Xalqın səsinə çevrilən misralar - Sabir Rüstəmxanlı - 75

 

Hər dövrün öz ovqatı, öz ab-havası olur. XXI əsr, sözün əsl mənasında, insanı unutdurmağa cəhd edir. Sürətli inkişaf, texnologiyanın insan beyni səviyyəsinə qalxması, hətta bəzi məqamlarda üstələməsi, əksər sahələrdə kadrların çoxluğu prosesin dinamik tempi bəzən imkan vermir ki, insanlar mütəmadiliyini, dayanaqlılığını qoruyub saxlasınlar. Ədəbiyyatda da belədir. Yeni imzalar oxunur, sevilir. Düzdür, ötən əsrlə müqayisədə ədəbi prosesdə durğunluq hökm sürür, amma bu o demək deyil ki, istedadlı qələm sahibləri yetişmir. Belə bir dövrdə, hətta qocaman yazarların belə poetik mətnin yeni forma məzmunu ilə hesablaşdığı bir zamanda aktuallığı qoruyub saxlamaq, hələ oxunaqlı olmaq, oxucular tərəfindən sevilmək çətin məsələdir. Azərbaycan ədəbiyyatının belə görkəmli simalarından biri , indi əsərləri ömrünün ən coşqun illərində olduğu kimi sevilən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır.

 

Sabir Rüstəmxanlı ömrünün 75-ci baharını yaşayır bu gün, mayın 20-si şairin yubileyidir. Elə bir şairin ki, bütün duyğularını, azadlıq arzularını, vətəndaşlıq borcunu, xalqının taleyindən nigaranlığını öz qələmilə əsərlərinə sığdıra bilib.

 

Hələ orta məktəbin ilk illərində Fikrət Qoca Sabir Rüstəmxanlı imzası ilə tanış idim, bunu Fikrət Qocanın vəfatı ilə bağlı yazdığım yazıda da qeyd eləmişəm. Fikrət Qocanın qızları, Sabir Rüstəmxanlının böyük qızı atam paytaxtın mərkəzindəki məşhur 132 nömrəli məktəbdə eyni sinifdə təhsil alıblar. Evimizdə ötən illərlə dair xatirələr yada düşəndə daim onlarla bağlı söhbətlər gedib mən  bu xatirələri öz uşaq yaddaşıma köçürə bilmişdim.

 

Təxminən 9-cu sinifdə oxuyurdum, Akademik Milli Dram Teatrında Sabir Rüstəmxanlının yubiley gecəsi keçirilirdi. Tədbirin rejissoru Əməkdar incəsənət xadimi Əskər Əskərov idi. Mən həmin gecədə Sabir Rüstəmxanlının 14-15 yaşını canlandırırdım. Səhnə - Yardımlı dağları idi, mən səhnədə çərpələng uçura-uçura şairin şeirini səsləndirirdim. Bu hadisədən sonra Sabir Rüstəmxanlını mütəmadi oxumağa başladım sözününün ecazına vurğun oldum.

 

Azərbaycan Yazıçılar Birliyi Qarabağla bağlı ədəbi nümunələrdən ibarət kitab çap etdirir. Həmin kitabda Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poeması da yer alıb. Rəşad Məcid həmin poemanı oxumağımı tövsiyə elədi. Oxuyub bitirəndən sonra bircə kəlmə dedim: Möhtəşəm!

 

Bu gün bədii əsərlərin nisbətən az oxunduğu bir dövrdəyik. Xüsusən, poema oxumaq ənənəsi köhnəlib. Belə bir zamanda poemaya qarşı xüsusi reaksiyanın gəlməsi, poemanın sevilməsi, oxucuların rəğbətini qazanması bunun nəticəsi olaraq kiçik kitab halında çap etdirilməsi əlamətdar hadisədir. Filoloji təhsilimi publisistik yanaşmamı bir kənara qoyuram, sıravi bir oxucu kimi Ələkbər Salahzadənin "Xocalı xəcilləri", Nurəngiz Günün "Xocalı simfoniyası" poemalarını oxuyanda necə dərin hüznə qərq olmuşdumsa, Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poemasını oxuyanda bir o qədər fəxarət hissi keçirdim, qürur duydum. Sabir Rüstəmxanlı bu xalqı özü ilə qürur duymağa sövq edən şairlərdəndir!

 

Ötən gün Davam Gənclər Hərəkatının Dayaq mərkəzində Sabir Rüstəmxanlı ilə görüş təşkil olunmuşdu. Poemanın kitab kimi çap olunduğunu orada bildim, gözəl təşəbbüsdür. Bu kitab əldən-ələ gəzməli, xüsusi təbliğ olunmalıdır. Onillər sonra yeni doğulan körpələr əql sahibi olanda Qarabağla bağlı böyüklərə sual ünvanlasa, bu poema onları çox mətləblərdən agah edə bilər. Poemada təkcə qazandığımız qalibiyyətdən bəhs olunmur. Həm bu qalibiyyətin fonunda xalqımızın milli ağrıları da, cəsarət nikbinliyi öz əksini tapır. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanında şairin "Millətəm" şeirinə yazılmış mahnı dillər əzbəri oldu:

 

Çəkil torpağımdan, ey yağı düşmən,

Mən şeytanın ümidini üzən millətəm.

Dünyanı üstümə qaldırdın, yetər,

Dünyanın dərdinə dözən millətəm!

 

Sabir Rüstəmxanlı yaradıcılığının predmetlərindən biri Ana dilimizin qorunmağı uğrunda mübarizə olub. Hələ Sovet imperiyasının kəskin qadağalarla meydan suladığı dövrlərdə şair Azərbaycan dilinə qarşı olan etinasızlıqla barışmayıb, daima öz cəsarətini sərgiləyib. Sabir Rüstəmxanlının məşhur "Sağ ol, ana dilim" şeiri bir vətəndaşın, qələm sahibinin ən ziddiyətli dövrdə öz dilinə, "silahına" minnətdarlığı idi. Sağ olun, Sabir Rüstəmxanlı! Bu millətin taleyüklü məsələlərinə xüsusi həssaslıq göstərən, sözün dəyərini artıran şəxsiyyətlərdən olduğunuza görə, çox sağ olun!

 

 

 

Nadir RZALI

525-ci qəzet.- 2021.- 20 may.- S.9.