Üç parlaq imza
- bir doğum günü -
Ömrünü, bütün qüvvətini,
sözünün, fikrinin
ən özəl, xalq üçün ən lazımlı hissəsini ədəbiyyata,
onun inkişafına, yaranıb yayılmasına
xidmət edən insanlar az
olmayıb. Elə insanlar ki, bu gün nəinki
ədəbiyyat adamları,
cəmiyyətin həmin
proseslərdən xəbərdar
olan bütün nümayəndələri o imzalarla
fəxr edir. O insanların ömrü ədəbiyyat uğrunda şam kimi əriyib.
Həmin
şam yandıqca süzülən ərinti
dayaq mərkəzini daha da möhkəmləndirib,
sarsılmaz edib.
Bu gün - 26 mayda Azərbaycanın görkəmli
alimi Vəli Xuluflunun anadan olmasından 127 il, dahi dramaturq, nasir İlyas Əfəndiyevin dünyaya
gəlişindən 107 il,
böyük istedad sahibi, qəzəlxan Hacı Ələmdar Mahirin təvəllüd tapmasından isə 71 il ötür. Bu isimlərin hər
üçü müxtəlif
illərdə və ayrı-ayrı istiqamətlərdə
Azərbaycan xalqına,
xalqın zövqünə,
mütaliəsinə, tarixinə
və nəhayət, ədəbiyyatına xidmət
edib. Bu cümləni
yazılarımda mütəmadi
işlədirəm və
hər dəfə həqiqət olduğuna varıram: "Ədəbiyyat
həm də qəribə bir mistikadır". XIX əsrin sonunda dünyaya gələn Vəli Xuluflu, XX əsrin əvvəlində
dünyaya gələn
İlyas Əfəndiyev
və həmin əsrin tən ortasında - 1950-ci ildə
dünyaya gələn
Hacı Ələmdar
Mahir, həm də eyni gündə
- 26 mayda.
Vəli
Xuluflu cəmi 43 il ömür
sürüb. Bu 43 illik ömrün yarısını Azərbaycan
Şifahi Xalq ədəbiyyatının tədqiqi
ilə məşğul
olub. Bu illər
ərzində onun ədəbiyyatşünaslıq elminə verdiyi töhfələr bu yazının miqyasını
çox-çox aşar.
Ümumi
olaraq, onu demək olar ki, bir sıra
Azərbaycan dastanlarının
toplanıb nəşr
edilməsi Vəli Xuluflunun adı ilə bağlıdır.
Xüsusən, əgər Vəli
Xuluflu olmasaydı, bu gün biz "Koroğlu" dastanının
belə möhtəşəm
variantından xəbərsiz
olardıq. BDU-nun Filologiya fakültəsinin
"Şifahi xalq ədəbiyyatı" kafedrasının
dosenti Etibar Talıblı mühazirələr
zamanı Vəli Xuluflu haqqında bizə geniş məlumat vermişdi.
Etibar müəllim onun barəsində söhbət
açanda həm çox əhatəli və yüksək şövqlə danışırdı,
həm də gözündə kədər
hiss olunurdu. Çünki 37-ci ilin qanlı represiyası Vəli Xuluflunu da öz caynağına almışdı.
Nə qədər ki onun araşdırmaları
sayəsində bəzi
məsələlər ali təhsil ocaqlarında tədris olunur, Vəli Xuluflu da yaşaycaq, öyrəniləcək, ehtiramla
yad olunacaq...
Ədəbi dövrlər, xüsusən
sevilən qələm
adamları arasında
tarixi bir körpü olub. Bu, mənə domino effektini xatırladır. Elə adamlar
var ki, kobud
da səslənsə, varlığı
ilə yoxluğu bilinməyib, qələmini,
bədii nümunəsini,
ələlxüsus özünü
təsdiq edə bilməyib. Amma İlyas Əfəndiyevi,
onun əsərlərini
bir kənara qoysaq, ədəbiyyatın
həmin mərhələsi
boş qalar, nəsr körpüsünün
əsas dayaqlarından
biri uçub gedər. İlyas Əfəndiyev ilk olaraq öz lirik-psixoloji pyesləri ilə mənim sevimli yazıçıma
çevrilib. Tarixi mövzuda
yazılmış "Xürşidbanu
Natəvan" pyesi xalqımızın taleyi ilə bağlı, mətnaltı mənaları
zəngin olan bir dram əsəridir.
Daha sonra "Geriyə baxma, qoca", "Sarıköynəklə Valehin
nağılı" əsərlərini
sevə-sevə mütaliə
eləmişəm. İlyas Əfəndiyevin
ruhu qarşısında
həm də ona görə mütəşəkkirəm ki,
Azərbaycan ədəbiyyatına
Xalq yazıçısı
Elçin kimi parlaq imza bağışlayıb.
İki gün öncə Azərbaycan ədəbiyyat
tarixi fənninin mühazirə mövzusu yazıçı Elçinin
yaradıcılığı idi. Müəllimimiz,
böyük alim
Abdulla Abbasovun yadigarı,
filologiya üzrə fəlsəfə doktoru Sevinc Abdullayeva məhz bu mövzuya
toxundu, həm İlyas Əfəndiyevin,
həm də Elçinin yüksək peşəkarlığı barədə
söhbət açdı.
İlyas
Əfəndiyev ölməz
qələm sahiblərindəndir,
xalqımız böyük
yazıçısını heç vaxt unutmayacaq. İlyas Əfəndiyevin ruhu şaddır, çünki
dədə-baba yurdu olan Qarabağ öz əzəli sahiblərinə qovuşub...
Dahi Məhəmməd
Füzulidən sonra o
səviyyədə poeziya
yaratmaq müşkül
məsələ idi. Ancaq sonrakı
dövrlər də klassik şeir janrında öz istedadlı qələm sahiblərini yetişdirdi.
Yaradıcılığında Füzulinin nəfəsi
hiss olunan Seyid Əzim Şirvani, Əliağa Vahid, Hacı Mail Nardaranlı, Hacı Ələmdar Mahir və digərləri...
Hacı Ələmdar Mahir Bakı qəzəlxanlıq
məktəbinin layiqli
davamçılarından biri
idi. Füzulişünaslıq üzrə geniş
tədqiqat işləri
aparan Hacı Ələmdar Mahir, sözün əsl mənasında, şeirin ruhunu dərindən duyan, klassik şeir ənənələrinə
yüksək səviyyədə
bələd olan qəzəlxan idi. Onun vaxtilə televiziya verilişlərində qəzəl
şərhlərini maraqla
dinləyirdim. "Məclisi-üns" verilişində
tez-tez çıxışlar
edirdi. Təsəvvüf ədəbiyyatının müddəalarını dərindən
bilən barmaqhesabı
insanlardan biri idi. Öz qəzəlinin məqtə
beytində dediyi kimi, o, 63 illik ömrünü bada vermədi, yazdı, yaratdı, sözü, şeiri ən ali səviyyədə
xırdaladı və
özündən sonrakı
nəslə gözəl
şeir nümunələri
bağışladı:
Mahir, ölsəm də, qəmim yox,
dolanıb boş-boşuna
Sürmədim ömrü hədər,
nəysə yaratdım
getdim.
Hər üç ədəbi şəxsiyyətə Allahdan
rəhmət diləyirəm...
Nadir RZALI
525-ci qəzet.- .2021.-26 may.- S.12.