Nişantaşı

 

Diqqət! Diqqət! Bakı-İstanbul reysinə minik başlanır...

Qəfil elanı eşidib diksindim. Axı vaxt nə tez belə gəlib keçdi? Bəlkə də, uçuşun vaxtı 5-10 dəqiqə gec elan olunsaydı, barışa da bilərdik. Əlbəttə, bunu hər ikimiz istəyirdik. Amma bilmirdik ki, nəyi bəhanə edib barışaq. O bilirdi. Çox gözəl bilirdi ki, onsuz qala bilmərəm, o, mənim ən zəif yerimdir. Bunu dəfələrlə yarızarafat, yarıciddi, gülə-gülə üzümə də demişdi ki, onsuz qala bilmərəm, çətin olar, indi bilmirəm, dəli olaram, ya xiffətdən ürəyim partlayar - nəsə çox arxayınlıqla buna oxşar sözlər deyirdi. Amma onu da deyirdi ki, baxmayaraq ki, ondan ötrü ölürəm, lap belə dəli-divanəyəm, çox vaxt da ürəyimin, istəyimin ziddinə gedirəm. Sonra da əvvəl-axır o deyənlərlə razılaşıram. Deyirdi ki, əgər onun yerinə başqa bir qadın olsaydı, məndən elə istifadə edərdi, elə istifadə edərdi ki, lap belə başımı itirərdim. Sadəcə olaraq, özü bunu istəmir. Mənimlə atamın arasına girmək istəməyib. Nə? Milli məsələ? Xeyr! Məni görən kimi hər şeyi yaddan çıxardırsan. Lap elə mum kimi əriyirsən qarşımda. Deyirdi ki, başa düşə bilmirəm, niyə bəzən ürəyinin ziddinə gedirsən. Axı, onsuz da özünlə bacara bilməyəcəksən. Əvvəl-axır mən deyənə gələcəksən. Özünü kimə göstərirsən? Mənə? Mən ki səni doğma anandan da yaxşı tanıyıram. Sən həmişə öz xasiyyətini danmısan. Guya ki, sənin mənə qarşı olan bu istəyin adi istəkdir. Guya ki, mənə qarşı olan məhəbbətin adi bir məhəbbətdir. Xeyr, əzizim, əgər belə düşünürsənsə, səhv fikirləşirsən. Əgər vaxtilə düşünmüsən ki, adi bir istəkdir də, kimdə olmur ki, keçib gedər. onda da səhv etmisən. Bəs bütün bu illər uzunu niyə keçmir? İllər ötdükcə bir-birimizə daha da bağlanırıq. Həə... Deyirsən, guya ailəni dağıtmaq istəməmisən. Yenə düz demirsən. Əgər mən istəsəydim, çoxdan sənin ailəni dağıdardım. Çünki özümə arxayın idim. Sənin üçün bu dünyada hər şeydən əvvəl mənəm. Əlbəttə, bunu sən də bilirsən. Sənin mənə qarşı olan bu məhəbbətin heç də adi məhəbbət deyil. Sən mənsiz ölərsən. Həqiqətən ürəyin partlayar. Sən mənə dəli kimi bağlısan. Sən mənim ovcumun içindəsən. Sonra gülüb əlavə edərdi ki, elə mən də sənin ovcunun içindəyəm. Sadəcə olaraq, mən gizlədə bilirəm, sən yox. Yox, Allah eləməmiş, əgər sənə bir şey olub-eləsə, dəli olaram vallah, ölərəm, havalanaram. Deyirdi ki, deyəsən, ikimiz də dəli olmuşuq. Deyirdi ki, mən özümə görə demirəm, sənə görə deyirəm. Həmişə üstümdə əsim-əsim əsmisən. İki dəfə asqıran kimi səhərə kimi yatmayıb başımın üstündə olmusan. Çünki mən sənin hər şeyinəm. Nə qədər gizlətməyə çalışsan da, hamı bilir ki, mən sənin həyatınam, gözünün işığıyam. Heç atan da bizi ayıra bilmədi. Çox çalışdı, çox əlləşdi, sənə çox andlar içdirdi, bəs nə oldu, nəyə nail oldu? Heç nəyə! Demək, mən sənin atandan da güclüyəm. Çünki atan üçün sənin ailənin bütövlüyü, möhkəmliyi əsasdır. Sənin ailəndən ayrılmaq onun üçün böyük bir faciə olardı. Sonra da, milli məsələlər var ki, bundan sən keçə bilmirsən. Və keçə bilmədin. Amma istəsəydim, sən bundan da keçərdin. İndi neyləyim ki, mənim rəhmətlik anam - mələk anam milliyyətcə rus olub? Gülə-gülə deyirdi ki, bax, məni qoru, özün üçün bərk-bərk qoru. Əgər başıma bir iş gəlib-eləsə, dözməzsən. Telefonun elə əlindəcə qalar. Nə bilim, insult olarsan, infarkt olarsan, ölərsən, aləmi bir-birinə qatarsan. Hm, bax, ondan sonra mənim heç yaşamağıma da dəyməz. Məni şax saxlayan sənsən.

