"Əli metroda işləyir"

Eyvaz Zeynalovun hekayəsinin müzakirəsi

 

Feysbuk üzərindən bu dəfə tanınmış yazıçı Eyvaz Zeynalovun "Əli metroda işləyir" hekayəsini müzakirə etmişik.

Hekayə 2010-cu ildə "Ədəbi Azadlıq" müsabiqəsində birincilik qazanıb, 2015-ci ildə Ömər Mehmetzadə tərəfindən Türkiyə türkcəsinə çevrilib və Ankarada işıq üzü görüb. Mən Yan Qusun həyatına səs verirəm, bəs siz?

Layihənin ideya müəllifi və moderatoru Əsəd Cahangir

 

Əlabbas Bağırov: Eyvazı Eyvaz edən əsərlərdən biri və birincisi!

Xəyal Məmmədov: Həqiqətən hekayə janrı üzrə gözəl ədəbi mətnlərimizdən biridir.

Murad Süleyman: Oxuduğumdan nə götürdum? Hərbçilər - hər biri hərbi paxırı açan. Əli - hərəkətləri gənclərə görə dəli. Özünə iş olaraq etik qaydaları seçmiş - böyüyə, uşağa, əlilə yer vermək. Bəlkə, durub yer yerdiyinə görə insanlar ona pul da verirlər.  Beləcə, etik normalar biznesə dönür.

İbrahim Hacıyev: Eyvaz əfəndi yaxşı yazıçıdır.

Müşfiq Şükürlü: Bu mövzu barədə ilk dəfədir hekayə oxuyuram. Metroda, marşrutda kiməsə yer vermək yeni dövrün problemi sayıla bilər. Niyə, axı başqasına yer verməliyik? Yazıçı mövzunun həllini gülüşlə verməyə çalışır və fikrimcə, mühafizəkar mövqeyin əleyhdarıdır. Gör, metroda yer vermək nə ciddi problemdirsə, hekayənin qəhrəmanı hətta buna iş kimi yanaşır. Yazıçı bu sadəlövhlüyün bədii həllini Əlinin timsalında göstərib.

Almaz Bəyazid: Maraqlı hekayədir. Əli obraz olaraq çox xoşuma gəldi. Metroda həyatın, insanlığın gedişatını nizamlayır Əli. Nizamlayan məhz Əli kimi təmiz, xeyirxah, etdiyi yaxşılıqdan zövq ala bilən olmalıdır. Laqeyidliyin baş alıb getdiyi dönəmdə rahat yerini başqasına verib sevinə bilmək böyüklüyü...

Sara İbrahim: Yaxşı hekayədir. İctimai nəqliyyatda hər tip adamlarla, hadisələrlə rastlaşmaq mümkündür. Əli kimi saf niyyətli adamlara cəmiyyət "dəli" damğası vurur. Metrodakı yer simvolikdir. Əli öz rahatlığını başqalarına qurban verən və bundan özünü xoşbəxt sayan indiki dövrdə gündüz çıraqla gəzsək, tapa bilməyəcəyimiz insan tipidir.

Maya Əsəd: İşsizlik probleminin psixoloji təsiri...

Qalib Səfahət: Mən bilən Eyvaz Zeynalovun "Azadlıq" radiosunun "Oxu zalı"nda birinciliyə layiq görülmüş hekayəsidir. Həqiqətən birinciliyə layiqdir. Müəllifə uğurlar diləyirəm.

Nazilə Gültac: Əli obrazı mənə Novruzəlini xatırlatdı. Novruzəli avamdır, Əli dəlidir.  Hər ikisi ağlın patoloji kənara çıxmasıdır. Novruzəli poçt qutusunu qoruyur, onu özünə vəzifə bilir. Əli də metroda gələnə-gedənə yer vermək üçün boş yerin gözətçiliyini edir. Belə çıxır ki, bu yüz ildə biz avamlıqdan dəliliyə bir yol gəlmişik. Yol demiş, metro da hekayədə bir obrazdır. Gedir- gəlir, qapalı trayektoriya ilə hərəkət edir. Müəllif göstərir ki, biz bu illər ərzində irəliləyə bilməmişik.

