Lift nitqi

 

İngiltərədə universitet təhsilini bitirdikdən sonra böyük bir şirkətdə işə düzəlmişdim. İlk iş günü digər yeni əməkdaşlarla birlikdə London ofisimizdə “İşə başlama tədbiri”ndə iştirak edirdim. Bizə şirkətin bölmələri və fəaliyyətlərinə dair məlumatlar verildi. Sonra gələcək karyeramızda faydalı olacaq mövzular haqqında təqdimatlar təşkil edildi. Maliyyə şöbəsində çalışan ciddi görkəmli qadın çıxışında bildirdi:

 

- Biz işəgötürmə prosesində namizədlərin texniki biliklərini deyil, daha çox onların “yumşaq bacarıqlarını” qiymətləndiririk. Bir üstəgəl bir, eləyir iki. Burada çətin nə var ki? Əsas incə məsələlərdir! İnsanın davranışı, başqaları ilə səmərəli işləməsi, onlarla sağlam münasibət qura bilməsi və sairə. Texniki bacarıqları biz sizə öyrədəcəyik, amma qeyd etdiyim səriştələr asan mənimsənilmir, onlar bir az da insanın içində olmalıdır...

 

Maliyyəçi qadını dinlədikcə İngiltərədə qatıldığım iş müsahibələri gözlərim önündən keçdi. Heç kim mənə altı il universitetdə oxuduğum “iqtisadiyyat”, “idarəetmə”, “marketinq” kimi sahələr haqqında bir dənə də olsun sual vermədi. Elə hey soruşdular ki, qanmaz adamı necə yola gətirərsən, küsmüş insanları necə barışdırarsan, ya nə bilim, ruhdan düşmüş həmkarını necə həvəsləndirib ona kömək edərsən... Elə bil psixoloq axtarırlar! Mən isə təhlil şöbəsində adi mütəxəssis olacaqdım.

 

- Karyerada uğur qazanmaq üçün geniş “şəbəkə”lər qurmağınız vacibdir...

 

Növbəti təqdimatda bu fikri səsləndirən Texnologiya şöbəsinin müdürü idi. Onun “şəbəkə” adlandırdığı şeyin kompüterə aidiyyatı yox idi, nəzərdə tutduğu “əlaqələr”, “tanış-tunuşluq” idi. Etiraf edim ki, bunu eşidəndə məyus olmuşdum.

 

- Daha nə oldu? Şərqdə də “əlaqə”, qərbdə də?!öz-özümə heyfsiləndim.

 

Müdür nitqinə davam elədi:

 

- ...Ofisdə vaxtaşırı rəhbər şəxslərlə təsadüfən rastlaşa bilərsiniz. Bu vaxt çəkinmədən onlarla ünsiyyət qurub, qısa zamanda münasibət yaratmağı bacarmalısınız. Sizə faydalı olacaq texnikalardan biri “lift nitqi”dir – dedi.

 

Ardınca bu texnika haqqında geniş məlumatlar paylaşdı. “Lift nitqi”nin məhdud zamanda birisinə özün və etdiyin işlərə dair yığcam və təsirli məlumat vermək məqsədi daşıdığını bildirdi:

 

- Xəyal edin ki, ofisdə dəhlizdəsiniz və liftin düyməsinə basırsınız. Bu vaxt qapı açılır və orada şirkətin icraçı direktoru var. Başqa heç kəs yoxdur. Siz içəri girirsiniz və bu adamla təklikdə 30 saniyə səyahət edəcəksiniz. Növbəti mərtəbədə liftə başqa şəxs daxil ola bilər, ya da bu adam lifti tərk edə bilər. Ona görə sizin vur-tut 4-5 cümlə demək imkanınız var və bu qısa vaxtda özünüz haqqında elə bir şey deməlisiniz ki, o rəhbər sizi bir daha unutmasın və bəlkə də, hətta sizi perspektivli bir layihəyə dəvət eləsin.

 

Gözümün ucu ilə saatıma baxdım. Yarımdəqiqəyə özünü təqdim etmək, 4-5 cümlə ilə o insanın etimadını, rəğbətini qazanmaq... bütün bunları bacarsaydım, subaylığın daşını çoxdan atmışdım...

 

- Unutmayın, keyfiyyətli “lift nitqi” sizi zirvələrə “yüksəldəcək”! – Texnologiya bilicisi dedi və “lift” sözünün ingilis dilində həm də “yüksəltmək” mənasına sahib olduğuna işarə etdi.

 

Məsələ aydın idi: Şirkətdə işə girmisən? Əcəb eləmisən. Çalışqansan? Ay maşallah! Yüksəlmək istəyirsən? Onda get əlaqələr qur...

 

Çətinlik

 

Hər işimin daşdan keçməsi çoxdankı adətim idi. Belə ki, mən Mançester şəhərində yaşayırdım və buradakı kiçik ofisimizin ştatında idim. Londona yalnız tədbir üçün gəlmişdim. Şirkətin, demək olar, bütün “zadəganları” paytaxtda idi və onun müqədərratını həll edən stratejik qərarlar da məhz burada qəbul edilirdi. Digər şəhərlərdəki həmkarlar, əlbəttə, onlayn olaraq toplantılara qatılır, arasıra Londona səfər edirdilər, amma üzbəüz ünsiyyət, özü də mütəmadi şəkildə, müqayisə edilməz idi. Odur ki, işə London ofisində çalışan hər bir işçidən bir sıfır geridə başlamışdım.

 

Nə olur olsun, London ofisini tez-tez ziyarət etməli, yüksək vəzifəli idarəçilərin iştirak etdikləri toplantılarda görünməli, gözə girməliydim. Bu ehtiyacın təsdiqi kimi tezliklə paytaxtdan bəzi hekayətlərin səs-sorağı da gəlməyə başladı. Sən demə, mənimlə birlikdə işə başlayan və Londonda çalışan iki məzunun bir neçə ay sonra bəxti yamanca gətirmişdi. Uyğun vaxtda uyğun məkanda uyğun adamlarla tanışlıqları onların yolunu açmış və vacib layihələrə dəvət almışdılar.

