Şeirdə milli-estetik özəlliklər:
Oljas Süleymenov poeziyazı
Professor,
ADPU "Türk araşdırmaları" bölməsinin
müdiri
Yaradıcılığında daha çox milli-estetik
normaların dürüst formalarını tətbiq edən,
dünya miqyasında tanınan müasir qazax ədəbiyyatının
görkəmli şəxsiyyətlərindən biri (eyni
zamanda deyərdim ki, birincisi) bu günlərdə 85
yaşı qeyd edilən Oljas Süleymenovdur.
"Oljas
Süleymenov dünyanın bizə məlum olan, bəlkə də
yeganə şairidir ki, təfəkkürü eyni zamanda, həm
zəngin etnoqrafik potensiala, həm də müasir poetik
"diplomatiya"ya malikdir - naturalizmlə analitizmin bu cür
üzvü vəhdətini verən ikinci bir şairi təsəvvürə
gətirmək qeyri-mümkündür..." (N.Cəfərov).
O.Süleymenov yaradıcılığı bu gündən həm
keçmişə, həm də gələcəyə
körpü salan milli-təəssübkeş bədii
düşüncə sistemidir. Heç
şübhəsiz, Oljas Süleymenov bir tarixçi-alim,
etnoqraf olmaqla yanaşı, həm də müasir qazax
şeirinin görkəmli və məşhur nümayəndəsidir.
Onun poeziya qüdrəti bir neçə cəhətinə
görə fərqlənir və seçilir. O.Süleymenov yaradıcılığı həm
mövzu, həm də forma baxımından orijinaldır.
Ona görə də O.Süleymenov oxucuların
nəzərində Sovet şairlərinin (bəziləri
istisna olunmaqla) ənənəvi mövzu və forma modelini əsasən
qəbul etməyən şair "görkəmi" ilə
daha çox fərqlənir. Onun
poeziyasında Sovet rejiminin qadağalar qoyduğu mövzu məhdudiyyətinin
olmaması, fərqli düşüncə tərzi və bunun
poetik detal, poetik nümunə şəklində
özünü büruzə verməsi adi hala
çevrilmişdir. Bu səbəbdəndir
ki, O.Süleymenov lirikasında siyasi motiv və çalar
ön planda dayanmış, şair idealının əsas
göstəricisi kimi diqqəti cəlb etmişdir.
Ölkəm!
Sən də
Qazaxıstanla bil,
Ən
sınanmış,
Ən
dözümlü oğullarını
Biz təkcə
səni sevirik
Yanırıq,
Təkcə sənin eşqinə.
Qoruyuruq
haqqımızı -
Dişlərimiz
kilidlənmir
Tab eləmir
Qoruyuruq
Çöl
genişliyiynən,
Alatau
dağlarının ucalığıynan
Qışqırmaq
haqqımızı!
O.Süleymenov yaradıcılığında tarixi
özünüdərkin əhatə dairəsi olduqca
böyük görünür. Bu qrup şeirlərində
şair narahatçılıqlarını oxucu tam mənada dərk
edir, ona şərik çıxır. Şair də
öz növbəsində milli-etnik kimlik düşüncə
təsirində tarixi səyahətə üstünlük
verir: "Mən şəhər oğluyam,
çöl-biyabanla döyüşə yollanmalıyam. Nurani
qocalar, bilmək istəyirəm, deyin, mənim şəhərlərim
necə məhv olub?" - deyimi ilə
tarixi suala cavab axtarır:
Bəyaz
Otrar şəhərim,
Hanı qala divarların?
Yarım ilə alov tutub yandımı?
Dözmədimi döyüşlərə?
İki yüz gün, gecə-gündüz?
Uzun çəkdi mühasirə.
Yeraltı yollar kəsili.
Nə
çörək var, nə ət, nə ot.
Bütün hallarda şairin tarixə
"boylanması" mənsub olduğu xalqın minillərdən
üzü bəri gəlişi və tarixi faciələrlə
üzləşməsinin salnaməsini xatırladır. Bu məqamda uzaq və
yaxın keçmişin xatırlanması xalqı
üçün döyünən həssas bir ürəyin
narahatçılıqları təsirindədir:
El-obalar
kül altda,
Hələ
çox anmaq olar
Külə
dönən o çölü
Ürək
istəmir nəsə
Çünki
o səsləyir
Qisas
almağa!
Necə
ovunduraq
Nə
cür atlandıraq
Ürəyim səni?
O.Süleymenov sənətində türkün tarixi
dünyasına səyahət və ona həsrət ifadə
edən münasibət diqqəti cəlb edən xüsusi
haldır. Daha doğrusu, o, bu halda "türk çölləri
boyu Şərqdən Qərbə çapan bir qəhrəman
türk atlısı rolunda" çıxış edir.
