Acı
taleli qız
(Əvvəli var)
Axşam isə bir bahalı restoranda toy məclisi keçirildi,
bəylə gəlindən savayı,
iştirakçıların sayı iyirmidən artıq idi.
Hüseyn yeni qaynanasını və Ruhiyyənin
məktəbli bacısını mehribanlıqla
qarşıladı və onları Yusif müəllimin
yanında oturtdu. Yusif müəllimin oğlu və
qızı da onun gəlini və kürəkəni ilə
birlikdə toyda iştirak edirdilər. Hüseyn ona toydan bir
gün əvvəl zəng edib, dəvəti təkrar
etməklə tam rəsmiləşdirmişdi. Onlar
məclisdən əvvəl yaxınlaşıb Ruhiyyəni
səmimi təbrik etdilər, qızı və gəlini
isə Ruhiyyəni görəndə heyranlıqlarını
gizlədə bilməyib, onu öpdulər. Hüseyn
müəllim bahalı boz kostyumda idi, onun ağaran
saçlarına bu rəng tam uyğun gəlirdi. Paltarı
onu xeyli cavanlaşdırmışdı, sifətindən
sevinci aydın hiss olunurdu, bunu gizlətməyə
çalışsa da, daxildən gələn
şadlanmasıını ört-basdır edə bilmirdi.
Ruhiyyə qorxurdu ki, adamlar bunu başqa cür izah edə
bilər. Güman edərlər ki, onlar çoxdan
bir-birinə vurulubmuşlar və yəqin ki, hər ikisi
Südabə xanımın ölümünü
səbirsizliklə gözləyirmişlər ki,
arzuladıqları birlik baş tutsun. Ruhiyyə təlaş
keçirirdi, düşünəcəklər ki, bu ifritə
Hüseyn müəllimi yoldan çıxartdığına
görə toy belə tez baş tutmuşdur, axı
hələ bir il, ən azı altı ay gözləmək
olardı. Südabə xanımın vəfatından isə
vur-tut üç ay keçmişdi. Hüseyn müəllim
özünə haqq qazandırırdı ki, nikahı sürətləndirən
Südabənin özü, onun yalvarış
şəklindəki vəsiyyəti olmuşdu. Ərinə
qarşı daim qısqanc olan bu qadın, onun başqasına
meyl etməsindən, onu seçməsindən qorxu
keçirdiyinə görə, öz protejesi Ruhiyyəni ortaya
atmışdı. Fransada kral XIII Lui öləndə, arvadı
Anna Avstraliyalı ucadan ağlayanda onu
sakitləşdirmişdilər ki, bizdə kral ölmür,
"kral ölmüşdür, yaşasın yeni kral"
sədaları hər tərəfi bürüyür. O da bir
sevimli arvadını itirdisə, ondan heç də geri
qalmayan bir qıza evlənir, bu qız həm də mərhumun
sədaqətli varisi, əsl printsessa olacaqdır.
Toy iştirakçıları Ruhiyyənin toy
paltarını, buna görə onun zövqünü də
yüksək qiymətləndirirdilər. Hüseyn isə
təzə gəlininin üzünün ifadəsini,
təbəssümünü ən bahalı paltardan da daha
qiymətli sayırdı, onun valeh olduğu bu
mənzərəni heç nə əvəz edə
bilməzdi. Qonaqlar isə qızın gözəlliyni qeyd
etməklə yanaşı, onun zövqünün necə
olması ilə də maraqlanırdılar, bu da onların
müşhidələrindən kənarda qalmırdı. Toy
paltarı onun bədən cizgilərini olduqca yaxşı
nümayiş etdirirdi, ancaq hamı hiss edirdi ki, bu qızın
gözəlliyi elə bil ki, paltarın altında da
gizlənmək istəmir, qızın bədəni ilə
uzun ətəkli yubkanın vəhdəti günəşin
ilk şüalarının səhər tezdən şehlə
öpüşməsi təsəvvürünü
yaradırdı. Ruhiyyə, həqiqətən də,
ətrafa işıq, valehedici hərarət yayırdı. Bu
gün ona şaftalı çiçəyi də
qısqanclıq edə bilərdi. Qonaqların ona
göstərdiyi diqqət bu qızın qəlbini daha böyük
qürurla doldururdu. Axı o, yuxusunda da bu xoşbəxtlik
zirvəsini görə bilməzdi. Toyun
iştirakçılarına xoş gəlmək üçün
daim gülümsünürdü, anlayırdı ki, Hüseyn
həm də yeni nikahına görə dostları
qarşısında imtahan verir.
