AzTV-dən yeni layihə
65 İLLİK YUBİLEY İLİNDƏ
DAHA BİR İLKƏ İMZA
Azərbaycan
radiosunun "Xəbərlər" redaksiyasının
redaktoru
Azərbaycan Televiziyasında son günlər hər
gün işğaldan azad edilmiş yurd yerlərimizə aid
süjetlər gedir.
Doğma kanalımızın əməkdaşları
tez-tez səfərə çıxır, uzun illər həsrətində
olduğumuz o torpaqlardan görüntülər yayırlar. Həmkarlarımız geri
qayıdanda isə o qədər həvəslə və
qürurla danışırlar ki, elə bil, Məkkəni, Kəbəni ziyarətdən
dönüblər. Bəli, həqiqətən bizim
üçün azad olunmuş kəndlərimiz Peyğəmbərimizin
uyuduğu məkan çalı, övliya torpağının
tütyəsi qədər müqəddəsdir. Ayağımız oralara dəyəndə sanki
belimiz dikəlir, xarabalığa döndərilmiş görkəmi,
viranə qoyulmuş halını belə görəndə
(ürəyimiz ağrısa da), gözümüzə
işıq gəlir, susayan qəlbimizə
bir içim su qədər sərinlik gətirir. Hələlik
isə oralara, illərlə həsrətində olduğumuz,
Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli
ordumuzun "Dəmir yumruq" əməliyyatı ilə azad
etdiyi torpaqlarımıza Azərbaycan Televiziyasının
gözü ilə baxırıq. Amma irəlidə
ELİN KÖÇÜ başlayacaq. Böyük QAYIDIŞA şahidlik edəcəyik.
Kanalın yeni istehsalı olan və yenicə
tamaşaçılara nümayiş etdirilən
"Qayıdış işığı" filminin qəhrəmanı
kimi, hamı o günə hazırlaşır.
Çünki televiziyamızda işğaldan azad olunan
torpaqlarımızın bərpası üçün
böyük layihələrdən danışılır,
işlərin sürətlə getdiyi gün ərzində dəfələrlə
diqqətə çatdırılır. Zəfər yolunun
inşası uğurla davam edir və o yolla irəliləyən
AzTV əməkdaşı yolun inşasından tutmuş,
çəkilən işıq xətlərindən, beynəlxalq
hava limanlarının tikintisindən, "ağıllı kənd",
"ağıllı şəhər" modellərininin
yaradılması məqsədilə
rəqəmsal texnologiyaların tətbiqi üçün həyata
keçirilən dövlət layihələrindən bəhs
edir. Ekrandan gördüklərimizi, eşitdiklərimizi
göz önündə canlandıranda, dünyanın ən
sivil şəhərləri səviyyəsində qurulacaq
obalarımızın gələcəkdə necə gözəl
olacağını təsəvvür edəndə
keçirilən hissləri dilə gətirməkdə aciz
qalırsan.
Bəli,
ölkənin ilk televiziyası, xalqın ilk görən
gözü olan və bu il 65 yaşı qeyd edilən Azərbaycan
Televiziyasının əməkdaşları uğurlu
diplomatiyamızın və qeyrətli
oğullarımızın qanı bahasına azad edilmiş
yurdlarımızı iftixar hissi ilə
qarış-qarış gəzir və xalqımıza
yüksək səviyyədə bərpa quruculuq işlərinin
aparıldığını göstərirlər.
Vətən müharibəsi başlayan gündən 44
gün ərzində gözümüzü ekrandan çəkmədik. Hadisələrin
gedişatını canlı görmək, ölkə
başçısının
çıxışlarını eşitmək
üçün böyükdən-kiçiyə
hamının nəzəri bu "sehrli qutu"ya dikildi.
Müharibə bitəndən sonra daha möhtəşəm
görüntülər başladı. İndi
ruhumuzla, qəlbimizlə o məkanları AzTV-nin gözü
ilə mavi ekrandan seyr edirik. O yerlərə baharın gəlişini, cənab
Prezidentin Şuşada bayram tonqalını
alovlandırmasını görəndə bir daha əmin olduq
ki, Azərbaycanımızın gələcəyi etibarlı əllərdədir.
