Əsl
insan haqqında könül söhbəti
Elə bil dünənlərdi...
Orta məktəbdə oxuyurdum. Mən də
müəllimlərimizin öyrətdiklərini
öyrənə-öyrənə ömrün sabahlarına
uğur üstəydim. Hansı fənni çox sevirdim?
Soruşan olsa, ayırd edə bilməzdim.
Müəllimlərimdən eşitmişdim, atam da demişdi:
"Sevdiyini kamil sev. Kamillik mənəvi zənginlikdi".
Oxuduqlarımızı, öyrəndiklərimizi həm də
bu kəlamın işığı bilirdik.
Elə bil dünənlərdi...
Nəriman müəllimin fizika dərsidi. Anam
səssizlikdən, sakitlikdən söz düşəndə
onu "qu desən, qulaq batar" kimi anladardı; Nəriman
müəllimin dərsində ya özünün, ya da
dərs danışan şagirdin səsindən savayı,
heç nə eşidilməzdi. Heç kim dəcəllik
etməzdi. Tənəffüslərdə, məktəbin
həyətində Nəriman müəllimi görüncə
hamı "özünü
yığışdırırdı". Bu, qorxu deyildi,
şagirdin müəllimə, müəllimin
müəllimliyinə ehtiram idi...
Elə bil dünənlərdi. Nəriman müəllim
mövzunu izah edir. O qədər həvəslə izah edir ki!
Nəriman müəllimdən öyrəndiklərimizi
illər keçəndən sonra da unutmamışıq. İldırımı,
şimşək çaxışını da, vakkumun nə
olduğunu da, cisimlərin niyə üzdüyünü
də, cazibə qanunun mahiyyətini də bizə Nəriman
müəllim izah etmişdi...
Elə bil dünənlərdi...
Kim idi Nəriman müəllim? Zəngilanlıların
yaddaşında necə qalıb?
1921-ci il mayın 9-da Zəngilan rayonunun Hacallı
kəndində anadan olub.
Hərdən müxtəlif yerlərdə, müxtəlif
adamlardan "Vətən nədi?" sualı
səslənir. Kimi bilmək üçün soruşur, kimi
bildiyini düşüncələrinə hopdurmaq
üçün, kimi də Vətənin
müqəddəsliyinin mütləq dərki
üçün. "Doğulduğun kənddi
Vətən" deyənlər də olur və bu ifadə
"göz açıb gördüyüm torpaqdı,
dağdı-daşdı, çeşmədi, bulaqdı...";
Nəriman müəllim Hacallı kəndini sevirdi,
Zəngilanı sevirdi, Azərbaycanı sevirdi. Hərdən
tay-tuşlarıyla, həmyaşıdlarıyla
söhbətləşəndə "Süleyman
Rüstəm "Cənnət görmək istəyən
Azərbaycana gəlsin" deyib. Mən Azərbaycana
gələnləri Zəngilana da dəvət edirəm.
Gəlsinlər, burada cənnət görsünlər..."
Bu, vətənsevərlikdi...
Nəriman Ağayev Pircivan orta məktəbini bitirib.
1940-cı ildə. Sentyabrdan 1941-ci ilə kimi Xurama ibtidai
məktəbinə sinif müəllimi təyin edilib;
Nəriman müəllim zamanında birinci sinfə bu
məktəbdə gedib. 1941-ci ildə Bakıda 6 aylıq
müəllimləri təkmilləşdirmə kursunu bitirib.
Zəngilan rayon orta məktəbinə fizika-riyaziyyat
müəllimi təyin edilib...
Böyük Vətən müharibəsi dünyanı da
silkələdi, müharibəyə cəlb olunan
dövlətlərin vətəndaşlarının taleyini
də. Böyük Vətən müharibəsində
milyonların ömrü tükəndi, milyonlar əsirlik
ağrıları yaşadı. Nəriman müəllimin
oğlu Şəmsi xatırlayır: "Müharibədən
söz düşəndə atam qəhərlənərdi.