 

Təsəvvür edin. Şirkətimizdə “açıq ofis” tətbiq olunmuşdu, yəni bütün bölmə rəhbərləri, direktorlar, şöbə müdürləri – kim harada gəldi otururdu. Hansısa masa kiminsə mülkü-malı deyildi, kiməsə məxsusi ayrılmamışdı. Gəlirsən ofisə, görürsən boş masa var, əyləşirsən. Bir müddət sonra əlindəki kağız-kuğuzu steplerlə bəndləmək istəyirsən, amma masadakı stepler paslanıb, işləmir. Nə edəsən? Yanında oturmuş şəxsdən stepler xahiş edirsən, o adam da üzünü çevirəndə görürsən ki, tabeçiliyində beş min işçisi olan bölmə rəhbəri. Stepler bir bəhanədir artıq, başlayırsan dilxoşluq eləməyə, havadan-sudan danışırsan, sonra ofisdəki kafedə yüngül nahar edirsən, ona öz keçmişin, bacarıqların, məqsədlərin haqqında danışırsan. Bir həftə sonra da görürsən ki, adam səni çox əhəmiyyətli bir layihədəki komandasına aldı və sən olursan “xüsusi istedadlı gənc”. İş-gücünü yaxşı görürsən, əziyyət çəkirsən, zəhmətkeşlik edirsən və bir ildən sonra da vəzifədə qalxırsan. Bu uğur hekayəsi də bəs nədən başladı? O paslanmış steplerdən!

 

Hərəkətə keçmək lazım idi. Birincisi, karyeram ilə bağlı məqsədləri gözdən keçirdim: nə əldə etmək istəyirəm, bunun üçün hansı təcrübələrə ehtiyacım var? Bu məqsədlərə çatmaq üçün hansı rəhbərlər mənə dəstək ola bilər və xüsusən, mən öz bacarıqlarım ilə bu rəhbərlərə öz hədəflərinə çatmaqda necə kömək edə bilərəm (bəli, bu ikitərəfli faydaya əsaslanan münasibət idi)? İkincisi, bu rəhbərlər hansı toplantılarda iştirak edirlər, mən bu yığıncaqlara fiziki olaraq və ya onlayn şəkildə necə qatıla bilərəm?

 

Bütün bu mülahizələr zamanı siyahıma onlarla idarəçinin adı əlavə edildi və silindi. Ən sonda isə siyahıda yalnız bir adamın adı var idi. O da bizim bölmənin rəhbəri Maykl Vilson idi... bir az bəsit təhlil olmuşdu, lakin bütün bağlı qapıların açarı da məhz onda idi.

 

Bəs, Maykl Vilson kim idi? O, üç min işçiyə sahib nəhəng bölməmizə rəhbərlik edirdi və təxminən 40 yaşlarında olardı. Digər bölmə rəhbərlərinə nisbətən daha gənc idi və şirkətin parlaq ulduzu kimi tanınırdı. Onun rəhbərliyi altında bölmə son iki ildə ard-arda uğurlar qazanmış və satışlarımız xeyli artmışdı.

 

Maykl məharətli natiq idi, danışanda adam heyrətlənirdi, qibtə edirdi. Sahib olduğu böyük yumor hissindən ustalıqla istifadə edirdi və nitqinə zarafatlar əlavə edərək dinləyiciləri güldürür, onlarda ruh yüksəkliyi yaradırdı.

Bəzən də bölmənin bir uğursuzluğu olanda elə danışırdı ki, elə bilirdin, bu keşməkeşli zəmanədə Maykl Vilson iti məntiqini, cəld qərarvermə bacarıqlarını istifadə etməsəydi, 10-15 milyon nədir, 100 milyon, 200 milyon funt kəsirimiz olacaqdı, bölmə nədir, şirkət batacaqdı! Hamımız da qalacaqdıq işsiz-gücsüz!

 

Onlayn toplantılarda həssas məqamlarda, emosiyaların aşıb-daşdığı, hamının ağız-ağıza verib, bir-birinə sataşdığı vəziyyətlərdə Maykl Vilson var idisə və o hələ də səssiz dayanmışdısa, deməli, bir azdan nəsə bir şey deyəcəkdi. Onun deyəcəyi bu öyüd, bu hikmət hamının ürəyinə su səpəcəkdi, qəzəbləri söndürəcəkdi, onları bir-birinə mehribanlaşdıracaqdı.

 

İki həftədə bir Maykl Vilsondan video müraciətli elektron məktublar gəlirdi, hamını təbəssümü ilə salamlayırdı, bölmənin uğurlarından danışırdı, işçiləri elə tərifləyirdi ki, oturduğum yerdə qürrələnirdim, qoltuqlarım qarpızlanırdı. Fikirləşirdin ki, lənət olsun kapitalizmə, adam maaş-pul istəmir, müftə də çalışmağa razıdır. Əsas odur, şirkətimiz uğurlu olsun, rəqiblərini qabaqlasın, yüksək zirvələrə çatsın, əməkdaşlarımız xoşbəxt, qayğısız olsun, yoldaşlar!

 

Qısası, Maykl Vilson çox görkəmli adam idi və bütün görkəmli adamlar kimi London ofisində otururdu. Mançesterə isə nadirən gəlib gedirdi. Onunla necə tanış ola bilərəm, rastıma çıxanda ünsiyyətə nə cür başlaya bilərəm və “lift nitqim” nə ola bilər deyə baş yorurdum.

