Pekində "Nizami Gəncəvi - bütün
bəşəriyyətin şairi"
adlı tədbir
Şanxay Əməkdaşlıq Təşkilatının
Pekindəki katibliyində
"Nizami Gəncəvi
- bütün bəşəriyyətin
şairi" adlı tədbir təşkil olunub.
AZƏRTAC
xəbər verir ki, "Nizami Gəncəvi ili" çərçivəsində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının
(ŞƏT) və Azərbaycanın
Çin Xalq Respublikasındakı səfirliyinin
birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə Çin
hökumətinin Avrasiya
məsələləri üzrə
xüsusi nümayəndəsi
Li Huy, bir neçə ölkənin
Pekindəki səfiri,
diplomatik korpusun təmsilçiləri, Çin
ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Fondunun Şanxay Əməkdaşlıq Təşkilatının
katibliyinin binasında
daimi nümayiş olunmaq üçün hədiyyə etdiyi Nizami Gəncəvinin büstünün təqdimatı
olub. Bu, ŞƏT-in katibliyində
Çin mütəfəkkiri
Konfutsidən sonra nümayiş olunan 2-ci büstdür.
Qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə
çəkilmiş və
dünyanın tanınmış
muzeylərində nümayiş
olunan illüstrasiyaların,
habelə dahi şarinin poemalarındakı
hadisələri əks
etdirən xalçaların
sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edən
Şanxay Əməkdaşlıq
Təşkilatının baş
katibi Vladimir Norov dahi Azərbaycan şair və mütəfəkkiri Nizami
Gəncəvinin "Xəmsə"sinin
təkcə Şərqin
deyil, bütünlükdə
dünya ədəbiyyatının
inkişafına böyük
töhfə verdiyini bildirib. V.Norov Nizami Gəncəvinin
880-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinə
verdiyi dəstəyə
və Nizami Gəncəvinin büstünü
hədiyyə etdiyinə
görə Heydər Əliyev Fonduna və Azərbaycan səfirliyinə təşəkkür
edib.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirib ki, Nizami
Gəncəvi öz ədəbi irsi ilə bəşəriyyətin
bədii fikir salnaməsində yeni səhifə açan
nadir şəxsiyyətlərdəndir. Səfir
Ə.Zeynallı Nizami
Gəncəvinin Pekinin
Çaoyan parkındakı
büstünün müəllifi,
heykəltəraş-rəssam Yüen Sikunun Prezident İlham Əliyev tərəfindən
Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin
inkişafındakı xidmətlərinə
görə "Dostluq"
ordeni ilə təltif edildiyini diqqətə çatdırıb,
ordeni və onun vəsiqəsini Yüen Sikuna təqdim edib.
Nizami Gəncəvinin bütün
bəşəriyyətə xidmət etdiyini, ədibin fikirlərinin insanlara mənəvi qida olduğunu bildirən Yüen Sikun "Nizami Gəncəvi ili"ndə
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq"
ordeninə layiq görülməsindən qürur
duyduğunu deyib və dövlətimizin başçısına bu
yüksək mükafata
görə təşəkkür
edib.
Sonra tədbirdə
dahi şairin yaradıcılığına aid film nümayiş olunub, Pekin Xarici Dillər
Universitetinin Azərbaycan
dili ixtisası üzrə tələbələri
Nizami Gəncəvinin
əsərlərindən parçaları
Azərbaycan və Çin dillərində oxuyublar.
Çin Mərkəzi Musiqi Konservatoriyasının nəzdində
fəaliyyət göstərən
"Amber" kvartetinin ifasında
Üzeyir Hacibəylinin,
Qara Qarayevin, Fikrət Əmirovun və Tofiq Quliyevin
əsərləri səslənib.
Mərasim iştirakçılarına
Heydər Əliyev Fondunun Azərbaycanın mədəni irsinə aid nəşrləri, o cümlədən Nizami Gəncəvinin əsərləri
daxil edilən kitablar, bukletlər, CD-lər təqdim olunub.
525-ci qəzet.-2021.-
26 may.- S.13.