Müharibəni də, faşizmi də, müharibəyə
meyilliləri də lənətləyərdi. Ermənistan elan
etmədən Azərbaycana qarşı müharibəyə
başlayanda eyni lənətləri ermənilik
ideoloqlarına, Ermənistanın dövlət
başçılarına da ünvanlayırdı... "
Böyük Vətən müharibəsi
iştirakçısıydı Nəriman müəllim.
İlk döyüşü 1943-cü ilin dekabr
ayının 2-də olub. İlk döyüş
həmişə həyəcan yaradır.
Cəsarətlilərin həyəcanı tez sovuşur; əsgər
Nəriman Ağayev beş-altı saniyə
ötüşüncə döyüşə
qoşulanların sırasındaydı. Şiddətli
döyüş gedirdi. Müdafiə olunurdular. Nəriman
sövq-təbii, hiss etdi ki, komandiri yaralandı.
Atışa-atışa ona yaxınlaşdı.
Yan-yörəsinə sancılan güllələrə
məhəl qoymadan komandirini təhlükəsiz
əraziyə çıxarda bildi...
Nəriman müəllim sonralar deyirmiş ki, belə
məqamlarda komandir əsgər üçün
Vətəndi, yəni komandir Vətəni təmsil edir.
Əsgərin Vətənə sədaqəti həm də bu
amillə ölçülməlidir. Nəriman Ağayevin
əsgər - zabit münasibəti haqqında dedikləri
orduda mənəvi-psixoloji hazırlığın
səviyyəsini müəyyənləşdirən
şərt kimi qəbul edilə bilər. Mən ehtiyatda olan
polkovnik-leytenant kimi, Birinci Qrabağ müharibəsinin
iştirakçısı kimi, o illərdə rayon ərazi
özünümüdafiə taborunun komandiri, alay komandirinin
müavini, nizami orduda hərbi hissə komandirinin müavini olmuş
bir hərbçi kimi deyə bilərəm ki, bu xarakter
Azərbaycan ordusunun gücüdür, qüdrətidir. Bu
güc, bu qüdrət Vətən müharibəsində
də təsdiqləndi: yaralı əsgəri
döyüşdən çıxardan əsgər
şəhid oldu, yaralı zabitin həyatını xilas
edən əsgər ağır yaralandı. Nəriman
müəllimin 65-70 il əvvəl dedikləri
özünü 44 gün davam edən Vətən
müharibəsində dəqiqliyi ilə doğrultdu. Yeri
gəlmişkən, zəngilanlılar adından deyirəm:
Ruhun şad olsun, Nəriman müəllim. Sən bizə
təkcə fizikanı öyrətmədin, biz səndən
Vətəni necə sevməyi də öyrəndik.
Kəlamların əsgərlərin də,
çağırışçıların da
düşüncələrindədi...
1943-cü ilin ağır döyüşləri gedirdi.
Bunu niyə xatırladım? - o illərdə də hər
arzulayanı Sov. İPK-yə üzv qəbul etməzdilər.
Komandirin zəmanəti ilə azərbaycanlı
döyüşçü Nəriman Ağayevi
döyüş ərəfəsində partiya
sıralarına qəbul etdilər. Bu, Nərimanın
qəhrəmanlıqla döyüşdüyünün
təsdiqi deyilmi? Yığıncaqda komandiri belə
demişdi: "Yoldaş Nəriman Ağayevə
zəmanəti mən yox, onun özünün
döyüşləri verir. İgidliklə
döyüşür, hərbi anda sədaqətlidi..."
Halal ömür yaşayanların özlərinin
yazdığı tərcümeyi-hal da tarixdi. Nəriman
müəllim haqq-ədalət adamıydı. Onu yaxından
tanıyanlar deyir ki, Nəriman müəllimin bir kəlamı
da vardı: doğru sözün, dürüst sözün
önündə boynum tükdən incədi; bu ifadəni
dürüstlük düsturu bilirəm və bu
qənaətimdə israrlıyam...