Barışmaq istəyirdik. Amma eyni zamanda, birinci addımı hansımızın atacağını da gözləyirdik. Bunu hər ikimiz istəyirdik. Onu da bilirdik ki, uzağı bir həftədən, 10 gündən sonra, ya da heç bir həftə də gözləməyib, dalıyca Türkiyəyə gedib onu dava-dalaşla, çığır-bağırla geri gətirəcəyəm. O da, elə bil, mənim bu hərəkətlərimdən, çığır-bağırlarımdan, dava-dalaşlarımdan həzz alırdı. Türkiyədə bir-iki gün əsəblərimlə oynayıb, bacısının bir-iki boşqabını (bacısı Türkiyədə yaşayırdı) mənə sındırtdırıb, sonra mənimlə birgə geri qayıdırdı. Bir neçə dəfə belə olmuşdu.

Diktor ara vermədən elə hey təkrarlayırdı.

- Diqqət! Diqqət! Bakı-İstanbul reysinə minik başlanır...

Üzümü ona tərəf çevirərək:

- Hm... Di yaxşı, sənə yaxşı yol - deyib əllərini tutdum (Baxmayaraq ki, özümə dəfələrlə söz vermişdim ki, bu dəfə özümü çox soyuq, laqeyd aparacağam). Dodaqlarımı üzünə toxundurmaq istəyirdim ki, üzünü qaçırdı:

- Yox, yox... Lazım deyil.

- Hmm...

Bir az pərt oldum. Təəccüblə üzünə baxdım. Amma özümü o yerə qoymadım. Aha, deməli, belə, lap yaxşı. İndi də mən səni pərt edərəm, onda görərsən.

İçimdən çıxan əsl mən qulağımın dibində durub elə hey deyirdi: Ay səfeh, axı niyə görə belə edirsən? Axı, onsuz da qala bilmirsən. Onu acılayıb, incidib, sonra da ağrısını çəkirsən. Ən azından bir flakon "karvalol" içirsən. Ay filan-filan, axı, bir həftə bundan əvvəl ona deyirdin ki, sən mənim hər şeyimsən, gözümün işığısan, Allahımsan, dinimsən, imanımsan. Bəs indi nə oldu? Amma indi bütün bunların əksini deyirsən.

- Çox gözəl. Lazım deyilsə, deməli, lazım deyil. Lap yaxşı, qoy olsun.

Yenə buna oxşar, daha da qıcıqlandırıcı nəsə demək istəyirdim, amma dilim gəlmədi. Ayağa qalxdım. Gözucu ona baxırdım. Aman Allah, bu nə gözlər idi onda. Bu gözlər kimi istəsən ovsunlaya bilərdi. Yumşalmayım deyə, dərhal gözlərimi ondan çəkdim. O, gözlərini mənə dikmişdi. Gözləri həmişəki kimi nəmli idi. Aman Allah, mən ondan ötrü dəli idim, özümlə bacara bilmirdim. Onun uzun kipriklərindən, sifətinin quruluşundan, barmaqlarından ötrü dəli-divanə idim (Onda niyə belə tərslik edirsən? Özün demişkən, sənin bu mənasız hikkən, sənin axırına çıxacaq). Aramla plaşımı geyinib, xudafizləşirmiş kimi əlimi havada yelləyib ondan aralandım. Aeroportun çıxış qapısına tərəf getməyə başladım. Arxadan əvvəlki quru səslə yox, həmişəki kimi əvvəlcə bir neçə anlıq əsəbləşib, tez bir zamanda mülayimləşən səsini eşitdim:

- Plaşının yaxalığını qaldır, bayır soyuqdur, xəstələnərsən.

