Lift nitqi
İşdə ilk gün
İngiltərədə universitet təhsilini bitirdikdən
sonra böyük bir şirkətdə işə
düzəlmişdim. İlk iş günü digər yeni
əməkdaşlarla birlikdə London ofisimizdə
“İşə başlama tədbiri”ndə iştirak edirdim.
Bizə şirkətin bölmələri və
fəaliyyətlərinə dair məlumatlar verildi. Sonra
gələcək karyeramızda faydalı olacaq mövzular
haqqında təqdimatlar təşkil edildi. Maliyyə
şöbəsində çalışan ciddi görkəmli
qadın çıxışında bildirdi:
- Biz işəgötürmə prosesində
namizədlərin texniki biliklərini deyil, daha çox
onların “yumşaq bacarıqlarını”
qiymətləndiririk. Bir üstəgəl bir, eləyir iki.
Burada çətin nə var ki? Əsas incə
məsələlərdir! İnsanın davranışı,
başqaları ilə səmərəli işləməsi,
onlarla sağlam münasibət qura bilməsi və sairə.
Texniki bacarıqları biz sizə öyrədəcəyik,
amma qeyd etdiyim səriştələr asan mənimsənilmir,
onlar bir az da insanın içində olmalıdır...
Maliyyəçi qadını dinlədikcə
İngiltərədə qatıldığım iş
müsahibələri gözlərim önündən
keçdi. Heç kim mənə altı il universitetdə
oxuduğum “iqtisadiyyat”, “idarəetmə”, “marketinq” kimi
sahələr haqqında bir dənə də olsun sual
vermədi. Elə hey soruşdular ki, qanmaz adamı necə yola
gətirərsən, küsmüş insanları necə
barışdırarsan, ya nə bilim, ruhdan
düşmüş həmkarını necə
həvəsləndirib ona kömək edərsən... Elə
bil psixoloq axtarırlar! Mən isə təhlil
şöbəsində adi mütəxəssis olacaqdım.
- Karyerada uğur qazanmaq üçün geniş
“şəbəkə”lər qurmağınız vacibdir...
Növbəti təqdimatda bu fikri səsləndirən
Texnologiya şöbəsinin müdürü idi. Onun
“şəbəkə” adlandırdığı şeyin
kompüterə aidiyyatı yox idi, nəzərdə tutduğu
“əlaqələr”, “tanış-tunuşluq” idi. Etiraf edim ki,
bunu eşidəndə məyus olmuşdum.
- Daha nə oldu? Şərqdə də “əlaqə”,
qərbdə də?! – öz-özümə heyfsiləndim.
Müdür nitqinə davam elədi:
- ...Ofisdə vaxtaşırı rəhbər
şəxslərlə təsadüfən rastlaşa
bilərsiniz. Bu vaxt çəkinmədən onlarla
ünsiyyət qurub, qısa zamanda münasibət
yaratmağı bacarmalısınız. Sizə faydalı olacaq
texnikalardan biri “lift nitqi”dir – dedi.
Ardınca bu texnika haqqında geniş məlumatlar
paylaşdı. “Lift nitqi”nin məhdud zamanda birisinə
özün və etdiyin işlərə dair yığcam
və təsirli məlumat vermək məqsədi
daşıdığını bildirdi:
- Xəyal edin ki, ofisdə dəhlizdəsiniz və liftin
düyməsinə basırsınız. Bu vaxt qapı
açılır və orada şirkətin icraçı
direktoru var. Başqa heç kəs yoxdur. Siz içəri
girirsiniz və bu adamla təklikdə 30 saniyə
səyahət edəcəksiniz. Növbəti
mərtəbədə liftə başqa şəxs daxil ola
bilər, ya da bu adam lifti tərk edə bilər. Ona
görə sizin vur-tut 4-5 cümlə demək imkanınız
var və bu qısa vaxtda özünüz haqqında elə
bir şey deməlisiniz ki, o rəhbər sizi bir daha
unutmasın və bəlkə də, hətta sizi perspektivli
bir layihəyə dəvət eləsin.
