Tahir Salahovun "Təmirçilər"i
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
Azərbaycan Milli İncəsənət Muzeyinin
Elmi-kütləvi işlər
şöbəsinin müdiri
Rəfiqə Quliyevadır. Rəfiqə xanımla Azərbaycanın
böyük rəssamı
Tahir Salahovun "Təmirçilər" əsəri
haqqında danışmışıq.
- Əsərin yaranma
tarixçəsi barədə
nə deyə bilərsiniz?
- Rəssamın özünün
vurğuladığı kimi,
hər sənət əsərin ilham qaynağı müxtəlifdir,
bəzən gözlənilməz
bir anda möhtəşəm sənət
əsərinin ideyası
ortaya çıxır.
Neft qəhrəmanları
mövzusunda bədii novator axtarışları
"Təmirçilər" əsərinin yaranması
ilə tamamlanır. Tahir Salahov
xatirələrində qeyd
edir ki, neftçilərin qrup portretlərini yaratmaq üçün Neft Daşlarına yollanır.
Lakin baş verən təsadüfi hadisə onu bu məramından
daşındırır, kəşf
etdiyi yeni qəhrəmanları - qəza
yerinə tələsən
təmirçiləri kətana
köçürməyi qərara
alır. Artıq buradan
bizə məlum olur ki, Tahir
Salahov əmək qəhrəmanlarını canlandırmazdan
öncə neft mədənlərinə yol
alır, obrazlarını
gerçək qəhrəmanlar
arasından seçir.
Zəhmət insanın yaşamının,
hiss və həyacanın
gerçək inikasıdır.
O, kompozisiyalarındakı surətlərin
prototipləri ilə şəxsən görüşür,
tanış olur. Lakin sonradan naturadan
yaratdığı obrazları
eynilə kətana köçürmür, ümumiləşdirilmiş
əmək qəhrəmanı
obrazını yaratmağa
çalışır. Beləliklə, 1960-cı ildə rəssamın Xəzər
neftçilərinin, əmək
cəngavərlərinin həyatını
tərənnüm etdiyi
yeni "Təmirçilər"
tablosu ərsəyə
gəlir.
"Təmirçilər"də
biz artıq çətinliklərlə,
həyatın sərt
üzü ilə qarşılaşan peşəkar
əməkçi obrazlarını
görürük. Çoxfiqurlu kompozisiyada suları yarıb keçən motorlu katerdə yan-yana əyləşən
obrazları daxili gərginlik, səssizlik, təmkinlilik və ən əsası artıq onlar üçün adiləşən
qəhrəmanlıq hissləri
birləşdirir. Rəssam son dərəcə
uğurlu kompozisiya həllindən istifadə
edərək sanki tamaşaçını hadisənin
iştirakçısına çevirir.
- Rəsmdə incə bir qızılgül detalı var. Çox güman Tahir Salahov bu təsviri
boşuna çəkməyib.
- Qəhrəmanların sərt
obrazlarına baxmayaraq,
təmirçilərdən biri nəhəng, qaba əllərində kiçik ağ
qızılgül gizlədir.
Ağ qızılgül
simvolik məna daşıyır: neftçilərin
gerçək ənənəsinə
görə, onlar ev və
ailələrindən xatirə
olaraq özləri ilə bu gülləri
aparırlar.
- Rəsm əsəri sənət dünyasında
necə qarşılandı?
Əsər layiq olduğu
qiyməti ala bildimi?
- Hələ zamanında da əsər tamaşaçılar
və mədəni ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanır.
Hətta
alman sənətşünası
Horst Yener Berlində nəşr edilən "Bildendə kunst" jurnalı üçün
yazdığı məqalədə
Tahir Salahovun əsərlərini təhlil
edir. Məqalə müəllifi Tahir
Salahovun başqa əsərləri ilə yanaşı, "Təmirçilər"
kompozisiyasına da yüksək
qiymət verir. Yener yazır: "Təmirçilər" tablosu
rəssamın ən yaxşı əsərlərindəndir.
