"Böyük
yazıçının dərin əsərlərindən
biri" -
Afaq Məsudun
"S.V.A.C.O." hekayəsinin müzakirəsi
Sayın
oxucular! Bir neçə gündən sonra - iyun ayının
3-ü Xalq yazıçısı Afaq Məsudun dünyaya gəldiyi
gündür.
Yazmağa
modern qərb nəsri üslubunda başlayan, mürəkkəb
daxili təlatümlərdən keçərək sonucda
Əhli-beyt aşiqi bir yazıçı kimi araya-ərsəyə
gələn, "İzdiham" yazsa da, hər cür
tünlük, qələbəlikdən öz ürəyinin
sakit bir hücrəsinə çəkilən, "Sərçələr"
yazsa da, ədəbi prosesi bir qartal kimi uca zirvələrdən
seyr edən, "Azadlıq" yazsa da, şərq
mentalitetinin buxovları arasında əzab çəkən,
"Tək" yazsa da, əsərləri ətrafında daim
qızğın mübahisələr, müzakirələr
gedən Afaq Məsud! Modern nəsrimizin şəriksiz
kraliçası!
Möhtərəm
Afaq xanımı doğum günü münasibətilə
ürəkdən təbrik edir, yazıçının
ünlü "S.V.A.C.O." hekayəsinin feysbuk üzərindən
aparılan müzakirəsini sizlərə təqdim edirəm.
Layihənin
ideya müəllifi və moderatoru Əsəd Cahangir
Almaz
Bəyazid: Afaq Məsud çox sevdiyim yazıçı olub.
Amma mən hekayədə yığcamlığı bəyənirəm
və uzun hekayə o qədər maraqlı olmalıdır ki,
hər cümlə səni növbəti cümləyə
doğru tələsdirsin. İllah da ki, müasir dövrdə.
Yəni insanların daha çox maraqları olan texniki dönəmdə
uzunçuluq yarımçıq oxuya gətirib
çıxarır. Ədəbiyyat xüsusi yox, müxtəlif
təbəqələr üçündür.
İlham
Əzizov: Klassik rus stilində yazılmış hekayədir.
Dili normal, təsvirləri yaxşıdır. Amma müasir
dövrün hekayəsi deyil. Ustalıq hiss olunsa da, hekayə
üslub və stixiya cəhətdən çox da fərqlənmir.
Müşfiq
Şükürlü: Hekayənin mesajını tapmaq mənə
çətin oldu. Ola bilsin ki, ruspərəstlilik tənqid
olunur. Çünki hekayədə rusdilli Azərbaycan zabitlərinin
qiyamından da danışılır. Amma S.V.A.C.O.
abreviaturası açılmır. Hekayədə soyuq enerji
var. Yazıçı bu enerjini muzeydə tədbirə
toplaşmış adamların hərəkətlərində,
onların səbəbsiz hüznü və göz
yaşlarında, ən əsası isə Bitkinin sirli
baxışlarında göstərir. Sözsüz ki, bu,
yazıçılıq qabiliyyətidir.
Sadiq
Qarayev: Hekayədə bədii təfəkkürdən
çox, müəllifin şəxsi münasibəti
qabarıq görünür. Nəsə unikal, möhtəşəm
qiymət vermək çətindir. Müəllifə
uğurlar.
Murad
Süleyman: Çəkilən zəhmət, itirilən vaxt əbəs
getməyib. Deyiləcək fikirlər hamısı yerli-yerindədir.
Qısa olsaydı, sujet xətti itərdi. Cəmiyyətdə
o qədər təzadlar var ki. Bu da onlardan biridir.
Şəlalə
Göytürk: Təsvirlər uzun-uzadı və yorucudur,
yazıçını müdafiə tərəfdən
düşünsək, deyə bilərik ki, mühitin yeknəsəqliyini,
sıxıcılığını çatdırmaq
üçün qəsdən bu üsulu seçib. Hekayədə
publisistikadan qaça bilməmək, publisistik üslubun bədii
dil və bədii təxəyyülü üstələməsi,
qəhrəmanın şəxsiyyətinin tam
açılmaması hiss olunur.
