Cümhuriyyətin məziyyətləri
"Yeni Qafqasya"da
1923-cü
il sentyabrın 26-da Məhəmməd Əmin Rəsulzadənin
rəhbərliyi ilə İstanbulda "ədəbi, ictimai,
siyasi məcmuə" kimi, on beş gündə bir dəfə
çıxmaqla, ərəb əlifbası ilə nəşrə
başlayan, 1927-ci il oktyabrın 15-də sonuncu - 95-ci nömrəsi
buraxılan, mətbuat tariximizin ən şərəfli,
döyüşkən nümunələrindən olan "Yeni
Qafqasya" dərgisinin əksər nömrələrində,
xüsusilə tarixi hadisələrin ildönümlərinə
həsr edilən saylarında Azərbaycan Xalq Cümhuriyyətinə
və onunla əlaqəli mövzulara dair xeyli yazı
işıq üzü görüb.
Həmin
yazılar mövzu baxımından zəngin və maraqlı,
janr baxımından fərqli və rəngarəngdir. Bədii
əsərlərdə, xüsusi ilə poeziya nümunələrində
Cümhuriyyət dəyərləri, azadlıq və istiqlal nəşəsi,
ruhu və sevdası, türk əsgərinin şücaəti
vəsf və təbliğ edilir, eyni zamanda, Cümhuriyyətin
süqutu ilə itirilən hürriyyət həsrəti, kədəri,
nisgili əks olunur, xalqımızın milli və mənəvi
dəyərlərinə qənim kəsilən düşmənlər
qəzəb və nifrətlə lənətlənir, ifşa
edilir. "Azəri türk xalqının ən əziz
duyğularına və ən incə hisslərinə səmimi
tərcüman olan Əhməd Cavadın" (M.Ə.Rəsulzadə)
"Yeni Qafqasya"da "Qalx" (Azərbaycandakı
Osmanlı şəhidlərinə), "Milli
Bayrağımıza", "Sən ağlama", "Bir
gül əkdim", "Nədən yarandın", "Al
bayrağa", "qüvvət və gözəlliyi ilə
yalnız ədəbi deyil, siyasi mətbuatımızda da rəğbətlə
qarşılanan Gültəkinin" (Əhməd Cəfəroğlu)
"Anama", "Ağla, gözəl gəlin",
"Qafqaz türküsü", "Bir Turan yolçusu deyir
ki", "Moskva", "Çeka", "Sevgili
Bakıya" və bu kimi çoxsaylı şeirləri milli
ruhu, ideya dolğunluğu, bənzərsiz forma və üslub
gözəlliyi ilə seçilən poetik nümunələrdir.
Dərgidəki ədəbiyyatşünaslıq problemləri
ilə bağlı məqalələrdə istiqlal və
hürriyyət şairlərinin irsi təhlil və təqdir
olunur, bolşevik hakimiyyəti illərində azadlıq
aşiqlərinin təqib və həbs edildiyi, işgəncə
və zülmə məruz qaldıqları qeyd edilir, digər
tərəfdən Sovet ədəbi-nəzəri
konsepsiyası və metodologiyasının fəsadları və
perspektivsizliyi, bolşevik ədəbiyyat tənqidçilərinin
məfkurəsinin əsl mahiyyəti açılır,
çirkin məqsədləri göstərilir və ifşa
olunur. Publisistik yazılarda - məqalə və xatirələrdə
Şərqdə ilk demokratik dövlətin fəaliyyətindən
bəhs edən, parlamentin,
hökumətin formalaşdırılması, dövlət təsisatlarının
yaradılması, dövlət atributları, dövlət rəmzləri
- Bayrağı, Gerbi, Himni və Möhürünün qəbulu,
təsviri, istifadə qaydaları, ordu quruculuğu, elm, mədəniyyət,
səhiyyə sahəsində, təhsil, o cümlədən,
yüksək ixtisaslı milli kadrların hazırlanması
istiqamətində görülən işlərdən ətraflı
söz açılır. 28 May İstiqlal bəyannaməsinin
qəbuluna, Azərbaycanın müstəqil dövlət elan
edilməsinə, 28 Aprel istilasına - Azərbaycanın
bolşevik Rusiyası tərəfindən işğalına,
Cümhuriyyət qurucularının həyat və fəaliyyətinə,
havadarlarından mənəvi və maddi dəstək alaraq
xalqımızın istiqlalına və istiqbalına
düşmənçilik edən murdar və məkrli
qonşularımız ermənilərin törətdiyi
ağlasığmaz cinayətlərə həsr olunan
materiallar dövrün real mənzərəsini təsvir, tədqiq
etmək baxımndan mühüm əhəmiyyət
daşıyır. Məhəmməd Əmin Rəsulzadənin,
Mirzə Bala Məhəmmədzadənin, Gültəkinin, Məmməd
Sadıq Aranın məqalələri ideya, məzmun
baxımından sanballı, dolğun, sənətkarlıq
nöqteyi-nəzərindən mükəmməl, təsirli və
diqqətəlayiqdir.