 

Bizim şöbənin gündəlikdəki məsələlərlə bağlı həftəlik toplantısı vardı və Maykl Vilson bu görüşə daima qatılırdı. Bir dəfə mənə bu toplantıda qısa təqdimat göstərməyi həvalə etdilər. Çox həyəcanlı idim. Göydəndüşmə fürsət idi. Təqdimata ciddi hazırlaşdım, səlis və aydın nitq mətni yazdım, təkrar-təkrar məşq elədim. Kostyum geyindim, qalstuk taxdım. Toplantı vaxtı çatanda görüşə qoşuldum və veb kameranı açdım. Amma nə qədər gözləsəm də, Maykl Vilsonun izi-tozu görünmədi. Dedilər ki, vacib işi çıxıb, gələsi deyil. Nəticədə mən təqdimatımı göstərdim, o isə görə bilmədi.

 

Ürəyimi üzmədim. Qətiyyən! Burun sallamaq nədir? Yaraşmaz! Üç həftə keçəndən sonra mən deyən oldu. Yenə təqdimat tapşırdılar. Yenə hazırlıq gördüm, yenə geyinib-keçindim. Vaxt gələndə veb kameranı açıb gözlədim. Bu dəfə bəxt üzümə güldü. Maykl Vilson da toplantıya gəlmişdi, artıq eyni ekranda onun da kamera görüntüsü vardı, mənim də. Elə bil dəyirmi masada yanaşı oturmuşduq. Həyəcanlı idim. On dəqiqə sonra Maykl anidən kamerasını qapatdı və ardınca toplantıdan çıxdı. Yenə məni eşitmədi...

 

Bir həftə sonra təkrarən toplantıda iştirak edirdim, amma təqdimatım yox idi. Mənimlə birlikdə işə girmiş başqa bir məzunun isə təqdimatı vardı. Elə oldu ki, Maykl Vilson bu dəfə müzakirələri axıra qədər dinlədi, hətta o əməkdaşın çıxışından razı qaldı, xeyli təriflədi. Belə cavan yaşda uğurlu təhlil aparmasını və mükəmməl nitq qabiliyyətini xüsusilə qeyd elədi. Bir ay sonra bu gənci böyük layihəyə cəlb elədilər...

 

Sonrakı aylarda hadisələr başqa cür cərəyan etdi. Maykl Vilson artıq toplantılara nadir hallarda qatılmağa başladı. Nəticədə özümü ona tanıtdırmaq arzusu gerçəkləşmədi. Lakin mütəmadi olaraq gələn elektron məktublarda onun hansısa gənclərin uğurları haqqında danışdığını və bu gənclərin sonradan bəxtlərinin açıldığını eşidirdim.

 

Arada təlimlər və toplantılar üçün Londona səyahətlərim olurdu. Fikirləşirdim ki, onlayn məkanda ünsiyyətimiz baş tutmasa da, bəlkə də, taleyimə onunla üzbəüz görüş yazılıb. Əla “lift niqti” də hazırlamışdım. Yarımdəqiqəyə beş qızıl cümlə deyəcəkdim – qısa və yığcam, nöqtə vuruşu kimi. Məsələni kökündən həll edəcəkdim...

 

Amma təəssüf ki, fələyin çərxi dönmüşdü. Bir kərə belə olsun, Maykl Vilson ilə kəlmə kəsmək nədir, heç göz-gözə gəlmək də qismət olmadı. Elə bil, yer yarılmışdı, kişi içinə girmişdi.

 

Beləliklə, bütün ümidlərim boşa çıxdı və bəxtimdən küsdüm. Qərar verdim ki, başımı aşağı salıb, işimi görüm. Bölmə rəhbərlərinə əlim çatmır, çatmasın, Mançesterdəki şöbə müdürləri və direktorları ilə isti münasibət quraram, bölgədəki iri layihələrdə iştirak etməyə çalışaram. Böyük düşünmək mənə yaramır...

 

Milad şənliyi

 

İşə bağlamağımdan il yarım sonra, yəni dekabr ayında dördgünlük təlim üçün London ofisinə gəldim. İlin son ayı bu ölkədə çox məşğul keçir, həmçinin, şirkətlərdə. Gah öz şöbənin, gah da bölmədəki başqa şöbələrin kollektivləri ilə, gah da eyni ofisdəki başqa heyətlərlə birlikdə Milad şənliyinə qatılırsan. Hər adam orta hesabla 2-3 yığıncağa dəvət alır. Bu tədbirlər çox sadə keçirilir. Hansısa restoran və ya barın geniş bir hissəsi və ya zalı tutulur və orada ayaqüstü yüngül qidalanma üçün yemək və içki masaları qurulurdu (spirtli içkilər həmişə yeməkdən daha çox olurdu). Adətən hər işçi öz şəhərindəki tədbirlərə dəvət alırdı və bundan dolayı, mən Londondakı şənliklərdə heç iştirak etməmişdim.

 

Təlimin ilk günü fasilə zamanı bölməmizdəki başqa bir şöbənin müdürü ilə dəhlizdə rastlaşdım. Hal-əhval tutduqdan sonra xəbər verdi:

 

- Axşam, bilirsən də, bölməmizin Milad şənliyi var.

 

Sən də gəl.

 

- Mən axı bu ofisdə işləmirəm.

 

- Narahat olma. Gələrsən. – dedi.

 

Axşam tədbirin baş tutduğu bara gələndə adda-budda dayanan xeyli həmkarımı gördüm. Yaxınlaşıb bir dəstə adam ilə salamlaşdım və təxminən 5-10 dəqiqə keçmiş birdən qulağıma çox tanış bir səs gəldi. Birinci, elə bildim ki, hansısa tanış mahnının nəqarətidir. Getdikcə başa düşdüm ki, bu onun səsidir. Ətrafa boylandım və Maykl Vilsonu əlində pivə butulkası, yanındakı həmkarlara həvəslə nəsə haqqında danışan yerdə gördüm. Gözlərimə inanmadım. Karıxmışdım. Həm də sevinirdim. Onda dərk elədim ki, hər işin öz vaxtı-vədəsi var və mənim də “lift nitqim” məhz bu dekabr axşamı deyiləcəkdi!

