Tahir Salahov
son mənzilə yola salındı
SSRİ-nin və Azərbaycanın Xalq rəssamı,
Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq
Akademiyasının vitse-prezidenti, Avropa Elm və
İncəsənət Akademiyasının həqiqi
üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov
dəfn olunub.
Mərhum I Fəxri xiyabanda torpağa
tapşırılıb.
Dəfn mərasimində Mədəniyyət Nazirliyinin
nümayəndələri, elm və mədəniyyət
xadimləri, mərhumun ailə üzvləri iştirak
ediblər.
Mərhumun məzarı üzərinə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.
Qeyd edək ki, Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı
şəhərində anadan olub. Orta məktəbi
bitirdikdən sonra o, 1945–1950-ci illərdə Əzim
Əzimzadə adına Azərbaycan Rəssamlıq
Məktəbində, 1951–1957-ci illərdə V.İ.Surikov
adına Moskva Dövlət Rəssamlıq İnstitutunda
təhsil alıb.
Tahir Salahov 1963–1974-cü illərdə Azərbaycan
Dövlət İncəsənət İnstitutunda, 1975-ci
ildən isə V.İ.Surikov adına Moskva Dövlət
Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət
göstərib və 1984–1992-ci illərdə həmin institutda
kafedra müdiri vəzifəsində çalışıb.
Tahir Salahov 1979–1983-cü illərdə UNESCO yanında
Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti,
1983-cü ildən fəxri prezidenti olub, 1992-ci ildə
Rəssamların Beynəlxalq Federasiyasının
vitse-prezidenti seçilib. O, bir sıra ölkələrin
mötəbər yaradıcılıq qurumlarının
fəxri üzvü idi.
Tahir Salahov zəngin yaradıcılığında milli
ənənələrlə dünya incəsənətinin
ən mütərəqqi dəyərlərinin ahəngdar
vəhdətinə nail olub və Azərbaycan
mədəniyyəti salnaməsinə yeni parlaq
səhifələr yazıb. Ötən əsrin 60-cı
illərinin əvvəllərində Azərbaycanda
özünəməxsus milli rəngkarlıq məktəbinin
formalaşmasında Tahir Salahovun müstəsna
xidmətləri vardır. “Sərt üslub” adlandırılan
istiqamətin liderlərindən biri olan, daim yenilik hissi ilə
yaşayan novator sənətkarın qrafik lövhələrində,
mənzərə və natürmortlarında yaradıcı
əməyin romantikası, mənəvi gözəllik,
eləcə də yüksək amallı insanın daxili
aləmi rənglərin incə çalarları ilə lakonik
ifadəsini tapıb. Eyni zamanda, Tahir Salahov teatr-dekorasiya
sənəti sahəsində uğurlu fəaliyyət göstərib,
məharətli teatr rəssamı kimi səhnə
əsərlərinə yaddaqalan orijinal bədii tərtibatlar
verib.
Tahir Salahovun dünyanın mötəbər muzeylərini,
məşhur qalereyalarını bəzəyən və
şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin,
habelə hər biri hadisəyə çevrilən fərdi
sərgilərinin Azərbaycan mədəniyyətinin
ölkə hüdudlarından uzaqlarda təbliğində
xüsusi əhəmiyyəti olub. Dünya şöhrətli
fırça ustasının uzunmüddətli
səmərəli yaradıcılığı və
məhsuldar ictimai fəaliyyəti hər zaman diqqət
mərkəzində olub və yüksək qiymətləndirilib.
Görkəmli sənətkar Tahir Salahovun işıqlı
xatirəsi onu tanıyanların qəlbində daim
yaşayacaq.
Allah rəhmət eləsin!
525-ci qəzet.- 2021.- 25 may. S. 9.