Söz
sözü çəkər...
Muxtar Kazımoğlunun yeni çapdan çıxmış "Söz haqqında söz" kitabı barədə qeydlər
Müasir Azərbaycan filoloji fikrinin tanınmış simalarından
biri olan akademik Muxtar Kazımoğlu-İmanovun "Söz
haqqında söz" kitabı alimin son illər
qələmə aldığı elmi və elmi-publisistik
məqalələrini, müxtəlif mətbuat orqanlarında
dərc edilmiş müsahibələrini əhatə edir.
Dövlətçilik düşüncəsi və folklor,
müasir folklorşünaslığın nəzəri
məsələləri, Azərbaycan dili və
ədəbiyyatının aktual problemləri, Azərbaycan
humanitariyasının görkəmli
şəxsiyyətləri və onların elmi
konsepsiyaları, klassik ədəbi irs, bədii
tərcümə və s. mövzularda olan yazılar geniş
oxucu auditoriyası üçün nəzərdə tutulub.
Muxtar Kazımoğlunun Nizami Gəncəvi, Mirzə
Fətəli Axundzadə, Hüseyn Cavid, Cəlil
Məmmədquluzadə, Kamal Abdulla kimi ədiblərin
əsərləri üzərində təhlilləri,
Azərbaycan folklorunun janr poetikası barədə
nəzəri fikirləri yazılı
ədəbiyyatımıza və folklorumuza müasir elmi
yanaşmaları əks etdirir və həmin mövzularda yeni
söz kimi diqqəti cəlb edir.
Öncə qeyd edim ki, müəllifin kitabına
"Söz haqqında söz" adı verməsi,
təkcə sözün arxaik
mədəniyyətlərdən, dindən üzü bəri
bildiyimiz sakral və ali mahiyyətindən, "ilk
əvvəl sözün olması", "dünyanın
sözdən yaranması" kimi məşhur
fikirlərdən və ya sözün ədəbi-bədii
qavramından qaynaqlanmır, həm də Muxtar Kazımoğlu
üçün "söz"ün məna tutumunun öz
leksik anlamından, o cümlədən, burda ifadə edilən
anlamlarından qat-qat artıq olmasından irəli gəlir.
Təsadüfi deyil ki, Muxtar Kazımoğlunun həyatı
və elmi fəaliyyətindən bəhs edən kitabın adı
da "Yol və Söz" idi.
Alimlər müəyyən etmişlər ki,
məxluqatın ən ali mərtəbəsində dayanan
müasir insanın formalaşmasında, bioloji növdən
ictimai-psixoloji, mənəvi-mədəni varlığa
çevrilməsində təkcə əmək, keyfiyyətli
qida, anatomik üstünlüklər və sair bu kimi maddi
amillər rol oynamayıb, insanlığın
inkişafında məhz söz - danışa bilmək
bacarığı əsas olub. Söz insana
öyrənmək, öyrədə bilmək imkanı
yaradıb. Sözün ortaya çıxması -
danışıq qabiliyyətinin olması, sonra dil
ümumiliyinin yaranması insanların daha böyük toplumlar
halında birləşməsinə, müəyyən
ideyaların, inamların daha geniş şəkildə
yayılmasına səbəb olub. Beləliklə, tarixin
qədim çağlarında adət-ənənələr,
qayda-qanunlar, qazanılan biliklər, inamlar,
təsəvvürlər sözdə (mifdə, nağılda,
ata sözündə, tapmacada, dastanda və s.) yaşayaraq,
daha üstün təsisatların, o cümlədən, siyasi
birliklərin formalaşmasına ideya verib. Digər xalqlar kimi,
türk xalqlarında da dövlətin təzahürü,
cəmiyyətdə daha ali ideyanın, oturuşmuş ictimai
davranış normalarının, insanlararası
münasibətlərin nizamlanmasında mühüm rol oynayan
mənəvi dəyərlərin mövcudluğu
şəraitində mümkün olub. Muxtar Kazımoğlunun
da kitabının "Dövətçilik
düşüncəsi və folklor" adlı ilk
yazısında qədim türklərdə dövlətin ortaya
