Şuşanın səmasında bərq
vuran ulduzlar
AKADEMİK ZEMFİRA
SƏFƏROVANIN "ŞUŞA - AZƏRBAYCAN
MUSİQİSİNİN QALASIDIR" KİTABI HAQQINDA
DÜŞÜNCƏLƏR
"Dünyada bir neçə şəhər var ki,
musiqi onun hər daşına, qalasına, ab-havasına
hopmuşdur. Belə şəhərlərdən Avstriyanın
Vyana, İtaliyanın Neapol, Azərbaycanın da
Qarabağının Şuşa şəhəridir".
Akademik
Zemfira Səfərova
30 ildən artıq idi ki, Azərbaycanın torpaqları
düşmən tapdaqları altında qalmış, insanlar
ev-eşiklərindən didərgin düşmüşdülər. Erməni
vandallarının yırtıcı əməlləri sayəsində
Qarabağda, o cümlədən də, Qarabağın incisi
olan Şuşada əsrlər boyu xalqımızın
qoruduğu neçə-neçə dini-memarlıq abidələri
dağıdılıb, muzeylər və qoruqlar viran edilib,
qiymətli eksponatlar, sənədlər məhv edilib, ya da
ölkədən qanunsuz olaraq çıxarılıb,
oğurlanıb. Bütün digər yaşayış məskənlərimiz
kimi, Şuşa şəhəri də
ciddi dağıntılara məruz qalıb.
Azərbaycan xalqı, müzəffər ordumuz, qəhrəman
əsgərlərimiz Ali Baş Komandan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında 44 günlük Vətən müharibəsi
dövründə torpaqlarımızı düşmən
tapdaqlarından azad etdi. Bu tarixi Qələbə nəticəsində
Azərbaycanın mənfur qonşular tərəfindən
işğala məruz qalmış əraziləri
qaytarıldı. 2020-ci il noyabrın 8-i isə tariximizə ən
şanlı bir gün kimi yazıldı. Azərbaycanın
tarixi, mədəni və strateji əhəmiyyətə malik
olan Şuşa şəhəri
işğaldan azad edildi. 2021-ci il 7 may tarixində
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin
xüsusi sərəncamı ilə Şuşa şəhəri
Azərbaycanın mədəniyyət paytaxtı elan olundu.
Qarabağın
işğaldan azad edilmiş ərazilərində yenidənqurma
işlərinin aparılması, düşmən təcavüzü nəticəsində ərazilərdə
baş verən vandalizm nəticələrinin aradan
qaldırılması məqsədilə, bu ərazilərin
sosial-iqtisadi tərəqqisində daha çox nəticələr
əldə etmək üçün, əhalinin
yaşayış təminatı sisteminin daha səmərəli
qurulması və insanların sosial-mədəni mühitinin təmin
edilməsi üçün sosial infrastruktur və xidmətlərin
təşkili mühüm əhəmiyyətə malikdir. Bu məqsədlə işğaldan azad edilən ərazilərdə
Azərbaycan tarixi və mədəniyyəti ilə
bağlı məkanların, ocaqların bərpa edilməsi də
gündəmdə olan prioritet məsələlərdəndir.
Hal-hazırda bu ərazilərdə yenidənqurma
işləri aparılır, tarixi abidələr, muzeylər bərpa
olunur.
Azərbaycanın zəngin musiqi sənəti hər
zaman erməni vandallarının təcavüzünə məruz
qalıb.
Əzəldən Azərbaycanın konservatoriyası
adlandırılan Qarabağın qədim Şuşa şəhəri
Mir Möhsün Nəvvab, Xarrat qulu, Sadıqcan,
Bülbülcan, Cabbar Qaryağdıoğlu, Səid
Şuşinski, Xan Şuşinski, Bülbül, Qurban Pirimov və
b. kimi görkəmli musiqi xadimləri və
ifaçılarını, Üzeyir Hacıbəyli, Fikrət
Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan
Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov,
Vasif Adıgözəlov kimi məşhur bəstəkarlarımızı
yetirib. Bu zəngin xəzinəmizin qorunması,
gələcək nəsillərə
çatdırılması mədəniyyət və elm xadimlərimizin
qarşısında duran ən mühüm vəzifələrdəndir.