Cahangir
Məmmədli: Afaq xanımı tələbəlik illərindən
tanıyıram. O, Məsud Əlioğlu kimi həmişəmüasir
bir ədəbiyyatşünasın evində
böyüyüb, Şirməmməd Hüseynov kimi millətsevər,
azadlıq mücahidi olan bir müəllimdən dərs
alıb. Hekayəsindəki ustalıq ailədən, universitetdən
və ən əsası həyat müşahidəsidən gəlir.
Özünəməxsus üslub, orijinal təhkiyə,
maraqlı xalq dili detalları bu hekayədə məni heyran elədi.
Aytən
Məmməd: Afaq Məsudun öz qəhrəmanlarının
psixoloji vəziyyətini ifadə tərzini çox bəyənirəm.
Tavandakı təsvirlərdən tutmuş qoxunun təsvirinə
qədər hər şey incə dəqiqliklə oxucuya qəhrəmanın
təlatümlərini yaşadır. A.Məsudun hekayələrinin
əksəriyyətində hiss olunan bir motiv görürəm
- qələbəlik içində özünü yalnız
hiss edən insan. Ayrıca, hekayələrində daima insan
izdihamı olur. Bunu hər yazıçı belə
ustalıqla edə bilmir. Onun izdihamı adamı yormur.
Etimad
Başkeçid: Afaq xanımın bu hekayəsindəki
"ağır" üslub hekayədə təsvir olunan
ağır situasiyanı əyaniləşdirmək amacı
güdür. Bəzi şərhçilərinin bunu
düzgün qiymətləndirməməsi mənə qəribə
gəldi. Xüsusən də yazıçıların...
İdeyaya gəlincə, çox müasirdir. Şimal
qonşumuz bizimlə nə oyunlar qalmır ki,
çıxarmamış olsun. İllərdir ki, Qarabağ
oyunlarının əsas səbəbkarı kimdir? Qurbanlar
verib əldə etdiyimiz qələbəni belə bizə
çox görür. Yaxşı, rus rusdur, belə də
olmalıdır. Bəs öz rus qafalı manqurtlarımız?
Təəssüf ki, urusbalılar hələ də bunu anlamaq
iqtidarında deyillər. Bu, müstəqil dövlətimiz
üçün təhlükə mənbəyidir. Hekayədə
bundan söz açılır.
"S.V.A.C.O."
abreviaturasına gəlincə, burada müəmma axtarmağa
dəyməz: "Svaco" müstəqil bir ölkədə
başqa bir toplumun, özü də bu ölkənin
yaxşılığını istəməyən toplumun dəyərlərini
yaşatmağa çalışan, təəssübünü
çəkən, bunun üçün az qala hər
şeyindən keçməyə hazır olan insanların
ümumiləşmiş adıdır. Manqurtun müasir
versiyasıdır. Ona görə "Svaco" illah da
hansısa konkret leksik məna kəsb etməlidir deyə
mülahizələr qurmağa ehtiyac yoxdur. Bizdəki yadelli
heyranlıgını, bu fenomeni ifadə edən yeni bir
anlayışdır "Svaco". Yazılışından
asılı olmayaraq. Bu söz "svoboda"
sözünün stilizə olunmuş forması da ola bilər.
Bu, hekayənin intriqasıdır. Oxucu axıracan bu
intriqanın açılmasını gözləyir. Hekayə
müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
ən maraqlı örnəklərindən biridir. Yüzlərlə
hekayə arasından bu dəyərli əsəri müzakirə
predmetinə çevirdiyi üçün dəyərli qələm
dostum Əsəd Cahangirə minnətdarlıq edirəm. Arzu
edirəm ki, layihə uğurlu olsun və ədəbi-bədii
prosesimizdə yeni canlanmaya start versin.
