Milli
Kitabxanadan “28 May – Respublika Günü” sərgisi
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən “28 May – Respublika Günü” adlı
virtual sərgi hazırlanıb. Sərgidə fotolar, mövzu
ilə əlaqəli kitab və məqalələr
nümayiş olunur.
Virtual
sərgi ilə tanış olmaq istəyənlər
http://anl.az/el/vsb/Cumhuriyyet/index.html linkindən istifadə edə
bilərlər.
Qeyd
edək ki, 28 May - Respublika Günü Azərbaycan
xalqının həyatına böyük və əlamətdar
hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət
quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti
istiqlaliyyətimizi elan edərək xalqımızın
müstəqillik əzmini nümayiş etdirib.
Azərbaycan
Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri
ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini
üzvi şəkildə birləşdirən yeni dövlət
və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq, ilk respublika dövründə
həyata keçirilən tədbirlər müstəqil
dövlətçiliyimizin əsaslarının
yaradılması və gələcək inkişaf yolunun
müəyyənləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq
və azadlıqların bərqərar olması, etnik və
dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların
bərabər hüquqlarının tanınması, hətta
bir çox Avropa ölkəsindən daha əvvəl
qadınlara seçki hüququnun verilməsi, Azərbaycan
dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin
inkişafına xüsusi diqqət göstərilməsi,
nizami milli ordunun, təhlükəsizlik strukturlarının
qurulması və s. işlər Xalq Cümhuriyyəti
hökumətinin yürütdüyü siyasətin
miqyasını, mahiyyət və mənasını əyani
şəkildə səciyyələndirir.
XX əsrin
sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan
öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən
hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev
Azərbaycan dövlətçiliyinin qorunması
üçün qətiyyətli tədbirlər gördü,
ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar
etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri
olan müasir müstəqil Azərbaycan dövləti quruldu və
sürətli inkişaf yoluna qədəm qoydu.
Ulu
Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu
gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa
qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan
Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna
xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk
Demokratik Cümhuriyyətin yaranması gününü əziz
tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi
günü – Respublika Günü elan etmişik və bu, bizim
milli bayramımızdır”.
525-ci qəzet.- 2021.-
28 may. S. 17.