Qarabağ Azərbaycandır,
Azərbaycan isə dünyamız!
DƏYƏRLİ ALİM QURBAN
BAYRAMOVUN 75 İLLİYİNƏ
Salam olsun, çox dəyərli oxucum! Bu kiçik yazımı
dünyanı dərk
eləməyə başladığım
məkanı vəsf etməklə başlamaq istəyirəm ki, bu məsələnin söhbətimizə birbaşa
dəxli var. 39°58"23" şm. e.
47°03"08" ş. u. nöqtəsi mənim üçün dünyanın mərkəzi
olmaqla yanaşı, həm də dünyaya açılan bir pəncərə olub.
Elə bir pəncərə ki, elm deyiləndə ağlıma gələn iki şəxsdən biri evimdən üzü günbatana baxanda sağ qonşum Rafiq Əliyev (bu şəxsi hələ məktəbə getməzdən
əvvəl anamdan eşitdiyim "dünyanın
ən gənc alimi" kəlməsi ilə tanımışam),
ikincisi isə sol qonşum Xudu Məmmədov (bu şəxsi isə özüm artıq məktəbə gedəndən
sonra ötən əsrin səksəninci illərində buraxılmış
"Azərbaycan" adlı
kitabdan şəklini görüb tanımışam)
olub. Ədəbiyyat kəlməsi eşidəndə
"Marallarım"la dünyaya
meydan oxuyan Əbdürrəhim bəy
Haqverdiyevi, "Karvan yolu" ilə qəlbimə yol tapıb, "Cıdır
düzü" ilə
ruhuma hakim olmuş Bayram Bayramovu xatırlamamaq mümkün
deyil. Musiqi, mədəniyyət və incəsənt sahəsində isə ad çəkməyə ehtiyac duymuram. Ağayana, bir az dikbaş
və inadkar mərd oğullar vətəni Qarabağdadır
bu məkan... Qarabağ Azərbaycandır,
Azərbaycan isə bizim dünyamız. Bizlərə "Azərbaycan"
adlı dünya bəxş etmiş, onu öz qələmi
və şirin dili ilə dünyada
tanıtmış bir
dahi şəxs də var Səməd
Vurğun... Azərbaycanı
bizə və dünyaya tanıdan bu şəxsi bizlərə və cümlə-cahana tanıdan
daha bir görkəmli şəxsiyyət,
elm, ədəbiyyat fədaisi
də var... O böyük
insan dəyərli alimimiz, el ağsaqqalı Qurban Bayramovdur.
May ayının 30-u Qurban müəllimin ad günüdür! Bu il həm də onun 75 illik yubiley ilidir.
Tam səmimi olaraq
etiraf edirəm ki, 75 illiyi münasibəti
ilə onun haqqında yazı yazmaq fikrim əvvəldən
olmayıb. Özünə
də demişdim ki, Allah qoysa, "hazırlaşım, 80-də belə
bir məzmunlu yazı yazacam, Allah hər ikimizə ömür versin..." Bu
məqsədlə də
"Yazarlar" jurnalının
may-2021 sayında rəhmətlik
Qələndər Xaçınçaylının
düz bir il əvvəldən
yazıb hazır qoyduğu yazı ilə təbrik etmişdim Qurban müəllimi. Ancaq iş elə gətirdi ki, yubiley tədbirləri çərçivəsində əvvəlcə onun nəşrə hazırladığımız
"Vurğun poeziyası",
sonra isə
"Lirik qəhrəman
və zaman" kitablarını hərf-hərf
diqqətlə oxumalı
oldum. İşin gedişi ilə
bağlı iki məqama diqqətinizi çəkmək istəyirəm.
Əvvəllər də çox
yerdə qeyd etmişəm, demişəm.
