Rəsulzadə
"Qafqaz dağlıları" jurnalının səhifələrində
Bütünlükdə
Qafqaz, eləcə də Azərbaycan siyasi mühacirət
tarixini, mühacir irsini və vətəndən uzaqlarda fəaliyyət
göstərmiş ayrı-ayrı görkəmli şəxsiyyətləri
öyrənmək baxımından indiyə qədər
tarixşünaslığımızda diqqətdən kənarda
qalan qaynaqlardan biri "Qorüı Kavkaza" - "Qafqaz
dağlıları" jurnalıdır.
Rus
dilində nəşr edilən jurnal 1929-cu ildə Qafqaz
Dağlıları Xalq Partiyasının mətbu orqanı
kimi Parisdə təsis olunmuşdu. 1929-1934-cü illərdə
dağlı siyasi mühacirətinin liderlərindən biri,
partiyanın idarə heyətinin üzvü, milliyyətcə
kabardin olan knyaz Elmurza Bekoviç-Çerkasskinin (1898-1940)
redaktorluğu ilə çıxmışdı. Nəşrin
səhifələrində əsas etibarı ilə Varşava,
Lion, Lozanna, Nyu-York, Paris, Praqa, İstanbul kimi mühüm
siyasi mərkəzlərdə yaşayan Şimali Qafqaz
mühacirəti nümayəndələrinin məqalələri,
partiyanın fəaliyyəti ilə bağlı xəbərlər
dərc olunurdu. Əsas müəlliflər sırasında Arslan, Artek, Taulu,
Qazı xan, Əzəmət, Adil xan Kulatti, Doquj, Temir
Bazırıkxo, Kundux, Daud, Adıqe, Xurş, Andemırkan,
Danxot və digər dağlı ictimai-siyasi xadimlərin
adlarına rast gəlmək mümkündür.
1934-cü
ilin aprel ayında, 50-ci saydan
sonra "Qafqaz dağlıları" jurnalı Şərqi
Avropada sovetlərə qarşı ideoloji mübarizənin əsas mərkəzlərindən birinə
çevrilən Varşavaya köçürülmüşdü. Jurnal burada nəşrini
"Severnıy Kavkaz - Şimali Kafkasya" adı altında
davam etdirmişdi. İkinci Dünya müharibəsi
başlanana və Polşa faşist Almaniyası tərəfindən
işğal olunana qədər nəşrin redaktoru osetin siyasi xadimi və
publisist Barasbi Baytuqan (1899-1986) idi. Hər iki jurnalda rus dili ilə
yanaşı, Azərbaycan-türk, bəzi hallarda isə
fransız, ingilis dillərində də məqalələr dərc
edilirdi.
Həm
"Qafqaz dağlıları", həm də
davamçısı kimi meydana çıxan "Şimali
Qafqaziya" jurnalları ümumqafqaz xarakteri daşıyırdılar.
Azərbaycan siyasi mühacirətinin Məhəmməd
Əmin Rəsulzadə, Mir Yaqub, Əli Azərtəkin, Mirzə
Bala Məhəmmədzadə, İsrafil bəy İsrafilbəyli,
Cahangir Kazımbəy, Əli Mirzə, Nağı Bayramlı,
Əli Sultan və b. nümayəndələri adları
çəkilən nəşrlərdə fəal iştirak
etmişdilər. Onların "Qafqaz dağlıları"
və "Şimali Kafkasya" jurnallarında çap olunan məqalə
və publisist yazıları ilk dəfə bu sətirlərin müəllifi tərəfindən
toplanıb müqəddimə və şərhlərlə
ayrıca kitab şəklində çap edilmişdir.
Azərbaycanlı
müəlliflər sırasında istər adı çəkilən
nəşrlərlə əlaqələr qurulması və yazılarının kəmiyyəti,
istərsə də əhatə etdiyi mövzuların
genişliyi və əhatəliliyinə görə birincilik
çələngi heç şübhəsiz, təcrübəli
partiya publisisti, milli hərəkatın ideoloqu kimi tanınan M.Ə.Rəsulzadəyə
məxsus idi.
1929-1933-cü
illərdə onun "Qafqaz dağlıları"
jurnalında 7, 1934-1938-ci illərdə isə "Şimali
Kafkasya" jurnalında 8 məqaləsi dərc olunub. Ciddi
siyasi ağırlığı və elmi-nəzəri siqləti
ilə seçilən yazılar çox ehtimal ki, rus dilində
qələmə alınmışdı. Hər halda
onların Azərbaycan dilində variantına indiyə qədər
heç yerdə təsadüf edilməyib. Təqdim olunan
araşdırmada Məhəmməd Əminin həmin nəşrlərin
birincisi - "Qafqaz dağlıları" jurnalı ilə əməkdaşlığı
və orada çap edilmiş məqalələri ümumi şəkildə nəzərdən
keçiriləcəkdir.
