28 ildən sonra Ağdamda ilk toy
Allah hamıya qismət
eləsin
Düz 40
il bundan əvvəl Dünyanın Ən Varlı Şəhərində, Ağdamın Qarabağın toy
otağı olan vaxtında (inşallah, yenə bu şəhəri
Qarabağın toy otağı edəcəyik), may
ayının 16-sında mənim
toyum olmuşdu. Atam iki mağar
qurdurmuşdu: birini məhlədə, birini isə həyətdə
– Bakıdan gələn şair və yazıçı
dostlarım üçün. Ayrı-seçkilik deyildi, sadəcə
olaraq, şair dostlarım bütün günü
şeirləşəcəkdi. Təbii ki, bu da hər sözdən
nəsə bir qulp yeri tapıb məzələnən
ağdamlı dostlarım üçün ilboyu
çayxanalarda yaxşı bir mövzu olacaqdı. Həm də
camaat yeyib-içməyə, şənlənməyə gəlmişdi, «poeziya buketi, nəğmə
çələngi»nə yox. Ağdamın yaradıcı gəncləri
də həyətdəki mağara
dəvət edilmişdilər. Həyətdəki
mağar qızılgülə bələnmişdi.
İnanmazsınız ki, mağarın üstünə çəkilmiş
çadır qızılgüllərdən
görünmürdü, adam bihuş olurdu. Nə isə…
Gecə möhkəm leysan
oldu. Bərk dilxor
oldum. Amma səhər tezdən Tanrı elə bir Gün doğdurdu ki, 40 ildi o Günün
şəfəqləri ailəmin
üstündən əskik olmur.
Bakıdan gələn ziyalı və şair dostlarımın bir çoxu toya
pul yazdırmamışdı, kitab salmışdılar.
Sonralar Ağdamda dostlar mənə sataşırdılar ki:
- Qaqa,
doğrudan deyəsən bu şairlərin başı
yaxşı işləmir ey. Ə, toya da kitab yazdırarlar?
Hərçənd
ki, bu sözləri
deyənlərin çoxu mənim
Ağdamdakı kitabxanamın üzvüydülər.
İndi
fikirləşin də, şairlər hələ bu itoynadan
dostların yanında şeir
oxuyaydılar.
Amma
oxuyub-yazmağı bilməyən anam hamının yanında
forslanırdı ki, mənim oğlumun toyunda dostları
kitab salıblar.
HƏMİN
GÜNDƏN DÜZ 40 İL KEÇİR
Bu 40 ilin
32 ilini (1988-ci ilin fevralından 2020-ci ilin 8 noyabrınadək)
ömürdən sayma. Yəni
yaşamağına yaşadıq, amma türk mahnısında
deyildiyi kimi, biz də yaşayırdıq, bunun adına yaşamaq deyirlərsə:
Qarabağsız, Ağdamsız nə yaşamaq. Məğlub
olmuş, torpaqları
işğal olunmuş,
Ağdamsız, Şuşasız, Kəlbəcərsiz
qalmış bir xalqın bütün
ağrı-acısını yaşamışam bu illərdə.
Ermənilərin Şuşadan, İsa bulaqdan, Kəlbəcərdən,
İstisudan, Şahbulaqdan paylaşdıqları videolara
baxıb çərləyə-çərləyə
yaşamışam bu illəri. Hələ biri vardı
ey,ermənilər Ağdamın
küçələrində maşınlarla
şütüyür və ironiya ilə deyirdilər: «Etot
qorod cigitov». Gücüm ona çatırdı
ki, gedib Evoğlunun üstdəki
axırıncı postdan da
keçirdim.
Əsgərlər
buraxmaq istəmirdilər:
- Hara
gedirsiz?
- Evimizə
gedirəm, a bala, olmaz?
Duruxurdular, bir söz tapa bilmirdilər.
Və neytral ərazidə cəsarətim
çatdığı yerə qədər gedirdim. Sonra
bir daşın
üstündə oturub yarım saat, bəlkə daha çox siqaret
çəkə-çəkə üzü Ağdama,
üzü Şuşaya
baxırdım. Bu hissi mən tək yaşamamışam, bütün
qarabağlılar, bütün ağdamlılar yaşayıb.
VƏ
MƏNİ YAŞADAN İNAM İDİ
Bir gün Şuşaya
bayraq sancacağımıza olan
inam. Bütün çıxışlarımda deyirdim, məqalələrimdə
də yazırdım ki,
darıxmayın, gün gələcək İlham
Əliyev Şuşaya bayraq da sancacaq, Şuşada himnimiz
də çalınacaq, «Koroğlu» üvertuarsı da.