Toy olduqca şən keçirdi, ən azı bu,
Ruhiyyəyə belə gəlirdi, onun toylar barədəki
təsəvvürü də məhdud idi, çünki
bəzi kasıb rəfiqələrinin ucuz yeməkxanalarda
keçən toyunda iştirak etmişdi. Burada isə
iştirakçı az olsa da, səs-küy heç də
şadlıq evlərindəkindən geri qalmırdı.
Musiqiçilər restoranın zalından gəlib,
çalıb oxuyurdular. Yaşlı kişilər və
onların özünü cavan göstərməyə
çalışan xanımları əl qaldırıb
oynayırdılar, bir cütlük isə həm milli, həm
də gürcü rəqsini böyük ustalıqla
oynayırdı, elə bil ki, onlar buraya balet studiyasından
gəlmişdilər.
Toyun şən keçməsi bəylə gəlini
xüsusilə sevindirirdi. Hüseyn də özünü cavan
bəyə oxşatmaq istəyirdi, tez-tez gəlini
rəqsə dəvət edirdi. Ruhiyyə gürcü
rəqqasələrini yamsılamaq qaydasında xırda
addımlarını tez-tez atmaqla süzməyə
çalışırdı və
müşahidəçilərin rəyinə görə bu,
onda alınırdı. Sağlıqlar bir-birini əvəz
edirdi, bəziləri iki-üç dəfə sağlıq
deyirdi. Hüseynin bir arxitektor kolleqası isə öz
peşələrinin yüksək silkə mənsub
olduğunu vurğulayıb, tarixi şəxsiyyətlərin
bu yaradıcı işə böyük qiymət
verdiklərini yada salırdı. O deyirdi ki, təsadüfi
deyildir ki, Madam de Stal və Höte arxitekturanı
"donmuş musiqi" adlandırmışdılar.
Rabindranat Taqor isə memarlıq incisi sayılan Tac Mahalı
"tarixin yanağında donmuş göz yaşı"
kimi qiymətləndirmişdi. O, ilk şəhərsalma elminin
banisi, qədim yunan Hippodamı, Renessans Romasındakı Mikelancelo və
Bernini kimi dahiləri, XIX əsrin məşhur arxitektoru
fransız Şarl Qarnyeni, XX əsrin əvvəlindəki
kataloniyalı Antonio Qaudini yada saldı.
Möcüzələrdən Krit adasındakı Knossos
sarayını, Afinadakı Parfenonu, Romadakı Kolizeyi, Panteonu
və Müqəddəs Pyotr kilsəsini, İstanbuldakı
Aya Sofiyanı, Kambocadakı Anqkor şəhərinin
məbədlərini, İndoneziyadakı Yava adasında
yerləşən Borobuduru, Moskvanın Kreml ansamblını,
Səmərqənddəki Registanı, Parisdəki Qrand Opera
binasını, Barselonadakı Saqrada Familia məbədini,
onları yaradanların böyük istedadını və
zəhmətini qeyd etdi. XX əsrin məşhur
arxitektorları Le Korbyüze və Oskar Nimeyer müvafiq olaraq
Hindistanda Çandiqarx və Braziliyanın yeni paytaxtına
çevrilmiş Brazilia şəhərlərini
salmışdılar. Pekindəki Bağlı şəhər
və Göy məbədi, Bakının Qız qalası
və Şirvanşahlar sarayı da memarlıq inciləri
sırasına daxildir.
