Nəsib
bəy Yusifbəyli - Siyasi Azərbaycan ideyasının müəllifi
Fəaliyyəti
Məhəmmədəmin Rəsulzadə tərəfindən
məhz bu cür xarakterizə edilən bu görkəmli
xadimimizin doğumunun 140 illiyinə ithaf olunur
Azərbaycan
Cümhuriyyətinin (1918-1920) qurulması ilə nəticələnən,
20-ci əsrin əvvəllərini əhatə edən ictimai siyasi proseslərə dair
yazıların əksəriyyətində (eləcə də
tarix dərsliklərimizdə) yaxın tariximizin və hesab
edirik ki, ümumiyyətlə, Azərbaycan tarixinin ən
güclü simalarından olan Nəsib bəy Yusif bəy
oğlu Yusifbəylinin (1881-1920)
fəaliyyəti və onun yaratdığı, dünyəvi
dəyərlərə söykənən "Adəmi-mərkəziyyət"
adlı partiyası haqqında ciddi elmi-politoloji metodlara əsaslanan
fikirlərə az təsadüf olunur. Halbuki N.Yusifbəylinin və
onun qeyri-mərkəziyyətçilik ideyalarının istər
azərbaycanlıların milli siyasiləşməsində,
istərsə də Azərbaycanın coğrafi-siyasi məna
kəsb edərək, beynəlxalq arenada "gözə
çarpdırılması"nda və nəhayət,
dünya xəritəsinə düşəcək yeni,
demokratik, proqressiv bir Azərbaycan
Respublikasının yaradılmasında müstəsna rolu
olmuşdur. Cümhuriyyətimizin banilərindən olan
M.Ə.Rəsulzadənin aşağıdakı sözlərinə
diqqət yetirək: "Azərbaycan ideyasını siyasi bir
mətləb maddəsi şəklində formula etmək şərəfi
Nəsib bəyindir. O, milli Azərbaycan demokratiyasının
yetişdirdiyi elə bir müməssildir (nümayəndə
- Z.M.) ki, milli Azərbaycan hərəkatının istiqlala
müncər olan qayəsini formulə etmək onun adı ilə
bağlıdır. Sadəcə bu, Nəsib ismini Azərbaycan
tarixində ölməz və unudulmaz bir ism halına qoymaq
üçün kafidir... Müzəffər istiqlal nəslinin
ilk yapacağı şürkan vəzifələrdən
birincisi siyasi Azərbaycançılığın (! - Z.M)
ilk mübaşirlərindən (qabaqda gedənlərindən -
Z.M.) olan Nəsib bəyin adını əbədiləşdirmək
və Bakı və Gəncədə ona abidələr tikməkdən
ibarət olmalıdır" (M.Ə.Rəsulzadə
"İstila qurbanları. Yusifbəyli Nəsib bəy",
"Odlu yurd" ¹3, 27 aprel, 1929. Ankara; Həmçinin bax: həmin
yazı "Ədəbiyyat" qəzeti, 22 fevral, 1991). Elə
bu yazımızın əsas məqsədi də M.Ə.Rəsulzadənin
öz məsləkdaşı Nəsib bəy haqda kifayət qədər
konkret ifadə etdiyi fikirlərinin arxasında duran təfərrüatları
diqqətə çatdırmaqdır.
Mənbələrdə,
xüsusən mühacirətdə yaşamış Azərbaycan
siyasi xadimlərinin xatirələrində gənc Nəsib bəyin
hələ 1905-ci ildə Gəncədə
yaradılmış, Azərbaycanın ilk milli siyasi təşkilatı
olan "Difai" firqəsinin fəaliyyətində
yaxından iştirak etməsi bildirilir. O da məlumdur ki, həmin
firqənin yaradılmasından əvvəl Gəncədə
"Qeyrət" adlı gizli təşkilat mövcud
idi. Elə "Difai"
üçün bir növ "baza" rolu oynamış
"Qeyrət"in yaradıcıları da Yusifbəylilər
(ata - Yusif bəy və oğullar - Həmid bəy və Nəsib
bəy) olmuşlar.
Bir qədər
sonra, Birinci Dünya müharibəsi başlayarkən
yaradılmış və öz işinin tarixi şəraitin
gerçəkliklərinə uyğun surətdə qura
bilmiş, Azərbaycanın taleyində bir çox hallarda həlledici
rol oynamış Gəncə Milli Komitəsinin sədri də
Nəsib bəy Yusifbəyli idi.
Şübhəsiz,
millətin fiziki müdafiəsi ilə yaranmış
"Difai"dən və milli özünüdərkin
möhkəmlənməsi üçün təcrübə
qazandırmış Gəncə Milli Komitəsindən sonra
siyasi təkamülün yeni mərhələsi zərurəti
yarandı.