Sara Selcan: Sadə dildə yazılsa da, əsərdə insanlığın əzəli və əbədi ideyası qabarıqdır.

Elşən Əzim: Cəmiyyət etik qaydalara riayət edənlərə dəli kimi baxır. Məncə, müəllif bunu demək istəyir. Əli maraqlı obrazdır. Cibindəki kağızda səliqə ilə statistika aparması keçmiş mühasibliyindən qalmış adətdir. O, dəlixanaya düşəndən sonra işsiz qalır. Yəni işlədiyi vaxt dəli olur. Bu məsələ də təhlilə və müzakirəyə açıq məqamdır. İşin və işsizliyin yaratdığı problemlər. Mühasib ən oturaq işlərdən biridir. Bəlkə də, Əlinin şüuraltında işlədiyi vaxtlarda oturmaqdan yorulduğu qalıb, uzun müddət oturub işləməyin depressiv təsiridir ki, indi ayağa qalxıb hamıya yer verməklə özünü daha rahat hiss edir.

Zahid Xəlil: Sadə həyat keçirən, əslində, cəmiyyətin təcrid etdiyi, iqtisadi ehtiyaclarla hədələdiyi Əli əsl insana xas keyfiyyətlərini nəinki unutmayıb, onu gündəlik həyat tərzinə çevirən maraqlı obrazdır. Hekayə mənə xoş təsir bağışladı.

Meyxoş Abdullah: Xırda iradım hekayənin dili ilə bağlıdır. Belə ki, "prizivnik", "skorost", "rol" "qrajdannıda", "remontnıy", "yamadayam" kimi rus sözlərini dilimizə çevirmək o qədər də çətin deyildi.

Əsəd Cahangir: Meyxoş müəllim, hekayədə işlənən rus sözləri personajların dilindən səsləndiyi üçün nöqsan sayılmamalıdır.

Elşən Əzim: Həm də zabitlərin dilindən işlənməsi təsadüfi deyil. Hərbçilər rus sözlərindən çox istifadə edirlər. Bu da ciddi məqamlara işarədir.

Rəfael Tağızadə: Maraqlı hekayədi. Həyatın problemlərini özündə əks etdirir. Düşündürücüdür. Ona görə də təkrarən oxumaq olur. Gözəl əsərlər müəllifi Eyvaz Zeynalova uğurlar diləyirəm.

Etibar Yaqubov: Eyvaz Zeynalov yaddaqalan süjet, qəhrəman, obrazlar yarada bilib. Əli normal insan səviyyəsindən çıxaraq, cəmiyyətin ruhi xəstə hesab etdiyi hala gəlib. Belə bir obrazın daxili aləmini, psixoloji dünyasını yaratmaq çətindir.

Orhan Aras: Çok ilginc bir hikayedir. Eyvaz muallim zaten dile hakim yazardır. Tüm eserlerinde sade bir dil ve akıcılık var.

Əlirza Xələfli: Əsəri şərtləndirən iki cəhəti deyim: dili və həyata yaxınlığı... Eyvaz zənnimcə, bu mərhələnin ustadlıq mərtəbəsinə çatıb. Mən Əli sarıdan bir az nigaran qaldım. Bəs, o, pandemiya qadağaları şəraitini necə keçirir?

Sadıq Qarayev: Əli təmizlik paklıq, başlıcası isə digərləri üçün öz mənafeyindən keçə bilən obrazdır.

Abdulkadir Ozkan: Evvela görüşlerimi Türkiye ve Azerbaycan türkçesinden bir okur olarak paylaştığımı belirtmek isterim.  Zeynalov'un hikayelerinde iktisadi statüyü kıskandıracak bir zengin ve fakir ayrımına tanık ola biliyoruz.  Akıcı anlatımı, yalın ifadeleri, felsefi arka planıyla okuru rahatsız etmeden ve taraf tutmadan gözler önüne serebilen usta bir kalem. Yaşanmış, ya da yaşanması kuvvetle muhtemel olaylara nükteler vurduğu eserlerinden biri de "Ali Metroda Çalışıyor" isimli eser.

