Uzun illərin doğmalığı
ƏMƏKDAR
JURNALİST ƏMİNƏ YUSİFQIZININ PORTRET
CİZGİLƏRİ
Müəllim-tələbə münasibətləri həm
də ona görə müqəddəs anlayışdır
ki, birinci öyrədir, ikinci öyrənir.
Müəllim sözünün ucalığı onun
öyrətmək səviyyəsilə, tələbə
sözünün ucalığı öyrənmək səviyyəsilə
ölçülür. Mən bu keyfiyyətləri Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsindəki
uzun illər boyu müəllim vəzifəsində olduğum
zaman çağında müəyyən etdim özüm
üçün. Bu fakültənin
bünövrəsini qoyan Nəsir İmanquliyev, Şirməmməd
Hüseynov kimi müəllimlər bizim üçün həm
də klassik müəllim məktəbi yaratdılar. Bu
məktəb bizə tələbə dünyasının
mürəkkəb, bəzən ziddiyyətli xarakterini öyrənməyi,
tələbəni lap elə birinci kursdan hiss etməyi,
onları sabaha hazırlamağı, istedadları seçə
bilməyi, iş yerinə təqdim etməyi və s. məsələləri
bizdən tələb edir. Fakültəmizi
neçə-neçə illər bundan əvvəl bitirən
və bu gün də bitirməkdə olan məzunlarımızın
ən böyük üstünlükləri daim bizimlə əlaqə
saxlamaqları, bu fakültəni "ata ocağı" kimi
qəbul etmələri müəllim-tələbə
münasibətlərinin Nəsir İmanquliyev-Şirməmməd
Hüseynov məktəbinin uğur düsturudur.
Məzunlarımız bizim qürur mənbəyimizdir. Elə məzunlarımız
var ki, onlar jurnalist peşəsini yüksək tutmaları ilə
bizə daha əziz, daha doğmadırlar. Onlar
çoxdur. Və bu çoxluq
sırasında Əminə Yusifqızı kimi peşəkar,
xidmət etdiyi sahədə cəmiyyətə yanımlı,
dəqiq, qərəzsiz, vicdanlı yazıları ilə
nümunə olan bir doğmamız var.
Əminə xanım 1970-ci ildə - hələ
Jurnalistika fakültəlarinin birinci kursunda oxuduğu günlərdən
müəllimlərinin sevimlisi oldu. Birincisi, ona görə ki, tələbəliyinin
lap elə ilk aylarından bu
yevlaxlı
qızın milli-mənəvi dəyərlərimizə
hörməti, ailədən, eldən gələn adət-ənənələri
təzəcə düşdüyü bu böyük şəhərdə
necə qorunması; ikincisi, çox yaxşı oxuması və
o zamanın "Bakı", "Azərbaycan gəncləri"
kimi populyar qəzetlərdə çıxışları. Onu fakültədə müəllimlərinə və
tələbə yoldaşlarına sevdirən daha bir cəhət
Əminənin elə o gənc yaşlarından torpağa, vətənə
bağlılıq keyfiyəti oldu. Əminə
1975-ci ildə - son kursda olanda biz çox istədik ki, onu
fakültədə saxlayaq, elmə yönləndirək, gələcəyin
müəllimi kimi yetişdirək. Olmadı,
Əminə doğulub böyüdüyü Yevlax şəhərinə
dönməyi hər şeydən üstün tutdu. Demə,
Əminə elə bu beş illik tələbəlik
dövründə daimi olaraq "Kür" qəzetinə
yazılar yazıb və indi onu o doğma şəhərdəki
"Kür" qəzetinin kollektivi işə dəvət
edir.
Əminə hələ 22-23 yaşındadır, hələ
"xanım" titulu yoxdur. Amma az bir müddət
keçəcək, Əminə bu qəzetdə işə
başladığı korrektor vəzifəsindən irəli
çəkiləcək və... "Kür"ün
baş redaktoru kimi yüskək bir vəzifəyə qalxacaq və
bu gün ona çox yaraşan bir "xanım" epitetini
qazanacaq.
