Həqiqət Rzayeva təkrarsızlığı
Görkəmli xanəndə və opera sənətşisi Azərbaycan mədəniyyəti tarixində
silinməz izlər qoyub
Ötən
yüzilliyin birinci yarısında musiqimizin inkişafında,
təbliğində böyük xidmətlər göstərmiş
fədakar qadın müğənnilərimiz olub. Musiqisevərlər tərəfindən
adları ehtiramla yad edilən Cahan Talışinskaya, Sürəyya Qacar, Münəvvər və Yavər Kələntərli
bacıları, çətinliklə
də olsa, Azərbaycan qadınının
yüksək istedada, böyük mənəvi gücə qadir olduğunu göstəriblər.
Bu sənət fədailəri arasında
görkəmli müğənni,
pedaqoq, Xalq artisti Həqiqət Rzayevanın xüsusi yeri var.
AZƏRTAC
xəbər verir ki, bu gün
Azərbaycan səhnəsində
çıxış edən
ilk qadın müğənnilərdən
biri olan Xalq artisti Həqiqət
Rzayevanın anadan olmasından 114 il
ötür. Hər il bu təqvimdə xalqımız
öz böyük sənətkarını xatırlayır,
onun çəkildiyi filmlər televiziya vasitəsilə göstərilir.
Onun yaradıcılığının
milli musiqi sənətimizin inkişafında
müstəsna yeri
var. 2007-ci ildə bu böyük sənətkarın
anadan olmasının
100 illiyi ilə bağlı Prezident Sərəncamında "Azərbaycan
səhnəsində çıxış
edən ilk azərbaycanlı
qadın müğənni,
milli musiqinin inkişafına töhfələr
vermiş" bir sənətkar kimi xarakterizə olunub.
Onun səsindəki məlahət
ilk ifalardanca diqqət
çəkib və Həqiqət xanım az bir müddət içərisində
məşhurlaşıb. Əsl adı
Süsən idi, Həqiqət adını
isə sonradan götürüb. Soyadı isə
Əliyeva idi. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra onun soyadını
daşıyıb.
Həqiqət Rzayeva 1907-ci ildə Azərbaycanın dilbər
guşələrindən olan
Lənkəranda dünyaya
göz açıb. İlk təhsilini
Lənkərandakı Qızlar
məktəbində alan Həqiqət xanım müəllimə
olmağı arzulayırdı,
amma elə uşaqlığından valideynləri
onda gözəl səs olduğunu hiss ediblər.
1923-cü ildə onun
ilk arzusu reallaşıb. Belə
ki, həmin il Həqiqət
xanım Bakı Pedaqoji Texnikumuna daxil olub. Onu məktəbin
dram dərnəyinə üzv
yazıblar. Mahnılar oxuyur,
səhnə əsərlərində
oynayırdı. Bakıda elə
həmin vaxtlar "Damğa" adlı satirik teatrın açılması onun da
həyatını dəyişib
və Həqiqət xanım həmin teatrda işləməyə
başlayıb. Beləliklə, o öz sənət yolunu müəyyənləşdirib
və Azərbaycan Dövlət Konservatoriyasına
daxil olub.
1928-1932-ci illərdə Konservatoriyanın
muğam şöbəsində
təhsil alan
H.Rzayeva burada böyük sənətkarlarla
qarşılaşır.
Həqiqət xanım gələcəkdə
opera müğənnisi olacağını
heç ağlına
da gətirməzdi. Amma Üzeyir
bəylə tanışlığı
onun taleyində çox əhəmiyyətli
rol oynadı. Üstəlik, bəstəkar
Müslüm Maqomayevdən
"Şah İsmayıl"
operasına dəvət
alması 20 yaşlı
Həqiqət xanımın
həyatında yeni bir dövrün başlanğıcını qoydu.
Ərəbzəngi rolu çox
məsuliyyətli idi.
Həqiqət Rzayeva bu obrazın üzərində
çox işlədi
və "Şah İsmayıl" operası
böyük müvəffəqiyyətlə
nümayiş etdirildi.
Onun ifası gözəl alınmışdı, haqqında
qəzetlər yazmışdı.
Bu hadisə mətbuatda
"inqilab" kimi qiymətləndirilirdi və
Həqiqət xanımın
gələcəyinə böyük
ümidlər ifadə
olunurdu. Beləliklə,
nəhayət ki, Ərəbzənginin ilk qadın
ifaçısı "kəşf"
olundu, Həqiqət Rzayeva sonralar 500 dəfədən çox
bu rolu oynadı.
Onun tamaşalarına böyük
maraq var idi. Həmişə Opera Teatrının səhnəsi tamaşaçı
ilə dolu olardı.
1927-1952-ci illərdə Opera və Balet Teatrının
solisti, muğam və xalq mahnılarımızın
ifaçısı kimi
tanınır. Ərəbzəngi
("Şah İsmayıl"
- Müslüm Maqomayev),
Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın
mal alan" - Üzeyir Hacıbəyli),
Şahsənəm ("Aşıq
Qərib" - Zülfüqar
Hacıbəyov) onun yaratdığı əsas
səhnə obrazlarıdır.
Elə Leylini də böyük istedadla ifa edib. Deyilənə görə, bu rolu min dəfədən artıq səhnədə
canlandırıb. Amma
əfsuslar olsun ki, həmin tamaşaların heç birinin lent yazısı qalmayıb. Ən əsası bu
idi ki, onun
məlahətli səsi
obrazı tamamlayıb.
Məhz ondan sonra Leylinin
Azərbaycanda yeni-yeni
ifaçıları yetişib.
Həqiqət xanım milli opera sənətimizin əsl ulduzu idi. Onun
opera səhnəsindəki xidmətləri
yüksək qiymətləndirilib,
dəfələrlə orden,
medallarla təltif olunub, ən başlıcası isə
"Xalq artisti" fəxri adına
layiq görülüb.
Həqiqət Rzayevanın kino
fəaliyyətinə gəldikdə
isə o, çox az filmdə
çəkilib. "Ögey ana" filmində Qəmər xala obrazını məharətlə oynayıb
və bu obrazı ilə də yaddaşlara həkk olunub.
Həqiqət xanım həm də pedaqoji fəaliyyətlə məşğul
olub. Uzun illər Asəf Zeynallı adına Bakı
Musiqi Məktəbində
dərs deyib, Opera və Balet Teatrında
məşqçi-pedaqoq kimi
fəaliyyət göstərib.
İkinci Dünya müharibəsi illərində Azərbaycanın
incəsənət ustaları
ilə dəfələrlə
cəbhədə döyüşçülər
qarşısında çıxış
edib, öz şaqraq səsi ilə əsgərləri
qələbəyə ruhlandırıb. Onun yaradıcı
ömrünü bütövlükdə
musiqi sənətimizin,
milli operamızın inkişafına həsr edib. Yaratdığı
rollar opera sənətimizin tarixində
silinməz izlər qoyub.
Bu böyük
sənətkarın xatirəsi
xalqımızın yaddaşından
heç vaxt silinməyəcək, gələcək
nəsillər onu böyük hörmət və məhəbbətlə
xatırlayacaq.
525-ci qəzet.- 2021.- 21 may.- S.9.