O.Süleymenov
gəzdiyi yerlərdə mənsub olduğu xalqın dünənindən
və bu günündən söhbət açmağı
özünə borc bilir:
Köç
edib gəzirəm bu yer üzünü
qarışbaqarış,
Məsləhət görürlər bir bina qurum.
Mənsə
fürsət düşən kimi
Afrikanı,
Fransanı,
Asiyanı
dolaşıb,
Açıb
gözlərini
Hələbdəki
ərəbin,
Nyu-Yorkda
dastanlardan söz açıb
geri
dönürəm...
"Dastanlardan söz açıb geri qayıdan"
şair nə qalibdir, nə də məğlub. O, bütün
görüntülərdə sadəcə vətəndaş
və insandır. Ürəyində bəşəri
duyğuları yaşadan, torpağına qəlbən
bağlı olan bir insan və vətəndaş. Onun
insan və vətəndaş hüququ yüksək olduğu
üçün sözünün kəsəri daha da
artır, haqq sözünü daha da cəsarətli deyir:
Ölkəm,
Sən
Qazaxıstan sınağından
çıxmısan -
Bu yerdə
Xaç əlindən
tərpənməyə
yer
yoxdur.
O.Süleymenov bu cür deyimdə inzibati-amirlik və
totalitar dövrünün amansızlıqlarını göz
önünə gətirir. O dövrün dəhşətlərini
xatırlayır. Sürgün yeri kimi
seçilmiş Qazaxıstanın "milyonlara qəbir
evi" olmasını təəssüflə qeyd edir. Torpağının, ölkəsinin və millətinin
bu faciələrdə günahsız olduğunu bilsə də,
başqalarından üzr istəməyi özünə borc
bilir. Əslində, şairin üzrxahlığı
öz ölkəsinin günahlarından irəli gəlmir,
O.Süleymenovun bu poetik üsyankarlığında
böyük bir rejimin, böyük bir imperiyanın, onun
qanunlarının ittihamı önə keçir:
Qazaxıstan!..
Təkcə
səndə yerləşir
Bütün
yer üzündəki
Paytaxtların
türməsi
Sən
ucsuz-bucaqsız sürgün yerisən
Kiçik bir xəritədə.
"Bir
çəkməçi vardı bizim aulda" şeirində
O.Süleymenov təkcə kəskin deyim və ittihamları ilə
diqqəti cəlb etmir, həm də ümumsovet poeziyası
üçün xarakterik olmayan bir baryeri aşır, fikirlərində
analitizmə geniş yer verməklə
"inqilabçı" təsiri bağışlayır:
Hamıya
çəkmə tikirdi,
Öz ayağının üstündə.
Ona elə
gəlirdi,
Ayrı-seçkilik
salmır,
Bərabərləşdirir
hamını
bu
yolla...
Konkret məkan və zaman reallıqlarını
özünə əks etdirən bu şeirdə mövcud bir
rejim, o cümlədən, konkret bir "ideoloq" obrazı
fikri daha çox məşğul edir. Oxucu bir
növ arxada qalan yaxın keçmişin
reallıqlarının dəhşətlərini yenidən
"yaşayır".
Boyu
vardı
Bapbalaca
Napoleon sayağı.
O tikdiyi
çəkmələrdə
Div boyda
adamlara
Gəzmək
asan deyildi
Çəkmə sıxır ayağı.
Hamı
elə bilirdi
Çəkməni
Allah verib
Verib ki,
qoy müsəlman
Dua eləyən
zaman
Ayaqlarını
sıxan
Çəkmələrini çıxartsın.
Diqqət
etdikdə görürük ki, Oljasın poetik təfəkkürü
qədim mənbələrdən güc alır - qədim
türk poeziyasından başlayaraq, Mərkəzi Asiya, Ural,
Volqaboyu, Qafqaz - Kiçik Asiya regionları ruhu dolanan şairin
poetik axtarışları üçün əhəmiyyətli
mənbəyə çevrilir.
Lakin nisbətən sonrakı əsrlərdə müəyyən
mənada epos sərbəstliyinə yiyələnən
türk şeiri əvvəlki ənənələrə kifayət
qədər yaxınlaşa bilmədi. Düzdür,
XX əsrdə ümumən türk şeiri milli-ictimai
baxımdan nəzərə çarpacaq dərəcədə
inkişafını bərpa edə bildi. Zəngin
epos təfəkkür və mədəniyyətinə qayıdış,
onun sənətdə tam bərpası O.Süleymenov
yaradıcılığında özünü təsdiqlədi.