"Xarıbülbül" festivalının əks-sədası
isə təkcə dağları, dərələri silkələmədi,
Azərbaycanın hər yerində göz yaşları ilə
izlənildi, eləcə də xaricdə yaşayan
soydaşlarımıza qürurverici anlar yaşatdı,
bütün dünyanın nəzərini özünə
yönəltdi. Beynəlxalq mətbuatda bu
festival haqqında xeyli sayda məqalələr yazıldı.
Əzəli-əbədi torpaqlarımıza yenidən həyatın
qayıdışı, ana televiziyamızın hər bir
çəkilişi şanlı tariximizdir. Vətən müharibəsi
dövründə yaşanılan hadisələrin olduğu kimi təsviri,
cəbhədən çəkilmiş videogörüntülər
güclü ordumuzun qalibiyyət əzmini nümayiş
etdirir. Ölkəmizdə illər boyu ordu
quruculuğu ilə bağlı görülən işlər,
daxili və xarici siyasətin qazanılmış
uğurları haqqında aparılan silsilə söhbətlər
sonda qələbənin bizim olacağına işarət
edirdi. İdrak sahibi olan, məntiqi təfəkkürünə
güvənən ağıllı tamaşaçı başa
düşürdü ki, dövlətin atdığı
addımlar, həyata keçirilən islahatlar, hər bir sahədə
əldə edilən uğur, xüsusilə daxili və xarici
mühitdə görülən işlər, siyasi sferada
keçirilən görüşlər, ölkənin
dünya müstəvisində qazandığı siyasi nailiyyətlər,
Azərbaycanın nəinki regionda, beynəlxalq aləmdə
nüfuz qazanması, böyük təşkilatlarda təmsil
olunması, Qoşulmama Hərəkatı kimi nüfuzlu bir
qurumda söz sahibinə çevrilməsi, Azərbaycan
Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində
keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun
16-cı illik toplantısında "Qarabağ Azərbaycandır!"
mesajı, BMT-nin tribunalarından qətiyyətli
çıxışları və digər siyasi fəaliyyətlər,
çəkilən zəhmət bizi addım-addım
Qarabağa aparırdı. Bu da SON! İndi
Şuşadan, Kəlbəcərdən, Laçından, Zəngilandan,
Ağdamdan, düşmən tapdağından xilas edilən hər
bir yurd yerimizdən canlı reportajlar yayımlanır,
telebağlantılar qurulur.
65
yaşlı Azərbaycan Televiziyası millətin tarixini
yaddaşlara həkk edir, öz zəngin arxivini yaratmaqla gələcəyə
böyük miras, irs toplayır.
Televiziyamızdan gördük ki, qardaş Türkiyənin
bizə haqq mübarizəmizdə, torpaqlarımız
üçün apardığımız mücadilədə
mənəvi dəstəyi böyük oldu. Hər zaman
arxamızda olduqlarını söyləməklə
xalqımıza ruh verdilər. Ermənilər tərəfindən
döyüş nöqtələrindən uzaq məsafadə
yaşayan dinc sakinlərimizin başına bombalar, kassetli
raketlər atılanda türk mediasının əməkdaşlarının
yanımızda olması Azərbaycan həqiqətlərini
dünyaya anındaca yayımlaması və telejurnalist peşəkarlığı
nümayiş etdirməsi Ulu öndərimiz Heydər Əliyevin dediyi
kimi, "bir millət, iki dövlət"in bir-birinə
sonsuz etimadını, sarsılmaz tellərlə
bağlılığını bir daha təsdiq etdi.
Bu gün Azərbaycan Televiziyasının dəstəyi
ilə TRT Qarabağla bağlı sənədli film
hazırlayır. Türkiyə Radio və Televiziya Qurumu
(TRT) İdarə heyətinin sədri və Baş direktoru
İbrahim Ərən bildirib ki, real həyat hekayələrindən
bəhs edən sənədli film altı bölümdən
ibarət olacaq və "TRT Avaz" kanalında
yayımlanacaq. TRT-nin Baş direktoru Azərbaycan
Televiziyası və Radio Verilişləri QSC-nin sənədli
filmin hazırlanmasına böyük dəstək verdiyini
deyib: "Bu filmin hazırlanmasında Azərbaycanın milli
televiziya kanallarından olan AzTV də önəmli dəstək
göstərdi. Azərbaycanlı məsləkdaşlarımıza
buna görə təşəkkür etmək istəyirəm".