Əhəmiyyət də vermədim, heç çevrilib arxaya da baxmadım (Ay, ay, ay. Adam olmadın ki, olmadın. Özünü kimə göstərirsən? Ona? Axı, o, səni hamıdan yaxşı tanıyır. İndi guya ki, sən ona laqeydsən? Axı, həmişə ona, lap bir həftə, on gün əvvəl, onun ad günündə deyirdin ki, candan ayrı canımsan).

Aeroport qapısının iri, laylı şüşəsindən onun hər bir hərəkəti aydınca görünürdü. Arxam ona tərəf gedə-gedə ona fikir verirdim. Aha, o da ayağa durdu. Çarxlı çamadanın tutacağından yapışıb, özünə tərəf çəkdi və dayandı. Arxamca mənə tərəf baxmağa başladı. Deyəsən, gülümsəyirdi... Sonra mənə tərəf bir-iki addım atdı. Amma geri çevrilmədim, ona tərəf addım da atmadım. Əksinə, addımlarımı bir qədər də sürətləndirdim. Daha sonra cibimdən telefonu çıxardaraq, guya kiminləsə danışırmış kimi, telefonla danışmağa başladım. Məqsəd qapının şüşəsindən onu seyr etmək idi. O, yenə də mənə tərəf bir neçə addım atıb dayandı. Bir az arxamca baxdı (Qayıt, qayıt onun yanına. Bax, sonra gec olacaq, peşman olacaqsan. Onsuz ölərsən, ay yazıq, havalanarsan... Amma yox, istəklərinin ziddində getmək, istəklərini gizlətmək, mənasız yerə tərslik etmək sənin çoxdankı şakərindir. Elə onun da. Ağlın başına gəlməyib ki, gəlməyib). Mən isə bərkdən-bərkdən telefonda guya kiminləsə danışır, həm də arabir şirin-şirin gülüb qapıya tərəf gedirdim. O, bir qədər də arxamca baxıb, geriyə döndü. Hələ də şüşədən ona baxırdım. Daha sonra aeroportun özü açılan qapısından çölə çıxdım. O, uçacağı reyslə sıraya duran sərnişinlərə qarışıb yox oldu, gözümdən itdi.

Çöldə bir xeyli dayandım. Bir-birinin dalıyca 2-3 siqaret çəkdim. Elə bil, havam çatmırdı, boğulurdum. Bilirdim ki, əgər hələ təyyarəyə minməyibsə, hardasa dayanıb mənə baxır, hər bir hərəkətimi izləyir.

Diktor qız indi də başqa reyslərin uçuşunu elan edirdi. Özüm-özümlə sanki danışırdım (Həə, nə oldu? Bəs niyə şəhərə qayıtmırsan? Di get də... Kimi gözləyirsən? Gördün ki, onsuz qala bilmirsən? Yox, əgər onu görmədəm şəhərə qayıtmaq istəmirsənsə, di qayıt gir içəri. Bəlkə heç hələ təyyarəyə minməyib. Vaxt keçir, içəri daxil olursan, ya yox? Maşına minib şəhərə qayıdırsan, ya yox? Sən nəhayət, bir qərara gələcəksən, ya yox? A kişi, sən onun yanında olanda çox qətiyyətli olursan. Elə ki, ondan bir addım aralanırsan, sanki hər fikrini, cəsarətini itirirsən. Nə oldu? Yox, dayan. Yaxşı, bir siqaret də çəkim, sonra baxaram). Yenə siqarət çəkməyə başladım (Hə, nə oldu, ay kişi, içəri girirsən, ya yox? Özün-özünü səhərdən avara etmisən). Yox, qoy bir 5 dəqiqə də keçsin, sonra. Heç 2 dəqiqə keçməmiş, özümdən asılı olmayaraq içəri daxil oldum. Ətrafıma baxdım. "İstanbul" sözləri yazılmış işıqlı lövhə artıq sönmüş, yerinə "Berlin" sözləri yazılmışdı. O, gözümə dəymirdi. Yaxşı, neyləyim? Kimə yaxınlaşım? Kimdən nə soruşum? Yaxşı, mən niyə yenidən içəri girdim ki? İndi mən neyləməliyəm? Aeroportun nəhəng, geniş gözləmə zalının düz ortasında dayanıb, bilmirdim ki, nə edəm. Yaxşı, neyləyim? Kimə yaxınlaşım? Kimdən nə soruşum?

Növbətçi qıza yaxınlaşdım. İstanbul reysini soruşdum. Dedi ki, təyyarə uçuş zolağındadır.  Ay aman, gecikdim. Diqqətlə bir də ətrafa nəzər salmağa başladım. Yox idi. Deməli, artıq təyyarəyə minib. Yooox, belə tez ola bilməz axı? (Niyə olmur ki... Bayırda ən azı 4-5 siqaret çəkmisən, sonra da durub saatın əqrəblərini saymısan. Ay-hay... Niyə olmur ki?)

