Təranə Vahid: "Ədəbiyyata yurd itkisindən keçib gəldim"

 

Təranə Vahid çağdaş nəsrimizdə dəyər verilən və sevilən isimlərdəndir. Tanınmış yazıçı-publisistin nəsr yaradıcılığında Qarabağ mövzusu önəmli yerlərdən birini tutur.

Təranə Vahid əsərlərində Qarabağ dərdlərindən, yurdundan didərgin düşən insanların ağrı-acısından, el-oba həsrətindən söz açır. "Vağzaldakı qarı", "Tapılmayan torpaq", "Müharibə, nənəm və itən vaxt", "93-cü ilin qışı", "Donqar" və digər hekayələri bu qəbildəndir. Onun güclü söz duyumu, yazıçılıq qabiliyyəti ilə ərsəyə gətirdiyi hekayələrini, həmçinin, yaradıcılığı barədə yazılmış məqalələri həvəslə, diqqətlə izləyirəm.

Ruh məsələsi olan ədəbiyyatın, qələm adamlarının yazılarının bədii dəyərini çözələmək, səciyyəvi cəhətlərini üzə çıxarmaq, əlbəttə, ədəbi tənqidçilərin işidir, necə deyərlər, çörək ağacıdır. Yazıçının bənzərsiz ifadə tərzi, fərqli duyğu və düşüncələri ilə yadda qalan hekayələri haqqında tənqidçilərin fikirləri maraq doğurur. Onun "Cənnətdən yuxarı" kitabına istedadlı yazıçı-dramaturq Əli Əmirlinin yazdığı ön sözdə oxuyuruq: "Təranə Vahidin hekayələri gözəl şeir kimidir, onları dəfələrlə oxuya bilərsən, hər oxunuşda da sözün gözəlliyindən, fikrin, ifadə tərzinin təzə-tərliyindən, duyğuların dərinliyindən, təbiiliyindən hədsiz zövq ala bilərsən". Filologiya üzrə fəlsəfə doktoru Mənzər Niyarlının fikrincə isə "Müəllifin hekayələrindəki obrazlar canlı, ətə-qana dolmuş, ümumiləşdirilmiş insan obrazlarıdır. Təranə Vahidin təhkiyəsi o qədər real və təbiidir ki, sanki oxucu ilə üzbəsurət oturub danışır. Real həyatın təsviri də səmimilikdən doğur. Mənə elə gəlir ki, yazıçının ən böyük uğuru da elə budur".

...Qəm fələyi başımız üstündə fırlanırdı. Anaların can evindən can ayrılır, oğulları şəhid olurdu. Gözüyaşlı analar üzünü şəhid oğlunun məzarüstü rəsminə, daş sinəsinə basıb, ağı deyir, bayatı çağırırdı. Güllələrin yağıştək yağdığı şəhərlərimizin, kəndlərimizin elatı köç edirdi. İnsanların pərən-pərən olub səpələndiyi, doğmaların bir-birindən gen düşdüyü açarlı, kilidli dünyada yaşayırdıq. Çəkilən ahlardan başı dumanlıydı Laçın dağlarının. Sıldırım dağlar, sərt qayalar dözmürdü bu dərdə, biz isə dözürdük. Bu nə qəza, nə bəla idi düşmüşdük, İlahi! Yazılarında məhz bu suallara cavab axtarırdı Təranə Vahid. "Tapılmayan torpaq" hekayəsində olduğu kimi. Sonralar yazıçı "Mən ədəbiyyata müharibədən, qaçqınlıqdan, yurd itkisindən, həyatın içindən keçib gəldim" deyəcəkdi.