Gözümün ucu ilə saatıma baxdım.
Yarımdəqiqəyə özünü təqdim etmək,
4-5 cümlə ilə o insanın etimadını,
rəğbətini qazanmaq... bütün bunları bacarsaydım,
subaylığın daşını çoxdan
atmışdım...
- Unutmayın, keyfiyyətli “lift nitqi” sizi
zirvələrə “yüksəldəcək”! – Texnologiya
bilicisi dedi və “lift” sözünün ingilis dilində
həm də “yüksəltmək” mənasına sahib
olduğuna işarə etdi.
Məsələ aydın idi: Şirkətdə işə
girmisən? Əcəb eləmisən. Çalışqansan?
Ay maşallah! Yüksəlmək istəyirsən? Onda get
əlaqələr qur...
Çətinlik
Hər işimin daşdan keçməsi çoxdankı
adətim idi. Belə ki, mən Mançester
şəhərində yaşayırdım və buradakı
kiçik ofisimizin ştatında idim. Londona yalnız
tədbir üçün gəlmişdim. Şirkətin,
demək olar, bütün “zadəganları” paytaxtda idi və
onun müqədərratını həll edən stratejik
qərarlar da məhz burada qəbul edilirdi. Digər
şəhərlərdəki həmkarlar, əlbəttə,
onlayn olaraq toplantılara qatılır, arasıra Londona
səfər edirdilər, amma üzbəüz ünsiyyət,
özü də mütəmadi şəkildə,
müqayisə edilməz idi. Odur ki, işə London
ofisində çalışan hər bir işçidən
bir sıfır geridə başlamışdım.
Nə olur olsun, London ofisini tez-tez ziyarət etməli,
yüksək vəzifəli idarəçilərin iştirak
etdikləri toplantılarda görünməli, gözə
girməliydim. Bu ehtiyacın təsdiqi kimi tezliklə paytaxtdan
bəzi hekayətlərin səs-sorağı da
gəlməyə başladı. Sən demə, mənimlə
birlikdə işə başlayan və Londonda
çalışan iki məzunun bir neçə ay sonra
bəxti yamanca gətirmişdi. Uyğun vaxtda uyğun
məkanda uyğun adamlarla tanışlıqları onların
yolunu açmış və vacib layihələrə
dəvət almışdılar.
Təsəvvür edin. Şirkətimizdə “açıq
ofis” tətbiq olunmuşdu, yəni bütün bölmə
rəhbərləri, direktorlar, şöbə
müdürləri – kim harada gəldi otururdu. Hansısa masa
kiminsə mülkü-malı deyildi, kiməsə məxsusi
ayrılmamışdı. Gəlirsən ofisə,
görürsən boş masa var, əyləşirsən. Bir
müddət sonra əlindəki kağız-kuğuzu
steplerlə bəndləmək istəyirsən, amma
masadakı stepler paslanıb, işləmir. Nə edəsən?
Yanında oturmuş şəxsdən stepler xahiş
edirsən, o adam da üzünü çevirəndə
görürsən ki, tabeçiliyində beş min işçisi
olan bölmə rəhbəri. Stepler bir bəhanədir
artıq, başlayırsan dilxoşluq eləməyə,
havadan-sudan danışırsan, sonra ofisdəki kafedə
yüngül nahar edirsən, ona öz keçmişin,
bacarıqların, məqsədlərin haqqında
danışırsan. Bir həftə sonra da görürsən
ki, adam səni çox əhəmiyyətli bir
layihədəki komandasına aldı və sən olursan
“xüsusi istedadlı gənc”. İş-gücünü
yaxşı görürsən, əziyyət
çəkirsən, zəhmətkeşlik edirsən və bir
ildən sonra da vəzifədə qalxırsan. Bu uğur
hekayəsi də bəs nədən başladı? O
paslanmış steplerdən!
