Bakı Dövlət Universitetinin 100 illik tarixinə dair fundamental əsər

 

 

MİSİR MƏRDANOV: "ELƏ FİKİR YARANMASIN Kİ, 100 İLLİK TARİXİ ƏKS ETDİRƏN BU KİTAB BİRDƏN-BİRƏ YARANIB"

 

 

Bakı Dövlət Universitetinin 100 illik tarixinə dair fundamental əsər

Bu günlərdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun "Bakı Dövlət Universiteti" kitabı çapdan çıxıb.

 

Yeni nəşr ölkədə ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin çətin, mürəkkəb və şərəfli inkişaf yolu haqqında salnamədir. Kitabda Bakı Dövlət Universitetinin yüz illik tarixi arxiv materialları əsasında əhatəli və sistemli şəkildə oxuculara təqdim edilir. Universitetin yaranmasında və 100 illik inkişafı tarixinin ayrı-ayrı mərhələlərində xüsusi xidmətləri olmuş dövlət xadimləri, ona rəhbərlik etmiş ziyalılar haqqında geniş məlumat verilir.

 

Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri var: "Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyası, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verib".

 

Misir Mərdanovun sözlərinə görə, elə fikir yaranmasın ki, 100 illik tarixi əks etdirən bu kitab birdən-birə yaranıb: "Qeyd edim ki, 90-cı illərin əvəllərindən mən bu işlə məşğul olmağa başlamışam. Universitetin 75 illiyi münasibəti ilə 1994-cü ildə Murtuz Ələsgərov, Fazil Vahidovla birlikdə "Bakı Dövlət Universiteti (1919-1994)" kitabını hazırlayıb nəşr etdirmişdik. O dövrün çətinliklərinə baxmayaraq kitab rus və ingilis dillərinə tərcümə edilib.

 

"Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində (1918-1920)" (Əsgər Quliyevlə birlikdə) (2003), "Azərbaycanın təhsil nazirləri" (2010) kitablarında da Bakı Dövlət Universitetinin cümhuriyyət fədailəri tərəfindən necə çətinliklə yaradıldığı öz geniş şərhini tapıb. "Azərbaycan təhsil tarixi" çoxcildliyinin I, II və IV cildində BDU-nun təşəkkülü və inkişafının ayrı-ayrı mərhələləri geniş təhlil olunub, tədris və elmi fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirilib və universitetə rəhbərlik edən rektorlar haqqında qısa oçerklər verilib.

 

Universitetin 100 illiyi ərəfəsində qərara gəldim ki, yubileylə bağlı silsilə məqalələr hazırlayım. 10 məqalə hazırlayıb "525-ci qəzet"də çap etdirdim. BDU-da indi də uğurla çalışan həmkarlarımın, təhsil tədqiqatçılarının, xüsusilə də hazırkı kitabın elmi redaktoru professor Fərrux Rüstəmovun tövsiyəsi ilə həmin məqalələr əsasında kitab yazmaq qərarına gəldim. Bu məqsədlə, öncə indiyə qədər universitetin tarixi ilə bağlı yazılan bütün kitabları yenidən oxudum. Qəzet və jurnal məqalələrinin əksəriyyətini vərəqləməli oldum. Universitetin tarixi ilə bağlı xeyli yeni materiallar və 300-ə yaxın yeni fotolar əldə etdim. 1947-ci ildən universitetin tədris və elmi fəaliyyətinin, tələbə həyatının güzgüsü olan "Lenin tərbiyəsi uğrunda" qəzetindəki hər bir yazı ilə tanış oldum. Arxivlərdən əldə etdiyim materialların bir çoxunun indiyə qədər çap olunmuş kitab və məqalələrdə öz əksini tapmadığının şahidi oldum. Əldə etdiyim məlumatlar əsasında xeyli fakt və hadisələri dəqiqləşdirməyə, universitetin inkişafında bu və ya digər dərəcədə xidmətləri olan prorektorların, partiya komitəsi katiblərinin, komsomol komitəsi katiblərinin, həmkarlar təşkilatı sədrlərinin, tədris hissəsi müdirlərinin, elmi hissə rəhbərlərinin ad, soyadlarını müəyyənləşdirməyə və kitaba daxil etməyə nail oldum".

 

Misir Mərdanov qeyd edib ki, universitetin tarixi həm də burada çalışan professor-müəllimlərin, tədris-köməkçi heyətin, xüsusilə də onun idarəedənlərin-rektorların tarixidir. Bu kitabı ərsəyə gətirərkən bir daha əmin oldum ki, sələflərimizin və müasirlərimizin elmi-pedaqoji fədakarlığı nəticəsində 100 il müddətində, BDU-da həqiqətən də möhtəşəm və şərəfli bir tarix yazılıb. Bu zəngin elmi və pedaqoji irsin yaradılmasında müstəsna xidmətləri olan müqtədir alimlər, təcrübəli müəllimlər çoxdur.

 

Kitabda ayrı-ayrı vaxtlarda universitetə rəhbərlik etmiş rektorlar haqqında geniş məlumatların verilməsi onu digər nəşrlərdən fərqləndirən əsas cəhtlərdən biridir: "Burada bir məqama da xüsusi diqqət yetirmək istəyirəm. O da akademik İvan İvanoviç Şirokoqorovun ADU-nun rektoru olması, Abdulla Yusupovun və Hüseyn Quliyevin rektor vəzifəsini icra etməsi ilə bağlıdır. İ.İ.Şirokoqorovun öz  xətti ilə yazmış olduğu tərcümeyi halından məlum olur ki, o, bir müddət universitetin rektoru vəzifəsində çalışmışdır. Professor Lalə Quliyevanın təqdim etdiyi materiallardan, universitetin arxivindən əldə etdiyim sənədlərdən də aydın olur ki, onun atası Hüseyn Quıiyev qısa müddətdə unversitetin rektoru vəzifəsini icra etmişdir".