çıxması, ilk növbədə, Tanrı
ideyasının proyeksiyası kimi
dəyərləndirilir. Akademikə görə, məhz
Tanrı ideyası (və ya Göy Tanrı ideyası)
dünyanın bir sakral idarəetmə sistemi olaraq, türk
cəmiyyətinin vahid
qüvvə - xaqan ətrafında
birləşməsinə və ciddi ierarxik sistem qurmasına
təkan vermiş, bu işdə bir növ model rolu
oynamışdır. Beləliklə, alim erkən
dövlətlərin yaranmasını birbaşa xalqın inam
sisteminə bağlayır: dövlət səmavi
ierarxiyanın yerdəki təzahürü, proyeksiyası
olduqda, xaqan missiyası da Tanrı missiyasına çevrilir,
ordu isə ilahi ordu statusu qazanır. Muxtar Kazımoğlu
yazır: "Həm sosial qurum,
həm coğrafi məkan, həm də hakimiyyət bu və
ya digər dərəcədə ideallaşdırılıb
göylər aləmi ilə əlaqələndirilirsə,
ordunun "Tanrı ordusu" adlandırılması, bayrağın
günəş rəmzi boz qurdla, savaş musiqisinin isə
ildırım hamisi ilə əlaqələndirilməsi
tamamilə təbiidir".
Muxtar Kazımoğlunun qənaətincə, epos
dövlətçilik ideyalarını əks etdirən,
yaşadan, vəsf edən mühüm mədəni
təzahürdür. Yəni epos xalqın təkcə poetik yaradıcılıq
imkanlarını əks etdirmir, xalqın sosial-siyasi
iddialarını, inamını, mənəvi
gücünü də özündə ehtiva edir. Muxtar
Kazımoğluna görə, türk eposu ("Oğuz
kağan", "Kitab-Dədə Qordud",
"Alpamış" və b.) etnosun kosmik
düşüncə modelini ritualda, süjetdə, motivdə,
hətta mətnin strukturunda təqdim edə bilir. Türk
(konkret halda Oğuz) eposu üçün səma -
İlahi aləm toxunulmazdır.
Hər şey Tanrının istəyinə, iradəsinə,
yazısına bağlanır. Bəndə süjetin
qəhrəmanı olmaqla, nə qədər fiziki
gücə, ağıla, mənəviyyata sahib olsa da, o,
Tanrı - Allah qarşısında acizdir. Muxtar
Kazımoğlunun qeyd etdiyi kimi, "dastanda bədii söz
yerdən qabaq göyü, bəndədən qabaq Allahı,
rəiyyətdən qabaq hökmdarı təqdim etməyə
hesablanıb".
Muxtar Kazımoğlunun sözügedən
yazısının məntiqi davamı kimi görünən
"Dədə Qorqud" boylarında bəzi qaranlıq
məqamlar" məqaləsində isə alimi "Kitabi-Dədə Qorqud"
mətnində qəhrəmanların
"dəliliyinə" sübut kimi görünən
məqamlar cəlb etmişdir. Quru çay üstündən
körpü salmaq, bu körpüdən keçəndən üç,
keçməyəndən döyə-döyə qırx
ağça almaq, zifaf gecəsi nişanlısını
tərk edib nə vaxtdan bəri dustaq yatan qardaşının
dalınca getmək, söz verdiyi halda "kafir
qızını" almamaq və s. bu qəbildən olan,
əsl səbəbi alt qatda - mifik
təsəvvürlərdə gizlənən epizodlardır.
Bu kontekstdə danışarkən Muxtar Kazımoğlu
Dəli Domrula və Beyrəyə geniş yer ayırır.
Çünki Dəli Domrul da, Beyrək də mifik planda o
dünyaya gedib qayıdan obrazlardır. Quru çay,
körpü o dünyanın metaforası kimi Dəli Domrulun
arxetipini müəyyən etməyə imkan verdiyi halda,
Beyrəyə münasibətdə bu məsələ daha
"üstü qapalı" haldadır. Epik struktur
baxımından Beyrəyin dustaqlığı əslində,
Beyrəyin epik sınağıdır. Muxtar Kazımoğlu
Beyrəyin əsirliyini mif qatında "müvəqqəti
ölüm" kimi dəyərləndirir.