Ruhiyyə qonağın danışığından
darıxırdı, bəzi adları heç
tanımırdı da. Əri onun
narazılığını hiss edib, yavaşca dedi ki, bu,
bizim arxitektura tarixi ilə məşğul olan
kolleqamızdır, yaxşı tədqiqatları var,
kitabları çox ölkələrdə çap olunub.
Ruhiyyə Südabə xanımı xatırladı, axı o
da zəngin biliyə və geniş dünyagörüşə
malik idi, söhbət etdikdə onunla mübahisə etmək
də olmazdı.
Ruhiyyə hamıdan çox Yusif müəllimin
çıxışını səbirsizliklə
gözləyirdi. Nəhayət, ona söz verdilər və
bəlkə də, onun tostu məclisdə ən səmimi
çıxış idi. Həm də o, gəlin
tərəfdən nitq söyləyən yeganə
nümayəndə idi, başqa çoxluq isə bəy
tərəfini təmsil edirdi. Ruhiyyəyə görə, onun
bu şadlığın baş tutmasında xüsusi
xidməti var idi, axı ilk addımdan, daha doğrusu, ilk
görüşdən bu günədək ona olduqca
ağıllı məsləhətlər vermiş, onu
yandırıb udmağa qadir olan bir alovdan xilas etmişdi. Buna
səbəb isə yalnız onun insansevərlik
xüsusiyyəti olmuşdu və bu hiss indi də onun
çıxışının leytmotivini təşkil etdi:
- Bu toya, bu şadlığa daha çox sevinən
adamlardan birinin mənim olduğumu təsdiq etməyə
müəyyən haqqım vardır. Bu gün öz
övladlarımla birlikdə ikinci qızımın toyunda
iştirak edirəm, çünki Ruhiyyəni doğma
qızım hesab edirəm. Mən Hüseyn müəllimi
ürəkdən təbrik edirəm ki, belə təmiz
ürəyə malik olan bir qızla ailə həyatı
qurur. Mən heykəltəraş olsaydım, Qalateyaya
bərabər ona heykəl yonardım, lakin o canlananda onun
Piqmalionu isə məhz Hüseyn müəllim olmalı idi. Bu
izdivacla Hüseyn müəllim də Ruhiyyəyə yeni
nəfəs, yeni həyat vermişdir. Belə bir intibaha
mən ürəkdən şadam. Ancaq təkcə birinizi
deyil, sizin hər ikinizi bu ittifaqa girməyinizə görə
xoşbəxt hesab edirəm. Ən böyük fatehlik
ürəyi fəth etməkdir, siz də bir-birinizin
ürəyini fəth etməyi bacarmısınız. Qautama
Budda öz ömrünü Bodhi ağacının altında
keçirib işıqlandığı kimi, bu yeni
ailəyə də mən məhəbbət
ağacının kölgəsində rahat həyat
sürməyi arzu edirəm. Qoy onların bir-birinə
bəslədiyi hisslər oksigen kimi gözə
görünməsə də, bol olsun. Onlar xoşbəxt
həyat sürməyə layiqdirlər. Şit
səslənsə də, toylarda reçitativə
çevrilən bir sözü təkrar etmək
istəyirəm, qoy bu gözəl cütlük həm də
övlad sahibi olsun. Mən çox istərdim ki, onlar daim
bir-birlərini düzgün və yaxşı anlasınlar,
xırda məsələlərdə riqorizm nümayiş
etdirməsinlər, qarşılıqlı
güzəştə getməyə həmişə hazır
olsunlar. Mən şübhə etmirəm ki, onlar həyatı
yaxşı dərk edirlər, bilirlər ki, bu, heç
də şəhərimizdəki Fəvvarələr
meydanında gəzintiyə çıxmaq deyildir, enişi
var, yoxuşu var, əziyyətə qatlaşmağı da
tələb edir. Bəlkə də, mən aydın