Monarxiyanın
süqutundan cəmi bir neçə gün sonra Gəncədə,
əvvəllər "Difai"ni yaratmış Gəncə
Milli Komitəsinin aparıcı şəxsləri - Həsən
bəy Ağayev, Şəfi bəy Rüstəmbəyov, Xasməmmədli,
Şeyxzamanlı qardaşları və başqaları Nəsib
bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan
tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni
dəyərlərinə istinad məramlı bir partiyanın -
"Türk Adəmi-mərkəziyyət firqəsi"nin əsasını
qoydular. Buradaca qeyd edək ki, istər lüğəti, istərsə
də siyasi mənada "Adəmi-mərkəziyyət"
ifadəsi sərbəstliyi, müstəqil fəaliyyəti,
özü-özünə cavabdehliyi bildirən desentralizasiya,
qeyri-mərkəziyyətçilik mənasında
anlanılmalıdır. Həm də keçmiş
difaiçilər öz yeni siyasi partiyalarının
adını əvvəllərdən (1906-cı ildən)
sıx əlaqədə olduqları Türkiyə Adəmi-mərkəziyyətçi
liqasının adından götürmüşdülər.
Bu liqa İttihad və Tərəqqi uğrunda Gənc Türk
Komitəsinin liberal (!) qanadı idi (bax: Tadeuş Sviyetoxovski,
"Russkiy Azerbaydjan", "Xazar" (rusca) jurnalı, ¹2,
1990, səh 88). Elə "adəmi mərkəziyyət"
ifadəsinin özü də Avropadan gəlmə
"liberalizm"in o vaxtkı türk dilli üslubunda tərcüməsidir.
Və azad, sərbəst cəmiyyət qurulmasının ən
doğru təmininin məhz istiqlal və ya muxtariyyət (o
tarixi şəraitdə əlbəttə ki, Rusiya
üçün federativ quruluş məqbul hesab edilirdi)
olduğu partiyanın proqramında vurğulanırdı.
"Türk
Adəmi-Mərkəziyyət firqəsi" öz məqsədləri
və proqramı ilə xalqı tanış etmək
üçün 1917-ci ilin martında, Novruz bayramı
günü Gəncənin Şah Abbas məscidinin
önündə izdihamlı mitinq keçirdi. Mitinqdə
partiyanın lideri N.Yusifbəyli nitq söyləmiş, ilk dəfə
olaraq Azərbaycan anlayışı siyasi mənada işlədilərək
"Yaşasın Azərbaycan muxtariyyəti!, Yaşasın
Demokratik Respublika!, Yaşasın Türk Ədəmi-mərkəziyyət
partiyası!" şüarları səslənmişdi (bu
haqda "Bakı" qəzeti özünün 12 aprel
1917-cı il buraxılışında xəbər xerir; həmçinin
bax həmin sitat: Mövsüm Əliyev - ön söz.
M.Ə.Rəsulzadənin "Çağdaş Azərbaycan
tarixi" kitabına. Bakı, 1991, səh.9).
Bildiyimiz
kimi, 1911-ci ildə Bakıda "Müsavat" gizli
partiyasının əsası qoyulmuş və ümumislami
xarakter daşıyan ilk məram sənədində
adının verdiyi "bərabərlik" anlamına
uyğun olaraq müsəlmanların ruslarla hüquq bərabərliyinin
təmin edilməsi, həmçinin, bütün islam
dünyasının milli-inqilabi oyanışı və
azadlığı uğrunda mübarizə təşkilatın
məqsədləri elan olunmuşdu (bax: "Müsavat"
bülleteni, ¹1(5), 1993. Bakı).
1913-cü ildən "Müsavat" özünə həmin
il mühacirətdən Vətənə qayıdan M.Ə.Rəsulzadə
kimi dərin təfəkkürə və böyük siyasi təcrübəyə
malik bir lider qazanmışdı.
Fevral
inqilabının gerçəkləşməsindən sonra
Bakıda milli maraqların əsas təmsilçisi
"Müsavat" gizli qrup halından kütləvi partiyaya
çevrilməsi dövrünü yaşayırdı.
T.Sviyetoxovskinin fikrincə, leqal vəziyyətə keçdiyi
ilk həftələr ərzində əsasən
sıralarını genişləndirməklə məşğul
olan "Müsavat"ın rəhbərlərinin,
görünür Gəncədəki siyasətçilərlə
iş birliyinə qədər konkret fəaliyyət
proqramları yox idi (T.Sviyetoxovski. Göstərilən mənbə,
həmin səhifədə).
1917-ci
ilin aprelin 15-dən 20-dək Bakıda Qafqaz müsəlmanlarının
qurultayı keçirildi. N.Yusifbəylinin rəhbərliyi
altında Gəncədən olan yenilikçi siyasətçilərin
fəallığı bu toplantının siyasi
ab-havasını müəyyənləşdirirdi. "Azərbaycan
ideyasını siyasi bir mətləb" kimi
aydınlaşdıran konkret proqrama malik "Adəmi-mərkəziyyət
firqəsi" öz məramına,
xüsusən müsavatçılar arasında çoxlu tərəfdar
toplamış oldu.