 

Bir pivə butulkası da mən qapdım və Maykl Vilsona yaxınlaşaraq söhbətə qulaq kəsildim. Dəstədəki avstraliyalı qadın sörfinq haqqında danışırdı. Mənə yad mövzu idi. Bu barədə danışa biləcəyəm ən uyğun şey uşaqlıqda dörd ədəd yük maşını şinini bir-birinə bağlayıb, onun üzərində Kür çayının dalğalarında 10 kilometr səyahət etməyimiz olardı ki, bu da tam sörfinq sayılmazdı.

 

Bir müddət sonra müzakirə mövzudan mövzuya atladı və ən sonda kruiz haqqında danışmağa başladılar. Həmkarlardan biri gəmi ilə İngiltərədən İtaliyaya qədər səyahət etmişdi. Fikirləşdim ki, bu mövzuda da cəlbedici bir şey söyləyə bilməyəcəyəm.

 

Bir az keçmişdi, İtaliyanın şəhərləri haqqında danışmağa başladılar və Venesiyanın adı çəkildi. Bu vaxt söhbətə atıldım. Dörd il əvvəl Venesiya səyahətimdən qalma bir neçə xatirəmi bölüşdüm. Maykl Vilson da diqqətlə qulaq asırdı. Gözlərindən hiss elədim ki, mənim kim olmağım ilə bağlı beynində qumar oynayır.

 

- Mən bizim şəhərə, Mançesterə ilk dəfə gəlib, kanallardakı qayıqları görəndə Venesiyadakı qondolalar yadıma düşmüşdü. – dedim və dolayısıyla eyham vururdum ki, Mançester ofisində çalışıram.

 

Bənzətməm ətrafdakıların könlünü oxşadı. Maykl Vilson isə azca əminsiz görünürdü, deyəsən, qumarı uduzmuşdu. Onda, təxmin elədim ki, məni hələ tanımır və bir azdan fürsət tapan kimi “lift nitqi”ni bəyan eləmək lazım idi.

 

Tezliklə söhbət Britaniyada qədimdən istifadə edilən kanal sistemi üzərində davam etməyə başladı. Fikirləşdim ki, müzakirəyə girişim uğurlu olmuşdu, maraqlı şərh vermişdim və insanların diqqətini cəlb eləmişdim. Maykl Vilson yumor sevən idi və ona görə münasib məqam tapan kimi məzəli bir şey söyləsəm, durnanı gözündən vurmuş olacağam.

 

Söhbəti diqqətlə dinləməyə davam etdim və ürəyimə yatan bir zarafat üçün uyğun məqamı yaxalayan kimi gecikmədən onu dilə gətirdim. Gözlədim ki, indi camaatın qarnı açılacaq, uğunub gedəcəklər. Amma gülən olmadı, hamı ciddi-ciddi mənə baxırdı.

 

- Yəqin, ləhcəm qulaqlarına ağır gəlib, başa düşməyiblər – deyə düşündüm və zarafatı bir daha təkrar etdim.

 

Amma hələ də kal kimi baxırdılar. Bu dəfə lap təşvişləndim. Pərişan halda zarafatı izah etməyə girişdim. Vəziyyət yenə dəyişmədi. Maykl Vilson qarışıq hamı gözlərini zilləyib, üzümə baxırdılar. Əhvalım qarışdı. Bu naqolay vəziyyətdən necə çıxım, mövzunu necə dəyişim deyə baş sındırırdım ki, avstraliyalı qadın imdadıma yetişdi və başqa bir şey haqqında şərh bildirdi. Söhbət dərhal dayandığı yerdən davam elədi.

 

Onda yadıma düşdü ki, yumor incə məsələdir və xüsusilə beynəlxalq mühitdə çox riskli mövzudur. Özü də başım bu məsələdə birinci dəfə ağrımırdı. Bir dəfə universitet tələbələri ilə birlikdə ordan-burdan danışırdıq. Aramızda alman, ingilis, norveçli və yunan tələbələr vardı. Ağlıma bir məzəli zarafat gəldi, onu dilə gətirib, hamının gülüşünü gözləyirdim ki, kimsədən səs çıxmadı. Elə bil ağzına su alıb oturmuşdular. Bircə, yunanlardan başqa... Bu iki nəfər necə qəh-qəhə ilə gülürdülərsə, hamı heyrətlə bunlara tamaşa edirdi. Axırda alman soruşdu:

 

- Niyə gülürsünüz?

 

- Necə yəni? Başa düşmədiniz?yunanlardan biri təəccüblə sual elədi.

 

Onda anladım ki, yumor coğrafiya və mədəniyyət ilə çox bağlıdır və yunanlar bizə yaxın xalq olduğundan zarafatlarımızın duzu da oxşardır.

 

Maykl Vilson isə yunan deyildi, ingilis idi və mən bu nöqsana yol verməməliydim. Kefim pozuldu. Artıq danışmağa da həvəsim qalmamışdı.

 

...Həmin axşam Maykl Vilson ilə bir daha rastlaşmadıq. Etiraf edim ki, təsadüfi də deyildi, uzaq gəzirdim. Az-maz tanıdığım insanlarla görüşüb, iş və başqa mövzularda söhbət etdim. Axşam saat 12-yə qalanda anidən sezdim ki, çox adam məclisi artıq tərk edib və son 15-18 nəfər qalıb. Onlar da nəsə haqqında gurultu ilə danışır, gülüşürdülər. Səslərindən məst olduqları hiss olurdu. Fikirləşdim ki, artıq gecdir, mənim də otelə dönmək vaxtımdır.

