Dəyərli dilçi və pedaqoqun 70 yaşına
Yeni dilçilər nəslinin
formalaşmasında mühüm
xidmətləri olan filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Fikrət Əlizadə bu sahəyə görkəmli alim,
professor Əlövsət Abdullayevin
istedadlı tələbələrindən
biri kimi gəlib.
O, böyük müəlliminin
ənənəvi qrammatika
(sintaksis) üzrə
fundamental araşdırmalarını dərindən öyrənməklə
kifayətlənmədi, eləcə
də dilçiliyimizdə
nisbətən gənc
və az tədqiq olunmuş sahə - mətn dilçiliyi və onun tədqiqat
predmentlərindən biri
olan cümlənin funksional (aktual) üzvlənməsinə dair
ciddi və sistemli araşdırmalar apardı.
Məlum
olduğu kimi, cümlənin aktual üzvlənməsi nəzəriyyəsi
XX əsrdə təşəkkül
taparaq həmin yüzilliyin ortalarından
etibarən dilçilikdə
geniş populyarlıq
qazanmışdı. Düzdür,
qeyd etdiyimiz dövrə qədər də bu və
ya digər dərəcədə bu sahəyə aid araşdırmalar aparılsa
da (məsələn, fransız
linqvisti A.Veylin cümlənin aktual üzvlənməsində söz
sırasının rolu
ilə bağlı tədqiqatları), həmin
məsələnin dilçiliyin
bir problemi kimi öyrənilməsi dilin quruluşunu funksional baxımdan tədqiq edən, əsaslarını "Praqa
dilçilik dərnəyi"ndən
alan və sonralar strukturalizmin müstəqil məktəbinin
- "funksional dilçilik"
adlanan Praqa məktəbinin, eləcə
də həmin məktəbin nüfuzlu üzvlərinin - Vilem Mateziusun, Roman Yakobsun adı ilə bağlıdır. O da məlumdur
ki, cümlənin aktual üzvlənməsi ideyasının inkişafında
Amerika deskriptivistlərinin də
böyük xidmətləri
olub.
Türkoloji, eləcə də
Azərbaycan dilçiliyində
isə mətnin funksional aspektdən təhlili (mətn linqvistikası ideyası) keçən əsrin ortalarından (daha dəqiq desək, 60-cı
illərdən) başlayaraq
Ə.Xəlilov, Ə.Cavadov, F.Ağayeva, N.Abbasova, K.Vəliyev, K.Abdullayev, N.Novruzova, Q.Bəyzadə, E.Həsənova,
Z.Şahbazova və F.Əlizadə kimi dilçi alimlərimiz tərəfindən öyrənilərək
milli auditoriyalarımıza
gətirilmişdi.
Adlarını qeyd etdiyimiz dilçilər sırasında
layiqli yer tutan Fikrət Əlizadə cümlənin
aktual üzvlənməsi
problemi ilə xüsusi məşğul
olaraq namizədlik dissertasiyası yazmış
(1990) və "Cümlənin
aktual üzvlənməsi"
(1998) adlı kitab nəşr etdirib. Əsərdə mətndə
cümlələrin məntiqi-semantik
və funksional nöqteyi-nəzərdən bir
sıra tipləri fərqləndirilir, eləcə
də cümlələri
bir-birinə bağlayan
paralel, zəncirvari, xətti əlaqələrdən
bəhs edilir.
F.Əlizadə daim axtarışda olan alim, bununla yanaşı, böyük müəllim, dəyərli insandır. O, bu günlərdə ömrünün 8-ci onilliyinə qədəm qoyur. Biz də, tələbələri olaraq, dəyərli müəllimimizi bu münasibətlə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı və yeni uğurlar arzu edirik. Səksəndə, doxsanda görüşənədək, Fikrət müəllim!
Anar FƏRƏCOV
Qismət CƏFƏROV
BDU-nun Ümumi dilçilik kafedrasının
müəllimləri
525-ci qəzet.- 2021.-
20 may.- S.9.