Dəli kimi ikinci mərtəbəyə qalxdım. Gözlərim onu axtarırdı. Yox idi. İkinci mərtəbədə adam nisbətən az idi. Yenə aşağı düşdüm. Ətrafa diqqətlə göz gəzdirdim. Yox, yenə də olmadı. O, yox idi. Az qala, ürəyim partlayırdı. Özümə yer tapa bilmirdim. Təzədən ikinci mərtəbəyə qalxdım (Belə olar haa... Gördünmü, ay səfeh?) İkinci mərtəbənin iri laylı boz şüşəsindən hər yan görünürdü. Aha... Uzaqdan uçuş zolağındakı üzərində "Turkish" sözləri yazılmış təyyarəni gördüm. Təyyarənin başı üzərində müxtəlif siqnal işıqları yanıb-sönürdü. Demək, təyyarə uçuşa hazırlanır (Ay səni... Gör bir nə etdin, ay səfeh). Təyyarə yavaş-yavaş hərəkətə gəlirdi. Çox ləng hərəkət edirdi. Birdən mənə elə gəldi ki, heç təyyarə də getmək istəmir. Yavaş-yavaş yerindən tərpəndi. Yerlə bir az əvvəlcə yavaş-yavş gedib, sonra sürətlə havaya qalxdı. Təyyarənin burun hissəsinə bərkidilmiş işıq yanıb-sönürdü. Gözlərim qaranlığa hələ tam qərq olmamış təyyarəyə, daha doğrusu, təyyarənin üstündəki tez-tez yanıb-sönən işığa dikəlmişdi. Qara buludların arxasında bəzən itib, bəzən üzə çıxan təyyarənin qırmızı işığı get-gedə uzaqlaşır, uzaqlaşdıqca da zəifləyirdi. O da birdən qarınlağa qarışıb yox oldu, sanki söndü. Ay aman! Dəhşətə gəldim. Sanki dünyanı itirdim. Birdən özümdən asılı olmayaraq var gücümlə qışqırmaq istədim. Qışqırığımla sanki ürəyimi boşaltmaq istəyirdim. Qəribədir. Səsim çıxmadı. Elə bil, səsim də batmışdı. Dərhal ətrafıma baxdım. Hmm... Yaxşı ki, səsim çıxmamışdı, yoxsa biabır olardım. Ətrafdakılar elə bilərdilər ki, dəli olmuşam, başıma hava gəlib (Ah... Yenə ətrafdakılar, ətrafdakılar və bir də ətrafdakılar! Axı, sənin canın nə zaman bu ətrafdakıların əlindən qurtaracaq? Heç vaxt! Bəs ətrafdakılar nə deyər? Axı, ətrafdakılar nə düşünər? Səni həmişə belə-belə suallar düşündürüb. Çünki sən həmişə ilk növbədə ətrafdakıları düşünmüsən. Daha doğrusu, ətrafdakıların sənin haqqında nə düşündüklərini, nə düşünəcəklərini, nə düşünə biləcəklərini düşünmüsən. Bəli, ictimai rəy. İctimai rəy sənin üçün birinci olub. Öz rəyin isə olmayıb). Birdən elə bildim ki, boşluğa düşdüm. Elə bildim ki, dünya dağıldı, mən altında qaldım. Aeroportda qəribə bir kimsəsizlik, məyusluq, bir boşluq, kədər, hüzn var idi.

 

Həsrətini içində boğan qəriblər kimi

Yaman hüznlü olur vağzallarda gecələr.

Səbəbi bilinməyən kədər kimi

Qəriblik, kimsəsizlik vağzallarda gecələr.

 

Bura isə vağzal deyildi. Aeroport idi. Doğrudur, vağzallar həmişə kədərli olur. Qatarların da fit səsi elə bil, bu kədəri bir az da artırır. Amma nə mənası var ki? Elə hər ikisi, elə lap hər üçü - liman da, vağzal da, aeroport da, eyni mənanı daşıyır. Səbəbi bilinməyən kədərli olurlar.