 

Həmsöhbətim ilə sağollaşdım. Gödəkçəmi alıb, barda qalan digər həmkarlarla uzaqdan vidalaşmaq istəyəndə gördüm ki, onlardan bir neçəsi əllərində stul daşımağa girişiblər. Bir az sonra stulları yerə qoydular və iki nəfər qabaq qabağa əyləşib, qollarını çırmaladı. Sonra əllərini birləşdirib, qol güləşinə hazır vəziyyətə gəldilər. Bu vaxt Maykl Vilson onların başında peyda oldu. İçkidən qızarmış gözlərilə ucadan:

 

- Bir! İki! Üç! – deyə saydı və qol güləşi başladı...

 

Zəif damarım

 

...Sonrakı hadisələri izah etmək üçün haşiyəyə ehtiyac var. Məktəb vaxtı idi, 8-9-cu siniflərdə oxuyurdum. Əmək dərsində boş-bekar oturmuşduq. Müəllimin dərs deməyə meyli yox idi. Bu vaxt oğlanların bəziləri qol güləşdirməyə başladılar. Canım sıxılırdı, dedim, mən də sınayım. O günə qədər ciddi mənada qol güləşdirməmişdim. Nə isə, birinin biləyini yerə vurdum, sonra o birisininkini vurdum... Baxdım ki, sıra ilə sinfin bütün oğlanlarına qalib gəlmişəm. Arada başqa siniflərdən bir neçə oğlan qapıdan boylandı ki, nə edirsiniz. Onlar da qoşuldu, onları da üzünün suyu süzülə-süzülə geri göndərdim. Kənardan bizi izləyən əlli yaşlı əmək müəllimi, eləmə təmbəllik, gəldi oturdu qarşımda. Onun da biləyini yerə vurdum. Hamı məəttəl qalmışdı.

Axşam evə gələndə atama lovğalıqla dedim ki, gəl, qol güləşdirək. Yeniyetmə idim, üsyankardım. Kişinin də qolunu yerə vurdum. Özü də üç dəfə.

 

O vaxtdan qol güləşinə aludə oldum. Zəif damarım idi. Harada kimi isə qol güləşdirən yerdə görsəm, dayana bilmirdim. Ağına-bozuna baxmadan udurdum. Universitet vaxtı hər gün idman zalına gedən, zülal məhlulları içən, qolu zorba tələbələri də axmaq eləmişdim. Axırıncı dəfə az qala özümü əsgərlikdə xataya salacaqdım. Hərbi hissəmizə xüsusi təyinatlı dəstə gəlmişdi. İki gün qalıb gedəcəkdilər. Bizdən əvvəl Qafqaz dağlarında bir həftəlik məşq əməliyyatı keçmişdilər. Hündürboy, qara-qura oğlanlar idi. Axşam tərəfi gördüm ki, onlardan biri əsgərlər ilə qol güləşdirir və hamını bir-bir udur. Özümü saxlaya bilmədim, dedim, mən də güləşmək istəyirəm. Div boyda oğlanı iki dəfə uddum. Xəcalətindən üçüncü dəfə güləşmədi. Dedi ki, yorğundur, dağdan gəlib, iki gün ac-yalavac qalıb, sabah axşam görüşək. Növbəti gün dəstənin planı dəyişdi, anidən günorta saatlarında tərk edib getdilər. Uzaqdan izləyirdim, o xüsusi təyinatlı hərbçi gözlərilə kimi isə axtarırdı. Yumruğunu sıxıb dayanmışdı. Deyəsən, məni udmadan getmək istəmirdi...

 

...İndi görəndə ki, Maykl Vilson da daxil olmaqla hamı qol güləşdirir, məgər, dayanmaqmı olardı? Gödəkçəmi atdım qırağa, qatıldım dəstəyə.

 

14 nəfər arasında qol güləşi yarışı başladı. Maykl Vilson da hamı kimi qolunu çırmalayıb, güləşirdi. Diqqət etdim ki, o, həm də idmanla məşğul olurmuş, qol əzələləri qabarırdı.

 

Maykl bir nəfərlə qol güləşdirəndə direktor vəzifəsindəki bir qadın telefonunu açıb, video çəkməyə başladı. Hamı “Maykl! Maykl” deyə qışqırırdı. Cuşa gələn bölmə rəhbərimiz gənc oğlanın biləyini sərt yerə vurdu və qalib sərkərdə kimi təntənəli şəkildə əllərini qaldırıb telefonun kamerasına dişlərini ağartdı.

 

Sonra mən bir nəfər ilə güləşdim və qalib gəldim. Bir müddət keçmiş Maykl qolu qüvvətli olan bir oğlanla qabaq-qabağa oturdu və bu dəfə də qazandı. Qadın yenə video çəkirdi və bu vaxt başa düşdüm ki, çəkdiklərini “Whatsapp”da hansısa bir qrupda paylaşır. Deyəsən, direktorların və şöbə müdürlərinin üzv olduqları bir qrup idi, çünki hər videodan sonra qadın o şəxslərin adlarını və şərhlərini dilə gətirir, Maykl ilə aralarında gülüşürdülər.

 

Bir qədər sonra bir nəfəri də uddum və məlum oldu ki, artıq yarımfinala çıxmışam. Rəqibim isə Maykl Vilsondur. İçkinin təsirindən yalnız indi dərk elədim ki, məğlubiyyətsizlik seriyasının sonunda onsuz da əvvəl-axır Maykl ilə üz-üzə gələcəkdim. Və buna hazır olmalıydım. Mənsə hazır deyildim.

 

Özümü itirdim. Nə edəcəyimi bilmədim. Bir də baxdım ki, ətrafdakılar çiyinlərimdən tutub aşağı basırlar və mən artıq Mayklla qabaq qabağa oturmuşam. Qadın yenə telefonunu ələ alıb, bizi çəkməyə başladı və ucadan qışqırdı:

 

- Budur, artıq Maykl Vilson yarımfinaldadır! Afərin!!!