Nihat
Pir: Mətn kimi peşəkar mətndir, sadəcə hekayədə
qəribə itələyici bir aura var. Ola bilsin ki, bu, təsvirlərdən
qaynaqlanır. Çünki bəzi hissələrdə hekayə
konkretliyindən daha çox roman uzunçuluğu diqqəti
çəkir. Hekayənin sonluğunu isə tam olaraq anlaya
bilmədim, sözügedən ifadə mənim
üçün yenə də sirr olaraq qaldı. Ümumi
olaraq, müzakirə üçün təsadüfi
seçilmiş hekayə deyil, bu, dəqiqdir.
İradə
İsak: Məchulluq, mürəkkəblik, dolasıqlıq
manipulyasiyadır əslində. Tam bitirə bilməməyin,
aça bilməməyin boyası deyək. Süjet xəttini
sonda dağıtmağa ehtiyac yoxdur. Sətiraltını da
belə deməzlər. Oxucu üçün də yer qoyarlar,
dolaşdırıb çaşdırmazlar. Nə demək istəyirsə,
müəllif hədəfinə çatmayıb. Məchulluq
yox, anlaşılmazlıqla üz-üzə qalıb.
Yaşar
Bünyad: Afaq xanımın "Sərçələr"
hekayəsi möhtəşəmdir, amma bu hekayəni bəyənmədim.
Fərhad
Amur: Kafka üslubunda Afaq xanım həqiqətən peşəkardır.
Təhkiyə, təsvirlər də möhtəşəmdir.
Yalnız finalda tələsib sanki.
Tomas
Ceferson: Afaq Məsudu yorulmadan, usanmadan, sevə-sevə oxuyuram
və onun yazıları məni çox sevindirir, hətta ruhən
rahatlıq tapıram. Dilinin axıcılığı, rəvanlığı,
ümümi hadisələr, onlara yanaşma tərzi məni
özünə çəkir. Onu fərqləndirən əsas
özəlliklərdən biri də Azərbaycan pəncərəsindən
dünyaya boylanıb baxmasıdır. Və bu özəllik hər
kəsə nəsib olmur.
Adilə
Nəzər: Çox maraqlı hekayədir. Sonluq isə
çox möhtəşəmdi, müəllif demək istədiyini
uğurla deyə bilib. SSRİ dağılandan sonra ölkəmizdə
fəaliyyət göstərən bir sıra cəmiyyətlərin,
dini icmaların düzənlədikləri bəzi kiçik tədbirlərin
gözə kül üfürmək məqsədi
daşıdığını bildirir. Əsəd Cahangirin
yeni layihəsinə, çoxdan yazılmasına baxmayaraq, bu
günümüzün ən aktual probleminə işıq
tutan bu hekayə ilə başlaması da, yəqin ki, təsadüf
deyil. Hekayədə kiçik redaktələrə ehtiyac var,
amma əsərin gücünə xələl gətirmədiyi
üçün qeyd etməyə lüzum görmədim.
Elşad
Barat: Afaq xanım nə yazırsa, gözəl yazır.
Səlim
Babullaoğlu: Böyük yazıçının dərin əsərlərindən
biri. "II İohann Pavel"i də çox sevirəm...
Sara
İbrahim: Paylaşılan hekayənin ötürdüyü
mesaj zəmanəmizdə də
aktualdı... Afaq Məsud ədəbiyyatımızda öz
sözünü demiş imzalardandı. Yazıçıya
uğur arzulayıram!
Həcər
Paşayeva: Əsər hər oxucu üçün
anlaşılan deyil. Afaq Məsud imzası və Ə.Cahangir
olmasaydı, bəlkə də, sonacan oxumayacaqdım. Lakin bu
fraza - "Burda - saniyəbəsaniyə nəyəsə
hazırlaşan bu əcaib salonda nə isə baş verməliydi",
- gözümə sataşanda baş verməli olan o "nəsə"ni
öyrənmək marağım daha da artdı. "Master və
Marqarita" ruhu duyulan maraqlı əsərdir. Bu üslub mənə
yad deyil. Amma müəllifin təsvirləri bir qədər
çox əhatəli verməsi, sonda "SVACO"-nu
açmaması - müəllif ideyasını gizli
saxlayır, oxucunu dilemma qarşısıda qoyur.