Ali
Baş Komandan, Cənab Prezident İlham Əliyev o
bayrağı sancdı və Şuşada himnimiz də
çalındı, üverturamız da.
MAYIN 16-SI
Şəhər azad olunanda ilk səfərimdə məscidin
önündə Emin Musəviyə müsahibə verəndə
söz vermişdim ki, mayın 16-sı Ağdamda 40 ildən
sonra özümə yenidən bir toy edəcəm. Və bəziləri
buna ağız da büzmüşdülər, lağa da
qoymuşdular. Necə ki işğaldan azad olunandan sonra Ağdama birinci səfərimdə qol
qaldırıb oynamağıma ağız büzüb lağ
etmişdilər. Və bu lağ edənlər bilə bilməzdilər
ki, o
qolları qaldırıb oynayan mən deyiləm. Mənim həm Birinci
Qarabağ savaşında şəhid olan dostlarımdı,
sinif yoldaşlarımdı, qonşularımdı,
qohumlarımdı. Və həm də İkinci Qarabağ savaşında Qarabağı azad edən şəhidlərimizin ruhudu. Oynadım, oyy, nə
gözəl oynadım, Allah. Sağ olsunlar, «Qarabağ»
komandası da məni tək qoymadı. Bir də bir cavan ağdamlı elə
süzə-süzə girdi meydana ki, elə bil qartal
süzürdü.
MAYIN 16-SI
Rəsmi icazə aldım özümə də,
xanımıma da. Xanımıma
mənə görə yox, bir yazıçı
kimi, «Ədalət» qəzetinin
baş redaktoru kimi icazə
verdilər.
Əvvəl
Seyid Lazım Ağanın, xalqımıza Şahmar Əkbərzadə
kimi böyük bir şair bəxş etmiş, Çəmənli
kəndindəki
Ocağını ziyarət etdik. Bütün Qarabağ
camaatının inam
yeridi bu Ocaq.
Saat 11-də Ağdam şəhərində İmarətdəydik.
Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Məmməd
bəy Cavanşirin, Natəvanın məqbərələrini
və həmin İmarətdə Pənah xanın sərdabə tikdirdiyi
adını bilmədiyim ər-arvad
seyidlərin Ocağında
olduq, həm onların, həm də bu İmarətdə
uyuyanların ruhlarına dualar oxuduq.
Mənim
uşaqlığım, gəncliyim keçib bu İmarətdə,
xanımım isə ilk dəfəydi bu müqəddəs məkanı
görürdü. İmarət haqqında ay basıb-bağladım ey.
Burda keçirilən tədbirlərdən, Xan qızı Natəvanın
təxminən 150
il bundan əvvəl bu İmarətin dörd tərəfində
babalarının xatirəsinə
əkdiyi çinarlardan
danışdım. Milli Qəhrəman Fred Asifgilin, «Dolu»
romanının Pələngi Elməddin Sərdargilin həyətlərini
göstərdim.
Ordan gəldik
Məhəmməd Ağa Müctehidzadənin oğlu,
Qarabağın məşhur xanəndəsi Hafiz Sədrzadənin
sonuncu dəfə Azan verdiyi Ağdam məscidinə. O məscidə
ki 1981-ci ilin may
ayının 6-da buranın
axundu bizə dini nigah kəsmişdi, xeyir-dua
vermişdi, dualar oxumuşdu. Bəlkə
də həmin duaları Allah eşitmişdi ki, 40 ildən
sonra da olsa bizi o müqəddəs torpağa, o müqəddəs ocağa gətirmişdi. Bir «Fatihə» surəsi
oxudum, ikimiz də millətimiz üçün, dövlətimiz
üçün, şəhidlərimiz və qazilərimiz
üçün dualar etdik.
Bu məscidin həyətində
bizim qəzetin əməkdaşı
Nicat Novruzoğlu bu
ilin aprelin 15-də bir alma ağacı əkmişdi. Böyüyüb,
yamyaşıldı. Gəldim
o alma ağacının yarpaqlarını oxşadım. Polis
işçiləri deyir ki, Aqil müəllim, bəzən su
bitəndə də içəcəyimiz suyu içmirik, bu
ağacı sulayırıq.
Sonra
getdik 40 il bundan
qabaq xanımımın
gəlin köçdüyü bizim həyətə. İndi siz inanarsınız ki,
küçədən bizim həyətə təxminən 30-40 metrlik yolu on dəqiqəyə güc-bəla ilə getdik? Fikirləşin görün, şəhəri necə
dağıdıblar?