 

Maykl ilə əllərimiz birləşdi və gözlərimiz arasındakı məsafə 30-40 sm oldu. Bu vaxt başa düşdüm ki, qabağımdakı sinif yoldaşı, universitet tələbəsi, xüsusi təyinatlı deyil, mövcud iş yerimdə mənə dəstək verərək məni ən yüksək zirvələrə qaldıra biləcək adamın məhz özüdür. Son il yarımdır mən bu adama özümü tanıtmaq və ən azından onun adımı öyrənməsi üçün dəridən-qabıqdan çıxmışdım, onun qatıldığı toplantılara girib, təqdimatlara hazırlaşmışdım, ofis dəhlizlərində əl-əl onu axtarmışdım. İndi isə iş elə gətirib ki, bu adam gəlib əyləşib düz qabağımda, əli isə ovucumun içindədir. Görən, mən sevinim, ya kədərlənim?...

 

Qeyri-iradi əlimi açmaq istədim, amma Maykl onu bərk sıxmışdı. Elə bil şikarını caynağına keçirmişdi.

 

- “Bir, iki, üç, başla!”deyə əmr verildi və hamı “Maykl! Maykl!” deyə qışqırmağa başladı.

 

Biləyimi sabit saxlamışdım. Nə qabağa gedirdi, nə dala. Barın musiqisi, ətrafdakı çığırışlar, video çəkən qadının qəhqəhələri arasında çaş-baş qalmışdım.

 

- Görən, uduzummu? – deyə fikirləşdim – Hamı onsuz da məğlub olmuşdu, mən də onların sırasına qoşulsam, guya nə olacaq ki?... Maykl həm də məndən yaşda böyükdür. Rəhbər adamdır. Vəzifəsinə, yaşına hörmət eləmək lazımdır...

 

Yavaş-yavaş əlimi boşaltmağa başladım. Maykl Vilson bunu görüb ürəkləndi və əlimi möhkəm basmağa başladı.

- ...İngiltərədə yaş hərləyən var?içimdə bir etiraz baş qaldırdı - Burada insana onun özünə görə hörmət qoyurlar, yaşına görə deyil... Rəhbər olanda nə olacaq? Xeyli müddətdir bu adamla tanış olmaq üçün əl-ayağa düşmüsən, özünə zillət vermisən. Təqdimatların oldu, gəlmədi. Londona getdin, qarşına çıxmadı. Elə bil əhd eləmişdi... Vur biləyini!...

 

Qərar verə bilmirdim, tərəddüd içində idim. Alnımdan tər axmağa başlamışdı. Maykl isə var-gücü ilə biləyimi əyir, əlim isə artıq aşağı doğru enirdi.

 

- Yox, bu gün artıq bir dəfə taleyimlə oynamışdım! Hədər getdi. İkinci belə bir səhv etmərəm! Maykl o boyda bölmənin rəhbəridir, ad-sanı var! Nə olsun ki, yarışırıq, hər şeyin həddi-hüdudu var. Mən ona qalib gəlsəm, ayıb olar. Bəlkə də, xətrinə dəyəcək, inciyəcək. Onda onun yaddaşında necə qalacağam? Adam da öz əli ilə özünə gor qazar?!.. Ən yaxşısı, uduzmaqdır. Qoy, qələbə çalsın, sonra da əlimi kürəyinə vurub, deyərəm ki, afərin, çox güclüsünüz...

 

Biləyimi bir az daha boşaltdım. Artıq yolun yarısı gedilmişdi, qolumla masa arasında 45 dərəcəlik bucaq əmələ gəlmişdi. Ətrafdakı insanlar da çoşub, qışqır-bağır salmışdılar. Yaxınlaşan zəfərdən duyuq düşmüşdülər.

Birdən-birə iki ay sonra London ofisinə gəlməyimi xəyal etdim. Liftə girirdim, Maykl Vilson da orada idi. Başqa kimsə yoxdu. Özümü təqdim etdim, tanımadı, dedim ki, yadınızda Milad şənliyində barda qol güləşdirmişdik. Gülümsədi, “hə, hə, əlbəttə” dedi. Amma səmimi görünmədi, inanmadım...

 

Əlimi sıxdım, köksümü gərdim və qoluma güc verə-verə Maykl Vilsonun biləyini tədricən geriyə doğru sıxmağa başladım. Artıq əlim qalxıb dikəlmişdi və tarazılıq yaranmışdı. Onda qəflətən sanki məni cin atına mindirdilər. Ağlımda:

 

- “Al, bu də sənə lift nitqi!” - dedim və adamın qolunu birnəfəsə çırpdım stola...

 

Bu vaxt elə bil bardakı musiqi dayandı, ətrafdakıların səsi qeybə çəkildi və sanki üçminlik bölmənin hər bir işçisi dilini udub kiridi.

 

Maykl Vilson yerində donmuş vəziyyətdə qalmışdı. Dodaqları büzülmüşdü. Gözləri masadakı qoluna baxırdı. Elə baxırdı, elə bil özgəsinin qolu idi, onun deyildi.

 

Sonra ağır-ağır ayağa qalxdı. Üzündə məyusluq vardı. Hiss olunurdu ki, özünü naqolay hiss edir. Görməyə adət etdiyimiz Maykl Vilson deyildi.

 

Onun bu pərişan halını görən direktor qadının gözləri bərəldi, ağzı açıldı və incə səslə:

 

- Zavallı Maykl! – deyə ah çəkdi.

 

Qadının naləsi sanki Mayklı ayıltdı. Üzünü ona tərəf döndərib baxdı. Anidən əllərini havaya qaldırdı və dua edərcəsinə yüksəkdən:

 

- Həmişə zəfər çalmaq olmur! – dedi və üzündə yüngül təbəssüm peyda oldu.