İş-yazı masamın arxasına
adətən sizlərin
gecə dediyi, mənim isə yeni günün ilk anları kimi qəbul etdiyim vaxtda əyləşir və gün doğana qədər işləyirəm. Kitabların
biri 100 səhifə, ikincisi isə 200 səhifə həcmində
olmasına rəğmən,
işləməyə də
eyni vaxtlarda bağlamağıma baxmayaraq,
hər ikisinin son sətirlərini sübh azanının sədaları
altında oxuyub yekunlaşdırdım. Birinci gün
birinci kitabda bunu təsadüf kimi qəbul etməyə çalışsam
da, ikinci gün həcmcə iki dəfə birinci ktabdan çox olan kitab da eyni
vəziyyətdə itəndə
bunun təsadüf olmadığını qəbul
etdim. Söz əhli, sadiq qələm adamları bu fikrimi yəqin
ki, qəbul edərlər... Bir yandan Səməd Vurğun fəğanı,
bir yanda onu bizlərə anlatmağa çalışan
Qurban Bayramovun diktəsi, digər yandan olduqca yaxından canlı eşidilən azan, quşların
səsi, qəribə
oyanış, sübh
abu-havası... Bütün
bunların təsirindən,
bir az
da soyuq sübh mehinin rolu olmuş
olacaq ki, adam özü-özündən
üşənir, qolunda
tükləri elektriklənir,
başında "vız
duran" təkəm-seyrək
saçlarında Lev Tolstoyun
sığalını hiss edirsən...
Özü şəxsən
canlı-canlı deyir,
yaz bala, yaz, bu adam Allah adamıdır...
Allahın sevimli
bəndəsidir... Yaz...
Oxu...
Onu qeyd edim ki, Qurban Bayramovun
hələ ötən
əsrin 70-80-ci illərində
kiril əlifbası ilə nəşr olunmuş, dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edən "Vurğun poeziyası"
(1976), "Lirik qəhrəman
və zaman" (1986) kitabları yubiley tədbirləri çərçivəsində
latın qrafikalı müasir Azərbaycan əlifbası
ilə çap edilib. Bu kitabların
elektron variantı bütün oxucular üçün əlçatandır.
Bunun üçün
müxtəlif axtarış
sistemlərində (məsələn,
bu, "Google" ola bilər) kitabların və müəllifin adını
yazaraq axtarış vermək kifayətdir.
Ədəbiyyatşünas
alim, tənqidçi Qurban Bayramov "Vurğun poeziyası" adlı kitabının işıq üzü görməsi münasibəti
ilə "Yazarlar"
jurnalı tərəfindən
"Ziyadar" Mükafatına
layiq görülüb.
Sonda bu yazının
ilk sözündən
bura qədər yazdığım kəlmələri
bir-bir yenə ruhumun süzgəcindən
keçirərək bu
qənatə gəlirəm
ki, vallah, dost-doğru həqiqət
elə bundan ibarətdir; Qarabağ Azərbaycandır, Azərbaycansa
bizim dünyamız...
Bu dünyanı bizlərə
hərf-hərf, söz-söz
anlatmağa çalışan,
anlada bilmədiklərini
gördükdə isə
bəlkə gələcəkdə
kimsə anlayar düşüncəsi ilə
adını ədəbiyyat
qoyub tarix yazan kişilərə Allah qəni-qəni rəhmət eləsin...
Cabir Novruza rəhmət oxumadan bu yazını sonlandırmaq böyük
qəbahət olardı:
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...
Ruhu şad
olsun böyük şairimizin...
Bütün bu sadaladıqlarımı
bizə xatırladan, ilmə-ilmə ruhumuza hopduran Qurban müəllim, ad gününüz mübarək
olsun! Bu yazını, başda Rəşad Məcid olmaqla, qələmli və qələmsiz yazan bütün yazarlarımızın adından
yazmağı özümə
borc bildim. Bilirəm ki, hamısı Sizi çox sevir... Bu şad gününüzə
sevinir... 80 illikdə də yazmağı söz vermişəm, o, öz yerində...
Allah Sizə
uzun və sağlıqlı bir ömür nəsib etsin, Qurban müəllim!
Yazın, yaradın, biz də oxuyub
öyrənək...
Zaur USTAC
"Yazarlar" jurnalının
baş redaktoru
525-ci qəzet.- 2021.- 27 may.- S.13.