Bu da bizim həyət. Həyət deyəndə… Bir qədər hasarlarımız durur, evin
iki-üç divarı durur.
Xanımım
deyir:
-
Yadına düşür, balaca bacın bu divarda qəşəng
bir durna şəkli çəkmişdi.
Təbii
ki, yağışlar-filanlar şəkili yuyub. Bir də hasarın
divarında dağılmış yerlər var.
Deyirəm ki, yox, şəkil bu
dağılmış yerdəydi.
Razılaşmır:
- Yadından
çıxıb, burdaydı.
Komandir
deyəndən sonra
ağzım nədi razılaşmayam və həm də yadıma salıram ki, düz
deyir.
Evimizə
qalxmaq
üçün
üç-dörd pilləkan vardı. Atam həmişə müharibə vaxtı evdə
qonaq olanda tüfəngini götürüb bu pilləkanda
oturardı, bəzən səhərə qədər də
yatmazdı, öz aləmində guya qonağı qoruyurdu.
OTURDUM
ATAMIN ƏVƏZİNƏ HƏMİN PİLLƏKANDA
Və
başladım xanımıma
danışmağa bu həyətdə kimlər olub (Azərbaycan ədəbiyyatının demək
olar ki, bütün qaymaqları
bu həyətdə olmuşdu)
və danışıram, adlarını çəkirəm: Xəlil
Rzanın, Söhrab Tahirin, Məmməd Arazın, Anarın,
Şahmar Əkbərzadənin, Aydın Məmmədovun, Sabir
Rüstəmxanlının, Vaqif Cəbrayılzadənin,
Çingiz Əlioğlunun, Zakir Fəxrinin, Vaqif Bəhmənlinin,
Əhməd Qəşəmoğlunun, Abbas Abdullanın,
Şirindil Alışanovun və sair və ilaxır, qəfil
kövrəlirəm.
- İradə,
Elçibəy həbsdən
çıxandan sonra bax, burda atam onun ayağının altında
qurban kəsmişdi…
Bizi etibar
ediblər Ağdam polisinin baş leytenantı Nişat
Allahverdiyevə. Bu da mənim xalam nəvəsidi.
O da şəkillər
çəkir, video çəkir, görürəm
(baş leytenant olsa da mənim üçün uşaq olan
Nişata), bir himə bənddi ağlasın.
Birdən
sol biləyimdə çox ağır bir sancı hiss elədim, elə
bildim ilan sandı. Bir anlıq özümü itirdim. Sonra gördüm ki,
yox, ilan deyil, bir yekə tikan batıb. Qalxdım, indi
qanı sümürürəm ki, kəssin, amma kəsmir.
Yerdən bir
çimdik torpaq
götürüb basdım qanın
üstünə. Uşaq vaxtı da belə edirdik, bir
yerimiz qanayanda, yaralananda üstünə torpaq
tökürdük, qan kəsirdi.
Ötən yazılarımın birində qeyd
etmişdim. Uşaq vaxtı bəzən
torpağı yeyirdik, çox gözəl dadı vardı.
Ağdama ilk dəfə girəndə də bir çimdik
torpaq götürüb yemişdim, görüm dadı qaçıb, ya yox.
Dadı qaçmamışdı, bal dadırdı,
özü də
təmiz Kəlbəcər balı.
Və yaramın üstünə çəkdiyim torpaqdan yenə daddım. Bəh-bəh,
bu dadı təsvir etməyə gücüm çatsaydı Nobel mükafatı alardım.
XANIMIM DA
ÖZ XATİRƏLƏRİNİ DANIŞIR,
acılı-şirinli xatirələrini. Və
acılı xatirələri daha çoxdu. Bu barədə özü hərdən yazır.
Zarafatla deyirəm ki, Fatma cijindən az
sitat gətir.
Nəhayət,
həyətdən
çıxırıq. Qonşuların çoxunun evinin
şəkillərini
çəkdirirəm ki, göndərəcəm özlərinə.
Şəhəri gəzirik. Yamyaşıldı.
Xanımım şəhəri yaxşı tanımasa da,
deyir:
- Bu yol
Əşrəf dayıngilə gedirdi.
Başqa
bir küçədən keçirik:
- Bu yol
Gülablıya gedirdi... Bu yol Şuşaya gedirdi...
-
Yaddaşına maşallah, unutmamısan.
