Qocalıqda yorğalıq
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
Azərbaycan Milli İncəsənət Muzeyinin
Elmi-kütləvi işlər
şöbəsinin müdiri
Rəfiqə Quliyevadır. Rəfiqə xanımla rus
rəssamı Vasili Pukiryevin "Qeyri-bərabər
nikah" əsəri
haqqında danışmışıq.
- "Qeyri-bərabər nikah" əsərinin Vasili Pukiryev yaradıcılığındakı rolu haqqında nə deyə bilərsiniz?
- 1862-ci il
- şöhrətin zirvəsi!
Moskva Rəngkarlıq,
Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirər-bitirməz
Vasili Pukiryev
1863-cü ildə akademik
sərgidə işıq
üzü görən
"Qeyri-bərabər nikah"
əsəri ilə adını bütün Rusiyaya tanıdır. Akademiya Pukiryevi elə həmin ildə "xalq səhnələrini böyük məharətlə
təsvirinə və
dərkinə görə"
professor fəxri adı
ilə təltif edir. Müəyyən mənada Pukiryev
müasirlərinin, sənətsevərlərin
yaddaşında bir əsərin müəllifi
kimi qalır. XIX əsrin ortaları
- qadın hüquqsuzluğu,
azadlığı buxovlanmış,
cehizi olmayan qızın öz iradəsi xaricində ərə verilməsi Rusiya mühiti üçün ağrılı
problem olaraq qalırdı.
O dövrdə nikahların
əksəriyyəti mənfəət
və maddi maraqlar üzərində qurulurdu. Beləliklə, Pukiryev XIX əsrin
sosial problemini tabloya köçürür.
Tablo öz dövründə böyük səs-küyə
səbəb olaraq müvəffəqiyyət qazanır.
Pukiryevin
bu şah əsəri haqqında çoxlu şayiələr
və əfsanələr
gəzir.
- Əsərin yaranma
tarixçəsi haqqında
məlumat varmı?
- Vasili Pukiryevin ehtiyac içərisində yaşayan
yaxın dostu, rəssam Pyotr Şmelkov daima əsərləri üçün
süjet axtarışında
idi. Kübar cəmiyyətdə bəzən repetitor kimi çalışırdı.
O, cəmiyyətdə baş
tutan morqanatik nikahların şahidi olur və Pukiryevə
əsərin ideyasını
ötürür. Əlbəttə ki, bu, versiyalardan
biridir.
Rus yazıçısı
Vladimir Qilyarovski "Moskva
və moskvalılar"
memuarında yazır ki, bu tablodakı
adam yaşlı,
nüfuzlu məmurdur.
Onun yanındakı gəlin isə Pukiryevin adaxlısıdır, qollarını
çarpazlamış şafer
isə Pukiryevin özüdür.
Uzun illər tablonun süjetinin rəssamın
öz nakam eşq hekayəsinə əsaslandığına inanılırdı. Gənc oğlan
kasıb ailədən
olan qıza vurulur, elçi göndərir, lakin rədd cavabı alır. Tezliklə onu zorla yaşlı, zəngin məmura ərə verirlər.
- Əsərdə simvolika,
gizli mesajlar mühüm yer tutur. Sizcə, bu
mesajlardan ən önəmlisi hansılardır?
- Əsər müəmmalarla doludur. Tabloda hər bir detala xüsusi diqqətlə yanaşmaq lazımdır. Hadisələr kilsədə cərəyan edir. Çoxfiqurlu kompozisiyanın mərkəzində keşişin indicə barmağına nişan üzüyü taxacağı qızcığaz təsvir olunub. Hətta əlindəki şamı belə qaldırmağa taqəti olmayan qızın həyatı ilə bağlı hökm verilib və o, gələcəyinin puç olacağının fərqindədir. Rəssam dramatizmi artırmaq üçün bilərəkdən bəyi olduğundan xeyli yaşlı, əldən düşmüş, gəlini isə yeniyetmə qız obrazında təsvir edib. Bu kontrast gəlinlik libasının xəfifliyi, bəyazlığı və canlılığında, bəyin isə sərt, donuq duruşunda öz əksini tapır. Bəyin boynunda II dərəcəli Vladimir xaçı ordeni, sol döşündə isə bu ordena uyğun ulduz təsvir olunub. Rəssam bu vasitə ilə qocanın nə qədər nüfuzlu şəxs olduğunu vurğulamaq istəyir. Qeyd edək ki, bu ordenlə hərbdə fərqlənənlər, yaxud da vətəndaşlıq xidmətlərinə görə seçilənlər təltif olunurdular. Gəlinin yaxalığı və çələngi bakirəlik simvolu olan narınc çiçəklə bəzədilib. Əsərə diqqətlə nəzər yetirsək, bəyin və keşişin arxasında iki qarının təsvir olunduğunu görərik. Onların başında gəlinlik çələnginin, hətta birinin əynində