 

Bu vaxt sanki bardakı musiqi bərpa olundu, yenə qəhqəhələr, yenə səslər eşidildi. Dünya öz oxu ətrafında dönməyə davam elədi.

 

Yarışın finalında amerikalı oğlanla üz-üzə gəldim. İdmançı bədən quruluşuna sahib idi. Etiraf edim ki, ilk dəfə çətinlik çəkdim, lakin yenə də qazandım. Çempion olmuşdum.

 

Yarış bitərkən artıq özümü çox yorğun hiss edirdim. Ümid edirdim ki, yəqin məclis yekunlaşacaq, amma gördüm ki, yox, bunlar indi də kokteyl içməyə hazırlaşırlar. İcazə alıb vidalaşdım və otelə yollandım.

 

Qara-qura fikirlər

 

Növbəti gün ofisə gələndə axşamkı məclisi daha erkən tərk etmiş iki iş yoldaşım dəhlizdə məni yaxaladı:

 

- Gecə nə baş verib? – maraqla soruşdular.

 

- Heç nə. Nədir ki?ehtiyatla cavab verdim.

 

- Maykl Vilsonu məhvi eləmisən?

 

- ...Hə, onu deyirsiniz?özümü arxayın göstərməyə çalışdım - Oyun oynayırdıq... Elə belə şey idi.. Siz haradan xəbər tutmusunuz?

 

- “Whatsapp”da videosu var, Culiya çəkib. Hamıya göndərib.

 

Onda bütün gecəni qəhqəhə ilə gülən və əlindəki telefonla video çəkən direktor qadınının sözləri yadıma düşdü:

 

“Zavallı Maykl”...

 

Tələsik sağollaşıb, təlim otağına keçdim. Bura iş masaları yerləşən geniş zala bitişik idi. Otağın şüşələri şəffaf olduğuna görə, zalı çox aydın görmək olurdu. Təlim materiallarını çıxarıb vərəqləməyə başladım, amma əslində gözümün qırağı ilə bizim bölmənin işçilərini xəlvətcə seyr edirdim. Onlardan kimlər isə gülüşəndə həyəcanlanırdım:

 

- Dünənki hadisənimi müzakirə edirlər? – deyə maraq edirdim.

 

Tezliklə təlim başladı. Mən isə fikirlərimi cəmləyə bilmirdim. Tez-tez elektron poçtumun “Gələnlər” qutusuna baxırdım. Elə güman edirdim ki, bu saat müdürümdən “Təcili toplantı” adlı təqvim dəvəti və ya qınaq dolu elektron məktub gələcək. Artıq yerimdə dinc otura bilmirdim. Vurnuxurdum.

 

- Olan olub. İki gün də dözüm, təlim bitən kimi aradan çıxım. Bir də London ofisinə gəlməyəcəm – deyə özümü sakinləşdirirdim.

 

Təxminən saat 10 radələrində birdən Maykl Vilsonun səsini eşitdim. Başımı yüngülcə qaldırıb, səs gələn tərəfə baxdım. Maykl zalın görünən hissəsində dayanmışdı və müxtəlif insanlarla qısa hal-əhval tuturdu. Həyəcanlandım. Üz ifadəsindən xoşbəxt və ya üzüntülü olduğunu anlamağa çalışdım, amma baş çıxara bilmədim.

 

Başımı aşağı salıb, özümü elə apardım ki, guya təlimlə bağlı qeydlər aparıram, amma diqqətim zalda idi. Mayklın nə danışdığını ayırd etməyə çalışırdım. Bir qədər keçmiş hiss etdim ki, Mayklın səsi get-gedə daha aydın gəlir, daha yaxından eşidilir. Sonra anidən onun iti addımlarla təlim otağının yanında gəlib keçdiyini gördüm. Hətta təlimçini də əli ilə salamladı.

 

- Görən, məni gördümü? – deyə qayğılandım və bu adi fikir məni o gün heç rahat buraxmadı...

 

Növbəti gün yenə təlimdə idi. Əndişələr və qarışıq fikirlər məni hələ tərk etməmişdi. Saat təxminən 11 olardı ki, yenə Maykl Vilsonun səsini zaldan eşitdim.

 

- Bu adamı görmək ümidi ilə bu ofisə indiyəcən nə qədər gəlmişəm və heç birində onunla rastlaşmamışam. İndi nə baş verib, nəyi itirib, tapa bilmir? - deyə fikirləşdim və üzümü qaldıranda gördüm ki, Maykl Vilson təlim otağının yanından keçir. Cəld tərpənib üzümü kənara çəkmək istədim, amma çatdıra bilmədim və onunla göz-gözə gəldik. Məcburən başımı yüngülcə tərpədib salamlaşdım, o da eyni cür cavab verib getdi.

 

O gün yenə bədbin fikirlər məni narahat elədi. Ağlıma hadisələrin nəticəsi ilə bağlı müxtəlif gümanlar gəlirdi və heç biri də mərhəmətlə qurtarmırdı. Arzum növbəti günün tez bitməsi və dərhal Mançesterə qayıtmaq idi.

Sabahkı günün birinci yarısı sakit keçdi, Mayklın səsi-sorağı gəlmədi. Bu məni bir qədər sakinləşdirdi. Saat 12-də nahar fasiləsi elan edildi. Ayağa qalxıb, otaqdan təzə çıxmışdım ki, arxadan gur səs eşitdim:

 

- Necəsən, güləşçi?

 

Geri döndüm və qabağımda Maykl Vilsonu gördüm. O, əlini uzadaraq salam verdi.

 

- Sağ olun... siz necəsiniz? – özümü cinayət üstündə yaxalanmış kimi hiss etdim.

 

- Əla! O gün şənlikdən sonra öz-özümə xeyli düşündüm.