Qafqaz
dağlılarının mətbuatı ilə əməkdaşlıq
Azərbaycan siyasi mühacirət liderinin hələ
İstanbulda yaşadığı dövrdə
başlanmış, "Qafqazın birliyi" adlı ilk məqaləsi
1929-cu ildə çıxan 8-9-cu saylarda işıq
üzü görmüşdü.
Məhəmməd Əmin Türkiyəni tərk edib
Polşada məskunlaşandan sonra jurnal redaksiyası ilə
iş birliyi daha intensiv xarakter almışdı. Yeri gəlmişkən,
Varşava onun üçün tamamilə yad yer deyildi. Polşa tatarlarının
tanınmış nümayəndələri (fəaliyyətləri
Azərbaycan Cümhuriyyəti ilə bağlı olmuş
Olqerd və Leon Kriçinski qardaşları), habelə
dağlı siyasi xadimləri ilə yaxından
tanışlıq, ümumi ideallar uğrunda birgə
mübarizə qarşılıqlı əlaqə və
ünsiyyətin yaranmasında mühüm rol oynamış,
ictimai həyata, mətbuat aləminə yol tapmasını
sürətləndirmişdi.
Məhəmməd
Əmin Qafqaz Dağlıları Xalq Partiyasının
orqanı sayılsa da, Cənub, yaxud Şimal
bölgüsü aparmadan qarşısına bütün
Qafqazın siyasi mühacirət qüvvələrini vahid ideya
ətrafında birləşdirmək məqsədi qoyan jurnala
daha çox nəşrin məqsəd və məramına
uyğun mövzuda - ümumqafqaz problemləri haqqında
yazırdı. Lakin bu zaman vətəni Azərbaycanı, eləcə
də Qafqazın tarixən bağlı olduğu regional
qüvvələri - Rusiya, Türkiyə, İran və
Türküstanı da unutmurdu. "Qafqaz
dağlıları", ardınca isə "Şimali
Kafkasya" jurnalında dərc etdirdiyi silsilə məqalələr
Məhəmməd Əminin adını ötən əsrin
20-30-cu illərində Qafqaz problemlərinə,
qafqazşünaslığın siyasi, tarixi, iqtisadi və mədəni
istiqamətlərinə, Qafqaz xalqlarının
qarşılıqlı əlaqələrinə dərindən
bələd olan, onların mübarizəsinə yol göstərən
müəlliflərdən biri kimi çəkməyə əsas
verir. Bu bələdlik həm keçmiş dövrləri, həm
də müasir mərhələni əhatə edirdi.
Qeyd
olunduğu kimi, azərbaycanlı müəllifin jurnaldakı
ilk yazısı "Qafqazın birliyi" adlanırdı.
Əslində, bu ad rəmzi xarakter daşıyır,
sonrakı məqalə və çıxışların da əsas
mövzu dairəsini, problemlərini əks etdirirdi.
Çünki jurnalda yer alan digər yazılarında da müəllif
birbaşa, yaxud dolayısı ilə bölgə
xalqlarının birliyi və sıx qarşılıqlı əməkdaşlığı məsələsinə
toxunmuşdu.
Yeri
gəlmişkən, gürcü, erməni və
dağlılarla müqayisədə azərbaycanlı siyasi
liderlər Qafqaz xalqlarının gələcək
ictimai-siyasi həyatlarını, idarəçilik və birgəyaşayış
prinsiplərini formalaşdırmaq baxımından vahid
mövqedən çıxış etməsinin zəruriliyi
ideyasının müəllifi sayıla bilərdilər.
Maraqlıdır ki, hələ məğlubiyyətlə
başa çatan Birinci rus inqilabından sonra Ə.Topçubaşov
"Kaspi" qəzetinin səhifələrində Qafqazda
qanunvericilik və idarəçilik orqanı kimi Polşa
Seyminə bənzər bir qurum yaratmaq təşəbbüsü
ilə çıxış etmişdi. Bu mühüm təşəbbüsü
yalnız çarizmin süqutundan sonra gerçəkləşdirmək
mümkün olmuşdu və 1918-ci ilin fevralında tarixdə
ilk dəfə bütün Qafqaz xalqları nümayəndələrinin
iştirakı ilə müştərək dövlət
qurumu - Transqafqaz Seymi formalaşmışdı.