Adı çəkilən hekayə müəllifin Qarabağ dərdimizlə bağlı naləsi, fəryadı, çağırışıdır. Göz açmağa aman verməyən leysan yağışlı bir gündə böyüklü-kiçikli, ayağı yer tutan hər kəs selin-suyun içində Qəribin komasına tərəf qaçırdı. Qonum-qonşu artıq son saatlarını yaşayan, üzü qibləyə uzadılmış bu yazıq insanın vəziyyətindən xəbər tutmaq istəyirdi. Doğmalarından biri -  Yusif kişi üzünü camaata tutub ürək ağrısı ilə: "Bu boyda dərdlə yaşamaq olar? Vallah olmaz. Allahın altında ölüf öz dağlarımızda qalaydıx" deyirdi. Qərib kişi isə başına cəm olmuş adamların gözü qarşısında son nəfəsini çəkirdi. Can verə bilmirdi... İtiyi itmiş, gözləntisi olan intizar adamlar kimi. Ölümqabağı gördüyü, rəhmətlik anası ilə görüşdüyü mübhəm yuxu da sirli-sehrli idi, həmişə fikrində, xəyalında olan kəndlərini görürdü. Ölümqabağı yuxudan ayılan, gözlərini tavana dikən Qərib kişi, bəlkə də, böyük Yaradana şükür edirdi ki, hələ həyat işığına baxa bilir. Amma yurdu talan edilən, məşəqqətli həyat sürən, səfalı dağ havasından aranın canüzücü istisinə düşən bu didərginlər həm də kimsəsizliyin, yiyəsizliyin qurbanı idilər, üzləşdikləri bu durumun ağrı-acısını hələ də çəkirdilər. Hesab edirəm ki, hekayənin müəllifi bu üzüntüləri təsirli bədii lövhələrlə çatdırmağa müvəffəq olub.

Qaçaqaç düşəndə, acı rüzgar onu və ailəsini doğma torpaqlarından qoparanda qaçqınlıq dərdini artıq belinə şəlləmiş Qərib kişi bir ovuc yurd torpağını dəsmala büküb özüylə gətirmişdi. Öləndə o torpağın məzarına tökülməsini istəyirdi. Amma əziz bir nişanə, tutyatək qoruyub saxladığı bükülünü hara qoyduğunu unutmuşdu. Xəstəliyinin şiddətindən huşunu itirən, dili tutulan bu didərginin son arzusu da həyata keçmədi, yurd həsrəti ilə dünyadan köçdü. Dəsmala bükülmüş torpaq isə yoxa çıxmışdı. Hekayə bu fikirlərlə bitir: "Neçə illərdi ki, yağış yağır, neçə illərdi ki, ölüm komalardan, daxmalardan, qazmalardan adamları daşıyır, neçə illərdi ki, bir milyon adam Qəribin son arzusunu axtarır. Neçə illərdi ki, yağışın altında Qəribin cənazəsi gözləyir... Lap üzə durub. Torpaq tapılmır ki, tapılmır..."

Hekayələr - Təranə Vahid | Edebiyyatqazeti.az

Filologiya elmləri doktoru, tanınmış tənqidçi Cavanşir Yusifli ruhumuzda hüznlü, kədərli əsintilər yaradan həmin əsəri təhlil edərkən bu fikirləri səsləndirib: "Tapılmayan torpaq" yerindən-yurdundan qovulmuş insanların dərdli taleyindən bəhs edir. Hekayənin adı bütövlükdə "tapılmayan torpaq" metaforasının işıqlı-qaranlıq tərəflərini baş verən hadisəyə proyeksiyalayır. Hekayə təhkiyə tipi etibarı ilə pritça poetikasına köklənib, ondan qopmaq, onunla məsafə saxlamaq və əhvalatı bu şəkildə hekayəyə çevirmək texnologiyası üzərində qurulub".

Təranənin "Müharibə, nənəm və itən vaxt" hekayəsinin də ruhumuza, düşüncəmizə təsir gücü böyükdür. Onun bu nəsr əsərində də fikir, təfəkkür materialı var. Hekayə həm də yazıçının ürəyinin, yaddaşının, bir sözlə, həyatının yaşantılarıdır. Bu avtobioqrafik bədii nümunənin ideya-bədii siqləti aydındır, yazıçının təmiz, rəvan təhkiyəsi oxucunun əsəri daha dərindən anlamasına kömək edir. Əsərdə bəhs olunan hadisələr ona görə təbii   təsirlidir ki, hələ yeniyetməlik illərində itirdiyi doğma Laçınını bir an belə unutmayan müəllif göz-gözə qaldığı, yaşadığı ağır köçkünlük həyatını təsvir etmişdir.

