"Məndən qəmli məktub
yoxdu..." -
"Şair,
əslində, Tanrı görən işi görür:
Tanrı insanlar içindən Şairi seçir. Şair sözlər içindən Sözü
seçir. Tanrının yanına
qaytarır".
Vaqif
Bayatlı Odər
Psixologiyada "dalğın professor" ifadəsi var.
Xarakterin introvert-mütəfəkkir tipinə uyğun gələn
bu obraz, adətən, şablonları sevmir, ideyalardan, ənənələrdən
asılı olmur. Bir az sadəlövh, hamıya tez
inanan olsa da, öz ölçülərini, yanaşmalarını
qətiyyətlə müdafiə edir.
Canın
oxla çitənincə,
eşqlə, sevgiylə dolunca,
oxlar lələyə
dönüncə,
qalxarsan
uça-uça
Allahdan da
ucaya
Oxu lələk
edən Allah
Sənin üstündə olunca.
Bu, nə özünüqoruma instinktidir, nə təhrik,
nə də təlqin. Vaqif Bayatlının şeirinin təlqin
gücünü
Şair
olanları yox, olacaqları yazır -
misrasında da aramağa dəyməz.
Bu min il də
tənhalıq minilliyi
Bu əsr də tənhalıq əsridi.
Hamı onun əsiridi.
Vaqif Bayatlının bu fikri də,
yaradıcılığının səciyyəsi kimi, həm
də kölgə-instalyasiyaları xatırladır. Onun
"instalyasiyaları"nın fərqi
budur ki, burada təkcə işığın yox, kölgələrin
də rəngi var. Kölgənin rəngləri gerçəkliyi
təsvir etmir, təcrid olunmuş, uzaq düşmüş
(ayrı salınmış) nəsnələrin, hərəkət
və hadisələrin mahiyyətini və qohumluğunu təfsir
edir.
Bir
kölgə ver mənə, tanrım,
sözün kölgəsini ver.
Söz
dünyanın şəklidi,
hansısa sözün şəkliyəm mən də.
Bir az diqqətlə
baxanda üçüncü, dördüncü,...
qatların da olduğunu fəhmlə duyursan, adını bilmədiyin
bu triptix-rənglərdə xronotopun əridiyini, yoxa
çıxdığını hiss edirsən. Və
inanırsan ki, yaradanın zamandan xəbəri yoxdur, zaman
şeytan işidir. Yalnız an
varmış - keçdiyin hər min ilin əvvəlində gələn
bu bircə anda... bir damla göz yaşının dibsiz dərinliyində
tənhalığın qəm çiçəyitək
üzdüyünü, kəpənəktək gəzişdiyini,
dərdin darıldığını, yurdun
uladığını... qəlbinlə görür, ruhunla
dinləyirsən...
Bu
dünyadakı bütün dərdlər
sənin
dərdindi,
Başqa
dərdlər yoxdu,
Ancaq bir
böyük Dərd var,
sənin
Dərdin,
Çünki ən azad, ən böyük Tənha sənsən.
Vaqif Bayatlının yaradıcılığı konkret
ədəbiyyat faktından daha çox, incəsənət
hadisəsi kimi dərk olunur. Amma hansı prizmadan
yanaşılır-yanaşılsın, Vaqif Bayatlı
yaradıcılığının sirri və gücü bir
məqamı nişan verir: Vaqif Bayatlı
təxəyyülünün üslubunu!
Məhz təxəyyülün
üslubu Şairin Tanrıya qaytardığı Sözü -
sözlərin ən gözəlini nişan
verir:
Əriyəcək
dünyanın
Sonuncu
şeirinin sonuncu sözü də
dünyanın sonuncu gor evinin
sonuncu
baş daşıtək,
əriyib
axacaq Allahın yanağından
dünyanın son,
Allahın ilk gözyaşıtək.
Və o
zaman - dərin... dərin... eşqlə dolu səssizlik
anında tənhalığın lal səsindən damla-damla
pıçıltılar süzülür ruhun ürəyinin
başına: ən gözəl söz - susdura bilən
sözdür.
Susdura bilən söz - yazılan söz deyil, yazdıran
sözdür.
Və bu sözün "hüsn-əsması"
sükutdur. Şair fərdiyyəti, poetik
özünəməxsusluq hələ bu sükutu ifadə etmək
gücündə deyil. Hamıya çox
asanlıqla şamil edilə bilən bu "növbətçi"
təyinlər deyil idealı gücün, hakimiyyətin
fövqündə saxlayan. Kimsə inkar da edə bilməz
ki, janrın məntiqinə cavab verən nizamlı-ahəngli
söz düzümü yaxşı poeziya nümunəsi ola bilər. Olar və nə qədər
desən, sözə qüvvət yaradıcılıq
nümunələri sadalamaq mümkündür. Amma
poeziyanın qüdrəti deyilən nə isə bir özgə
nəsnədir, janrın məntiqi yetmir onu açmağa,
izah etməyə, nəinki yetmir, hərdən bu məntiqi,
klişeni elə dağıdır ki, şeirin ruhu da incimir...