 

- Nə barədə?... – ehtiyatla soruşdum.

 

- Başa düşdüm ki, az idman edirəm. İndiyə qədər həftədə iki gün idman zalına gedirdim, amma bundan sonra üç dəfə gedəcəyəm. Yeni hədəfim var. Bilirsən nədir?

 

- Xeyr... – karıxmış halda cavab verdim.

 

- Səni udmaq! – dedi və gülümsədi.

 

Mən hələ də özümü necə aparmağın lazım olduğunu bilmirdim. Məndən incimiş idimi, sözmü atırdı?

 

- Nahar eləmisən? – deyə soruşdu.

 

- Xeyr.

 

- Birlikdə yeyək?

 

Binadakı kafeyə yollandıq və yarımdəqiqə nədir, düz 47 dəqiqə Maykl Vilsonla söhbətləşdik. Ona yalnız işim və üzərində çalışdığım layihələr haqqında deyil, hətta Azərbaycanda məktəbi bitirib, İngiltərəyə necə gəlməyim haqqında da danışdım. Ölkəmiz haqqında çox məlumatlı deyildi. Daha öncə Türkiyə və Rusiyanı ziyarət etdiyini qeyd elədi. İqtisadiyyatımız, mədəniyyətimizlə və dilimizlə maraqlandı, bir neçə sual verdi.

Kafedən qayıdıb təlim otağının qarşısında ayrılarkən:

 

- Apreldə Pasxa bayramı olacaq. Gələrsən, yenə güləşərik – dedi və dostcasına gülümsədi.

 

Bu görüşdən sonra çox rahatladım və artıq Mançesterə böyük əhval-ruhiyyə ilə qayıtdım. O gündən etibarən London ofisinə gələndə Maykl Vilson nədənsə daha çox qabağıma çıxırdı. Nə vaxt məni görsə, uzaqdan da olsa, salamlayırdı. Bir-iki dəfə onlayn toplantıda da şəxsən ovqatımı soruşdu. Artıq hamı bizim yaxın münasibətdə olduğumuzu bilirdi. Fevral ayında bir dəfə Londonda üz-üzə gələndə:

 

- Az qalıb ha bayrama – deyə xatırlatdı.

 

Bir tərəfdən bölmə rəhbəri ilə şəxsən tanış olmağıma və aramızdakı bu qeyri-rəsmi münasibətə sevinirdim. Digər tərəfdən isə getdikcə çalışdığım bölmənin mənim istəklərimə çox uyğun olmadığını fikirləşirdim və beynəlxalq layihələrin daha çox olduğu başqa bölməyə keçmək istəyirdim. Odur ki, qarışıq bir seçim qarşısında qalmışdım. Bölməni tərk edimmi, etməyimmi? Yeni bölmədə hər şeyə sıfırdan başlamaq fikri məni ürküdürdü.

Mart ayında Mayklın katibəsindən görüş təşkil etməsini xahiş etdim və onun özü ilə məsləhətləşməyə qərar verdim. Məni uzun-uzun diqqətlə dinlədi və sonra dedi:

 

- Əlbəttə, başqa bölməyə keçmək istədiyini eşitmək məni üzdü. Gözləmirdim. Mən sənin bizimlə qalmanı istəyərdim. Böyük maraqlı layihələrimiz gəlir. Yaxşı fürsətlər olacaq. Amma beynəlxalq mühitdə olmaq istəyirsənsə, mən təəssüf ki, bunu bizim bölmədə təmin edə bilməyəcəyəm. Bizim bütün işlərimiz yerli bazarlarla bağlıdır. Amma problem yoxdur, sən özün üçün doğru olanı etməlisən. Bu saat Ceymsə zəng edərəm, həll edərik.

 

Ceyms Teylor keçmək istədiyim bölmənin rəhbəri idi. Maykl gecikmədən, oradaca ona zəng etdi. Telefonda məni xeyli təriflədi. Haqqımda o qədər yaxşı şey dedi ki, hətta mən onun başqası haqqında fikirləşərək danışdığını güman etdim. Ceyms “problem yoxdur” dedi və 2-3 həftənin içində mənim bölməyə keçidim rəsmiləşdi.

 

Sonradan Ceyms Teylor mənimlə təkbətək görüş təyin etdi və yaxından tanış olduq. Mənim istəklərimi dinlədi və bir neçə yaxşı layihəni məsləhət gördü. Bu məni çox sevindirmişdi. Axı, əvvəl də demişdim: Maykl açılmayan qapıların açarı idi.

 

O vaxtdan sonra Maykl ilə çox az üz-üzə gəldik, amma hər dəfə rastlaşanda mənimlə söhbət edir, işlərimlə maraqlanırdı.

 

Aprel ayının ortalarında təsadüfən köhnə iş yoldaşlarımdan biri ilə qarşılaşdım. Söhbət əsnasında dedi ki, Pasxa bayramında şənlik təşkil edilib və yenə qol güləşi keçirilib. Qalib isə Maykl Vilson olub. Hətta onun oradaca foto-şəklini çəkiblər, iki həftədə bir göndərilən elektron məktuba isə video deyil, bu foto-şəkil əlavə edilibmiş.

Bu xəbəri eşidəndən bəri bir şübhə məni rahat buraxmır. Maykl Vilson mənim yeni bölməyə keçidimi niyə elə canla-başla və təcili həll eləmişdi? Nə üçün dərhal Ceyms Teylora zəng edib, telefonda məni olmazın mədh eləmişdi? Həqiqətən, səmimi olaraq mənə əl uzatmaq, kömək etməkmi istəyirdi? Yoxsa gizli niyyəti vardı və məqsədi növbəti yarışda çempionmu olmaqdı?...

 

Səməd SƏFƏROV

 

525-ci qəzet.-2021.- 26 may.- S.20.