 

Direktorun söylədiyinə görə, elmi publisistik üslubda yazılan "Bakı Dövlət Universiteti" giriş, 11 fəsil, ad göstəricisi və istifadə olunan ədəbiyyat siyahısından ibarətdir.

 

"Ürfan çırağı" adlı ilk fəsildə BDU-nun yaradılması uğrunda mübarizədə maarifçilərimizin ardıcıl və sistemli fəaliyyətləri təhlil olunur.

 

"İkinci nəfəs" adlı ikinci fəsildə universitetin 1920-1930-cu illərdəki inkişafı öyrənilir. XX əsrin 20-ci illəri BDU-nun tarixində olduqca mürəkkəb bir dövrdür. Bu dövrdə universitetdə elmi fəaliyyət, təlim-tərbiyə işləri sinifilik və partiyalılıq prinsipinin tələbləri əsasında yenidən qurulub.

 

"Qayıdış, yaxud şimal küləkləri sərtləşir" adlı üçüncü fəsildə universitetin inkişafının 1934-1941-ci illərdəki inkişafı təhlil predmetinə çevrilib. Universitetin yenidən təşkilini zəruri edən səbəblər araşdırılır, professor-müəllim və tələbə kollektivinin formalaşdırılması uğrunda görülən işlər ümumiləşdirilib, ali təhsil ocağının tədris, elmi həyatına işıq salınır. Azərbaycanda elmi və mədəniyyət tarixinə qanlı hərflərlə yazılmış 1937-ci il unniversitetə ağır zərbələr vurub. 100 nəfər universitet ziyalısı məhvə məhkum edilib. Yalnız 1937-ci ildə universitetin iki dekanı, iki dekan müavini, dörd kafedra müdiri, kitabxana direktoru, elmi katib, xüsusi hissə müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, səkkiz professor, həmçinin, universitetin rektoru olmuş altı görkəmli ziyalı repressiyanın qurbanı olublar.

 

"Döyüşən təhsil və elm" adlı dördüncü fəsildə universitetin 1941-1945-ci illərdəki, "Dirçəliş" adlı beşinci fəsildə 1945-1959-cu illərdəki "50 yaşın astanasında" adlı 6-cı fəsildə 1959-1969-cu illərdəki inkişafı fakt və rəqəmlərlə təqdim olunub.

 

Kitabın "Yeni mərhələ başlayır" adlı yeddinci fəslində universitetin 1970-1980-ci illərdəki inkişafı əvvəlkilərlə müqayisəli şəkildə araşdırılır. O dövrdə universitetdə fəaliyyət göstərən 14 fakültə, 88 kafedra, 4 problem laboratoriya, elmi kitabxana, iki muzey, aspirantura şöbəsi, elmi-tədqiqat hesablama mərkəzi və hazırlıq şöbələri, tələbə şəhərciyi, ixtisasartırma fakültəsi, ali məktəbə qəbul olmaq istəyənlər üçün hazırlıq kursları haqqında ətraflı məlumat verilir.

 

"Müstəqilliyə doğru" adlı səkkizinci fəsildə universitetin 1981-1991-ci illərdə, "Müstəqilliyin işığında" adlı 9-cu fəsildə 1990-1998-ci illərdə, "Genişlənən üfüqlər" adlı 10-cu fəsildə 1999-2010-cu illərdə inkişafı tədqiq olunur. Bütün struktur bölmələr haqqında geniş məlumat verilir.

 

Misir Mərdanov vurğulayıb ki, kitabın son fəsli "100 yaşlı universitet" adlanır. Universitetin 100 illiyi Azərbaycan tarixinin, elmi, mədəni və təhsil həyatımızın ayrılmaz bir hissəsidir. 100 illik də tarixə çevrilib. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamı əsasında tədbirlər planı təsdiq olunub. Həmin plana uyğun olaraq BDU-nun 100 illiyi ilə bağlı müxtəlif vaxtlarda silsilə tədbirlər təşkil olunub.

 

Direktorun sözlərinə əsasən, kitabda universitetlə bağlı mühüm tarixi hadisələrin xronologiyası, ad göstəricisi və 300-dən çox fotoşəkil verilib. Həmin şəkillərin xeyli hissəsi ilk dəfədir ki, nəşr olunur: "Hesab edirəm ki, Bakı Dövlət Universitetinin tarixi xüsusi tədqiqatların predmetinə çevrilməli, onun inkişafının hər xırda məqamı diqqətlə öyrənilməlidir. Çünki keçmişi bilməmək təkcə indinin dərkinə zərər gətirmir, o, həm də gələcəyə nüfuz etmək təşəbbüslərini təhlükə altına qoyur. Millət öz şərəfli tarixi keçmişi ilə özünü ifadə edir. Bu səbəbdən də tarixi əsərlər yazmaq əhəmiyyətli və dəyərli hesab olunur”.

 

Misir Mərdanov bildirib ki, kitabı hazırlayarkən universitetlə bağlı indiyə kimi yazılmış kitablardan, elmi məqalələrdən bəhrələnib: "Həmin müəlliflərə hörmət və ehtiramımı bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm".

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2021.- 26 may.- S.14.