Gülə-gülə
deyir:
-
Heç unudaram?!
- Məni
qoyurdun
bacılarının arasında, özün də
dostlarınla çıxıb gedirdin Şuşaya.
Zəng gəlir, sonuncu postdandı. Bildirirlər ki, Fikrət
adlı bir kişi
gəlib, deyir ki,
Ağcabədinin icra başçısı Rafil
Hüseynov yemək-içmək
göndərib.
QAYIDIRIQ
YENƏ MƏSCİDİN YANINA
Xala nəvəsi gedir
yemək-içməyi gətirməyə.
Belə bir vəziyyətdə
şəhərimizi qoruyan polis əməkdaşlarını,
hərbçiləri, eyni
zamanda burda tikinti-bərpa işlərini aparan
memar və inşaatçılardan xahiş edirəm ki,
imkan daxilində gəlsinlər məscidin yanına.
Bütün dəm-dəstgahı ilə Qarabağ plovu
gəlir. Hər
şey var, bircə
içkidən başqa.
Ömrü boyu badə qaldırmışıq ki, ay
Allah, bizə qismət elə bu badələri Kəlbəcərdə
qaldıraq, Laçında, Qubadlıda qaldıraq və sair və
ilaxır.
… Dostum Mahir Abbaszadə həmyerliləri ilə
Laçına getmişdi, doğulduğu Güləbird kəndinə.
Burnundan gətirdilər ki, guya Güləbirddə
araq içib. O da and-aman edir ki, içməmişəm.
Qardaş, niyə qorxursan? Bilmirəm içmisən,
ya içməmisən, lap içməmiş olsan da gərək
deyəydin ki, ən böyük arzuma çatmışam,
doğulduğum, azad olunmuş
kəndimizə gəlmişəm və burda əsgərlərimizin
sağlığına, Ali Baş Komandanın
sağlığına badə
də qaldırmışam…
Bəli, hər şey vardı, bircə içkidən
başqa.
Ona görə yox
ki, Ağdamda içmək olmaz. Ona görə
ki, burdakı hərbçilər, polislər öz vəzifə
səlahiyyətlərini yerinə yetirirlər, təbii ki,
onlar içə bilməzlər. Həm də məscidin
yanındayıq.
Kiçik bir süfrə açırıq, çünki geniş süfrə açmağa şərait yoxdu. Yalnız mən və xanımım
oturmuşuq. Oturmağa stullar
olsa da bir-birinə hörmət əlaməti olaraq heç kəs
oturmurdu. Plovu özüm çəkirəm.
İnşaatçıların biri deyir:
- Aqil müəllim,
Allah balalarını
saxlasın, çoxdandı belə ev yeməyi yemirdik.
Sonra biz
qalxırıq, gedirik
üzü Kolanıya
tərəf. Daha doğrusu,
Şahbulağa.
Adını bilmədiyim polis zabiti deyir:
- Siz
narahat olmayın, biz plovun bir hissəsini və supu da əsgərlərimizə
göndərəcəyik.
VƏ
ÜZÜ ŞAHBULAĞA
Əvvəl
bulağa yenirik
. Bulaq deyil ey, cənnətdəki Zəm-zəm
suyudu. Əvvəl əl-üzümüzü yuyuruq,
sonra özüm girirəm bulağa, gözündən su götürmək istəyirəm.
Nişat:
-
Dayı, qoy mən girim su gətirim.
- Yox ey,
özüm.
Əvvəl
ovuclayıb
içirəm, sonra da ovcumda xanımıma gətirirəm.
Qıjı
deyilən bir bitki var, yalnız qarasuda bitir, ən
dadlısı da mənim doğulduğum Ağcabədi
rayonunun Bayat kəndində, daha
dəqiq desək, Bayatın Kolanısında. Qıjı yığıram yemək
üçün, biləsiniz qara ciyərin dərmanıdı. Qara ciyərim yerindədi ey, sadəcə
olaraq, onun dadı
əvəz olunmazdı. Amma
görürəm ki,
dad həmin dad deyil,
çünki erkəkləyib.
Sonra da qalxırıq Şahbulaq qalasına.
Pənah
xan bu qalanı təxminən 1748-50-ci illərdə tikdirib. Deməli, ermənilər
guya bu qalanın VI əsrdə hansısa bir nemes erməni tərəfindən tikildiyini yazıblar. Buranı həm muzey, həm də restoran eləyiblərmiş.