Aeroportun bu kədərini elə bil, bir az da bayırda əsən güclü külək və arabir çisələyən yağış da artırırdı. Mənə elə gəlirdi ki, builki noyabr küləyi əvvəlki illərin noyabr küləklərindən çox fərqlənirdilər. Ya bəlkə, mənə belə gəlirdi? Əslində, bu, heç də belə deyildi. Hmm... Bu külək elə bil, əsmirdi, mənə baxıb ulayırdı. Gecənin zülmətinə qərq olmuş təyyarənin də işığı sönmüşdü. Mən də uçan təyyarənin ardıyca baxıb, qışqıra bilməmişdim, bacarmamışdım. Lap o şeirdə deyildiyi kimi:

Sönən çıraq oldun, batan səs oldun...

Vəssalam. O, getdi, dünya da boşaldı. Yavaş-yavaş birinci mərtəbəyə düşdüm, ətrafa baxdım. Aeroportun ən müasir, ən güclü gur işıqları ilə işıqlanan bu gözləmə zalı, elə bil, çox da işıqlı deyildi. İşıqları gur sarı rəngdə yox, sanki sönük qəhvəyi rəngdə idi. Bilmirdim nə edim. Yavaş-yavaş gəlib bayaq oturduğumuz kresloya çökdüm. Oturdum yox, əyləşdim yox, məhz çökdüm. Yanımdakı boş kresloda bir saat əvvəl o oturmuşdu. Həmin kreslodan "Kenzo" parfümünün ətri gəlirdi. Parfümün ətri kresloya hopmuşdu. O, adətən bu parfümdən istifadə edirdi. Ya bəlkə də, kreslodan heç ətir iyi gəlib eləmirdi? Ya, bəlkə, mənə belə gəlirdi? Ola bilər. Ətrafıma boylandım. Yenə də cürbəcür tanış qoxular burnuma dəydi. Tünd qəhvə qarışıq, tünd siqaret ya "Zolotoye runo" tabakının, nə bilim tənbəkinin və bir də şirintəhər qəribə ədvanın qoxuları gəlirdi.

 

***

Bu kafe Bakının orta səviyyəli kafelərindən idi. Amma mənim üçün dünyanın ən gözəl, ən cazibədar kafe-restoranlarından qat-qat yaraşıqlı, qat-qat səliqəli idi. Hər halda mənim gəzdiyim ölkələrin gördüyüm saysız-hesabsız kafe-restoranları ilə müqayisədə. Bu kafedə sanki bir əmin-amanlıq, bir arxayınçılıq, bir asudəlik var idi ki, burdakı rahatlığı və asudəliyi mən heç yerdə tapmamışam. Bu kafedə bir doğmalıq, bir məhrəmlik, bir ilıqlıq var idi.

Bu, necə doğmalıq, necə arxayınlıqdırsa, bunu dillə, qələmlə izah etmək olmur. Özünün də özünəməxsus tünd qəhvə, qəhvə qarışıq tünd siqaret və tənbəki tabak, bir də şirintəhər qəribə ədva qoxuları var idi. Belə bir qoxu, belə bir ətir harda burnuma dəyirsə, dünyanın hansı ölkəsində olur-olsun, dərhal gözlərimin qarşısına bu kafe gəlir. Bu kafenin içəri otaqları, kresloları, qəhvəyi rəngli stulları və s. gözümün önündə canlanır. Sən demə, xatirələrin də ətri olurmuş. Bu kafenin qəribə adı da var: "Nişantaşı".  Türk adıdır. Yəni hədəfə atılmış daş. Onun dərs dediyi musiqi məktəbi bu kafedən təqribən 30-40 addım aralıda yerləşir. Onun dərs dediyi günlər mən musiqi məktəbinə gələr, qapını açıb özümü ona göstərər, sonra isə kafeyə gedərdim. Orada bizim öz yerimiz var idi. Pəncərədən bir qədər aralı masa idi, küçə sanki ovcumuzun içində olardı. Orada xidmətçilərdən tutmuş müdriyyətə qədər hamı bizi tanıyırdı. Hətta küsülü olduğumuz vaxtlarda, kafeyə getmədiyimiz günlərdə belə, kafenin işçiləri bizim oturduğumuz stola heç kimi yaxın qoymazdılar. Bu yer "Sifarişlidir" deyirdilər. O da dərsini qurtarar, kafeyə gələr, birliklə ya çay, qəhvə içib, siqaret çəkib, sonra gedərdik şam yeməyinə. Ən müxtəlif restoranlarda şam edərdik. Payı-piyadə bütün Bakını gəzərdik. Daha sonra ənənəvi olaraq "Torqovı" küçəsindəki "Orange" adlı kafeyə gedər, saatlarla orda oturardıq. Gecə saat 3-ə, 4-də qədər söhbət edərdik. Ən müxtəlif şeylərdən danışardıq. Nə bilim, ədəbiyyatdan, musiqidən, rəsm əsərlərindən, kino sənətindən, teatrlardan, dünya aktyorlarından. Vaxtın necə gəlib keçdiyini bilməzdik. Məişət məsələləri nə onu maraqlandırardı, nə də məni. Gecə saat 3-də, bəzən də saat 4-də kafedən çıxardıq. Sonra taksi sifariş verər və hərə öz evinə gedərdi. Mən də həmişə xahiş edərdim ki, taksini o sifariş versin. Bu, mənim üçün çox gülməli idi. Ötən yazılarımda dediyim kimi, o, rus təhsilli idi. Azərbaycanca zəif danışırdı. O danışdıqca, mən uğunub gedərdim. Həm də çox şirin danışırdı. Taksi sifariş verər və ünvanı deyərdi.