Mən
lap cavan çağlarımdan xətrini əziz tutduğum tələbə
oğlanlara "dədə", tələbə qızlara "nənə"
deyə müraciət etmişəm. Və etməkdəyəm.
Mənə elə o günlərdən - 46 il
əvvəl "nənə" deyib
çağırdığım Əminə gözəl bir
ailə sahibi oldu, el-obaya layiqli övladlar böyütdü və
bir gün mənə zəng etdi ki, "müəllim, sizin məni
"nənə" deyə
çağırışınız rəsmiləşdi: mənim
ilk nəvəm doğulub və mən indi rəsmi nənəyəm".
Əminə xanımı mənə doğma edən bir
sıra faktlar var. Əvvəla, onun kəndə, regiona
marağı, ikincisi, peşəsinə vurğunluğu,
üçüncüsü, ictimai marağa diqqəti,
dördüncüsü, əvvəldən hörmət etdiyi
bir adama ömrü boyu sədaqəti.
TANINMIŞ
JURNALİST ƏMİNƏ YUSİFQIZI NÖVBƏTİ
DOĞUM GÜNÜNÜ QEYD EDİR » 7news.az Azərbaycanda özəl
xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək
ünvanı
Əminə xanım tipik Azərbaycan
qadınıdır. Bir dəfə hansısa bir tədbirdə
"Qadının ictimai həyatda yeri" kimi bir mövzu
müzakirə olunurdu. Dəvət olunduğu tədbirlərdə
maraqlı çıxışlar edən Əminə
xanım Prezident
Heydər Əliyevdən bir sitatı əzbər
dedi: "Cəmiyyətdə qadınların üzərinə
daim çox böyük vəzifələr düşür,
onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə
yerinə yetirir və həmişə olduğu kimi, indi də
cəmiyyətdə aparıcı rol oynayırlar". Əminə xanımın Heydər
Əliyevdən gətirdiyi bu sitat hələ o zaman məni bu
tipik Azərbaycan qadını haqqında düşünməyə
təşviq etdi: Əminə xanım neçə ildir ki,
"Kür" kimi maraqlı bir region qəzetinin Baş
redaktorudur. O vaxtdan bəri Yevlaxda neçə birinci katiblə,
neçə İcra başçısı ilə işləyib.
O vəzifə sahibləri heç vaxt Əminə
xanımın qəzet işinə qarışmayıblar. Çünki bu baş redaktorun tənqid hədəfləri
dəqiq seçilib, qaldırdığı problemlər ancaq
rayonun xeyrinə olub. Əminə
xanımın qəzeti region mətbuatı içərisində
öz peşəkarlığı, dəqiq informasiyası,
peşəkar publisistikası ilə həmişə
seçilib. Bir də Əminə xanıma bir redaktor
kimi ona görə irad tutmaq çətindir ki, Yevlax şəhərində
az qala hər bir ailə, hər bir
ziyalı və bütövlükdə şəhər cəmiyyəti
onun fəaliyyətini yüksək qiymətləndirir.
Jurnalistika fakültəsinin kollektivi - müəllimli-tələbəli
- hamı "Kür" qəzetinə yaxşı bələddir. Çünki
Əminə xanım bu qəzetə Baş redaktor keçəndən
bu günə - 30 ildir ki, "Kür" qəzetini bizim
fakültəyə göndərməkdədir. Çox təəssüf ki, əvvəllər 7 min
tirajla nəşr olunan bu qəzet də indi ənənəvi
mətbuatın yaşadığı problemlərlə
üz-üzə qalıb və onun da tirajı xeyli
aşağı düşüb. Bu problem barədə
Əminə xanım özü danışır:
"Heç bir respublika səviyyəli (auditoriya mənasında)
qəzet rayon qəzetinin çap olunduğu, yayıldığı
regionun problemlərini bu qəzet qədər əhəmiyyətli
dərəcədə qaldıra bilməz. Əgər hər
hansı bir qəzet hansısa bir rayonun problemlərini ayda-ildə bir dəfə
qaldıra bilirsə, rayon qəzeti bu problemləri
özünün hər nömrəsində meydana qoyur. Ona görə də bu qəzetlərə xüsusi
bir dövlət dəstəyi mütləq
lazımdır".