Mövcud
olduğu 23 ay müddətində Azərbaycan Xalq Cümhuriyyətinin
tariximizdə, xalqımızın taleyində, təfəkkür
və həyat tərzində oynadığı rol Məhəmməd
Əmin Rəsulzadənin "Azərbaycanın böyük
günü" adlı məqaləsində geniş təhlil
olunub və dəyərləndirilib: "İldırım
sürəti ilə yetişən qardaşlarının
köməyi ilə bolşevik zülmündən qurtulan
Bakının xilas günündə, Azərbaycan
alayının ilk dəfə Bakıya girdiyi anda, 28 May
İstiqlal günündə, Novruz bayramındakı o parlaq
manevrada, Cümhuriyyətin avropalılarca təsdiq edildiyi
gündə müstəsna bir mənzərə təşkil
edən Bakı küçələrini görən
müşahid dünənki əsir bir xalqın nə kimi
hisslər və nə kimi həyəcanlarla yeni istiqbal həyatı
qurduqlarını dərk eyləmişdir".
Bolşevik
istilasından sonra isə Xalq Cümhuriyyətinin əldə
etdiyi bütün uğurlar qərəzli və düşmən
münasibətə tuş gəlmiş, mili və demokratik dəyərlər
alt-üst edilmişdi. "Dəmirçioğlu" gizli
imzası ilə dərc olunmuş "Bu günün xatirəsi"
adlı məqalədə deyildiyi kimi, hər şey matəmə
bürünmüşdü, hər tətəfə qatı
zülmət çökmüşdü. "28 May nədir"
adlı məqalədə müəllif Cümhuriyyətə
aparan yola nəzər salır, M.F.Axunzadə, H.Zərdabi ilə
başlayan Azərbaycan cəmiyyətçiliyinin milli mahiyyət
kəsb edərək tədricən hürriyyət və
istiqlalın nüvəsinə çevrildiyini qeyd edərək
yazır: "28 May bəyannaməsində mündəric (yer
almış, dərc olunmuş - T.A.) cümhuriyyət,
demokratiya və milliyyət prinsiplərinin öz yurdunda tətbiqini
görmək səadətinə nail olan Azərbaycan iki ili
tamam olmayan bir məsud həyatdan sonra məlum şərait
daxilində təkrar rus orduları tərəfindən
işğal olunmuş, hürriyyət və istiqlalından məhrum
edilmişdir". Mirzə Bala Məhəmmədzadə "Səkkiz
illik yol" məqaləsində Azərbaycan Xalq Cümhuriyyətini
Azərbaycan türklərinin iqtisadi, ictimai, mədəni
inkişafının məhsulu kimi dəyərləndirir və
onun tam müstəqil, milli, demokratik dövlət kimi mahiyyətini
açıqlayır, əkinçilərə torpaq vermək
üçün qanun yazdığını, universitet
açdığını, məmləkət maarifini, ticarətini,
iqtisadiyyatını böhrandan çıxarmağa
çalışdığını vurğulayır.
Dərgi
çox mürəkkəb bir tarixi şəraitdə bərqərar
olmuş milli hökumətin fəaliyyətinin, demək olar
ki, bütün sahələrini - dövlət quruculuğu
istiqamətində həyata keçirilən islahatları,
elm, təhsil, maarif və mədəniyyətin
inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə,
eyni zamanda, ölkədə baş verən ictimai-iqtisadi,
siyasi hadisələri yüksək peşəkarlıqla
işıqlandırıb. "Almaniyada Azərbaycan tələbəsi"
adlı məqalədə Cümhuriyyət dövründə
təhsil almaq üçün Avropaya göndərilən
milli ruhlu gənclərdən 52 tələbənin
Almaniyanın ali məktəblərində müxtəlif
ixtisaslar üzrə təhsil almalarından, tədrislə
bağlı problemlərindən bəhs olunur. Məhəmməd
Əmin Rəsulzadənin "Azəri" imzası ilə qələmə
aldığı "Azərbaycan darüfununları"
adlı məqalə Cümhuriyyət hökumətinin milli təhsillə
bağlı atdığı addımları dəyərləndirmək,
eyni zamanda, bolşevik hökumətinin təmsilçilərinin
yalanını ifşa etmək baxımından diqqəti
çəkir. Rusiya səfirliyinin İstanbulda Leninin vəfatı
ilə bağlı keçirdiyi tədbirdə Azərbaycanı
təmsil edən nümayəndə Leninin ünvanına təriflər
yağdırdıqdan sonra Azərbaycanda "heç yox ikən
Leninin dörd darüfunun təsis etdiyini" söyləyir.