Plakatları, nə bilim nələri də var, ayaq altındadı,
təbii ki. Otururam həyətdəki
hovuzun yanında, xanımım Nişatla qalanı
gəzir. Vallah, xanımım çiçək kimi
çiçəkləyib.
Vaxtilə erməni qızları gəlib burda kef edərdilər,
video, şəkil çəkib
paylaşardılar, biz də baxıb
çərləyərdik.
Qalanın
ən yuxarısında xanımım əllərini açıb göyə və deyir:
- İNDİ MƏN BURDAYAM, SİZ HARDASIZ?
Bəlkə
də bu qırx illik
evlilikdə xanımıma ona belə xoşbəxtlik
qismət eləməmişdim.
Mənə elə baxır, elə bil ki, 42 il əvvəl
vurulduğu Aqil Abbasa baxır.
Bu nə xoşbəxtlikdi, İlahi?!
Həmişə
məni danlayanda Nüsrət Kəsəmənlidən bir beyt deyirdim:
Nəyimi
sevmişdin deyə bilmədin,
İndisə min eyib tapırsan məndə.
Qaqa, eyib
nədi ey, nə təhər məni tərif yağışına tutubsa…
Geri qayıdırıq. İstəyirəm gedəm
Qarağacıya –
anamın və qardaşımın
yatdığı Qarağacıya. Gedirik, izah edirəm bura haraydı, bura
haraydı.
Qarağacıya çathaçatda deyirəm ki,
Nişat maşını saxla və dön geri.
- Niyə,
dayı?
- Belə
bir xoş günü qəbiristanlıqda bitirmək istəmirəm.
Xanımım:
- Elə
istəyirdim ki, sən
Qarağacıya gedib ağlamayasan. Xoş günü
ağlaşmayla qurtarmayasan. Sağ ol.
Geri dönürük. Maşını saxlayıb Əhmədavarda
bir-iki şəkil
çəkirəm, iki-üç divar
qalıb kənddə. Onun hansısı Sərdar həkimgilindi, bilmirəm.
Hansı gitaraçı rəhmətlik Eldar Kərimovgilindi,
hansı rəhmətlik Süleyman Zeynalovgilindi.
Deyirəm
ki, bu şəkilləri göndərəcəm həmin dostlarımın özlərinə,
rəhmətə gedənlərin də balalarına.
Yenidən
qayıdırıq
məscidin yanına.
Bütün
polis işçiləri, Daxili Qoşunların və
Milli Ordunun əsgərləri ilə xudahafizləşirəm.
Biri
zarafatla deyir:
- Aqil müəllim,
sən Allah, tez-tez gəlin. Gələn dəfə
gələndə çoxdandı dolma yemirik, dolma gətirin.
- Günü sabah sizə dolma göndərərəm.
Nişat bizi gətirir posta. Maşınımı orda saxlamışdım. Ordakı əsgər və polislərlə də
(onları da toy yeməyinə qonaq etmişdim)
görüşürük və ağdamlılar demiş,
üzü güləbətinə.
Gəlirik Evoğluna, nənəmgilin həyətinə,
bir yaxşı çay içirik. Mən həmişə Ağdama gedəndə restoranda da çörək yesəm
Nişatın anası, xalam
qızı Tahirə ev yeməyi
hazırlayıb göndərər restorana. Amma bu dəfə
rayonda yoxdu, Bakıdadı. Ona görə
də bizim toy yeməyimizi Ağcabədidə
hazırlamışdılar.
Ağdam
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov
da məndən küsür. Harda olduğumuzu soruşur, amma mən demirəm.
İstəmirəm
iş-gücünü
atıb, gəlsin ora.
Eh, Vaqif müəllim,
narahat olma. Hələ bizə o
qədər
qonaqlıq verəcəksən
ki!...
Bəli, mən sözümü tutdum. 40 ildən sonra Ağdamda polis
işçiləri ilə, Daxili Qoşunların və Milli
Ordunun əsgərləri ilə
pandemiyaya uyğun toyumu
elədim.
İnşallah,
41-ci ildönümündə daha gözəl bir toy edəcəm
və Mənsum İbrahimov o toyu aparacaq və mən
də qol qaldırıb oynayacam. Və heç vaxt heç
bir toyda oynamayan
xanımım da ilk dəfə olaraq həmin toyda mənimlə
birlikdə qol qaldırıb oynayacaq.
Şəhidlərin
ruhu bizi bağışlasın!
16 may
2021-ci il. Ağdam şəhəri.
Aqil ABBAS
525-ci qəzet.- 2021.- 28 may. S. 6-7.