Qürurverici hal orasındadır ki, Əminə
xanımın xarakterindəki peşə yanğısı bu
qəzeti yeri gəldikdə xilas etməkdədir. 44
günlük Vətən müharibəsi
"Kür"ün müqəddəs mövzusu oldu.
İndi "Kür" qəzetinin Yevlaxdan olan şəhidlərimizlə
bağlı maraqlı bir layihəsi var: Bu şəhidlərin
hamısını ifadə edəcək esselər kitabı. Çox yaxşı haldır. Yevlax
şəhər İcra Hakimiyyətinin rəhbərliyi bu
layihənin reallaşması üçün qəzetə
öz qayğısını göstərir. Yevlax şəhidləri haqqında kitabın müəllifi
Əminə Yusifqızı özüdür. Bu kitabın məsləhətçisi də mənəm
və orada əksini tapan esselərin necə peşəkarlıqla
ərsəyə gəldiyinin şahidiyəm.
Əminə xanım fəal ictimaiyyətçidir. O, YAP Yevlax şəhər
Təşkilatı Qadınlar Şurasının sədri
seçilib. O, indi Yevlax şəhər İcra Hakimiyyətinin
başçısı yanında şuranın, YAP Yevlax şəhər
təşkilatı İdarə Heyətinin üzvüdür.
Əminə
xanım bir çox ödülün, mükafatların
sahibidir: Prezidentimiz onu "Tərəqqi" medalı ilə
təltif edib. O, Ali Media mükafatı laureatıdır,
Əməkdar jurnalistdir və s. Bizə elə gəlir ki, 70
yaşının tamamına az qalan bu fəal jurnalistin bir
arzusu - özünün dilə
gətirdiyi bir arzusu - "Şöhrət" ordeni ilə təltif
olunması da reallaşar.
Əminə Yusifqızı sədaqətli bir dostdur. Hələ tələbə
vaxtlarından mənə doğma olan bu xanım mənim otuz il müddətində həsrətlə yol
aldığım Ağdam yolunun üstündəki Yevlax
şəhərinin "Dördyol" qovşağında o səfərlərdə
mənə təsəlli vermək üçün yolumu
gözləyib. Əminə xanım bizim Ağdam səfərlərimizin
səbəbini yaxşı bilirdi: O zaman işğal
altında olan kəndimizin altı kilometrliyindəki Əfətli
obasında dəfn etdiyimiz doğmalarımızın qəbrini
vaxtaşırı ziyarətə getdiyimizi yaxşı
bilirdi. Belə vaxtlarda mənə zəng edirdi:
"Bakıdan gül gətirməyin, sizi
"Dördyol"da gül-çiçəklə gözləyəcəyəm".
Beləliklə, hər səfərimizdə bizi gözləyirdi;
bir qucaq Yevlax gülləri ilə. Məni və övladlarımı kədərli,
yaşarmış gözləri ilə işğaldakı kəndimizin
altı kilometrliyindəki Əfətli obasına, orda dəfn
etdiyimiz doğmalarımızın qəbirlərini ziyarətə
yola salırdı...
Gün gəldi və Ali Baş Komandanımızın,
şanlı ordumuzun, yumruq kimi birləşmiş
xalqımızın 44 gündəki müzəffər qələbəsindən
duyduğumuz qürurla yenə də Ağdam səfərindəyik. Əminə
xanım yenə də Yevlaxdan Ağdama ayrılan dörd yolda
bir qucaq gül-çiçəklə biri gözləyir.
Artıq gözlərində kədər və
yaş görünmür. Üzündə işıq
var, gözlərində qələbə sevinci!
Qucaqladığı gül-çiçəkləri mənim
qızlarıma verir:
- Gedin -
deyir - Qarabağın gözü Ağdamımıza məndən
salam deyin. Qələbəmiz
mübarək, səfərlərimiz uğurlu olsun. Tanrı
müəllimimi qorusun.
- Sən də sağ ol, nənə! - deyirəm.
Tanrı səni də jurnalistikamıza çox görməsin!
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2021.- 27 may.- S.21.