Həqiqətən də mifik struktur baxımından çox
mürəkkəb obraz olan Beyrək "seçilmiş"
olmasını sübut etmək üçün xaos
aləminə gedib qayıtmalı idi. Əgər
"Kitab"a diqqət etsək görərik ki, Beyrək
Oğuz cəmiyyətində siyasi sabitliyi təmin edən,
buna cavabdehlik daşıyan obrazdır. Oğuz törəsi
pozulduqda (Qazan xanın qayda-qanunu pozaraq Dış Oğuzu
evinin yağmalanmasına dəvət etmədikdə) Alp Aruzun
Beyrəyi çağırıb öldürməsinin əsl
səbəbi bu cavabdehlikdədir. Beyrəyin
ölüb-dirilməsi və ya Muxtar Kazımoğlunun
ifadə etdiyi şəkildə desək, kosmosdan xaosa, xaosdan
kosmosa keçib yenidən doğulması ona
müəyyən fövqəl, möcüzəvi
keyfiyyətlər verir ki, onun da birini biz qanını
sürtməklə atasının kor gözlərini
sağaltmaqda görürük.
Epos mövzusundan bəhs edərkən mən bu kitabda
Azərbaycan eposşünaslığının klassik və
müasir mərhələsini təmsil edən iki
böyük simasının elmi fəaliyyətindən
bəhs edən yazıları xüsusi qeyd etmək istərdim:
"Məmmədhüseyn Təhmasib və folklorumuzun
ağrılı nöqtələri" və "Kamal
Abdulla "Dansöküləni".
Muxtar Kazımoğlu göstərir ki, Azərbaycan
folklorşünaslığında və ümumən Sovet
folklorşünaslığında uzun müddət folklor
anlayışının "ağız
ədəbiyyatı", "şifahi xalq
ədəbiyyatı" çərçivəsinə
sıxışdırılması, onun bir çox vacib, o
cümlədən, köklü məsələlərini bu
elmin araşdırma müstəvisindən kənarda
saxlayıb. Bununla belə, Məmmədhüseyn Təhmasib
kimi alimlər bu çərçivədən kənara
çıxmağı bacarmışdılar. Muxtar
Kazımoğlunun fikrincə, Məmmədhüseyn Təhmasib
folklorun yalnız xalq ədəbiyyatı ilə
məhdudlaşmadığını, şifahilik
ənənəsi əsasında yaranan müxtəlif
sənət sahələrini əhatə etdiyini ciddi
şəkildə nəzərə alırdı və onun
üçün sinkretiklik, funksionallıq, mərasimlə
bağlılıq folklorun ilkin mahiyyəti və təməl
prinsiplərindən biri kimi çox mühüm idi. Konkret
olaraq, Məmmədhüseyn Təhmasibin mərasim və
mövsüm nəğmələrindən bəhs edən
monoqrafiyasını dəyərləndirən Muxtar
Kazımoğlu yazır ki, bu əsərində
"Məmmədhüseyn Təhmasibi düşündürən
əsas elmi problem indinin özündə belə
çoxlarının əhəmiyyət vermədiyi, amma
folklorun əlifbası olan bir məsələ - mətnin ifa
kontekti məsələsi" olmuşdur.
Muxtar Kazımoğlu sözügedən yazıda uzun
illərdən bəri mübahisə predmeti olan
məsələyə - Məmmədhüseyn Təhmasibin tərtibatında
hazırlanmış "Koroğlu"ya da öz
münasibətini bildirir. Bəllidir ki, Məmmədhüseyn
Təhmasib çox çətin bir vaxtda - 1930-cu illərin
sonunda, ölkədə sinfi ideologiya mübarizəsinin, siyasi
repressiyanın tüğyan etdiyi bir vaxtda "Koroğlu"nun
hakim ideologiyaya zidd olmayan və həm də kütləvi
çap üçün nəzərdə tutulan mətni
üzərində çalışıb. Təbii ki, eposun
(və ümumən folklorun) tələb olunan tərtibi
prinsiplərini bu şəraitdə tam olaraq
gözləmək mümkünsüz idi.