Hacı
Nərimanoğlu: Mətn tam, bitkindir, mövzu bu gün də
aktualdır, xalqımız, dövlətimiz müdrik xanım
yazıçımızın mesajlarını mütləq
diqqətə alınmalıdır.
İradə
Aytel: Hekayəni zövqlə oxudum. Bədii, obrazları
canlı təsvir etmək, sətiraltı məna ilə dolu,
həm də fəlsəfi. Yazıçı belə
olmalıdır. Hadisələri
çılpaqlığıyla, boyasız qələmə
almaq detektiv əsərlərə xasdı. Detektivi isə sadəcə
müstəntiq araşdırması hesab edirəm.
Əsərin
dili çox gözəldir, rəvan, səlis. Hadisələrin
baş verdiyi məkan mənə çox tanışdır.
Bitkini də, bitkinin ətrafındakıları da, hətta
"Milli Muzeyi" də tanıyıram. Biz həqiqətən
də ətrafımızda baş verə biləcəklərdən
xəbərsizik. Bu əsər bir işarədir... Əsərin
fəlsəfi yapısından yazmağa lüzum görmürəm,
bura yeri deyil. Ayrıca araşdırma tələb edir. Minnətdaram
müəllifə də, əsəri bizə oxutduran Əsəd
müəllimə də.
Əsəd
Cahangir: Öncə, müzakirəyə
qatıldığınıza görə hər birinizə təşəkkürümü
bildirirəm. Hekayənin "ağır" üslubundan məqsəd
oxucunu qəhrəmanın psixoloji durumuna salmaqdır kı,
oxucu hadisələri kənardan seyr etməsin,
iştirakçıya çevrilsin, o da darıxsın, bezsin,
sıxılsın, özünü yadplanetli kimi hiss eləsin.
Müzakirə iştirakçılarının önəmli
bir qisminin məhz bu yöndən gileylənməsi göstərir
ki, müəllif öz məqsədinə çatıb və
onlar tənqid etdikləri halda, əslində, tərif edirlər.
Bəziləri
"S.V.A.C.O" kodunun açılmamasından
danışdı. Müəllif bu kodu hərfən
açmasa da, mahiyyətcə bütün hekayə boyu
açır. Süjetin əsasında məhz kodun
açılışı durur - rusdilli zabitlərin dövlət
əleyhinə qiyamı ilə rusbaşlı ziyalı Bitkinin
yubileyi arasında nəsə sirli bir əlaqə var. O sirrin
adı "S.V.A.C.O"dur. Bəs özü nədir? Müəllif
mahiyyətcə açılmış kodu finalda
qayıdıb hərfbəhərf açmır,
sirri-nihanı aləmə faş eləmir. Hürufilərin
dabanından soyulduğu məlum. Bir də ümumən biz həyatda
bütün kodları bilirikmi? Bəs niyə mətndəki
bütün kodları bilməliyik? Mətn həyatın
güzgüsü deyilmi? A.Məsud kodu açmamaqla göstərir
ki, onun özünün də
"bilmədiyi" bir şeylər var və o, bu cəhətdən
oxucudan fərqlənmir və müəllif mətnin Allahı
deyil. İndi özünüz deyin, bu təvazökarlıq nəyə
layiqdir - tənqidə, yoxsa tərifə? Hekayənin
ideyasının iyirmi il öncə olduğu kimi bu gün də
aktuallığı üzərində durmayacam. Bu barədə
artıq deyənlər oldu. Əgər müstəqillik
dönəmi Azərbaycan hekayəsi antologiyası
hazırlamaq mənə həvalə olunsa, bu hekayəni ora tərəddüdsüz
daxil edərdim. Bir sözlə, Yan Qusun həyatına səs
verirəm.
525-ci qəzet.- 2021.-
28 may. S. 16.