Hərəkətə keçmək lazım idi. Birincisi,
karyeram ilə bağlı məqsədləri gözdən
keçirdim: nə əldə etmək istəyirəm, bunun
üçün hansı təcrübələrə
ehtiyacım var? Bu məqsədlərə çatmaq
üçün hansı rəhbərlər mənə
dəstək ola bilər və xüsusən, mən öz
bacarıqlarım ilə bu rəhbərlərə öz
hədəflərinə çatmaqda necə kömək
edə bilərəm (bəli, bu ikitərəfli faydaya
əsaslanan münasibət idi)? İkincisi, bu
rəhbərlər hansı toplantılarda iştirak
edirlər, mən bu yığıncaqlara fiziki olaraq və ya
onlayn şəkildə necə qatıla bilərəm?
Bütün bu mülahizələr zamanı siyahıma
onlarla idarəçinin adı əlavə edildi və silindi.
Ən sonda isə siyahıda yalnız bir adamın adı var
idi. O da bizim bölmənin rəhbəri Maykl Vilson idi... bir az
bəsit təhlil olmuşdu, lakin bütün bağlı
qapıların açarı da məhz onda idi.
Bəs, Maykl Vilson kim idi? O, üç min
işçiyə sahib nəhəng bölməmizə
rəhbərlik edirdi və təxminən 40 yaşlarında
olardı. Digər bölmə rəhbərlərinə
nisbətən daha gənc idi və şirkətin parlaq ulduzu
kimi tanınırdı. Onun rəhbərliyi altında
bölmə son iki ildə ard-arda uğurlar qazanmış
və satışlarımız xeyli artmışdı.
Maykl məharətli natiq idi, danışanda adam
heyrətlənirdi, qibtə edirdi. Sahib olduğu böyük
yumor hissindən ustalıqla istifadə edirdi və nitqinə
zarafatlar əlavə edərək dinləyiciləri
güldürür, onlarda ruh yüksəkliyi yaradırdı.
Bəzən də bölmənin bir uğursuzluğu olanda
elə danışırdı ki, elə bilirdin, bu
keşməkeşli zəmanədə Maykl Vilson iti
məntiqini, cəld qərarvermə bacarıqlarını
istifadə etməsəydi, 10-15 milyon nədir, 100 milyon, 200
milyon funt kəsirimiz olacaqdı, bölmə nədir,
şirkət batacaqdı! Hamımız da qalacaqdıq
işsiz-gücsüz!
Onlayn toplantılarda həssas məqamlarda, emosiyaların
aşıb-daşdığı, hamının
ağız-ağıza verib, bir-birinə
sataşdığı vəziyyətlərdə Maykl Vilson
var idisə və o hələ də səssiz dayanmışdısa,
deməli, bir azdan nəsə bir şey deyəcəkdi. Onun
deyəcəyi bu öyüd, bu hikmət hamının
ürəyinə su səpəcəkdi, qəzəbləri
söndürəcəkdi, onları bir-birinə
mehribanlaşdıracaqdı.
İki həftədə bir Maykl Vilsondan video
müraciətli elektron məktublar gəlirdi, hamını
təbəssümü ilə salamlayırdı,
bölmənin uğurlarından danışırdı,
işçiləri elə tərifləyirdi ki, oturduğum
yerdə qürrələnirdim, qoltuqlarım
qarpızlanırdı. Fikirləşirdin ki, lənət olsun
kapitalizmə, adam maaş-pul istəmir, müftə də
çalışmağa razıdır. Əsas odur,
şirkətimiz uğurlu olsun, rəqiblərini qabaqlasın,
yüksək zirvələrə çatsın,
əməkdaşlarımız xoşbəxt,
qayğısız olsun, yoldaşlar!
Qısası, Maykl Vilson çox görkəmli adam idi
və bütün görkəmli adamlar kimi London ofisində
otururdu. Mançesterə isə nadirən gəlib gedirdi.
Onunla necə tanış ola bilərəm, rastıma
çıxanda ünsiyyətə nə cür başlaya
bilərəm və “lift nitqim” nə ola bilər deyə
baş yorurdum.
