt Bakının  elmi, ədəbi-mədəni həyatında da başqa ab-hava vardı. Hamı  ensiklopediyadan danışır, oradakı işlərlə maraqlanırdı. Respublikanın ən görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri, mütərəqqi ziyalıları bu işə cəlb olunmuşdu. Tezliklə hər bir elmi sahə redaksiyasının Sözlüyü,  bunların əsasında isə geniş müzakirələrdən sonra  bütövlükdə ASE-nin Sözlüyü təsdiq edildi.

 

Bundan sonra ilk cildin məqalələrinin hazırlanmasına başlanmışdı. Bəzi məqalələrlə bağlı müəyyən qurumlara məktubla müraciət edilirdi. Yadımdadır, ilk belə məktublardan birini imzalamağa  aparanda Rəsul müəllim "xahiş edirik" sözlərinə etirazını  bildirmişdi: "Cavansınız, bilin, kimsə şəxsi işi üçün xahiş edər, ancaq xalqın, dövlətin işindən ötrü xahiş yox, tələb edərlər". Baş redaktorun geniş erudisiyası, tariximiz, dilimiz, mədəniyyətimizlə bağlı məsələlərə son dərəcə həssaslığı,  respublikanın ən görkəmli alimlərinin, mütəxəssislərinin təmsil olunduğu Baş redaksiya heyəti və Baş redaksiya şurası üzvlərinin onun sədrliyi ilə vaxtaşırı keçirilən iclasları biz cavanlar üçün əsl məktəb idi.

 

Gürcüstan və Ermənistan ərazisindəki adları dəyişdirilmiş qədim yurd yerlərimizin tarixi adları, soydaşlarımızın yaşadıqları kəndlər haqqında ASE-də məqalələrin verilməsi Rəsul müəllimi düşündürən mühüm məsələlərdən idi və bununla bağlı hər iki respublikaya vaxtilə orada yaşamış və dillərini bilən əməkdaşlar ezam olunurdular.

 

Baş redaktor böyük-kiçikliyindən, mövzusundan asılı olmayaraq, hər bir məqaləni oxuyur, bəzən hətta təbiət elmlərinə dair yazıları daha anlaşıqlı edən təkliflər verirdi. Onun dil məsələlərində hər şeyə incəliyinə qədər diqqət yetirməsi isə artıq hamımıza məlum idi. Rəsul müəllimin az qala, əlli il əvvəl dediyi "İşi aparmazlar, görərlər, şələni apararlar" sözlərini indi də yeri gələndə xatırlayır və təkrar edirəm. 

 

Baş redaktor kimi Rəsul Rzanın  ən gözəl xüsusiyyətlərindən biri də əməkdaşlara qarşı çox diqqətcil olması, qayğıkeşliyi idi. Məsələn, elmi sahə redaksiyalardan birinin yaşlı müdiri xəstəliyinin müayinəsi üçün Moskvaya getməli idi və təbii ki, bu, müəyyən xərc tələb edirdi. Rəsul müəllim həmin müdirin müayinəyə gedəcəyini biləndə tapşırmışdı ki, ona bir həftəlik ezamiyyət verilsin. Yaxud, cavan vəfat edən qardaşının məzarı üçün Ukraynadan mərmər gətirməyə gedəcək əməkdaşa da Kiyevə ezamiyyət verməyi tapşırmışdı. Başqa bir nəfərin ağır xəstələnən körpə uşağının xəstəxanaya qəbuluna kömək etmişdi. Yayda Abşeron bağlarında üzüm yetişəndə sürücüsü Mürsəl iki böyük həsir zənbillə şanı gətirib otaqlara paylayır, deyirdi ki, Rəsul müəllim Buzovnadakı bağından göndərib. Növbəti məzuniyyətində Baltik sahilində istirahətdə olarkən Bakıda yayın çox qızmar keçdiyini eşidib  xəbər göndərmişdi ki, əməkdaşlar saat üçə qədər işləsinlər. Ancaq Baş redaksiyadan birisi akademiyanın prezidentinə    imzasız məktub yazmışdı ki, Rəsul Rza özbaşınalıq edərək əmək intizamını pozur. Prezident məktubu vitse-prezidet Məmməd Arif Dadaşzadəyə, o da Rəsul müəllim Bakıya qayıdandan sonra ona göndərmişdi. Məsələnin üstü açılanda  məktubun müəllifinin kimliyi xəttindən məlum olmuşdu. Acınacaqlısı o idi ki, çuğulluq edən redaksiya müdirini həmin vəzifəyə Rəsul müəllim özü götürmüşdü.