Əvəzində insan ruhunun ölçüyə-sığala
gəlməyən müxtəlif və saysız-hesabsız vəcd
halının şəklini - havasını alır: hər
yer və hər şey əbədiyyət qədər uzaq,
Tanrı qədər yaxın, ölüm qədər tanış... və bir uşaq təbəssümündən
saçan işıq kimi dopdolu eşq havasında.
Yadındamı,
Tanrı,
Sən
ucsuz-bucaqsız kədərdin,
Biz də
kədərin balaları...
Bu, nə vaxt olmuşdu? Min il sonra, bir
gün əvvəl, yoxsa sabah?
Vaqif Bayatlı cavab almaqçün vermir sualı,
eşidəcəyi cavab maraqlı deyil, maraqlı olan -
sualın açdığı yolların,
cığırların şaxələnməsi, uzanması,
çarpaz-dolaşıq keçilməzliyin naməlum cazibəsidir.
Bir
yanıq kamançada
Çalına
bilər ancaq
bu
sevdanın havası,
daha diz
üstə oxunulmaz,
diz
üstə oynanılar
bu
sevdanın duası.
Bu yola hər bələdçi yaramaz, bu yolun bələdçisi
Vaqif Bayatlı təxəyyülünün üslubu olar, o
da, Allah insaf versin... hələm-hələm üz göstərməz.
Üz
tutub yüyürməyin mənə sarı,
Bağlıdır canımın daş qapıları.
Özü də çox təhlükəlidir, çox
da zalımdır, üstəlik.
Mən
söz balasıyam, zalım tifili,
Sürüşüb alnımdan Allahın əli.
Daha
heç bir an da, heç bir anca da
Sən də,
sən də ağladammazsan məni,
Mən zalım adamam, kamança.
Nələr, nələr yaşamalı
olmalıymışsan ki, kamança zalımlığına
belə meydan oxuya biləsən?!
Onun şeirinin "üstünə yüyürənlərin"
çox olduğunu demək olmur; oxucusu kütləvi deyil. Onu birmənalı
olaraq rahat qəbul etmək, başa düşmək asan deyil.
Gül
kimi qoxlamaq istəyirəm adamları,
Gül
düzəldirəm adamlardan
Gül olmaq
istəmirlər ancaq,
deyirlər, güldən adam olmaz,
Allah gildən
düzəldib hər şeyi
sən
də gildən düzəlt bizi,
deyirəm, dayanın, heç olmasa son dəfə
gil
olmamış, gül kimi qoxlayım sizi,
bu
dünyada son dəfə qoxlayıram gülləri,
Tanrım,
neyləmisən bunlara
Gil iyi gəlir
güllərindən də?!.
Ancaq
Oxucu, Vaqif Bayatlı Odər şeirində sözün sakral
gücünün mövcudluğuna inanır, ona
anlaşılmaz, laübalı görünən şeirlərində
də bilmədiyini başa düşür.
Azərbaycan ədəbiyyatında onun kimi sözsüz
şeir yazan ikinci bir şair yoxdur. Bu sözsüz
şeirlərin poetik obrazlarının, metaforalarının
havası başqadır (Cavanların boy-buxunu anaların
"can" kəlməsinin, Günəş, ulduzlar
Tanrının bir anlıq kölgəsiymiş). Bənzətmələri qəfil döngədən
üstünə şığıyan kölgə kimi
diksindirir. "...ancaq yalandan sevənlər hamıdan
çox sevirlər", unutduğun bir söz, bir
çöhrə kimi işıqlanır yaddaşında:
Mən səni
sakitcə, yavaşca,
sevmək
istəyirəm.
sevmək
istəyirəm tanrıdan yazılantək,
bir
balaca quş
öz
balaca yuvasının
küncünə qısılantək.
Vaqifin Sözü - insan qəlbinə tutulmuş
güzgü kimidir; kimi bu güzgüdə ancaq
özünü görür, kimi də... dünyanı.
Bütövlükdə
Vaqif Bayatlının poetik sintaksisinin məna tutumu bəzən
elə müdhiş və qorxunc bir gücsüzlük təlqin
edir ki, nəfəs kimi içinə çəkməkdən
saxlaya bilmirsən acizliyini, dua kimi səssiz, yuxu kimi dərin
boşluqda bir əl çəkib çıxarır ürəyini...
səni
xilas etməyə,
daha
heç kəs gəlməyəcək,
göyüzünün bu başından o başına
ayaqlarımdan, dizlərimdən
əllərimdən, gözlərimdən
mismarla
məni göyüzünə,
bərk-bərk yapış məndən, Tanrım.