Məmmədhüseyn Təhmasib, Muxtar Kazımoğlunun
ifadəsincə desək, "ayrı-ayrı
söyləyicilərin dilindən yazıya alınan
müxtəlif variantları tərtibçi
süzgəcindən keçirib və əhvalatları oxucuya
vahid təhkiyəci dilindən danışıb". Akademik
haqlı olaraq qeyd edir ki, Məmmədhüseyn Təhmasib,
nə qədər paradoksal görünsə də, bu gün
uşaqdan-böyüyə hər kəsin sevə-sevə
oxuduğu populyar nəşrini ortaya çıxarıb və
"Koroğlu" dastanının ümummilli ixtifar
mən-bəyi və milli kimlik aynası kimi yaşamasına
şərait yaradıb. Və bu cür tərtibatların
dünya folklorşünaslıq tarixində kifayət
qədər numunəsi də vardır.
Folklor İnstitutu
Bu məqalədə həmçinin,
Məmmədhüseyn Təhmasibin eposşünas kimi
fəaliyyətinə ümumi qiymət verilir. Onun eposun
strukturu, Azərbaycan dastanlarının təsnifi, variant
və versiyaları, obrazlar sistemi, onların genezisi və
tipologiyası, motivləri və s. mövzularda nəzəri
fikirləri şərh olunur.
Kitabda Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"
poetikasına giriş" əsərinin təhlili
üzərində qurulmuş "Kamal Abdulla
"Dansöküləni" adlı məqalə xüsusi
maraq doğurur. Kitab müəllifi Kamal Abdullanın
mətnə yeni baxış və yanaşmasını
təhlil edir, "mif dövrünün mətni" ilə
"yazı dövrünün mətnini" bir-birindən
fərqləndirən alimin qənaətlərinə
münasibət bildirir. Muxtar Kazımoğlunun fikrincə,
Kamal Abdulla bu əsərdə ilk öncə elə bir "ol
zaman" axtarır ki, o zaman söz hələ
bədiiyyatın, daha doğrusu, şüurlu poetik
yaradıcılığın materialına
çevrilməmişdi, metaforizmdən uzaq idi. Muxtar
Kazımoğlu Kamal Abdullanın nəzəri fikirlərini
şərh edərkən öz düşüncə və
qənaətlərini qorqudşünas alimin
baxışlarının təsdiqinə xidmət edən
tezislər kimi bura əlavə edir. Kamal Abdullaya görə,
mifin kökündə duran personafikasiya, hilezoizm, insanın
özünə xas keyfiyyətləri və
xüsusiyyətləri təbiət obyektlərinə
şamil etməsi onun təbiətdən qorxusunu
azaldırdı. Muxtar Kazımoğlu bu məsələyə
- ilkin mif yaratmağa Kamal Abdullanın fikirlərindən
doğan digər səbəblər də əlavə edir:
"Deyimlər və süjet xətti - hər ikisi bir
yerdə bu gün çox primitiv görünən bir
məqsədə xidmət edir: ibtidai insanın ətraf
aləm haqqında biliyini artırmaq, onun həyatını
çətin sınaqlara hazırlamaq". Beləliklə,
alimə görə, canlandırmaq, insaniləşdirmək
ibtidai insana eyni zamanda, təbiətdə baş
verənlərin, eləcə də insan-təbiət
münasibətlərində baş verənlərin
səbəbini "dərk etmək" və yozmaq (mif
yaradıcılığı) imkanı verirdi. Muxtar
Kazımoğluna görə, bu mərhələdə söz
mif, deyim, ata sözü (əcdad sözü) olaraq sadə,
lakin müqəddəs idi və məhz Kamal Abdullanın
"Kitabi-Dədə Qorqud"da aşkarladığı
"müstəqimiyyə" personafikasiya şəklində
özü özlüyündə elə mifik
"bədiipoetiklik"dir.
Beləliklə, söz - mif, epos, ata sözü,
nəğmə ibtidai insanın sakral, sirli və ya qorxunc
saydığı aləmlər haqqında
təsəvvürlərinin obrazlı ifadəsi olub.