- "Torqovı" küçədə, xarda orda İdeal maqazin var, bax orda.

Mən axıb gedərdim.

Telefonu söndürüb:

- Axı niyə gülürsən? Axı sən özün belə demişdi.

- Ay qız demişdi yox, demişdin.

Sürücü zəng edib gəldiyini deyib, hara yaxınlaşacağını soruşur:

- Aaa.... siz xindi xardasız?

... O, nəsə deyir.

- Axa. Gördü sizi, gördü.

 

***

İndi bu hava limanının gözləmə zalında oturub "Niyə oturmusan? Kimi gözləyirsən?" sualına cavab düşünmədən (Çünki çox axmaq və mənasız bir sualdır), bütün bu olub-keçənləri bir-bir yada salır və ən adi epizodları da göz önünə gətirdikcə, doluxsunur, axırıncı mübahisələrimizdəki sözlərin bəzilərinin günahını onda, bəzilərinin günahını isə özümdə görüb, heç nədə, heç şeydə səbəb tapa bilmirdim (Hamıdan gizlətsəm də, boynuma almasam da, bilirdim. Bilirdim ki, hər məsələdə günahkar mənəm. Və bu, məni ömrümün sonuna qədər yandıracaq).

Əşşi, bəsdir də... Olan olub, keçən də keçib. Niyə bu qədər özünü çarmıxa çəkirsən? Həyatdır da, hər şey olub keçir, bəsdir də. Başa düş, o, yoxdur artıq, gedib, sən tək qalmısan, onsuzsan. İndi bir az gözlə, qayıdar, nə yaxşı, qayıtmaz, gedib gətirərsən. Həmişə gətirdiyin kimi. Nə var axı burada? Boylanıb ətrafıma baxırdım. Heç evə getmək istəmirdim.

Yavaş-yavaş ayağa durub çölə çıxıb rastıma çıxan maşınlardan birinə əyləşib evə getmək istəyirdim. Elə yerimdən tərpənmək istəyirdim ki.... Bu nədir belə? Qalxa bilmədim. Nə hadisə baş verir? Aaa...? Ayaqlarım tərpənmir. Ayaq damarlarımı sanki yuxarı dartırlar. Yavaş-yavaş kürəyimdə də, arxa tərəfdə də sancılar başladı. Paho... Elə bircə bu çatmırdı. Öz-özümü sakitləşdirməyə başladım. Əşşi, səndə heç nə yoxdur, bir az həyəcanlanmısan, vəssalam. Soyuq tər basırdı məni. Özünə gəl, keçib gedər. Əlimi oturacağa dirsəkləyib qalxmaq istədim. Yox, yenə də heç nə olmadı. Elə bil, taqətim yox idi. Yenə özümü sakitləşdirməyə başladım. Bir az toxta, sakitləş, özünə gəl (Gördünmü ki, onsuz qala bilmirsən? Hələ bu harasıdır ki?). Əşşi, yadındadır, qorxma-qorxma, bir neçə il əvvəldə belə bir şey olmuşdu. Yadına sal. Hər şey keçib getdi. Aaa... Doğrudan da, elə onda da buna oxşar bir hadisə olmuşdu. Noyabrın 18-i. Ad günündən cəmisi 12 gün sonra. Hər şey qurtardı. Yadına sal.

