Gürcüstanda
Rəşad Məcidin "Tbilisi yağışı"
kitabı nəşr olunub
Gürcüstandakı
"İverion" nəşriyyatı şair Rəşad Məcidin
şeirlər toplusunu nəşr etdirib. "Tbilisi
yağışı" adlanan bu kitabdakı mətnləri
gürcü dilinə yazıçı və tərcüməçi
İmir Məmmədli çevirib.
Nəşriyyatın
bu barədə yaydığı məlumatda qeyd olunur ki, ilk səhifələrindən
maraq doğuran "Tbilisi yağışı" kitabı
birnəfəsə oxunur, əminik ki, oxucu da onu sevinclə
qarşılayacaq. Tərcüməçi İ.Məmmədlinin
R.Məcid və onun bu kitabı haqqında fikirlərini əks
etdirən ön söz də gürcü oxucuların diqqətinə
çatdırılıb: "Müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi - şair, nasir və
publisist Rəşad Məcid çoxlu kitab müəllifidir.
Onun şeirləri və hekayələri dünyanın bir
çox dilinə tərcümə edilib. Bu əsərlərdə
əsas cəhət yeni deyim tərzi və müasir aləmin
nəbzinə uyğun intonasiyadır.
Düşünürəm
ki, yazarın haqqında olan bu kiçik həcmli mətndə
onu da qeyd etməliyik ki, 90-cı illərdə, yəni
ümumi çətinlik fonunda ədəbiyyat da öz
ağır günlərini yaşadığı bir dövrdə
Rəşad Məcid Azərbaycanda ədəbi həyatı
canlandıran, özü də geniş oxucu auditoriyasında əsl
populyarlıq qazanan "525-ci qəzet"i təsis etdi. Yeri gəlmişkən,
onu da qeyd etməliyik ki, "525-ci qəzet" həmin
şöhrətini bu günə qədər quruyub saxlaya
bilib.
Bir dəfə
özəl bir söhbətdə Rəşad müəllimdən
soruşdum: qəzetinizin niyə belə qəribə adı
var? O, mənim sualımın cavabında dedi: "Həmin
dövrdə ölkədə qəzet bumu var idi, onların
sayı yağışdan sonrakı göbələklər
kimi hər gen artırdı. Bu gün o qəzetlərdən
media meydanında cəmi bir neçəsi qalıb... Onda
qeydiyyatdan keçəndə məlum oldu ki, bizim qəzetimiz
sayca 525-ci qəzetdir. Mən də çox çək-çevir
etmədən elə oradaca qəzetin adını "525-ci qəzet"
qoydum.
Bu
yerdə onu da xüsusi vurğu ilə qeyd etməliyik ki,
şəxsiyyətinə xas olan bu cür aydınlıq və
sadəlik yuxarıda dediyimiz ədəbi xüsusiyyətlərlə
yanaşı, yazarın bədii
yaradıcılığına da xasdır. Bu da onun əsərlərinin
yuxarıda dediyimiz xüsusiyyətlərinə yeni çalar,
oxucunu ilk baxışdaca özünə cəlb edən bir cəhət
əlavə edir".
525-ci qəzet.- 2021.-
28 may. S. 17.