Sözün sözügedən mərhələdə
bütün poetik elementləri - qafiyə, alliterasiya,
assonanslıq, təkrarlar və s. magik (ritual) səciyyə daşıyıb,
magik təsir güçünün artırılmasına
xidmət edib. Sözün magik gücünə inam sonra magik
işarələri - ilk yazını ortaya çıxarıb.
Yazı sözü (ilahi hökmü)
"daşlaşdırmaqla", maddiləşdirməklə
daha da gücləndirib, onu qaçınılmaz amilə
çevirib. "Yazıya pozu yoxdur!", "Alnına
belə yazılıb!", "Yazı yazan belə
yazıb!" deyimlərində ifadə olunduğu kimi!
Muxtar Kazımoğlunun elmi tədqiqatlarının
ümumi səciyyəsindən çıxış etsək,
deməliyik ki, akademik o alimlər sırasına aiddir ki, onlar
mif, folklor və ya yazılı ədəbiyyat
obrazlarının mahiyyətini və fəaliyyətlərinin
mənasını insan psixologiyasının
dərinliklərində axtarırlar. Muxtar Kazımoğlunun
"Şifahi və yazılı ədəbiyyatımızda
demonizm", "Nizami qəhrəmanlarının dialoji
mahiyyəti" adlı yazılarını onun məhz bu
istiqamətdəki nəzəri baxışlarını
təqdim edən yeni məqalələr kimi
dəyərləndirə bilərik. Muxtar Kazımoğluna
görə, kosmos-xaos, sağ-sol, yuxarı-aşağı,
pis-yaxşı, qadın-kişi, doğma-yad və s.
kateqoriyalarda təzahür edən dualistik mifologiya
bütövün (kosmosun, insan cəmiyyətinin,
həyatın) dərkinə, eləcə də psixoloji
qəbuluna xidmət edir. Muxtar Kazımoğluna görə,
dualizm folklorun yalnız ideya istiqamətinin yox, həm də
obrazlar sisteminin əsaslı mənbələrindən biridir.
Bu baxış bucağından hər hansı folklor süjeti
mif qatında bir obrazın özünün əks obrazı
ilə kolliziyasıdır. Bunun folklor təzahürləri
bəzən obrazın ikiləşməsində,
qəhrəman-yalançı qəhrəman,
hökmdar-təlxək, ağıllı-axmaq,
mələk-iblis və s. bu kimi qarşıdurma
modellərində qarşımıza çıxır. Bu
kontekstdə Allah-iblis qarşıdurması
daşıdığı məna və dramatizm
baxımından alimin nəzərində fərqlənir.
Qeyd edək ki, tarixin müəyyən
mərhələsində mif sakral dəyərini itirib
"nağıllaşdıqca", folklor mətninə
transformasiya olunduqca mifik obrazların ilkin xüsusi məna
daşıyan keyfiyyətləri (fantastik, sinkretik, fiziki
deformasiyalı, eybəcər, çoxorqanlı və s.)
anlamını itirib demonizmin atributlarına
çevrilirlər. Artıq qorxunc, mübhəm aləmlə
insanın münasibətlərinin, eləcə də
insan-cəmiyyət münasibətlərinin köhnə
qaydalar, tabular, rituallarla "tənzimlənməsi"
şeytanla işbirliyi, cadugərlik kimi qəbul olunur. Lakin
köhnə tanrıların, kultların destuksiyası
nəticəsində təkcə iblis, şeytan,
əcinnə, alarvadı və ya "Kitabi-Dədə
Qorqud"dakı Təpəgöz kimi müdhiş obrazlar
yaranmır, eyni zamanda, insanların qarşısında
bəzən gülüş doğuracaq səviyyədə
aciz, axmaq və qeyri-mədəni obrazlar da ortaya
çıxır.
Muxtar Kazımoğlu görə, əksər demonik
obrazlardan fərqli olaraq şeytan müti, qorxaq və
ağılsız deyildir. Əksinə, üsyankar, fəndgir,
çox dərrakəli olan, lakin bu keyfiyyətlərini
Allah-insan münasibətlərinin saflığını
pozmağa yönəldən mürəkkəb obrazdır.