Nəzəriyyələr və yozumlar bu şeirlərin
üz-gözünü sıyırıb-sivirir, qəmin
üzündən qəmin dibinə düşməyin
yolunu-yolağasını, idrakını, üfüqlərini
tuta bilmir.
Danışmamaq
heç nə!
Heç
gözlərlə də danışmamaq!
Divin canı şüşədə olan kimi, Vaqif
Bayatlının gücü də təxəyyülünün
üslubundadır. Bu, onun yaradıcılığını
idealizə etmək, yaradıcılıqların fövqünə
qoymaq deyil, qətiyyən belə deyil. Vaqif
Bayatlının hər şairə nəsib olmayan poetik nəfəsinin
səsidir, rəngidir.
Dünyanı bir uzun şeirə bənzədən Vaqif
Bayatlıya görə, şeir necə yazılır görəsən?
...düşünür,
düşünür tanrı
Qoyur əlini
şeir yazan bir şairin
əlinin
üstünə
beləcə köhnə dünyanın son şeirini
yeni
dünyanın ilk şeirini
yazırlar şairlə Tanrı.
Məsələ
də bundadır, təəccüblü olan da budur ki, elə
bilirsən hər şeyi, hər kəsi anlayırsan,
"oxuyursan" necə deyərlər, "gözüyumulu
oxuyursan", hamı da, hər kəs də səni, sənin
anladığın həqiqətləri elə sənin kimi, sənin
qədər anlayır... Bir gün, bir an
aydın olur ki, heç də belə deyilmiş... və sənin
müstəsnalıqlarını "cəzalandırırlar".
Ağlatmağın, incitməyin yolu də əl altında:
anlamamaq, eşitməmək, görməmək... Qorxuların
qisası... qorunmaq instinkti...
Varlığını da əmtəəyə
çevirməyi ar bilməyən insanın "bazar xarakterinə"
satılmış qəlbində nə nifrət-nifrət mərtəbəsində
dura bilir, nə də sevgi-sevgi ucalığında. Onun hesab-kitabında
Azadlıqdı
azadlıqçün ağlamaq
duyğusuna yer olmaz, alış-veriş xislətinə
susamış qəlbi, olsa-olsa, faydasına Sabirdə təsəlli-dayaq
görər. Və əlbəttə ki, fəhmin
baş-ayağında: "Tək mən salim olum..." Bu "bazar tipini" yalnız fərdin mənəviyyatının
deqradasiyası kimi səciyyələndirmək də doğru
olmaz. Aşınmaları cəmiyyətin sosial xarakteri
yetişdirir; anonim subyektlərin yığnağı olan
aqressiv cəmiyyət ideal, mənəviyyat, dəyər
anlayışlarına "destruktiv" don geydirər, məcazına-mənfəətinə
çəpər bilər, yaxıb-yıxıb keçməyə,
ondan qurtulmağa çalışar.
Hər
biri özü öz dəminin üstdə
Adamlar
dalaşır dəstəbədəstə
Özünü
həm şam,
Həm də
ki, şah sayan bir dilənçinin
Ovcundan dağılan qəminin üstdə.
Özgələşmiş
sosiallıq xüsusilə keçid dövrü yaşayan cəmiyyət
insanının təcridini, tənhalığını həyat
tərzinə çevirər və sonra da başlayar az qala təyinatına çevrilən, ruhunu
saran yad "ekzistensializm"in depressiya saçan kürlüyünü
oxşaya-əziziləyə çıxış yolu
aramağa.
Bir An gələr, o bir Anda
Allahın
da, şeytanın da
gücü keçər bir insana.
Allahlığa,
şeytanlığa
bir an
dözər insan ancaq
çox
dayana bilməz daha
o bir Ana
insana
keçib qayıdar
dupduru
Allahlıq Allaha
dipdiri
şeytanlıq şeytana.
Belə
davranışın nəsibi insana dəyər yükləyən
bir xitabda şifrələnib: "Allah dəyərləri
yerindən etmiş toplumu doğruya yönəltməz". Səhv etmirəmsə, Quranın Tövbə surəsindədir
bu xəbərdarlıq. Yolundan azmışa, Günaha
batmışa qorxu-qadağa kar eləməz ki... Amma həmişə bir ipucu var yanlışlardan
dönməyə.
Vallah,
yazıqsan,
Yazıqsan,
sevməyən insan,
Bir yol
dünyaya gələsən,
onda da
sevməyəsən...
Səni də
sevmirsə,
Rəhm
elə yenə,
Sən
sev onu, Allahım,
Sən
sevmək öyrət ona...
Vaqif Bayatlının dumduru aydınlığını
anlamamaq, başa düşülməmək
ağrısını o, "məndən qəmli məktub
yoxdu dünyada" təsəllisiylə əzizləyib.