 

1971-ci il idi, katibə gəlib dedi ki, Rəsul müəllim səni çağırır. Kabinetə daxil olanda gülümsəyərək:

 

- Tez get akademiyanın  həmkarlar təşkilatı komitəsinə, bizə ev verirlər.

 

Tələsik taksi ilə akademiyanın yeni binasına getdim. Sənədi alıb  baxanda əhvalım pozuldu, 4 otaqlı mənzil ayırmışdılar,  ailəmiz isə iki nəfərdən ibarət idi.

 

Baş redaksiyaya qayıdıb kabinetinə daxil olanda Rəsul müəllim əhvalımı dərhal hiss edərək:

 

- Bu nə sir-sifətdir, ev verilən adama oxşamırsan!

 

 

 

- Bizə 4 otaqlı mənzil ayırıblar, o da mənə düşmür, ailədə iki nəfərik.

 

- Nə olsun, mən verirəm.

 

- Çox sağ olun, ancaq Bakı Soveti  razı olmaz.

 

Rəsul müəllim qırmızı telefonla zəng etdi:

 

- Mustafa bəy (akademiyanın vitse-prezidenti), bizə 4 otaqlı mənzil ayırmısınız. Mümkünsə, 2 otaqlı iki mənzillə dəyişin.

 

Mustafa bəy nə dedisə, dəstəyi qoyub yenidən zəng etdi:

 

- Akademiyadan bizə 4 otaqlı mənzil ayırıblar, 2 otaqlı mənzillərlə dəyişmək istəyirik, dedilər ki, onlara verilən mənzillərin hamısı 4 otaqlıdır. Bəlkə tapşırasınız, icraiyyə komitəsində dəyişsinlər.

 

Telefonda nə dedilərsə, əsəbi halda dəstəyi qoydu:

 

- Bəs nə edək, Qarayev (rayon İcraiyyə komitəsinin sədri Abadulla Qarayev) də deyir ki, bu dəfə rayona ikiotaqlı mənzil ayrılmayıb. Dörd otağı bizdə kiməsə vermək olarmı ki, geri qaytarmayaq?

 

- Yox, növbədə olanların hamısına 2 otaqlı mənzil düşür. Ancaq razılaşan olsa, həmin mənzili iki ailəyə vermək olar. Mən şərikli istəmirəm.

 

-Yaxşı, razılaşıb bir qərara gəlin.

 

Həmin mənzilə iki cavan ailə köçdü, mən isə yenə kirayədə qalırdım. Ancaq Rəsul müəllimin  diqqəti, həmin zəngləri məni - kimi-kimsəsi olmayan bir cavanı daxilən o qədər sevindirmişdi ki, mənzil ala bilməməyim heç bir peşmançılıq hissi doğurmamışdı.

 

Rəsul Rzanın böyüklüyü gənclərə münasibətdə də özünü göstərirdi. Kimliyindən asılı olmayaraq, çalışqan, bacarıqlı, savadlı gənclərə etibar edir, cəsarətlə irəli çəkirdi. Azərbaycan tarixi redaksiyasının müdiri Yaqub Mahmudovu bir neçə il sonra Baş redaktorun elmi işlər üzrə müavini təyin etmişdi. Bu təyinat o biri müavində aşkar qısqanclıq doğursa da, məhəl qoymamışdı. Elmi sahə redaksiyalarının da yarısının müdiri cavanlar idi.

 

Baş redaksiyanın indiki Niyazi küçəsində yerləşən birmərtəbəli binası çox darısqal idi, otaqlar az olduğuna görə dəhlizləri də arakəsmələrlə bölmüşdülər. Tikilməsi nəzərdə tutulan yeni bina üçün İçərişəhərdə yer ayrılması, onun layihəsinin Bakının bu qədim guşəsinin ümumi ansamblına uyarlı olması da Rəsul müəllimin xidməti idi. ASE-nin yeni binasının qarşısında Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin abidəsinin qoyulması ideyası da ona məxsus idi. Ancaq  çox təəssüf ki, Rəsul Rzaya nə həmin binada işləmək, nə də Zərdabinin abidəsini görmək qismət oldu.              