Azərbaycanın mədəniyyət xadimləri, alimləri
də tarixi qələbəni əliboş
qarşılamayıblar. Onlar Qarabağın musiqi xadimləri,
alimlərinin yaradıcı portretləri, musiqi folkloru və
digər bu kimi mövzular üzərində işləyir,
bölgənin musiqi tarixi və ənənələri, mədəniyyəti,
abidələri ilə bağlı tədqiqatlar aparır, elmi
məqalələr, kitablar nəşr etdirirlər.
Belə nəşrlərdən
biri də müasir musiqişünaslığın
inkişafına dəyərli töhfələr verən,
elmin mühüm və aktual problemlərinin tədqiqatçısı,
görkəmli musiqişünas-alim, Əməkdar incəsənət
xadimi, Əməkdar elm xadimi, sənətşünaslıq
doktoru, professor, "Üzeyir Hacıbəyli" və
"Humay ilahəsi-96" mükafatları laureatı akademik
Zemfira Səfərovanın "Şuşa Azərbaycan
musiqisinin qalasıdır" (Bakı: Elm, 2021)
kitabıdır. Görkəmli alimin yeni
kitabı Şuşanın 270 illik yubileyinə həsr edilib.
Qeyd etmək lazımdır ki, bu kitab keçən il ilk dəfə olaraq rus dilində
"Şuşa üitadelğ azerbaydjanskoy muzıki"
(Bakı: Elm, 2020) adı ilə nəşr edilib. Çağdaş zəmanədə musiqimizin, mədəni
irsimizin dünya miqyasında tanınmasına, yayılmasına
böyük ehtiyac duyulduğu bir dövrdə xarici dillərdə,
o cümlədən də rus dilində çıxan nəşrlərin
əhəmiyyəti danılmazdır.
Vətəninin
hər bir guşəsini dərin məhəbbətlə sevən,
sənətini yüksək qiymətləndirən Zemfira Səfərova
bütün elmi fəaliyyəti boyu uzun illər ermənilər
tərəfindən işğal edilən Qarabağın əsrarəngiz
gözəlliyə malik olan və qədim mədəni ənənələri
ilə məşhur olan Şuşanın taleyinə biganə
qalmayıb, məqalələrində,
çıxışlarında mənfur qonşuların bəd
əməllərinə münasibət bildirib, həm bir vətənpərvər
musiqişünas-alim, həm də bir vətəndaş kimi
öz qəti mövqeyini sərgiləyib. Hələ 1993-cü
ildə o, "Qarabağın musiqi mədəniyyəti"
məqaləsi ilə mətbuatda çıxış edib, Azərbaycanın
bu gözəl məkanının fenomenal istedada malik musiqi
xadimləri, bəstəkarları, ifaçıları, xanəndələri,
alimləri, musiqi həyatı barədə geniş məlumat
verib. Bir müddət sonra Zemfira xanım
ürək yanğısı ilə "Şuşa musiqimizin
məbədidir" adlı məruzə ilə
Şuşanın 250 illiyinə həsr edilmiş elmi konfransda
çıxış edib. O, həmin məruzənin geniş
variantını Rusiyanın "Muzıkalnaya Akademiya"
jurnalında çap etdirib, öz ürək sözlərini
bütün MDB məkanına yayıb. Bu
mövzu ilə bağlı, alimin müşahidələri nəticəsində
yaranan sərrast və çox doğru fikir alimlər tərəfindən
xüsusi vurğulanıb. "Neçə
illərdir ki, Qarabağ torpaqları, Şuşa erməni qəsbkarlarının
tapdağı altındadır. Bəs necə
olur ki, bu illər ərzində bu torpaqda görkəmli erməni
bəstəkarları və ifaçıları yetişməyib?