 

***

20-ci ilin 18 noyabrı. Deyirdi ki, özümü bir qədər pis hiss eləyirəm. Yaxşı deyiləm, istəyirəm gedim Türkiyəyə, həm özümü həkimə göstərərəm, həm də bacımı da çoxdandır görmürəm, onu da görüb qayıdaram. Mən o zamanlar Bakıda işləyirdim. Komitə sədrinin müavini idim. Sədr də tərs kimi məzuniyyətdə idi. Rəsmi olaraq sədrin işini mən aparırdım. İşin gətirməzliyindən atam da xəstə idi, xəstəxanada yatırdı, vəziyyəti yaxşı deyildi. Hər gün növbə ilə işdən sonra bir saat, iki saat yanında olurduq. Xahiş etdim ki, bir qədər gözlə, çox demirəm ki, cəmi iki həftə. Sonra birlikdə gedərik. Dedi ki, heç narahat olma. Yəni mənsiz bir həftə qala bilməzsən? Məndə heç nə yoxdur, hər ehtimala qarşı özümü yoxlatdırıram. Ən uzağı bir həftəyə qayıdıram. Sən atanı tək qoyma, onun yanında ol. Axı, sən onun gözünün işığısan, mən də sənin gözünün işığı (Bilmirəm, bunu ironiya ilə deyirdi, ya da ciddi). Hər halda bunu deyərkən gözlərinin içində bir təbəssüm də sezdim. Nə deyim, birtəhər razılaşdıq. Onu aeroporta ötürüb, işə qayıdıb narahat olmağa başladım.

O gedib Türkiyəyə çatana kimi, ən azı, bacısına 10 dəfə zəng etdim: "Hələ çatmayıb, hələ gəlməyib. Siz hiç merak etmeyin" (Necə merak etməyim?). Az qala, özüm ardıyca Türkiyəyə uçacaqdım. Gecə saat 1-də bacısıgilə çatan kimi, heç əynini dəyişmədən, dərhal mənə zəng etdi. Gülə-gülə:

- Elə belə də bilirdim ki, mən çatana qədər sən birtəhər olacaqsan, narahat olacaqsan. Əvvəl istədim aeroportun otelində gecəliyim. Sonra gördüm ki, oteldə telefon yoxdur, İnternet də zəif işləyir. Sən də məndən xəbər tutmasan, dəli olacaqsan. Durub piyada bura gələrsən. Burda da bir leysan yağış yağır ki, gəl görəsən. Özümü zorla çatdırmışam Afyona. Sən özündən muğayat ol. Darıxma.

Ertəsi gün ona zəng edəndə, bacısı telefonu götürüb dedi ki (İndi bilmirəm qəsdən belə etdi, yoxsa onunla zarafat edirdi. Amma hər nə idisə, çox pis, çox səfeh bir zarafat idi), Siz heç narahat olmayın, səhər-səhər qəfil pristupu tutdu, apardıq həkimə, indi pis deyil. Xəstəxanadadır. Daha sözünün ardını eşidə bilmədim. Telefon əlimdə qaldı. Gözlərim qaraldı, başım hərləndi və oturduğum kreslodan yerə yıxıldım. Hərçənd ki, xəttin o biri başından eşidirdim ki, o, bacısının üstünə qışqırır, telefonu əlindən alıb var-gücü ilə çığırırdı: Bacım yalan deyir, zarafat eləmək istəyir, mən evdəyəm, məndə heç nə yoxdur. Eee... eşi... dirsən? O, yalan deyir, bax mən evdəyəm.

Olan olmuşdu artıq. Mən üzü üstə yıxıldığımdan burnum yerə dəyib qanamışdı, özümdə deyildim. Yaxşı ki, evdə tək də deyildim. Məni çarpaya uzatdılar. Dərhal da zəng edib təcili yardım çağırdılar. Özümə gələndə, başımın üstündə duran həkimi gördüm. Dedi ki, qorxulu heç nə yoxdur, narahat olma. Təzyiqin bir az qalxmışdı. Hər şey yaxşıdır. Yaxşı ki, burnundan qan açıldı, özünə gəldin. Ayağa durmaq istədim. Həkimlər qoymadılar ki, olmaz.

- Əşşi, bilet sifariş verin, gedirəm Türkiyəyə. Əl çəkin məndən, mən lap yaxşıyam.

- Sakit ol. Sənə sakitləşdirici iynə vurmuşuq, bir az yatarsan, sakitləşərsən, özünə gələndən sonra gedərsən. Türkiyə qaçmır ki.

İynədən sonra hiss edirdim ki, gözlərim qapanır. Yuxu tuturdu məni. Amma buna baxmayaraq, ayağa durmaq istəyirdim.