Aytən Mahmud: Hekayəyə hansı meyarlara görə birinci yer verilib anlamadım. Nə Əlinin psixoloji durumu tam təsvir olunub, nə də çatdırmaq istədiyi sosial mesaj bilinir.

İnqilab İsaq: Hekayə xoşuma gəldi. Hekayənin qəhrəmanı Əlinin dumduru hissləri ciddi mesaj verir. Sən demə, işsiz adamın ən gözəl iş yeri onun xeyirxah ürəyi olmalıdır.

Şiringül Musayeva: Bu hekayə nə ilə birincilik qazanıb, hansı özəllikləri var, axı? Üslub yox, bədiilik yox, yaddaqalan süjet yox. Hekayəni oxuyanda heç bir ləzzət almadım, heç nə öyrənmədim.

Həcər Paşayeva: Əsərə çox müxtəlif tərəflərdən yanaşmaq olar. Metro qatarını ömür yolu kimi başa düşdüm. Hər birimiz öz dayanacağımızda düşürük - Əli kimi - son stansiyada. Onun yer təklif etməsi (xeyirxah əməl) və bunu siyahıya alması bizim əməl dəftərinin rəmzi kimi anlaşılır. Əlinin "planı doldura bilməmişəm"i sanki oxucuya mesaj verir: xeyirxah əməllərin ardınca daha çox qoşmaq lazımdır.

Turan Novruzlu: Yazıçı hərbi sahədə olan problemləri də göz önünə gətirib. Metroda "işləyən" Əli obrazı isə insanı dəlilik halına gətirə biləcək ağır iş rejiminə güzgü tutub. Yazıçı ön cəbhədə də, arxa cəbhədə də bütün günahı insanların vicdansızlığında görür. Metro yerin dərinliyi olduğu kimi, insan əxlaqı və ürəyi də insanın içi, dərinliyi - "metrosudur".  Sonda Əli metrosuna tələsir. İnsanlar da bir öz dərinliklərinə enib, vicdanlarını dinləməyə tələssinlər deyə.

Aslan Quliyev: Eyvaz söz adamıdır. Sözlə işləməyi bacaran çox az nasirlərimizdəndir. Nədən yazırsa, yazdıqlarını oxucunun düşüncə obyektinə daxil eləməyi bacarır. Sadə, gözəl hekayədir.

Oqtay Əhmədov: Metro stansiyalarında hər gün görüb seyr etdiyimiz mənzərəni bacarıqlı rəssam tək xırdaca detallarınacan kağız üzərinə köçürə bilmək istedadı müəllifin irihəcmli əsərlərində olduğu kimi, bu kiçik hekayəsində də özünü büruzə verir. Eyvazın yaradıcılığının dadı-duzu da elə bundadır!

Bahəddin Salman: Əli maraqlı obrazdır, amma heyif ki, Eyvaz bəy yaratdığı obrazın psixoloji dərinliklərini aça bilməyib. Əlini hamının yolda görə biləcəyi tərzdə çatdırıb. Əli niyə dəli olub? Bu sualı biz oxucular tapacağıqsa, mətn hekayə kontekstindən çıxıb tapamca olacaq... Hekayə mənə əhvalat təsiri bağışladı.

Xəyyam Rəfili: Eyvaz bəy haqqında çox eşitdiyim üçün bəlkə də daha sanballı mətn gözləyirdim, təəssüf ki, belə olmadı. İki hərbçinin dialoqunun mövzuyla əlaqəsini anlamadım. Əlinin ruhi sarsıntı keçirmə səbəbi də qaranlıq qalır. Əslində, psixi pozuntusu olan adamın özünə xeyirxah bir vəzifə təyin etməsi maraqlı mövzu idi, lakin hekayə müşahidə və nəqldən ibarətdi.

Yeqzar Cəfərli: Maraqlı hekayədir. Dövrün problemlərini sadə dildə çatdırır, axıcı təhkiyəsi var. İşin insan həyatındakı önəmi itməkdə olan mənəvi keyfiyyətlərin fonunda acı reallığa çevrilir. İşləmək təkcə fiziki akt yox, həm də mənəvi doyumdur. Cəmiyyətdə baş verən əksər problemlərin kökündə dolanmaq problemi dayanır.