Çünki bu torpaqlar bizimdir, bu istedad vergisi məhz Azərbaycan
xalqına məxsus genetik koddan irəli gəlir"
, - yazan Zemfira xanım bir daha öz mövqeyini təsdiqləyib.
Alimin
"Şuşa - Azərbaycanın musiqi qalasıdır"
kitabında Qarabağın musiqi mədəniyyəti,
ifaçıları, musiqi xadimləri, tarixi barədə əhatəli
məlumat verilib, dövrlərinin görkəmli sənətkarları
olan Mir Möhsün Nəvvab və Cabbar
Qaryağdıoğlunun portretləri,
yaradıcılıqları təhlil edilib. Qeyd
etmək lazımdır ki, Z.Səfərova tədqiqat əsnasında
çox zəngin elmi və tarixi mənbələrə
müraciət edib, Azərbaycan, eləcə də
dünyanın tanınmış simalarının, alimlərinin,
mədəniyyət xadimlərinin əsərlərini
araşdırıb. Qarabağın,
Şuşanın musiqi mədəniyyəti ilə, musiqi
xadimləri ilə bağlı onların fikirlərini təqdim
edib. Kitabda Xalq şairi Səməd Vurğunun, rus
şairi Sergey Yeseninin, məşhur rus musiqişünası
V.Vinoqradovun, fransız yazarı Aleksandr Dümanın, məşhur
rus səyyahı və etnoqrafı İ.Yevlaxovun və digər
məşhurların xatirə və tədqiqatlarından
maraqlı məqamlar nəzərə
çatdırılır.
"Ön söz" adlandırılan giriş hissədə
Azərbaycanın musiqi tarixinə qısa, eyni zamanda, əhatəli
ekskurs verilib.
Burada orta əsr musiqi elminin görkəmli nümayəndələri
S.Urməvi və Ə.Marağai haqda, XIX-XX əsrin əvvəllərində
Azərbaycanın musiqi həyatı haqda, xanəndə sənətinin,
muğamın inkişafında önəmli rol oynayan
ifaçıların, xanəndələrin
yaradıcılığı haqda, Şuşada,
Şamaxıda, Bakıda yaranan musiqi məclisləri haqda məlumatlar
yer alıb.
Kitab iki hissədən ibarətdir. Birinci hissə
XIX əsrin görkəmli ensiklopedist alimi Mir Möhsün Nəvvaba
və onun "Vüzuhül ərqam" risaləsinə həsr
edilib. Bu hissədə Z.Səfərova alim, şair, rəssam və
musiqişünas, ensiklopedik biliyə malik olan Nəvvabın
qısa, lakonik, lakin çox iti və hərtərəfli
portretini yaradıb. Burada 1833-cü ildə
Şuşada Hacı Seyid Əhmədin ailəsində
dünyaya göz açan Nəvvabın
yaşadığı dövr, mühit, onun həyatı,
maraq dairəsi, çoxşaxəli fəaliyyəti və
yaradıcılığı müfəssəl nəzərdən
keçirilib. Z.Səfərova Nəvvabın
yaratdığı "Məclisi fəramuşan" və
1880-ci illərdə Hacı Hüsü ilə birgə
yaratdığı "Musiqiçilər məclisi"nin fəaliyyətlərindən, Azərbaycan ədəbiyyatı
və musiqisi tarixində oynadığı roldan bəhs edir. Məşhur alim kitabxana və qiraətxanaların,
məktəblərin təsisçisi, gözəl rəssam,
astronomiya, riyaziyyat, kimya, psixologiya, etikaya dair
araşdırmaların müəllifi kimi təqdim edilib.
Onun musiqi elmi və ifaçılığı
sahəsindəki fəaliyyəti, müəllimliyi xüsusi qələmə
alınıb, məşhur tələbələrindən Məşədi
Cəmil Əmirovun, xanəndə İslam Abdullayevin, Seyid
Şuşinskinin və digərlərinin adları çəkilib.
Kitabda daha sonra M.M.Nəvvabın musiqiyə həsr edilən
məşhur "Vüzuhül ərqam" ("Rəqəmlərin
izahı") risaləsi haqda hissə yer alıb.