Seym
daxili çəkişmələr nəticəsində
parçalanandan və milli respublikalar yaranandan sonra da
Qafqazın birliyi ideyası 1918-1920-ci illərdə Azərbaycan
Cümhuriyyəti hökumətinin xarici siyasətində
aparıcı istiqamətlərdən biri kimi
qalmışdı. Xüsusi ilə yeni müstəqil dövlətlərin
taleyinin həll olunduğu Versal Sülh konfransı ərəfəsində
Azərbaycan nümayəndə heyətinin
başçısı Ə.Topçubaşov gürcü,
erməni və dağlı həmkarlarının diqqətini
dəfələrlə bu vacib məqama yönəltmişdi.
Konfrans rəhbərlərindən birinin - ABŞ prezidenti
V.Vilsonun məşhur prinsiplərində yer alan
"dünyanı kiçik hissələrə bölməmək"
müddəası da azərbaycanlı siyasətçilərin
mövcud şəraitin tələbləri ilə düşünülmüş
şəkildə uzlaşdıqlarını, regionun taleyi ilə
bağlı məsuliyyət hissini daha aydın dərk etdiklərini
və paylaşdıqlarını göstərirdi. Lakin
Qafqazın birliyi məsələsində həm çarizm, həm
də bolşevik hakimiyyəti dövründə Rusiyanın əlaltısı
kimi çıxış edən,
imperiyanın "parçala və hökm sür" siyasətinə
dəstək verən ermənilərin destruktiv mövqeyi
öz acınacaqlı rolunu oynamışdı. Nəticədə
bölgədə nəinki siyasi birliyin yaranması
ümumqafqaz xarakteri almış,
əksinə, erməni siyasətçilərinin əsassız
ərazi iddiaları zəminində Ermənistan-Gürcüstan
və Ermənistan-Azərbaycan qarşıdurmaları
Qafqazı barışmaz ziddiyyətlər burulğanına
atmışdı.
Məhəmməd
Əminin fikrincə, 1920-1921-ci illərdə Qafqazdakı
müstəqil milli dövlətlərin bolşevik Rusiyasının təcavüzünə
uğraması bölgə xalqlarının birliyi və əməkdaşlığı
ideyasını qətiyyən gündəlikdən
çıxarmamışdı. Əksinə, daha prinsipial
şəkildə ictimai fikrin diqqət mərkəzinə gətirmişdi.
Məhz bu səbəbdən də
çarizmin müstəmləkəçilik
siyasətini davam etdirən, "vahid və bölünməz
Rusiya" məsələsində mövqeyini dəyişməyən
"qırmızı imperializmə" qarşı mübarizə
əvvəlki dövrdə olduğundan da sıx birlik və həmrəylik
tələb edirdi.
Xaricdə
öz milli dövlətlərini təmsil edən Azərbaycan,
Gürcüstan, Ermənistan və Dağlılar
Respublikasının mühacirət dairələri yalnız
imkan və qüvvələrini birləşdirdikləri təqdirdə
həm kommunist əsarəti altında qalan xalqlarına
layiqli nümunə göstərər,
həm də bu yolla rejimə təzyiqləri artıra bilərdi.
Həmin praktika müxtəlif nüfuzlu dövlətlərin
və beynəlxalq təşkilatların diqqətini regionun
problemlərinə cəlb etmək baxımından da səmərəli
ola bilərdi. Təbii ki, beynəlxalq dəstəyin təmin
olunması məsələsində Avropada ənənəvi rəğbətlə
qarşılanan gürcülər və geniş diaspora şəbəkəsinə
malik ermənilərin vəziyyəti Azərbaycan və
Dağlı Respublikasının təmsilçiləri ilə
müqayisədə qat-qat əlverişli idi. Lakin istənilən
halda dörd ikidən böyük idi. Digər tərəfdən,
azərbaycanlılarla dağlıların ümumi işə
fayda gətirmək imkanlarını tamam istisna etmək də
düzgün deyildi.
Bütün
bu amilləri diqqətlə nəzərdən keçirən
Məhəmməd Əmin silsilə məqalələrinin
başlanğıcı sayılan
"Qafqazın birliyi" adlı qeydlərində
yazırdı:
"Qafqaz
xalqlarının, eləcə də Azərbaycanın
azadlıq uğrunda mübarizədə əsas ilhamverici
stimullarından biri də Qafqazın birliyi ideyasıdır.
Qafqaz sıra dağlarının hər iki tərəfində,
Qara dəniz və Xəzər dənizi arasında yaşayan
xalqların ümumi düşmənə qarşı
mübarizədə uğur qazanmaq baxımından ümdə
vəzifəsi vahid cəbhədə birləşməkdir.