"Mən səni...", "Uşaqlıq, bağ,
bürkü", "Akın Smetin son nəğməsi",
"Köçəri" və s. onlarla digər şeirləri
məzmun, eyni zamanda, forma, quruluş baxımından epos təfəkkürü
elementlərinə xeyli yaxındır:
Vur-tut səkkiz
yaşım
olardı
yəqin.
Uşaqlıq illəri.
Yay. Arxa cəbhə.
Yastı
daxmaların yanından keçən
Köhnə arabaların cırıltı səsi.
Bürkü
təntidəndə yaxınlıqda çay
Bağlar toz içində.
Bu səbəbdəndir
ki, onun istər məhəbbət, istərsə də fəlsəfi
lirikası tam mənada orijinal məzmun və ideyaya söykənir...
Diqqətlə izlədikdə O.Süleymenovun "sevgi
şeirlərində" hər şeydən azad olmuş saf
məhəbbətdən söz getmir. Sözün mənası
ilkin qatda deyil, daha dərin qatlarda aşkarlanır.
Su ki girdi
qaba
Tələsir
almağa
Qabın
şəklini
Söz isə
-
Elə
ki, yatdı ürəyə
Dəyişmir
donunu,
Necə
var, eləcə salır əksini
- deyən şair özünün "həyat"
fəlsəfəsini də bu uyğunluqda ifadə edir:
Yuxun
şirin olsun, dədə
Rahat yat, ata.
Halım yaxşıdır.
...Varlı-hallıyam.
Görürəm
doğmalaşdığını hər şeyin,
Məni varlı görmək istəmirdinmi?
O.Süleymenov öz şeirlərində insan faktorunu və
amilini əsas obyektə çevirir. Hadisələrin mərkəzində
dayanan insan şairin etnoqrafik təfəkkürə
bağlılığının göstəricisidir. Həmin insan şairin əcdadı, özü və
müasirləridir. Məhz buna görə
də insan obyekt kimi O.Süleymenovda olduqca güclüdür.
O, həm də çevik və aparıcıdır. Dünənin
acılarına acıyan, keçmişinin uğurlarından
qürur duyan, gələcəyə ümidlə baxan şəxsdir:
Mən səni
sevirəm, Fransa
Sənin adınla çağırardılar.
bütün gəlmələri
"firəng" - deyə
Mənim əcdadlarım
cəngavərlərini
kəməndlə sürüyüb
saldı
yəhərdən.
İnsanın bir ölkənin deyil, həm də bəşər
övladı olması məsələləri O.Süleymenov
yaradıcılığında özünü qabarıq
göstərir. Əsasən, şairin milli təəssübkeşlik
amillərinin güclü olduğu sənətində bəşəri
ideyaların da özünəməxsus planda təcəssümü
milli-etnik və bəşəri tarixi təkamül problemlərinin
sintezindən doğur. Artıq şairin kəşf
etdiyi yeni insan "inqilabçı təfəkküründən"
uzaqlaşır, düşüncələrində bəşəri
dəyərlərə üstünlük verir.
Demək olar ki, keçən əsrin 80-ci illərinə
qədərki yaradıcılığında O.Süleymenov
insanı həm milli, həm də bəşəri platformada
saxlayırdısa, 80-ci illərdən sonrakı poeziyasında
o, insanı əsasən "milli-etnik müəyyənləşmədə"
təqdim edir.
Sənətində bu ideyanı bayraq kimi
dalğalandırmağı vacib sayır. Əlbəttə,
bu nəzərə çarpacaq hal O.Süleymenov
yaradıcılığı üçün tam yeni keyfiyyət
göstəricisi deyildir. Bunun rüşeym
və izləri onun sənətində bütün dövrlərdə
bu və ya digər dərəcədə özünü
göstərmiş, aktual mövzuya çevrilmişdir. Lakin XX əsrin 80-ci illərdən etibarən
insanın etnik məzmunu, onun etnik-psixoloji, etnik-kulturoloji amilləri
şairin poeziyasında tarixi proseslər və müasir
özünütəsdiq səviyyəsində təqdim olunur.
Boz
örtüklü Monqolustan çölündə,
Yatır
Noqayları,
Bulqarları,
Qazaxların
orduları.
Bizi üzü Qərbə dəfn eyləyiblər.
Bizim
arxamızda sonuncu dəniz!
Fırlan,
Yer kürəmiz!
Bu gün anlayıram daha çox səni.
Ağrın, acıların kaş mənə gələ.
Dolan,
aynalayn, dönüm başına,
Köç edib dönürəm yolların ilə.
Şəhidlərin şücaəti sözdən
uca!
Elman QULİYEV
525-ci qəzet.-
2021.- 21 may.- S.13