"Vüzuhül ərqam" XIX əsrdə
əski əlifba ilə Azərbaycan dilində yazılan
musiqiyə dair yeganə risalədir. Z.Səfərova
Azərbaycan musiqişünaslığında mənbəşünaslığın
əsasını qoyaraq, ilk dəfə olaraq bu risalənin ərəb
əlifbasında olan mətnini müasir qrafikaya
transfoneliterasiya edib, ön söz və elmi şərhlərlə
1989-cu ildə nəşr etdirib. Qeyd etmək
lazımdır ki, Z.Səfərovanın görkəmli alimin
yaradıcılığına həsr etdiyi kitab hələ
1983-cü ildə işıq üzü görüb ki, bu da
XIX əsr mütəfəkkiri haqqında meydana çıxan
ilk tədqiqat idi. Musiqişünas
"Vüzuhil ərqam" risaləsini təhlil edərək
göstərir ki, bu risalə orta əsr risalələrindən
fərqlənir və daha çox təcrübi məqsədə
qulluq edir. Lakin buna baxmayaraq, risalədə
muğamlar və onların şöbələrinə həsr
edilən nəzəri hissələr də var ki, burada
muğamların emosional təsiri, musiqi və mətn, musiqi və
təbabət kimi estetik və nəzəri problemlər
açıqlanır. "Vüzuhül-ərqam"
əsərində qaldırılan məsələlər
maraqlı və qiymətlidir. Müəllif
bu məsələləri bəzən dini haşiyəyə
alır. Bu dini haşiyə isə M.M.Nəvvaba
əsas niyyətinə, məqsədinə nail olmaq
üçün lazım olan bir vasitə idi. Onun əsas
məqsədi isə özünün qeyd etdiyi kimi, millətinin,
xalqının savadlanması və musiqi elminin inkişafı
idi", - yazan Z.Səfərova Mir Möhsün Nəvvabın
"Vüzuhül-ərqam" risaləsini yalnız Azərbaycanın
deyil, ümumən Yaxın və Orta Şərq
xalqlarının muğam sənətinin və
ifaçılığının vacib məsələlərini
araşdıran əsər kimi musiqi tariximizdə dəyərləndirib. Risalənin böyük
hissəsi muğamlar və onların quruluşuna həsr
edilib. Tədqiqatçı bunlarla
bağlı verilən çoxsaylı cədvəlləri də
diqqətdən kənarda qoymayıb, onların
açımını təqdim edib. Maraqlıdır
ki, cədvəlləri təcrübədə işlətmək,
onlardan birini səsləndirmək məqsədi ilə Zemfira
Səfərova görkəmli tarzən Bəhram Mansurova
müraciət etmişdi. B.Mansurov müəyyən
məşqlərdən sonra yaddan çıxmış,
unudulmuş muğam parçalarını bərpa edərək,
bu cədvəldən bir hissəni səsləndirmişdi.
İlk dəfə Mir Möhsün Nəvvabın cədvəlindən
alınmış muğam nümunəsi Səmərqənddə
keçirilən II Beynəlxalq musiqişünaslıq
simpoziumunda Z.Səfərovanın "Mir Möhsün Nəvvabın
"Vüzuhül-ərqam" risaləsi" məruzəsinə
illüstrasiya kimi, daha sonra isə Bakıda M.M.Nəvvabın
anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya
və konfranslarda səslənmişdi. Önəmlidir ki, alim
kitabda "Vüzuhül-ərqam" risaləsinin ərəb
əlifbası ilə Azərbaycan dilində olan faksimilesini,
onun latın qrafikasında
transfoneliterasiyasını, şərhlər və risalədə
olan qədim musiqi terminlərinin lüğətini oxucuların
istifadəsinə təqdim edib.