"1943-cü ildə hərbi hissəmiz Kuban
çayı yaxınlığında,
çöllərdə müdafiə döyüşləri
aparırdı. Avqustun axırlarına yaxın Taman
yarımadasında yüksəklikdə mövqe tutmuş
almanları ordan uzaqlaşdırmaq, digər hərbi
hissələrlə birlikdə Taman yarımadasını azad
etmək, Azov dənizi sahillərinə çıxmaq,
Krım yarımadasını da azad etmək əmri verildi.
Əmri sentyabr ayında yerinə yetirdik... (Nəriman
müəllimin tərcümeyi-halından).
Nəriman 1944-cü ilin əvvəllərində Ukraynada,
sonra Polşada, Çexoslovakiyada döyüşüb...
Müharibənin qurtardığını 1945-ci ilin may
ayının 8-də dan yeri qızaranda Praqa şəhəri
yaxınlığında, şəhərin 60
kilometrliyində meşədə eşidiblər. Həmin
gün yellərin zərrəcə
çılğınlığı olmayıb, həmin
gün ağacların xırdaca budaqları da, yarpaqları da
nəvazişlə titrəyib. Bu fikri eşitsəydi,
Nəriman müəllim gülümsünərdi,
"Elədi, a Bayram, elədi. Təkcə budaqlar, yarpaqlar
deyil, döyüşçülərin ürəkləri
də elə titrəyirdi..." Ruhun şad olsun, Nəriman
müəllim, 75 ildən sonra, oktyabrın 20-də Zəngilan
işğaldan azad edildi, həmin titrəyişi biz də
yaşadıq, bütün Azərbaycan yaşadı...
Böyük Vətən müharibəsi başa
çatdı. Döyüşənlər -
döyüşçülər tərxis edildi. Leytenant
Nəriman Ağayev də tərxis edildi...
Zəngilan rayon Hərbi Komissarlığının verdiyi
arayışda qeyd edilir ki, ehtiyatda olan leytenant Nəriman
Ağayev döyüşdə yaralanıb,
müalicədən sonra döyüşlərdə yenə iştirak
edib. II və III dərəcəli "Şöhrət",
"Qırmızı Ulduz", "Böyük Vətən
müharibəsi" ordenləriylə, neçə-neçə
medallarla təltif edilib...
1946-cı ilin yanvar ayının 1-dən Hacallı 7 illik
məktəbində dərs hissə müdiri, fizika-riyaziyyat
müəllimi işləyib.
1946-1950-ci illərdə indiki Pedaqoji Universitetdə
təhsil aldıqdan sonra Zəngilan rayonunun Xanlıq kənd
orta məktəbinə (1952-ci ildən Qubadlının inzibati
ərazisinə daxil edilib) müəllim göndərilib.
1950-ci ilin martından 1951-ci ilə kimi məktəbdə
fizika-riyaziyyat müəllimi işləyib. Elə ilk
gündən yüksək enerji, bitib-tükənməz
həvəs və müəllimlik peşəsinə
məhəbbətilə fizikanı tədris etməsi onu
nəinki şagirdlərin, həm də müəllimlərin
sevimlisinə çevirib.
İşgüzarlığı,
təşkilatçılıq bacarığı perspektivli
kadr olması haqqında rayon rəhbərliyində ümidi
artırmış, inamı yüksəltmişdi. Buna
görə də rayon partiya komitəsinin təşəbbüsü
və zəmanəti ilə rayon Xalq Maarifi Şöbəsinin
müdiri təyin edilib. Həm yaxşı müəllim,
həm də yaxşı təşkilatçı olmaq
çətindi. Nəriman müəllim həm yaxşı
müəllim olub, həm də yaxşı
təşkilatçı. Etiraf edək ki, o illərdə
Sovet ideologiyası bu kimi xarakterə, həm də
səbatlığa malik olmayan kadrın məsul
vəzifələrə təyin edilməsinə imkan
verməzdi. Nəriman Ağayev 1952-ci ildə Zəngilan rayon
Partiya Komitəsinin ikinci katibi vəzifəsinə irəli
çəkilib. Bu etimad həmişə
məsuliyyətlə işləyən Nəriman
müəllimin tələbkarlığını da
artırıb, insanlara sevgisini də. Bu sevgi xarakter
bütövlüyünə bələd olduğu kadrın
vəzifəyə təyinində başlıca şərt olub.