Məqalə müəllifi natiqin dediklərini faktlarla təkzib
etməklə kifayətlənmir, eyni zamanda, universitet tələbələrinin
milli tərkibinə diqqəti çəkərək yazır
ki, Cümhuriyyət dövründə tələbələrin
əksəriyyəti türk olduğu halda, bolşeviklərin
dövründə bu nisbət kəskin dəyişmiş və
say etibarı ilə türk tələbələrin sayı
digər millətlərlə müqayisədə bir neçə
dəfə azalmışdır. "Bakıda maarif işləri"
adlı məqalədə də bolşeviklərin təhsil
sahəsindəki siyasətinin antimilli mahiyyəti kəskin tənqid
olunur. "SSRİ-dəki sözlər və işlər"
adlı yazıda qeyd olunur ki, sözdə maarifin sərbəst
olduğu bəyan edilsə də, ruscanın təhsili məcburidir.
"Yeni
Qafqasya"dakı bu qəbildən olan yazılar AXC
dövründə təhsil və maarifə göstərilən
doğma, milli münasibətlə bolşeviklərin bu sahədəki
mənfur, irticaçı və istilaçı siyasətinin
fərqi açıq-aydın özünü göstərir.
Demokratik
prinsiplər əsasında bərqərar olan Xalq Cümhuriyyəti
müstəqil və azad mətbuatın hüquqi
bazasını yaratdı, kütləvi informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik
aktları qəbul edildi. "Azərbaycan Milli Cümhuriyyəti
zamanında məmləkətdə fikir hürriyyətinə
və mətbuatın sərbəstliyinə tamamıilə
riayət olunmaqda, hökumət millətin əqidə və
düşüncəsinə təzyiq etməkdən çəkinməkdə
idi. Millətin səadətini, məmləkətin səadət
və tərəqqisini arzu edən firqə və cərəyanlar
tam sərbəst şəkildə dövlət quruluşu,
siyasi, ictimai və iqtisadi həyat təşkilatı
xüsusunda, qanun və tədbirlər haqqında öz
mülahizə və görüşlərini bəyam etməkdə,
hökumət isə öz növbəsində həmin fikirləri
diqqətlə nəzərdən keçirməkdə idi".
Bu cümlələr Mirzə Bala Məhəmmədzadənin
"Sovet Azərbaycanında mətbuat hürriyyəti"
adlı məqaləsindən götürülüb. Müəllif
yazır ki, 27 aprel 1920-ci ilə qədər Azərbaycan
hökumətinin rəsmi dövlət qəzeti "Azərbaycan",
Müsavat Partiyasının "İstiqlal", İttİhadi-İslam
Partiyasının "İttihad", Əhrar
Partiyasının "Xalqçı", Sosial Demokrat
Partiyasının "Doğru yol", bitərəf tərəqqipərvər
"Bəsirət", bolşeviklərə məxsus "Al
bayraq", "Füqara sədası" qəzetləri,
milliyətpərvər bitərəf "Qurtuluş" ədəbi,
bitərəf "Zənbur" gülgü, məktəbli
uşaqlara məxsus "Məktəb", gənclərə
məxsus "Mədəniyyət" ədəbi məcmuələri
və digərləri, eləcə də rus dilində bir
çox qəzet nəşr olunurdu. Bolşevik istilasından
sonra bütün bu qəzetlər bağlandı. "Molla Nəsrəddin"
jurnalı və onun naşiri Mirzə Cəlil ciddi
sıxışdırıldı, təqib, töhmət və
təzyiqlərə məruz qaldı. Yalnız kommunistlərə
məxsus olmaq üzrə rusca "Bakinski raboçi",
"Trud", türklərə məxsus "Kommunist" qəzeti
çıxmağa başladı. Mirzə Bala Məhəmmədzadə
haqlı olaraq bu qənaətə gəlir ki, Xalq Cümhuriyyətindən
fərqli olaraq, bolşeviklər digər sahələrdə
olduğu kimi, mətbuat aləmində də fərqli məfkurəli,
fərqli fikirli nəşrlərin fəaliyyətinə yol
vermirdilər.
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə xarici siyasət, milli
təhlükəsizlik və ordu quruculuğu, ölkənin ərazi
bütövlüyü uğrunda cinayətkar erməni
quldurları ilə mübarizədə Azərbaycan əsgərinin
göstərdiyi qəhrəmanlıq, hünər,
şücaət "Yeni Qafqasya" dərgisinin müraciət
etdiyi əsas mövzulardandır və həmin yazılar
milliliyi, müasirliyi və aktuallığı ilə diqqəti
çəkir və mühüm əhəmiyyət kəsb
edir.
Abid TAHİRLİ
525-ci qəzet.- 2021.-
28 may. S. 13.