Kitabın ikinci hissəsi Azərbaycan
muğamının, folklorunun mahir bilicisi, ustad xanəndə,
"ölməz ənənələr
daşıyıcısı" Cabbar Qaryağdıoğlu
haqqındadır. Bu hissədə Zemfira Səfərova
"Qarabağ səmasında bərq vuran ulduz"a bənzətdiyi
böyük ustadın həyat və çoxşaxəli
yaradıcılığını, Azərbaycan musiqisinə gətirdiyi
yenilikləri Azərbaycan musiqisinin, muğam sənətinin təşəkkülünün
geniş tarixi icmalı fonunda araşdırır. Cabbar
Qaryağdıoğlunun şəxsiyyətini açan alim,
onun haqqında dəyərli fikir söyləyən, onun
ecazkar sənətini, fenomenal səsini, möhtəşəm
ifasını yüksək tutan Azərbaycan və xarici musiqi
xadimlərinin fikirlərinə geniş yer verib.Yeni nəşrdə
sənətkarın Sergey Yesenin, Fyodor Şalyapin, Reynqold Qlierlə
olan görüşlərindən və yaradıcılıq
bağlarından bəhs edən məqamlar, xarici qastrol səfərləri
haqda məlumatlarda xüsusi maraq doğurur. Müəllif S.Yeseninin
C.Qaryağdıoğlunun ifasından aldığı təəssürat
altında bədahətən söylədiyi şeirlə,
ustad sənətkarı "Şərq musiqisinin peyğəmbəri"
adlandırması ilə bağlı xatirəni də
oxucuların diqqətinə yetirir. Beləliklə Z.Səfərova
Azərbaycan xanəndəsinin təkcə Azərbaycanda
deyil, Vətəndən uzaqlarda da şöhrət
qazanması, tanınmasını sərgiləyən önəmli
faktları kitaba daxil edir. Kitabın dəyərli
məqamlarından biri də odur ki, Z.Səfərova ilk dəfə
olaraq C.Qaryağdıoğlunun "Azərbaycan musiqisinin
keçmişi ilə bağlı xatirələrim" əlyazmasını
incələyib, oxucuların müzakirəsinə təqdim
edir. O, əsərə "istedadlı
folklorşünasın musiqimiz haqqında qiymətli, sanballı
tədqiqat əsəri" kimi yüksək dəyər
verir. Maraqlıdır ki, bu hissədə
Ərtoğrul Cavidin musiqişünaslıq fəaliyyətindən
də məlumat verilir. Zemfira xanım Ərtoğrulun
Hüseyn Cavidin ev-muzeyinin Əsas fondunda qorunan
C.Qaryağdıoğlunun xatirələrinə
yazdığı rəyi ilə bağlı fikirlərini
bölüşür,
Kitabda Cabbar Qaryağdıoğlu fenomeni
"böyük xanəndə və muğam ustası"
kimi, musiqi folklorunun mahir bilicisi kimi, "qayğıkeş və
istedadlı müəllim" kimi araşdırılır. Önəmlidir
ki, Z.Səfərova ustadın muğam
ifaçılığına, xanəndə sənətinə
gətirdiyi yenilikləri tədqiq və təhlil edir, onu
novator sənətkar kimi yüksək qiymətləndirir.
Belə ki, xanəndənin muğam
ifaçılığına bəxş etdiyi yeniliklərdən
biri kimi, onun özündən əvvəlki
ifaçılardan fərqli olaraq, muğamı Azərbaycan
dilində olan qəzəllər üstündə -
"Nizami, Füzuli, Zakir, Vaqif, Seyid Əzim Şirvani, Natəvanın
şeirləri"nə oxumasını göstərir. Kitabın maraq doğuran cəhətlərindən
biri də odur ki, muğam ustadının oxuduğu 50
mahnının not yazıları da bura daxil edilib. Qeyd etmək
lazımdır ki, monoqrafiyada "Cabbar əminin"
özünün bəstələdiyi, kiçik qızı
Şəhla xanım Kürçaylıya həsr etdiyi 3
uşaq mahnısı ilk dəfə olaraq yer alıb. Musiqişünas bu mahnıları ustadın
qızının canlı ifasından nota
köçürüb. Zemfira Səfərova
"böyük muğam ustası, mahir xanəndə,
şair və bəstəkar və həm də Azərbaycanın
xalq musiqisinin canlı ensiklopediyası" Cabbar
Qaryağdıoğlunun həyat və
yaradıcılığını zəngin tarixi sənədlər,
not materialları, xatirələr əsasında tədqiq edib.