Qəşəm İsabəyli: Eyvaz Zeynalov təzə bir mövzu kəşf edib. Bu, bir yazıçı üçün təqdirəlayiqdi. Deməli, biz bu günün ağır vaxtında belə xalqa sığınmalıyıq ki, onun adət-ənənəsi bizi xilas etsin. Bu mövzu, bu qələm işlətmək bacarığına görə qardaşımız Eyvazı təbrik edirəm!

Könül Aydın: Hekayənin əsas motivi bədii tapıntı kimi dəyərlidir, amma üzərində bir az daha işlənməsinin vacib olduğunu hesab edirəm.

Vahid Qazi: Maraqlı tipdi Əli. Hamımızda bir az var o "əlilik"dən. Hamı deyəndə postsovet dövrünün metroluq adamlarında. Bax, o adamı - postsovet çağın metroluq adamını tam açan roman yazmağı arzulayıram Eyvaz bəyə.

Qurban Bayramov: Məncə, bu hekayəni dürüst təhlil etmək üçün ən əvvəl hekayənin üslubi janrını müəyyənləşdirib, sonra məsələlərə güzgü tutmaq gərəkdir... Ümumən hekayə haqqında fikrim: ŞEDEVR....

Mehmet Ömer Kazancı: Usta bir yazardan çok güzel bir hikaye okuma şansına kavuşturdunuz bizi.. Yazara ve size sonsuz teşekkürler.

Varis Yolçuyev: Hekayəni ikili hisslə oxudum: birincisi, maraqla - ona görə ki, orijinal, sadə, lakonik bir hekayədir, ictimai-siyasi yükü, mesajı var. Yazıçı oxucunu sual qarşısında qoyur ki, hər gün metroda ən azı 50 nəfər qocaya, qadına yer verən Əlidirmi başı pozulmuş, yoxsa saymazyana, genələrək oturub yer verməyən digər əksəriyyətmi? Sosial mesajın ikinci - daha dərin qatı da var, söhbət ümumən cəmiyyətdə yer verməməkdən də gedir, bu cür məcazlar bədii ədəbiyyatın gücünə güc qatır; ikincisi, təəssüflə - ona görə ki, müəllif hekayəni çapa hazırlıqsız təqdim edibsə də, onu dərc edən media qurumunun borcudur ki, korrektə və redaktə işlərini yüksək səviyyədə aparsın.

Şeref Yılmaz: Zeynalov bu hikayesinde durum tespiti yapıyor. Ali tipi, hayatımızın içinden bir tiptir. Metroda onun para kazanmak için çalışması, helal yoldan ekmeğini kazanan insan tipine bir örnektir. Bu tavır, Ali gibi yarı deli bir tiple de uyum sağlamaktadır. Çünkü deliler aldatmaz, haram yemez, herkese yardımcı olmak isterler. Bu hikayenin bitişini başarılı buldum. Ucu açık bir hikaye olmuş. Okur, hikaye bittikten sonra da Ali'yi düşünmeye devam ediyor. Bu modern hikayenin bir özelliğidir.

Nihat Pir: Təhkiyə şəkli o qədər xoşuma gəlməsə də, hekayənin məğzi konkret tapıntıdır. Mövzu özü elə bir mövzudur ki, bunu hekayə kimi işləmək hər yazıçının ağlına gəlməzdi.

Aydarbek Sarmanbetov:  Rasskazı Eyvaza Zeynalova jiznennı i napisanı na vısoko xudojestvennom urovne. Ə perevodil ix i oznakomlivaö bolee 10 let naşix, kırqızskix çitateley. İ gtot rasskaz aktualen i kak i vse eqo rasskazı na vısokom urovne

(Eyvaz Zeynalovun hekayələri həyatidir və yüksək bədii səviyyədə yazılıb. Mən onları tərcümə etmişəm və 10 ildən artıqdır ki, bizim qırğız oxuculara çatdırıram. Bu hekayəsi də aktualdır və onun bütün hekayələri kimi yüksək səviyyədədir)

 

Materialları çapa Nihat Pir hazırladı

525-ci qəzet.- 2021.- 22 may. S. 18-19.