ağ libasın olması tamaşaçını düşündürür. Kilsədə kəbin zamanı yalnız bir qadın ağ libasda ola bilərdi. Qarıya daha yaxından baxdıqda əynindəkinin libas yox, kəfən olduğunu görürük. İkinci qarı isə keşişin arxasında təsvir olunub. Axı kilsə qanununa görə keşişdən arxada heç kəs dayana bilməzdi. Həm bu faktlar, eləcə də, digər personajlarla müqayisədə qarıların cizgilərinin qeyri-dəqiq təsvirindən belə qənaətə gəlinir ki, bu qadınlar kabusdur. Onlar bəyin - qoca məmurun keçmiş həyat yoldaşlarıdır. Rəssamın ustalıqla yaratdığı hər bir obrazın baxışı heyranedicidir. Kabus qarılar bəyə, bəy və onun dostları gəlinə baxır, gəlinin isə baxışları yerə dikilib. Qolları yaxasında çarpazlaşmış Pukiryevin yanındakı personajın baxışları tamaşaçılara yönəlib. Sanki o, baxışları ilə mühakimə edir. Bu obraz, bəzilərinin fikrinə görə, Pukiryevə əsərin ideyasını ötürən onun dostu rəssam Pyotr Şmelkovdur. Rəssam sanki əsərin var olması ilə bağlı insanları kətana köçürüb. Onlardan biri də tablonun çərçivəsinin müəllifi Qrebenskidir. Qrebenski əsərin əsas ideyasını təkrarlayaraq, çərçivə boyunca yenicə açmış tər gül və köhnəlmiş sarmaşıqları bir-birinə hörür. Deyilənə görə, əsəri satın alan Pavel Tretyakov tablonun çərçivəsini o qədər bəyənir ki, bundan sonra bütün çərçivələri Qrebenskiyə sifariş etməyə başlayır.
-
Tanınmış sənətşünas Vladimir Stasov
Pukiryevin rəsmini görəndə deyir ki. nəhayət,
günün mövzusuna aid müasir həyatın dərinliklərindən
götürülmüş bir əsər gördüm. Lakin bilirik ki,
dövrünün sənətşünasları
Stasov kimi
düşünmürdülər. Bu barədə
nə deyə bilərsiniz?
- Bəziləri Pukiryevi sadə məişət mövzulu əsərin qəhrəmanlarını natural ölçüdə təsvir etdiyinə görə qınayırdılar. Əslində, bu, yanlış idi. Rəssam sanki bu üsulla tamaşaçını hadisənin iştirakçısına çevirir və istəyinə nail olurdu. Deyilənə görə, məhz əsərin Moskvada sərgidə nümayişindən sonra yaşlı və imkanlı kişilər tablodakı qoca bəyin obrazında özlərini gördüklərindən onun səhvini təkrarlamaqdan imtina etməyə başlayırlar. Hətta belə bir fakt da var ki, tarixçi N.Kostomarov Pukiryevin tablosunu gördükdən sonra gənc qızla evlənmək fikrindən daşınır. Deməli, rəssamın əsəri yetəri qədər uğurlu alınıb, o, dövrünün eybəcərliyini ustalıqla tamaşaçıya ötürməyi bacarıb.
- Əsərin rəng koloriti necədir?
- Ümumilikdə
tabloda tutqun, kədərli kolorit hakimdir. Rənglər əsərin ideyası
ilə səsləşir.
Mərasimin qeyri-təbiiliyindən isti, ancaq tünd,
qəmgin rəng çalarları belə danışır. Kilsənin yuxarı
küncündən süzülən
işıq əsərə
dramatiklik və gərginlik gətirir.
Əsərin kompozisiyası klassik
qanunlara uyğun olaraq qurulub. İşıqlar altında əsas
qəhrəmanlar piramida
şəklində yerləşdirilib.
İzləyici əsəri
bu qəhrəmanların
üz ifadəsindəki
hiss və halətdən
oxuyur.
Rəssam rəng həllinin köməyi ilə obrazların, xüsusilə
də gəlin və keşişin geyiminin faktura və teksturasını tamaşaçıya ustalıqla
ötürə bilib. Gəlinin yarımşəffaf
duvağı, gəlinliyin
zərif gipürləri,
keşişin qızılı
və gümüşü
işləməli cübbəsi
xüsusi diqqətə
layiqdir.
- Sizcə,
bu rəsm bizə nə deyir?
- Əsərin fəlsəfi ideyasını kənara qoysaq, müəllifin öz şedevrinin əsiri olduğunu görürük. Şöhrət rəssamı hələ yaradıcılığının başlanğıcında yaxalamışdı. O, insan həyatının həm yüksəlişi, həm də enişidir. Zirvədə qalmaq onu fəth etməkdən daha çətindir.
Aytac SAHƏD
525-ci qəzet
2021.- 19 may.- S.19.