Musiqişünas apardığı tədqiqat əsnasında
belə bir fikrə gəlib ki, fenomenal səsə malik olan Cabbar
Qaryağdıoğlunun yaradıcılığı ilə
Azərbaycan muğam ifaçılığı tarixində
yeni dövr təşəkkül tapıb.
Qarabağın musiqi mədəniyyətindən,
Şuşanın görkəmli musiqi xadimlərindən - xanəndələrindən,
ifaçılarından, bəstəkarlarından, alimlərindən,
musiqi həyatından, elmindən zəngin məlumat verən
bu kitabın bir çox hissələri Z.Səfərovanın
Qarabağa, Şuşaya olan səfərləri
zamanı yazılıb. Bu səfərlərdən
aldığı təəssüratları alim "Ardı
yaşanılır" kitabında qələmə alıb.
Əsrarəngiz təbiətə malik olan yerləri
qarış-qarış gəzən Zemfira xanım M.M.Nəvvaba
həsr edilən əsər üzərindəki işini belə
xatırlayır: "Hələ
Şuşada olarkən, mən o vaxt Mir Möhsün Nəvvab
haqqında kitab yazırdım, biz Günellə tez-tez Nəvvab
ilə bağlı yerlərə gedirdik, gah Cıdır
düzündəki kahanı seyr edirdik, gah onun
yaşadığı evin yanından keçirdik, gah da
Cıdır düzünün aşağısında
olan qəbrinə gül qoyurduq". O yerlərin təbiəti,
ab-havası alimin elmi işində ona bir növ mənəvi dəstək
olurdu. Bütün Azərbaycan xalqı kimi, elm
və mədəniyyət xadimləri kimi, Zemfira xanım da
Qarabağ torpaqlarının, gözəl Şuşanın
azad olmasını səbirsizliklə gözləyir, qələbəyə
inanırdı. Təsadüfi deyil ki, tarixi Qələbə
müjdəsini eşidən Zemfira Səfərova
Şuşaya həsr edilən bu qiymətli kitabının
sonunda yazır:
"Nəhayət ki, ədalət bərpa
olundu. Qarabağ və Azərbaycanın musiqi qalası -
Şuşa Azərbaycana qayıtdı. Prezidentimizin fərmanı
ilə Şuşa Azərbaycanın mədəniyyət
paytaxtı elan olundu". Onun kitabının son sətirləri
özəl hisslərlə aşılanıb. Bu sətirlərdə
Zəfər ruhu duyulur, xalqın mənfur düşmən
üzərində çaldığı Böyük Qələbənin
sevinci öz əksini tapıb.
Görkəmli
musiqişünas-alimin, akademik Zemfira Səfərovanın
yüksək vətənpərvərlik hissi ilə
aşılanmış kitabı Azərbaycanın musiqi xəzinəsinin
beşiyi olan Qarabağ musiqi mədəniyyətinin, tarixinin,
zəngin ənənələrinin, nadir incilərinin, musiqi
xadimlərinin adlarının əbədiləşdirilməsi,
gələcək nəsillərə
çatdırılması, dünyada təbliğ edilməsi
və bədnam qonşular tərəfindən mənimsənilməsi
cəhdlərinin qarşısının alınması yolunda
atılmış mühüm addım kimi dəyərlidir.
Alimin səlis elmi üslubda, oxunaqlı və rəvan dillə
yazdığı tədqiqatı həm mütəxəssislərin,
həm də mədəniyyətimiz, musiqi tariximizlə
maraqlanan geniş oxucu auditoriyasının sonsuz marağına
səbəb olacaq.
Ülkər TALIBZADƏ
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2021.-
26 may.- S.10.