İbrahim
Ərən əlavə edib ki, TRT bundan sonra da Azərbaycanın
tarixindəki önəmli günlər, tarixi hadisələr
və şəxsiyyətlərdən bəhs edən müxtəlif
proqramlar hazırlayaraq dünyaya çatdıracaq: "Biz Azərbaycan
üçün nə qədər çox iş
görsək də, daha çoxunu görmək istəyirik. Hər zaman dediyimiz kimi - "İki dövlət, tək
millət"ik. Birlikdə
atacağımız hər bir addım bizi sevindirir,
qürurlandırır. Azərbaycan
canımızdır, qanımızdır. Yeni
layihələrimizlə həm Azərbaycanın haqq səsini
dünyaya çatdırmaqda, həm də dəyərlərini
tanıtdırmaqda davam edəcəyik".
"Yeni Azərbaycan" qəzetinə müsahibəsində
İbrahim Ərən ortaq serialların çəkilməsi
ilə bağlı da məlumat verib. Vurğulayıb ki,
bununla bağlı AzTV və digər kanallarla birgə əməkdaşlıq
sahəsində daha konkret addımlar atılacaq.
Doğma kanalımız, ana televiziyamız haqqında
Türkiyə mətbuatında da maraqlı yazılar verilir. "Azerbaycan Televizyonu,
"Türk dünyası" projesini başlatıyor!"
başlıqlı məqalələrdə qeyd olunur ki, Azərbaycan
Televiziyasının təşəbbüsü ilə
türkdilli dövlətlər ortaq layihəyə imza
atıblar. "Türk dünyası" adlanan
layihə türk dünyasının teleməkanında ilk
ideyadır. Həftədə bir dəfə
yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti,
tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim
ediləcək.
Materiallar hər bir xalqın öz dilində olacaq. Lakin Azərbaycan
tamaşaçısının tam başa düşməsi
üçün alt yazı əlavə olunacaq.
Layihənin təşəbbüskarı AzTV olsa da,
verilişin bütün türkdilli ölkələrin TV
kanallarında verilməsi planlaşdırılır.
Bu, Azərbaycanın türkdilli ölkələrlə
sıx əməkdaşlığı və Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının Zirvə Görüşündə
dövlət başçılarının
qaldırdığı təşəbbüslərə cavab
olaraq yaradılan layihədir.
Layihə nənki türk ölkələrinin, eləcə
də bütün dünya mətbuatının diqqətini
çəkib.
Böyük Britaniyada yayımlanan
"T-vine" onlayn dərgisi AzTV-nin "Türk
dünyası" layihəsindən yazıb.
65 yaşlı Azərbaycan Televiziyasının kollektivi, yaradıcı əməkdaşları hər zaman olduğu kimi, yenə də uğurlu layihələrlə, yeniliklərlə birinci olmaq niyyətindədir. Televiziyamızın bu sarıdan bəxti onda gətirib ki, bu məkanda çalışan əməkdaş jurnalist olmaqla yanaşı, həm də siyasi savadı ilə gündəmdə olan mövzunu müzakirə etmək gücündə olan şərhçi, konfliktologiya sahəsində təcrübəli araşdırmaçı, maddi və mədəni irs nümunələrini təbliğ edən, varidatımızı gələcəyə ötürən sənət bilicisi, peşəkarların çalışdığı, eyni zamanda, ölkə teleməkanında olan boşluğu doldurmaq, kadr potensialı ilə təmin etmək məqsədi ilə daima istedadlı gənclərin üzə çıxarılması üçün axtarışda olan, Teleradio Akademiyasının fəaliyyət göstərdiyi, ustadların öz biliklərini təmənnasız təbliğ etdiyi əsl yaradıcılıq aləmi, ənənəvi telejurnalistika məktəbidir, bir sözlə, öz peşəsinin məsuliyyətini anlayan, çiyinlərinə götürdüyü yükü daşıya biləcək insanlardır. Ona görə də Azərbaycan Televiziyası xalqın görən gözü, döyünən ürəyi, tanıtım məkanı, ziyalılarımızın söz meydanı, görüş ünvanıdır.
Şəlalə
MƏHYƏDDİNQIZI
525-ci qəzet.-
2021.- 27 may.- S.6.