Qurultayın
yekun sənədində qeyd olunurdu ki, müsəlman
xalqlarının maraqlarının təmin olunması
Rusiyanın ərazi-federativ prinsiplərə əsaslanan
demokratik respublika şəklində qurulması ilə
gerçəkləşə bilər. Bu, həmçinin, digər
prinsipial məsələlərdə "Adəmi-mərkəziyyət"lə
"Müsavat"ın ümumi mövqeyi bu iki partiyanın
birləşmə prosesinin başlanğıcını qoydu.
Hər iki partiyanın liderlərinin böyük uğurla
iştirak etdiyi 1 may 1917-ci il tarixində Moskvada
keçirilmiş Ümumrusiya müsəlmanları
Qurultayında muxtariyyət prinsiplərinə dair onların
tezisləri çoxluq tərəfindən müdafiə edilərək
Qətnamədə əksini tapmış oldu. Uğurlu nəticələrdən
məmnun qalan iki aparıcı siyasi təşkilatların
liderləri öz məqsəd ümumiliyini nəzərə
alaraq, birləşmə prosesini gerçəkləşdirməyi
qərara aldılar. Həmçinin, hər iki qurultaya sədrlik
etmiş görkəmli ictimai-siyasi xadimimiz Əlimərdan bəy
Topçubaşov da milli məqsədlər naminə bu iki təşkilatın
birləşməsi xüsusunda M.Ə.Rəsulzadəyə və
N.Yusifbəyliyə məsləhət vermişdi.
1917-ci
may ayının axırlarında hər iki təşkilatın
birləşərək "Türk Adəmi-mərkəziyyət
firqəsi Müsavat" adlandırılması qərara
alındı. İki təşkilatın rəsmi surətdə
qovuşması iyunun 20-də birgə Mərkəzi Komitənin
yaradılması ilə başa çatdı. Xüsusi olaraq
qeyd edilməlidir ki, hər iki təşkilatı birləşdirən
əsas prinsip - adəmi-mərkəziyyət (yəni
desentralizasiya, xalqın öz taleyini Rusiyanın mərkəzi
amirliyi ilə deyil, özünün həll edə bilməsi
prinsipi), özü də dini (yəni ümummüsəlman)
deyil, milli əsaslarla adəmi-mərkəziyyət (!) idi ki,
siyasi Azərbaycançılığın məğzini məhz
bu təşkil edirdi.
Azərbaycanın
siyasi həyatında "Türk Adəmi-mərkəziyyət
firqəsi Müsavat"ın hakim mövqe tutması artıq
şübhə doğurmuşdu.
Petroqraddakı
bolşevik çevrilişinin baş verməsindən sonra,
oktyabrın 26-dan 31-dək Bakıda "Türk Adəmi-mərkəziyyət
firqəsi Müsavat"ın
birinci qurultayı keçirildi. Toplantı irəlidəki
siyasi mübarizədə partiyanın strategiya və
taktikasını müəyyənləşdirərək onun
yeni proqramını qəbul etdi. Bu sənəd N.Yusifbəylinin
başçılığı altındakı siyasətçilərin
ədəmi-mərkəziyyət prinsipləri zəminindəki,
hələ yaz aylarından siyasi aləmdə və geniş
kütlələrdə böyük rezonans və rəğbət
doğuran məramnaməsi əsasında tərtib
olunmuşdu.
Məramnamənin
giriş hissəsində ümumbəşəri, mədəni
(sivilizasiya mənasında), milli, fərdi dəyərlərdən
bəhs olunaraq "Mədəniyyəti-bəşəriyyə
(bəşər sivilizasiyası - Z.M.) milli mədəniyyətlərin
məcmuundan ibarət ikən, ən müvafiq və ən təbii
hökumətin də hökuməti-milliyyə olması
aşkardır. Milli istiqlal və ya muxtariyyətə malik
olmayan bir millət hürriyyət və mədəniyyətini
hifz edə bilməz" - fikirləri
aydınlaşdırılır.
Proqramda
insan haqları normaları, iqdisadiyyat və maliyyə, torpaq
islahatı, işçi, ədliyyə, maarif və digər məsələlər
yer almışdı.
Beləliklə,
azərbaycanlıların ən iri siyasi təşkilatının
proqramında istər demokratik əsaslarla qurulmaq ehtimalı
olan Rusiya dövlətinə münasibətdə, istərsə
İslam aləmi, həmçinin, Türk dünyası ilə
münasibətdə Azərbaycanın yalnız özünəməxsus
olan öz inkişaf haqlarının, başqa sözlə, Azərbaycançılıq
ideyasının gerçəkləşdirilməsi
başlıca məqsəd hesab olunurdu. İstiqlala aparan bu
ideyanı formulə edən isə 1881-ci ilin iyulun 5-də Gəncədə doğulan, 1920-ci
ilin may ayında istiqlalımızı istəməyənlərin
məkrli sui-qəsdi ilə Yevlax ətrafında 39
yaşında qətlə yetirilən Nəsib bəydir.
Gəncə
Zakir MURADOV
525-ci qəzet.- 2021.-
28 may. S. 12.