həqiqətləri yada salmaqla vaxt alıram, qeyd etmək
istəyirəm ki, onların idrakının gücünü
hər şeydən əvvəl ikisinin də uğurlu
seçimində görürəm. Qoy bu ailə daim bədxah
nəzərindən, diqqətindən uzaq olsun, bəy və
gəlinin hər ikisi nəcib insanlar olduqlaruna görə
onların xeyirxah adamların əhatəsində
olacaqlarına mən qətiyyən şübhə
etmirəm. Axı qızılgül kolu,
çiçəklər daim özünə
kəpənəkləri, günəşin bacısı
sayılan işçi arıları cəlb edirlər. Qoy
dostları da pərvanə timsalında, daim bu
cütlüyün rəmzi sayılacaq şamın
işığına toplaşsınlar. Sözümün
reallığını sübut etmək üçün bal
ayından sonra mən onları təşkil edəcəyim
ziyafətə dəvət edirəm, bəyin dostlarından
kimsə iştirak etmək istəsə, mən yalnız
şad olaram. Bu gün tanış olduqlarımın
hamısının iştirakı ziyafətimizi daha
şən edərdi, çünki mən buradakıları,
İisus Xristin təbirincə desəm, seçilmişlər
hesab edirəm.
Çıxış məclis
iştirakçılarına olduqca yaxşı təsir
bağışladı. Hüseyn müəllim əlindəki
dolu qədəhlə ona yaxınlaşıb, razılığını
bildirdi. Ruhiyyə sevinc dənizində üzürdü,
ağlına da gətirməzdi ki, bu alicənab insan onu öz
qızı adlandıracaq, ərinə və özünə
belə xoş arzular diləcəyəkdi. Hamı Yusif
müəllimin tostunu bəyəndiyini ifadə etməyə
tələsdi. Oğlu və qızı, gəlini və
kürəkəni öz atalarına
çıxışının uğurlu alınmasına
görə təşəkkürlərini bildirdilər.
Nəhayət, toy məclisi sona çatdı, qonaqlar toy
hədiyyələrini gəlinə hələ toy
başlamamışdan vermişdilər. Yusif müəllim
isə iri bir qızılgül səbəti gətirmişdi.
Ruhiyyə ilk dəfə idi ki, belə məclisə
düşürdü, qiymətli hədiyyələr qəbul
edirdi, çünki Hüseynin dostlarından ona qızıl
bəzək əşyaları da gətirən olmuşdu.
Ömründə gümüş bəzəyin də nə
olduğunu bilməyən, bijuteriyadan başqa heç nəyi
tanımayan bir qız bahalı paltarlarına artıq
qızıl boyunbağını və qolbağını da
əlavə edəcəkdi. Çil-çil toyuq qızıl
qırqovulun lələklərinə sahib olacaq, bu, onun
təbii gözəlliyini, üzük dövrəsində olan
qaş kimi daha artıq parlaq edəcəkdi.
Ruhiyyənin ilk gəlinlik anları
Məclis yekunlaşandan sonra Hüseyn müəllim yeni
qayınanasını və gənc baldızını
evlərinə yola saldı və tapşırdı ki, tez-tez
bizi yoxlamağa gəlin. Bahalı bir maşında
bəylə gəlin evlərinə tələsdi. Ruhiyyə
çay hazırladı ki, ərində spirtli
içkilərin təsiri azalsın. Çay süfrəsi
arxasında onlar yenə də bir-birlərinə olan
məhəbbətlərini izhar etdilər. Onların bu
səmimi söhbətindəki ehtiras ifadələrini Eloiza
ilə Abeltarın məktublarındakı alovlu sevgi etirafları ilə
müqayisə etmək olardı. Ehtiras isə öz
təsdiqini ilk gecədə bir daha aydın büruzə verdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2021.- 22 may. S. 22.