 

 

 

1970-ci ildə ASE-nin ilk cildinin bir hissəsi - 20 min nüsxəsi çap edildi. Sevincimiz, necə deyərlər, yerə-göyə sığmırdı və buna haqqımız da vardı. ASE-nin nəşri barədə qərardan sonrakı təşkilati məsələlərin həllini, ilk növbədə Baş redaksiyada yaradıcı kollektivin formalaşdırılmasını, ensiklopediya nəşrinin çətinliklərini nəzərə alsaq, təxminən üç il ərzində çox böyük iş görülmüşdü. Ancaq əfsuslar olsun ki, sevincimiz narahatlıq, əsəbilik doğuran kədərli günlərlə əvəzləndi. Xəbislər respublikanın rəhbər orqanlarına, Moskvaya müxtəlif  "rənglərə boyanmış donoslar" yollamağa başladılar. Elə vəziyyət yaranmışdı ki, az qala, ötən əsrin 30-cu illərinin ab-havasını hiss edirdik. Bununla belə, gündəlik işimizdən də qalmırdıq, sonrakı cildlərin, "Azərbaycan SSR" xüsusi cildinin məqalələri redaktə  olunurdu. Rəsul müəllim zahirən yenə də çox təmkinli görünür, işin ahənginin pozulmamasına çalışırdı. Ancaq təzyiqlərin davam etməsi onun səhhətinə getdikcə pis təsir göstərirdi. Qanda şəkərin kəskin qalxmasından sonra o vaxtkı Leçkomissiyanın - Səhiyyə  Nazirliyinin 4-cü Baş idarəsinin xəstəxanasında yatmış, lakin  müalicə bir nəticə vermədiyinə  görə Moskvaya aparmışdılar. Bir  müddətdən sonra sağalıb Bakıya qayıtmışdı.

 

1971-ci ilin fevralında Elmlər Akademiyasının prezidenti  Həsən Abdullayevin sədrliyi ilə  yaradılmış və vitse-prezident Məmməd Arif  Dadaşzadənin, akademiklərdən Əlisöhbət  Sumbatzadənin, Əbdülkərim  Əlizadənin, Məmmədağa  Şirəliyevin, müxbir üzv Əliheydər Orucovun, tarix elmləri doktoru Zelik Yampolskinin, filologiya elmləri doktoru Cahangir Qəhrəmanovun və ASE-nin Azərbaycan tarixi redaksiyasının müdiri, tarix  elmləri namizədi Yaqub Mahmudovun daxil olduğu Komissiyanın ensiklopediyanın I cildinin çıxmasına heç bir maneənin olmaması barədə verdiyi rəyə də məhəl qoyulmadı. Bir tərəfdən ermənilərin, digər tərəfdən də "sapı özümüzdən  olan baltaların" cilddəki bəzi məqalələrin millətçilik ruhunda yazıldığı barədə ittihamlarla dolu "donosları" isə səngimək bilmirdi. Azərbaycandan yazılmış 50 səhifəlik ittiham bu işdə özümüzünkülərin daha çox  canfəşanlıq etdiyini göstərirdi. Bu  saxta ittihamların körüklənməsində daşnak-bolşevik Stepan Şaumyanın çolaq oğlu, Moskvada "Bolşaya Sovetskaya Ensiklopediya"nın baş redaktor müavini işləyən Levonun da "xidməti" az deyildi, hətta onu Bakıya da gətirmişdilər. Ən ağrılısı isə o idi ki, bu kampaniyaya Baş redaksiyanın özündən də qoşulanlar, necə deyərlər, ilana zəhər verənlər vardı.

 

Əslində, ensiklopediyanın ilk cildindən daha çox Baş redaktor  Rəsul Rzanı hədəf seçən "tənqidçilərin" səyləri təsirsiz qalmadı. ASE Baş redaksiyasının  işini yoxlamaq üçün Moskvadan Partiya Nəzarəti Komitəsinin və Maliyyə Nazirliyinin nümayəndələri Bakıya göndərildi. 

