Torpağı
qanı ilə Vətən edən igid
Emil Vaqif oğlu Qurbanov Vətənini canından
əziz tutaraq İkinci Qarabağ
müharibəsində
tarix yazan igidlərdən oldu. Bu gün doğulub
boya-başa çatdığı Lənkəranda adı
çəkilən zaman hamı
qürur hissi keçirir. Emil şəhidlik zirvəsinə
ucalanda ömrünün
40-cı ilini yaşayırdı. O, həyatını Vətənə həsr edib bu
işıqlı dünyadan
köçdü.
Emil həyatı dərk
edən gündən Vətənə bağlanır və
bacardıqca yaxşı işlər görməyi özünə ali məqsəd
seçir. Orta təhsilini başa vurub Lənkəran
Dövlət Universitetinin Fiziki
tərbiyə və
gənclərin çağırışa qədərki
hazırlığı ixtisasına daxil olur. Emil ali
məktəbdə seçilir,
çoxunun sevimlisi olur.
Universiteti bitirəndə isə xalqına fayda vermək əzmi ona
işıqlı sabahların yolunu göstərir.
Emil 2002-ci ildə orduya yollanır, xidmət etdiyi hərbi
hissədə mərd, cəsur, ağıllı və
vətənpərvər gənc kimi tanınır. Baş leytenant rütbəsində ona
həvalə olunan tağım komandiri vəzifəsini layiqincə yerinə yetirir.
Tabeliyində olan
əsgərlərə tələbkarlıqla yanaşaraq onlara
böyük qardaş qayğısı göstərir.
Həqiqi hərbi xidmətdən sonra Emil Qurbanov
Lənkəran şəhərində yerləşən
Zirvə İdman Kompleksində baş məşqçi
işləyir. Onun bütün arzularının zirvəsində
xalqının xoşbəxtliyi durur. Elə bu nəcib
məqsəd naminə bacarıqlı idmançılar
yetişdirməyə çalışır. Ayrı-ayrı
illərdə ağırlıq qaldırma və
güləş üzrə böyük
müvəffəqiyyətlər əldə edir,
müxtəlif mükafatlara layiq görülür.
Nailiyyətləri artdıqca Lənkəranda insanların
ona olan məhəbbəti
də çoxalır. 2012-ci ildə Lənkəran
şəhər 7 saylı tam orta məktəbə hərbi
müəllimi və təlim-tərbiyə üzrə
direktorun müavini vəzifəsinə göndərirlər. Burada da həvəslə çalışır,
bir-birinin ardınca uğurlar qazanır.
Erməni işğalçıları ötən il
sentyabrın 27-də
Azərbaycan torpaqlarına
təcavüz edəndə
Emil könüllü olaraq cəbhəyə yollanır
və düşməndən öz intiqamını alana
qədər
vuruşacağına söz verir. Müharibə
meydanında qəhrəman komandir Emil yağının başına od
ələyir, Qarabağın işğal altında olan strateji yüksəkliklərinin,
yaşayış məntəqələrinin alınmasında iştirak edir, sözün əsl
mənasında qəhrəmanlığı ilə tarix
yazır. Yaxşı döyüşməklə
bərabər, həm də dəfələrlə yaralı
əsgərləri ağır müharibə
meydanından
çıxarır. O,
Cəbrayılın, Qubadlının alınmasında daha
çox fədakarlıq göstərir. Özü
şəhid olsa da,
hünəri, şücaəti komandirlə
çiyin-çiyinə
döyüşən silahdaşlarını qələbəyə doğru
aparır...
Şəhid baş leytenantın
həyat yoldaşı
Vüsalə xanım deyir: "Emil ailəsinə
bağlı olmaqla yanaşı, Vətənini, xalqını
da çox sevirdi. İdmanda qazandığı uğurlara
görə ona bütün Lənkəran camaatı
hörmətlə yanaşırdı. Emil isə əlinə
silah alıb döyüş meydanında olmaq, düşmənlə
üz-üzə gəlib onu əzmək arzusu ilə
yaşayırdı... Arzusunu yerinə yetirdi.
Əvvəllər onu mənim qədər sevən yox idi.
İndi bütün Azərbaycan
öz igid oğlu ilə fəxr edir. Emilin
ünvanına deyilən sözlər qəlbimi dağa
döndərir. Emilin
aldığı "Vətən uğrunda",
"Cəbrayılın azad olunmasına görə",
"Qubadlının azad olunmasına görə" medallara
baxanda həmişə onun nurlu
siması gözlərimdə canlanır.
Zəfər
ORUCOĞLU
525-ci qəzet.- 2021.- 25 may. S. 11.