Alimin qənaətincə, həm şifahi və həm
yazılı ədəbiyyatda şeytan obrazı ikili
mahiyyət daşıyır, onun simasında xeyirlə
şər, yaxşı ilə yaman, qurmaqla dağıtmaq
üzvi şəkildə birləşir. Muxtar Kazımoğlu
folklordakı şeytan obrazında insanı
mübarizəyə, qurub-yaratmağa
həvəsləndirən bir "hərəkətverici
qüvvə" də görür: Musa peyğəmbər
bütün şeytanları bir quyuya doldurub ağzını
bağlayaraq insanların qəlbinə girməsinin
qarşısını aldıqda, insanların heç
nəyə həvəsi qalmır, hamı ölüm
haqqında düşünür və bütün
fəaliyyətlərindən əl çəkirlər.
Folklorda insanın şeytanla qarşılaşması
zamanı çox az hallarda gülüşün obyekti
şeytan olur, adətən belə vəziyyətlərdə
gülüş doğuran tamahgir, xudpəsənd insanın
özüdür. Deməli, şeytan insan xislətindəki
naqisliklərin personafikasiyasıdır. Bununla belə, Muxtar
Kazımoğlu göstərir ki, folklorda şeytanın
funksiyası "yalnız insan nanəcibliyini açıb
göstərmək niyyəti" ilə
məhdudlaşmır, şeytan obrazında həm də
insanın Allahın buyruğundan qaçmaq, tabuların
yaratdığı çərçivələri
dağıtmaq kimi altşüurda gizli qalan istəyi təzahür
edir. Folklorda yalan kimi şeytani bir keyfiyyət bəzən
deyilməsi yasaq olan fikirlərin ifadəsinə xidmət edir.
Bu səbəbdən Muxtar Kazımoğlu
gülüşlə bağlı folklor
qəhrəmanlarında - Keçəl obrazında,
müəyyən hallarda Kəlniyyat, Molla Nəsrəddin, Hacı
dayıda şeytan obrazının paradiqmasını
görə bilir.
Bu təhlillər sırasında Muxtar Kazımoğlu
Azərbaycan ədəbiyyatı klassiklərinin
(C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid və b.)
demonizm mövzusuna müraciət etməsinə xüsusi
diqqət yetirir. İudaizmdə İdrak ağacının
iblislə assosiasiya olunmasına diqqət çəkən
alim vurğulayır ki, xeyir və şəri dərk etmək
üçün "idak meyvəsindən" dadmağın
İblis vasitəsilə mümkün olması
ədəbiyyatda sonralar üsyankar ədəbi-estetik fikrin
ideya mənbələrindən biri olub. "Qadağan
meyvə" - insanın maraq göstərdiyi, yoxlamaq
istədiyi, bilmək istədiyi "qadağan
mövzuların" simvoluna çevrilib.
Bununla yanaşı, Muxtar Kazımoğlu Azərbaycan
yazılı ədəbiyyatında demonizm mövzusundan
orijinal istifadənin ilk rüşeymlərini Nizami
yaradıcılığında aşkara çıxarır.
Nizami iblisi (şəri) ayrıca obraz olaraq personifikasiya etdiyi
kimi, folklorda obrazın ikiləşməsindən də istifadə
edir: qəhrəmanla yanaşı yalançı
qəhrəman obrazını yaradır, bundan əlavə, bir
bədii üsul kimi ikiləşməni öz
qəhrəmanının daxili aləmində təzahür
etdirir.