 

Rəsul müəllim Moskvaya - Partiya Nəzarəti Komitəsinin  sədri Pelşeyə yazdığı təxminən üç səhifəlik məktubunda Sokolovun hazırladığı arayışı, demək olar, alt-üst etmişdi. Onun "təəccüb  doğuran odur ki, Sokolov yoldaş nəyin bahasına olursa-olsun, məni  ləkələməyə çalışır" sözləri bir  daha göstərirdi ki, bu məsələdə əsas hədəf həqiqətən Rəsul Rza  idi. Sokolov Rəsul müəllimin  Göyçaydakı bağ evini də  "unutmamış" (təbii ki, özümüzünkilərin "donoslarına" əsaslanaraq), hətta onun sahəsini  95 kvadratmetrdən 265  kvadratmetrə "çatdırmışdı".

 

1975-ci ilin oktyabrında Rəsul müəllimin rəhbərliyi ilə ASE-nin nümayəndə heyəti Cənubi Qafqaz respublikaları ensiklopediyaçılarının regional müşavirəsində iştirak etmək üçün Yerevana getmişdi. Orada tarixlə bağlı mübahisəli məsələlərə də toxunulacağı gözlənildiyinə görə, Tarix İnstitutunun əməkdaşları - elmlər doktorları Oqtay Əfəndiyev, Rauf Hüseynov və tarix elmləri namizədi Fəridə Məmmədova da heyətə daxil edilmişdilər.

 

Nümayəndə heyətimizin, necə deyərlər, hazırlıqlı gəlməsi təsirini göstərmiş, Gürcüstan və Moskvadan gəlmiş nümayəndələrin də iştirak etdikləri müşavirədə tarixlə bağlı gözlənilən mübahisələr olmamışdı. Bizə ən xoş təsir edən isə orada hamının Rəsul Rzaya böyük hörmətlə yanaşmağa çalışması idi və təbii ki, biz bundan qürur duyurduq.

 

Akademiyanın dairəvi salonunda keçirilən iclasların birində məruzəçi olan Rəsul müəllim ensiklopediyanın nərşi ilə bağlı fikirlərini bölüşür, bu işdə qonşu xalqlar arasında münasibətlərə xələl gətirə biləcək halların yolverilməzliyini də xatırladırdı. Ancaq çıxışını tamamlamamış, onu iki dəfə telefona çağırdılar - Bakıya qayıtmasını tələb edirdilər. O, salondakılarla salamatlaşıb birbaşa hava limanına getməli oldu. Beləliklə, Bakıya qayıdan Rəsul Rza ertəsi gün MK-nın büro iclasında ASE-nin Baş redaktoru vəzifəsindən azad edildi. Sonrakı illərdə 10 cildlik ensiklopediyanın nəşri başa çatdı. Bunun ilk üç cildinin materialları bütünlüklə, dördüncü cildinin xeyli hissəsi Rəsul müəllimin vaxtında hazırlanmışdı. Üstəlik, nəşrin tacı olacaq, rus dilində də çıxacaq "Azərbaycan SSR" xüsusi cildinin məqalələri tam hazır idi  və xeylisi tərcümə də edilmişdi. Bu cild üçün çox dəyərli materiallar toplanmışdı. Çox  təəssüf ki, sonradan kimlərsə it-bat adı ilə bunları yox etmişdi. O illərdə Bakıda ilk dəfə xəritə fabrikinin açılması da Rəsul Rzanın xidməti idi. 

 

Oncildlik ilk ensiklopediya, şübhəsiz, universal məlumatlar toplusu kimi əhəmiyyətini heç vaxt itirməyəcək. Ancaq təəssüf ki, onun cildlərində "Azərbaycan", "Azərbaycan dili", "Azərbaycanlılar" və digər məqalələrdə bu böyük işin bünövrəsini qoyan Rəsul Rzanın arzusunda olduğu ruh yoxdur. Buraxılışına imkan verilməyən, əziz xatirə kimi saxladığım yaşıl rəngli birinci cildi hər dəfə əlimə alanda xəyalən həmin unudulmaz illərə, günlərə qayıdıram.

 

Vaqif MUSAYEV

Əməkdar jurnalist

 

525-ci qəzet  2021.- 19 may.- S.16.