- Yox, məni ayıldın, gedirəm Türkiyəyə. Gözlərim qapanırdı. Yuxu mənə güc gəlirdi. Beynimə səs-küy dolurdu. "Atası bilir görəsən? Halı yaxşı deyil. Daha da pis ola bilərdi. Axı nə oldu birdən-birə? Nədən əsəbləşib? Elə bilmə ki, təkcə sən mənsiz qala bilmirsən, elə mən də sənsiz qala bilmirəm. Amma özünü ələ almalısan. Yenə də özümdən getdim". Beynimdə aləm bir-birinə qarışmışdı.

Ayılanda gördüm ki, yoldaşım kresloda oturub, mənə baxır. Səhərə kimi oyaq qalıb. Sakit, quru və soyuq bir səslə:

- Sən narahat olma, mən özüm Türkiyə ilə danışdım. Axşama qədər ürəyin partlamasa, sağ qalsan, o, özü burda olacaq. Arxayın ol. Sürücüyə də tapşırmışam, aeroportdan çıxmasın. Amma bilmirəm, hansı reyslə gələcək.

Axşam o gəldi. Aeroportdan birbaşa bizə gəldi. Gözləri çuxura düşmüşdü. Ölüb-ölümdən qayıtmışdı. Bu hadisədən sonra bacısı ilə uzun müddət danışmadı. Küsülü qaldı.

Hə, indi yadıma düşdü, bir neçə il əvvəl belə bir hadisə olmuşdu. Onda evdə adam var idi axı. Dərhal dadıma çatdılar. Bəs burada yıxılsam, məni kim, hara aparacaq? Yenə durmağa cəhd etdim, alınmadı. Telefonum zəng çaldı. Diksindim. Mənim ona olan zəngim, onun da mənə olan zəngi Qara Qarayevin improvizasiyası ilə başlayırdı. Bu musiqi ilə nə ona, nə də mənə heç kim zəng edə bilməzdi. Tanışlarımız başqa musiqilərlə bizə zəng edirdilər. Amma bu musiqi ilə yox. Təəccübləndim. Bu nədir belə? Telefonumun ekranına baxdım. "Moye sçastye" sözləri yazılmışdı. Aman Allah mən dəli oluram? Məni qarabasma basır, yoxsa dəli oluram? Yoxsa huşdan getmişəm? Bəlkə, yuxu görürəm? Axı, o, uçub getmişdi. Uçan təyyarəni öz gözümlə görmüşdüm. Bəlkə, kimsə mənlə zarafat edir? Axı, heç kim mənimlə bu cür zarafat edə bilməz. Telefonumun düyməsini basdım. Aeroportun gözləmə zalında ora-bura tələsən adamların səs-küyləri ilə bərabər onun da səsini eşitdim.

- Aaa.... Sən xindi hardasan?

........

Yavaş səslə:

- Bilmirəm.

- Yox, axı sən xindi hardasan? Aaa... gördü səni, gördü. Otur qəlirəm.

Mən ətrafa baxmağa başladım. Gözlərimə dəymirdi. Birdən gözləmə zalın lap kənarından kərpici rəngli paltolu qadın çarxlı çamadanını tutacağından tutub çəkə-çəkə mənə tərəf gəlirdi. Daha doğrusu, qaça-qaça gəlirdi. Yarıyolda hövsələsi çatmadı, çamadanı bir kənara itələyib, mənə tərəf qaçmağa başladı. Mən yerimdən tərpənə bilmirdim. Tövşiyə-təvşiyə çatıb boynuma sarıldı. Qəhər məni boğurdu. Bilmirdim nə deyim. Rabitəsiz olaraq danışırdım. Yavaş səslə:

- Bəs sən getmədin? Axı, təyyarə uçdu.

- Yox, getmədim. Gedə bilmədim.

- Axı, niyə?

O, gözlərinin yaşını silirdi. Mənə baxıb:

- Sən aeroporta girəndə, mən səni uzaqdan gördüm. Məni görmədin, yanımdan keçdin. Özünü itimişdin. Rəngin ağappaq idi. Qorxdum. Sənə görə yox, özümə görə qorxdum. Qorxdum ki, sənə bir şey olar, dözə bilmərəm. Sonra gözünün yaşını sildi, gülümsəyərək:

- Gedək "Nişantaşı"ya. Sürücünü də mən sifariş edəcəm.

 

İsfəndiyar VAHABZADƏ

525-ci qəzet.- 2021.- 25 may. S. 14-15.