Tablodakı hadisələri
hər kəs aydın oxuya bilir: adi iş
günü başlayır,
təmirçilər mavi
dənizdə katerlə
irəliləyirlər. Təmirçilər
fikirlidirlər - onları
gözləyən iş
haqda, bəlkə də, öz ailələri barədə
düşünürlər. Bu, bizə bəlli
deyil. Ancaq tabloda onların bu halda verilməsi
əsərin təsir qüvvəsini
artırır". Bu kimi fikirlər Tahir Salahovun dünya şöhrətli
rəssam olduğunun sübutudur.
- Əsərin rəng
koloriti barədə nə deyə bilərsiniz?
- Tahir Salahovun
kompozisiyasının qəhrəmanları
tablonun çərçivəsinə
sığmır. Rəssam
onların yenilməz fiqurlarını və simalarındakı gizli gərginliyi bütün gerçəkliyi ilə tamaşaçıya ötürmək
üçün məhz
bu anı ölümsüzləşdirmişdi. Sanki qranitdən yonulmuş monolit qrup döyüşçü
dəstəsi hər bir təhlükəyə
hazırdırlar və
bu döyüşdən
qalib çıxacaqlarına
əmindirlər. Qəza
yerinə yollanan qəhrəmanlar müxtəlif
ovqatdadırlar, baxışlarında
daxili dünyaları əks olunub. Ortada əyləşmiş
təmirçi olduqca
soyuqqanlıdır, gödəkçəsinə
bürünüb küləyin
həmləsindən qorunan
sağdakı qəhrəmanımız
dərin fikrə dalıb, soldakı isə ciddi baxışlarını tamaşaçıya
zilləyib. Ustad sənətkar əsərin
konsepsiyasını rənglərin
dili ilə məharətlə vurğulayıb.
Tablonun ümumi ahəngi yetərincə tutqundur. Parlaq rənglərin istifadə
olunmamasına baxmayaraq,
tablo daxili dinamika ilə doludur. İsti qırmızı işartı
tablonun təmkinli, soyuq rəng ahəngini pozur, dəqiqliklə zərb edilmiş insan fiqurlarının silueti gərgin iş gününün ab-havasını
bizə ötürür.
Dolğun monoxrom rəng,
ritmik akkordların düzülüşü, fəzanın
dərinliyə dinamik
hərəkəti, yüksək üfüq xətti üzərində tutqun sübh çağı, təlatümsüz dəniz
- bütün bunlar
"Təmirçilər"in əsas ideyasını açır.
Sərt cizgi,
yığcamlıq və
tünd rənglər - budur Tahir Salahov yaradıcılığının
bədii ifadə dili. Tünd rənglər aləmində
bir qırmızı ləkə şairin dəftərçəsində, rəssamın fırçasında,
neftçinin müştüyündə
- sanki Tahir Salahovun imzası idi.
- Əsər hazırda harda saxlanılır?
- "Təmirçilər"
hazırda Azərbaycanın
ən aparıcı sənət məbədində
- Azərbaycan Milli İncəsənət Muzeyinin
kolleksiyasında yer alır. Əsər muzeyin Azərbaycan incəsənətinə həsr
olunmuş daimi ekspozisiyasında rənglər
dünyasının hökmdarının
bədii irsinin təzahür olduğu zalda nümayiş olunur. Bu zalda
biz böyük fırça ustasının
"Təmirçilər"i ilə yanaşı, M.Ə.Sabirin,
F.Əmirovun, R.Rzanın
psixoloji portretləri,
eləcə də rəssamın doğulub boya-başa çatdığı,
doğma, bənzərsiz
sərt gözəlliyə
sahib Abşeron torpağı, ağ evlər, mavi Xəzərin, aydın səmanın, günəş
işığının əks
olduğu Abşeron silsiləsinə daxil olan "Abşeronda günorta", "Günəşli
səhər", "Bilgəh"
əsərləri sərgilənməkdədir.
Muzeyin daimi ekspozisiyasındakı ən
kiçik bir hissə də Tahir Salahov istedadının
qüdrətini təqdim
etməyə qadirdir...
- Bu rəsm
bizə nə deyir?
- Məkan, mövzular,
qəhrəmanlar, Tahir
Salahovun rəngkarlıq
manerası - gerçək
həyatdır, o həyat
ki, rəssamın öz duyğu, hiss və həyəcan
süzgəcindən keçib.
Mübaliğəsiz həyat...
Məşhur sərt üslub öz təbiiliyi ilə gözəldir.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 27 may.- S.23.