Dağlar qoynunda qərar tutan, ətri, rayihəsi az qala insanı bihuş edən gül-çiçəkli kəndin sakinləri arın-arxayın, dinc günlərini yaşayırdılar. Bəlkə də həmin günlər onlar üçün dünyanın ən ülvi bəxtiyarlığıymış. Amma o səhərki oyanış əvvəlkilərdən deyildi. Aləmi bürüyən top səsi, "Qrad" gurultusu, göydə cövlan edən amansız mərmilər heç kəsə rəhm etmirdi. Bir bahar çağı Qarabağ qan çanağına dönəndə, Laçın əldən gedəndə onların kəndi də çalxalanırdı. Yük maşınının arxa qapısını açıb, qocaları, qarıları maşına yığdılar. Adətən, dərdli insanlar geriyə boylanıb baxmazlar. Qara talelərinin onların arxasınca gəldiyini bildikləri üçün. Ağbirçəklər yolboyu səs-səsə verib tərk etdikləri ev-eşiklərinə, isti od-ocaqlarına, qaçqınlıq dərdinə ağı deyirdilər. Kəndi ağlayırdılar. Sadəlövh nənə kəndlərinə bu gün-sabah qayıdacaqlarına möhkəm inanırdı. Heyhat! Laçının və laçınlıların qəriblikdə keçən ömrü otuz ilə qədər çəkdi. Müəllif acı kədərini bu cümlələrlə ifadə edir: "Maşın qaranlıqda yolunu azdı, biz hamılıqla Vətənimizi itirdik... Nənəm o köçdən sonra çox yaşamadı. Dərdini götürüb heç kimlə halallaşmadan çıxıb getdi. İllər keçdikcə hər gün köç bir az da seyrəkləşir".

Nənə boğçasını açıb, "yaddaşını qurdalayaraq" unudulmaz bir xatirətək qələmə aldığı bu nəsr əsəri ilə yazıçı uzun müddət qatı açılmayan dərdlərimizin sözlə çəkilmiş tablosunu yaratmışdır. Hekayə bu cümlə ilə bitir: "Yaxşı ki, yaddaşımız hələ üstümüzdədir".

Düşünürəm ki, Təranə, ruhunda sarsıntı, qəlbini bürüyən təlaşla, yaşadıqlarımızdan dolayı dərin təəssüflə yazıb bu Qarabağ hekayətlərini. Onun yazıları sözün durna qatarıdır. Səslənişi, "duruşu", "qaməti" ilə. Həzrət Əlinin belə bir kəlamı var: "Sözün gözəlliyi qısalığındadır". Gözəl cümlələr, təmiz üslub, az sözlə dərin mənalar ifadə etmək qısa hekayələr müəllifi Təranə Vahidin yaradıcılığının əsas məziyyətləridir.

Həmişə, hər şey istədiyimiz kimi olmur. Biz həyatı uzun illər öz axarına buraxmışdıq. Sanki özümüzü unutmuş kimiydik. Fikirləşirdik ki, umacağımız, arzularımız heç vaxt gözləmədiyimiz bir vaxtda gerçəkləşəcək. Bəlkə, bunun səbəbi Birinci Qarabağ savaşında məğlubiyyətimiz idi. Torpaqlarımızın qaytarılması naminə çox səylər göstərsək də, dünya bu ədalətsizliyə göz yumurdu.

Cəmaləddin Ruminin belə bir deyimi var: "Qəlbinizlə, ürəyinizlə etdiyiniz hər şey sizə geri dönəcək". Nəhayət ki, istəyimizin gerçəkləşdiyi bir zamana yetişdik. Təmkin, vəhdət, cürət, inad, qeyrət o böyük Zəfərə apardı bizi. Vulkantək püskürən, düşmənə qeyzdən gözlərindən qan sızan oğullarımız bir çınqı himə bənd idi. Qalibiyyətlə bitən Vətən müharibəmizdə haqqın dilini kəsənlər, ağa qara deyənlər susduruldu. Nə yaxşı ki, Qarabağımızın yeni dövranı, yurd yerlərimizə qayıdışımız başlandı. Zəfər sevincini yaşadığımız günlərdə Təranə Vahidi qələm dostları, həmkarları təbrik edir, doğma yurdu Laçının da əsarətdən qurtulmasına görə ona gözaydınlğı verirdilər.

 

Zemfira MƏHƏRRƏMLİ

Yazıçı-publisist

525-ci qəzet.- 2021.- 22 may. S. 14.