1955-ci ilin may ayından 1957-ci ilin noyabrına kimi rayon
Partiya Komitəsinin birinci katibi olub. Gənc olmasına
baxmayaraq, çox dəqiq, yüksək nizam-intizamı,
tələbkarlığı, qətiyyəti,
düzgünlüyü ilə rayon ictimaiyyətinin
hörmətini qazanmışdı. Yaddaşlarda qalan
xatirələri bu gün gənc nəsil üçün
əsl örnək və həyat məktəbidir.
Sovet dönəmi "baş üst"lər
dönəmi idi", "yüz qoyundan 150 quzu almaq"
dönəmi idi, tribunalardan partiyanın istənilən
qərarına "urra" deyilən çağlar idi,
bəzən "qaraya ağ" deyilməli vaxtlar idi.
Nəriman Ağayev dövrün bu "dəyirmanına
dən ola bilmədi, olmağı bacarmadı"; plenumun
qərarı ilə vəzifəsindən azad edilib,
Zəngilan şəhər 1 saylı orta məktəbdə
müəllim təyin edilib. Doğrudur, az sonra həmin
məktəbin direktoru olub, ancaq birinci katibin sıravi
müəllim təyin olunması dövrün ideoloji
"gecə korluğuydu"...
Yeri gəlmişkən, Zəngilan şəhər orta
məktəbi rayonda təhsilin inkişafında olduqca
əhəmiyyətli rol oynamışdır. Nəriman
müəllimin pedaqoji fəaliyyəti dövründə daim
işgüzarlığı, yüksək peşəkarlıq
və təşkilatçılıq qabiliyyəti
nümayiş etdirməsi sayəsində məktəbin
maddi-texniki və tədris bazası möhkəmlənmiş,
pedaqoji kollektivin bacarığı və səyi
nəticəsində təhsilin səviyyəsi qibtə
ediləcək səviyyədə yüksəldiyinə
görə məktəbin məzunlarının təxminən
80 faizi ali və orta ixtisas məktəblərinə qəbul
olurdular. Onların böyük bir hissəsinin dəqiq
elmləri tələb edən ixtisasları seçməsi
və sonradan tanınmış səxsiyyət kimi
formalaşması da Nəriman müəllimin ustad
müəllimliyindən irəli gəldiyinin əyani təsdiqidir.
Bu məktəbdə diqqətəlayiq əməyi olan
direktorlar arasında onun xüsusi rolu və səmərəli
fəaliyyəti bu gün də minnətdarlıqla
xatırlanır.
Müharibə və əmək veteranı,
müəllimlər müəllimi olan Nəriman
müəllim Tanrının ona bəxş etdiyi bu adı
həmişə şərəflə doğrultdu. Maarif
sahəsində qazandığı uğurlara görə
"Qabaqcıl maarif xadimi" və "SSRİ maarif
əlaçısı" döş nişanı ilə təltif
edilib.
Mənəviyyatca, əqidəcə saf, düzgün,
tədbirli, təəssübkeş, təmsil etdiyi el-oba
haqqında xoş və yaddaqalan təəssürat formalaşdırmağı
bacaran, əsl ağsaqqal və ziyalı olan Nəriman
müəllim beşi də ali təhsilli iki oğul,
üç qız atasıydı...
Əsl insan haqqında həmişə mənəvi borc
kimi danışılır...
Bayram MƏMMƏDOV
525-ci qəzet.- 2021.- 25 may. S. 13.