Vaqif
Bayatlını göyüzünə çəkmək cəhdləri...
Onu Göyüzünə çəkmək cəhdlərindən
fərqlidir.
Vaqif
Bayatlı, Xilas olmaq haqqında düşünmür, Xilas etmək
haqqında düşünür:
İnan mənə!
İnan!
Bizim
sevgimizdən keçib gedəcək bütün sevgilər!
Vaqif Bayatlı Tanrıdan diləmir, Tanrı
üçün diləyir; bağışlanmağı da,
bağışlamağı da.
Təqdimatlarda onun yaradıcı amplitudu
"yerüzü-göyüzü" arasında
cızılır, "səma şairi" Cavidin xələfi
kimi təqdim olunur. Olsun. Bununla belə, Vaqif
Bayatlının ruhu birlər arasında qan qardaşı, əkiztayı
İsgəndərdi, zənnimizcə - dünyanın ən
ağlamalı dirilərinin gözündə "ən
gülməli ölü" qiymətində olan Kefli İsgəndər.
Biri arağın xumarında, biri eşqin qanadında.
Böyük
ağrılardan
ağarır dan.
Böyük
ağrıların
ağaran
dan yerindən
böyük oğullar doğulur.
doğulan kimi də
bələyini dolayar biləyinə
kəfənini dolayar boynuna.
Vaqif Bayatlı da ölümlərin ən gözəlini
Ana yanında ölmək bilir.
Vaqif Bayatlı da hər sevgidən, sözdən nəsə
gözəl bir şey qaldığına inanır.
Vaqif Bayatlı da bu yalançı dünyada gerçək
ölümün hamı səni unudanda gəldiyini bilir.
Vaqif
Bayatlı da dünyanın qiymətini "əksliklərin vəhdətində"
görür: sevinci-kədəri, dərdi, xatası, qara
daşıynan da xoşdu bu dünya.
Vaqif
Bayatlı da
Bəlkə
biz başa düşmürük
ən
böyük bədbəxtlik -
ən
böyük xoşbəxtlikdi
- tərəddüdünü yaşayır.
Vaqif
Bayatlı şeirindəki insan Zərdüştün "Mən
sevirəm o kəsləri ki, nifrət etməyi
bacarırlar" söyləyən fövqəlinsanına bənzəyir,
bircə fərqlə: O, nifrət etməyi yox, sevməyi
bacarır. Burdan başlayır şairin millilikdən
bəşəriliyə yüksəlişi.
***
Bu dünyada hər şair bir söz öyrədir, bir səs
qoyur.
Vaqif Bayatlının kədəri də, nikbin olan
sözü, səsi mavi sükut dilində susmaq öyrədir. Sükut -
anlamaq fürsətidir; deyilənləri yox, deyilməyənləri
anlamaq, yazılanları yox, yazılmayanları oxumaq fürsəti.
Mahiyyətin və məzmunun tərəddüd
anıdır bu an.
Vaqif Bayatlının şeiri mikrofona oxunmaz, tribunalardan səslənməz;
dua anının səssizliyinə, Tanrı kimi tənhalığa,
ilğım kimi sirrə sarı çəkilmək, insan qəlbinə
enmək üçündür onun şeiri. Tənhalığın
ağrısını yox, Tənhalığın fəlsəfəsini
yaşadan bu şeirlər həm də susmaq
üçündür, deməli. Yerlə, Göylə,
Dərdlə, Tanrıyla, Sözlə, Ölümlə,
Sevgiylə susmaq öyrədən poeziyanın sehri də
oxucunu buna səsləyir: Tanrılaşmaq qədərincə
birlikdə susmaq...
Toxunmayın,
Böyük
məclislərdə oxumayın şeirlərimi,
Mən tənhalarçın,
yalqızlarçın
Yazdım onları.
***
Min il əvvəl də şeir vardı, min il əvvəl
də yaşardı. Min il sonra da şeir
yazılacaq, min il sonra da şairlər əbədi heçlik
və ülviyyət haqqında şeir yazacaqlar. Görəsən,
min ildən sonra biləcəklərmi ki, yupyumru bir eşqin ən
gözəl sözünü insan düşüncəsinin,
zamanın ayağı dəyməyən yerində min il əvvəl yazıb Vaqif Bayatlı?
Bəlkə
sən də yoxsan,
Tanrı
deyilən ancaq bir böyük
Dərd
var bu dünyada,
Şairlər
tanrılaşa-tanrılaşa
Söz-söz,
misra-misra sökür o dərdi,
Beləcə
bir gün də dünyanın son şairi
dünyanın son dərdini söküb gedəcək
dünyanın son tanrısıtək.
Südabə AĞABALAYEVA
525-ci qəzet.-
2021.- 27 may.- S.18.