Akademikin kitabda Mirzə Fətəli Axundzadə, Mirzə
Cəlil, Firidun bəy Köçərli, Əmin Abid,
Vəli Xuluflu və başqa mədəniyyət
xadimlərimizin həyat və sənət
mücadiləsindən bəhs edən yazılarında
("Milli mədəniyyət mücadiləsinin ibrət dərsləri",
"Unudulmaz ədəbiyyatşünasın
unudulması") isə Azərbaycan istiqlal məfkurəsinin
XIX əsrin II yarısından XX əsrin 30-cu illərinə qədərki
inkişaf yolu, dövrün, alimin öz sözləri ilə
desək "mürəkkəb milli-filoloji prosesləri"
kontekstində təhlil olunur. Bəhs olunan tarixi
mərhəldə milli özünüdərk
düşüncəsinin bir təzahür faktı kimi baş
qaldıran milli mədəniyyət mücadiləsini,
Muxtar Kazımoğlu
maarifçilik ideyalarının yayılması ilə sıx
əlaqələndirir. Akademikə görə, maarifçilik
bir mədəni-fəlsəfi hərəkat olaraq, xalqın
taleyüklü məsələlərini ön plana
çıxarır, milli mənlik şüurunun
formalaşmasını və milli özünüdərki
həlli vacib məsələlər sırasına daxil edir.
Bu baxımdan Muxtar Kazımoğlu Mirzə Fətəli
Axundzadənin Azərbaycan xalqının mədəni-ictimai
fikir tarixindəki fəaliyyətinə onun elmi və
ədəbi fəaliyyətindən də böyük
əhəmiyyət verir: "Mirzə Fətəli
Axundzadə irsi başqa cəhətləri ilə bir
sırada (bəlkə onlardan da əvvəl!) milli
özünüdərk düşüncəsini əks
etdirmək baxımından əhəmiyyətli və
qiymətlidir".
Muxtar Kazımoğlunun akademik İsa Həbibbəylinin
elmi-nəzəri baxışlarının, xüsusən bu
yaxınlarda ortaya qoyduğu və milli humanitariyamızda
böyük rezonansa səbəb olmuş Azərbaycan
ədəbiyyatını yeni dövrləşdirmə
konsepsiyasının təhlilinə dair yazısına da onun
milli-mədəni fikir tariximizlə bağlı
araşdırmalarının davamı kimi baxa bilərik. Muxtar
Kazımoğluna görə, Azərbaycanın siyasi tarixi
kimi, onun ədəbiyyat tarixini də obyektiv şəkildə
yazmaq və dəyərləndirmək üçün milli
düşüncənin sərbəstliyi və ölkənin
istiqlaliyyəti lazım idi. Milli-mədəni fikir tariximizin
müasir mərhələsində biz bu şansı
qazanmış və İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatını
yeni dövrləşdirmə konsepsiyası
nümunəsində reallaşdıra bilmişik.
Muxtar Kazımoğlu sözügedən konsepsiyanın
təqdim olunduğu əsəri - "Azərbaycan
ədəbiyyatı: dövrləşdirmə konsepsiyası
və inkişaf mərhələləri"
monoqrafiyasını "çoxsaylı ciddi araşdırmalar
müəllifi kimi tanınan İsa Həbibbəyli
yaradıcılığının sıradan bir faktı yox,
bu vaxta qədər neçə-neçə elmi
məqalədən, neçə-neçə sanballı monoqrafiyadan keçib gələn
uğurlu bir elmi nəticəsi" kimi
dəyərləndirir. Alimə görə, milli ideya ədəbiyyatımızın
dəyərləndirilməsində, onun ümumi inkişaf
mənzərəsinin yaradılmasında İsa
Həbibbəylinin əsaslandığı əsas qayəni
təşkil edir və onun irəli sürdüyü
konsepsiyada Azərbaycan ədəbiyyatının zirvə
nöqtələri xronologiya və yaradıcılıq
faktları, sənətkarlıq vüsəti ilə
yanaşı, məhz bu ideyadan çıxış
etməklə müəyyənləşdirilir.
"Söz haqqında söz" kitabında oxucular
həmçinin, Muxtar Kazımoğlunun dil və
tərcümə problemlərinə həsr olunmuş
"Dilimiz, nitqimiz, qayğılarımız", "Elmi
əsər yazıçı tərcüməsində"
adlı yazıları, eləcə də müasir
Azərbaycan folklorşünaslığı və
ədəbiyyatşünaslığının aktual
məsələlərinə həsr olunmuş
müsahibələri ilə tanış ola bilərlər.
Elçin ABBASOV
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2021.- 22 may. S. 16-17.