Bizim şöbənin gündəlikdəki
məsələlərlə bağlı həftəlik
toplantısı vardı və Maykl Vilson bu
görüşə daima qatılırdı. Bir dəfə
mənə bu toplantıda qısa təqdimat
göstərməyi həvalə etdilər. Çox
həyəcanlı idim. Göydəndüşmə
fürsət idi. Təqdimata ciddi hazırlaşdım,
səlis və aydın nitq mətni yazdım,
təkrar-təkrar məşq elədim. Kostyum geyindim, qalstuk
taxdım. Toplantı vaxtı çatanda görüşə
qoşuldum və veb kameranı açdım. Amma nə
qədər gözləsəm də, Maykl Vilsonun izi-tozu
görünmədi. Dedilər ki, vacib işi
çıxıb, gələsi deyil. Nəticədə
mən təqdimatımı göstərdim, o isə
görə bilmədi.
Ürəyimi üzmədim. Qətiyyən! Burun sallamaq
nədir? Yaraşmaz! Üç həftə
keçəndən sonra mən deyən oldu. Yenə
təqdimat tapşırdılar. Yenə hazırlıq
gördüm, yenə geyinib-keçindim. Vaxt gələndə
veb kameranı açıb gözlədim. Bu dəfə
bəxt üzümə güldü. Maykl Vilson da toplantıya
gəlmişdi, artıq eyni ekranda onun da kamera görüntüsü
vardı, mənim də. Elə bil dəyirmi masada
yanaşı oturmuşduq. Həyəcanlı idim. On
dəqiqə sonra Maykl anidən kamerasını qapatdı
və ardınca toplantıdan çıxdı. Yenə
məni eşitmədi...
Bir həftə sonra təkrarən toplantıda iştirak
edirdim, amma təqdimatım yox idi. Mənimlə birlikdə
işə girmiş başqa bir məzunun isə
təqdimatı vardı. Elə oldu ki, Maykl Vilson bu
dəfə müzakirələri axıra qədər
dinlədi, hətta o əməkdaşın
çıxışından razı qaldı, xeyli
təriflədi. Belə cavan yaşda uğurlu təhlil
aparmasını və mükəmməl nitq qabiliyyətini
xüsusilə qeyd elədi. Bir ay sonra bu gənci böyük
layihəyə cəlb elədilər...
Sonrakı aylarda hadisələr başqa cür
cərəyan etdi. Maykl Vilson artıq toplantılara nadir
hallarda qatılmağa başladı. Nəticədə
özümü ona tanıtdırmaq arzusu gerçəkləşmədi.
Lakin mütəmadi olaraq gələn elektron məktublarda onun
hansısa gənclərin uğurları haqqında
danışdığını və bu gənclərin
sonradan bəxtlərinin açıldığını
eşidirdim.
Arada təlimlər və toplantılar üçün
Londona səyahətlərim olurdu. Fikirləşirdim ki, onlayn
məkanda ünsiyyətimiz baş tutmasa da, bəlkə
də, taleyimə onunla üzbəüz görüş
yazılıb. Əla “lift niqti” də
hazırlamışdım. Yarımdəqiqəyə beş
qızıl cümlə deyəcəkdim – qısa və
yığcam, nöqtə vuruşu kimi. Məsələni
kökündən həll edəcəkdim...
Amma təəssüf ki, fələyin çərxi
dönmüşdü. Bir kərə belə olsun, Maykl Vilson
ilə kəlmə kəsmək nədir, heç
göz-gözə gəlmək də qismət olmadı. Elə
bil, yer yarılmışdı, kişi içinə
girmişdi.
Beləliklə, bütün ümidlərim boşa
çıxdı və bəxtimdən küsdüm. Qərar
verdim ki, başımı aşağı salıb, işimi
görüm. Bölmə rəhbərlərinə əlim
çatmır, çatmasın, Mançesterdəki
şöbə müdürləri və direktorları ilə
isti münasibət quraram, bölgədəki iri
layihələrdə iştirak etməyə
çalışaram. Böyük düşünmək
mənə yaramır...
Səməd
SƏFƏROV
525-ci qəzet.- 2021.- 25 may. S. 12.