Günümüzdə belə birliyin ən parlaq nümunəsi
İsveçrə konfederasiyasıdır. "Qafqazın
birliyi" məsələsində də əsas amil region
xalqlarının artıq qəbil etdikləri Qafqaz
Konfederasiyası ideyasıdır. Mövqeyinə görə
Qafqaz vahid coğrafi məkandır. Bu vahid ərazi siyasi
müstəqilliyini tam təmin etdiyi
vaxt dünya miqyasında fövqəladə əhəmiyyət
qazanacaq. Russayağı idarəçilik və təsərrüfat
metodlarından cana doymuş gözəl ölkəmiz məhz o zaman mədəni dünya
ilə qaynayıb-qarışaraq bolluq və zənginlik
diyarına çevrilə bilər".
Yeri
gəlmişkən, Qafqaz birliyi ideyası Azərbaycan siyasi
mühacirətinin 1923-1927-ci illərdə İstanbulda nəşr
olunan "Yeni Kafkasya" və 1929-1931-ci illərdə eyni
şəhərdə çıxan "Odlu yurd" məcmuəsinin
(hər ikisi M.Ə.Rəsulzadənin redaktorluğu ilə) də
əsas mövzularından idi. Paris və Varşava kimi siyasi mərkəzlərdən
Avropaya yayılan "Qafqaz
dağlıları" jurnalı isə mövzunu daha
geniş miqyasda ictimai fikrin gündəminə gətirmək
imkanı yaratmışdı. Şübhəsiz, nəşrin
rus dilində olması da burada pozitiv amil rolunu oynayırdı.
M.Ə.Rəsulzadə,
Ə.Topçubaşov kimi Azərbaycan siyasi xadimləri birlik
ideyasının yeni şəraitdə əhəmiyyətini
daha artıq dərəcədə qoruyub
saxladığını əyani şəkildə göstərmək
məqsədi ilə onun modelini ilk növbədə fərqli
ölkələrdəki Qafqaz
mühacir dairələri arasında yaratmaq, yalnız bundan sonra vətənlərinə
transfer etmək barədə düşünürdülər.
Lakin yuxarıda da qeyd edildiyi kimi,
əvvəl çarizmin, sonra isə bolşeviklərin
"könüllülərinə" (ifadə Məhəmməd
Əminə məxsusdur - V.Q.) çevrilməyi daha
üstün tutan ermənilər
müxtəlif bəhanələrlə hətta nəzəri
şəkildə də olsa
"Qafqaz evinin" yaradılması prosesinə
qoşulmaqdan boyun
qaçırırdılar. Nəticədə Azərbaycan,
Gürcüstan və Dağlılar Respublikasının
mühacir liderləri 1934-cü ilin avqustunda Brüsseldə
tarixi Qafqaz Konfederasiyası Paktını erməni mühacir
dairələrinin iştirakı olmadan imzaladılar. Bununla
da Qafqazı azad xalqların vətəninə çevirmək istəyənlərin
kimlər olduğu ilə bağlı dünyaya açıq və
aydın mesaj verdilər.
Heç
şübhəsiz, bu prosesdə M.Ə.Rəsulzadənin
"Qafqaz dağlıları" jurnalında dərc
olunmuş silsilə məqalələrinin də müəyyən
müsbət rolu vardı.
"Qafqaz
jurnalistlərindən biri rus imperializminin maraqları
keşiyində dayanan erməni ictimai-siyasi xadimlərini
çox yerinə düşən tərzdə "rus
imperializminin könüllüləri" kimi xarakterizə
etmişdi. Fikrimizcə, onları "Rusiyanın kölələri"
adlandırmaq daha yerinə düşər və daha
inandırıcı təsir bağışlardı"
- bu kəskin ittiham və
sarkazmla başlayan "Rusiya əsarətində"
adlı məqaləsində Məhəmməd Əmin Qafqaz
birliyi ideyasının daimi əleyhdarları kimi
çıxış edən erməni müəlliflərin və
onların qaragüruhçu cızma-qaralarına öz səhifələrində
geniş yer ayıran "sarı mətbuatın" həqiqi
simasını, daha doğrusu,
simasızlığını
tutarlı dəlillərlə açıb göstərmişdi.
Məqalə
erməni jurnalisti A.Xondakaryanın Müvəqqəti hökumətin
keçmiş başçısı A.A.Kerenskinin Parisdə nəşr
olunan "Dni" qəzetindəki bir mətbu
çıxışı ilə bağlı qələmə
alınmışdı və kəskin polemika xarakteri
daşıyırdı. "Türkiyənin xidmətində"
adlı yarınma xarakterli yazısı ilə erməni müəllifi
velikorus şovinizmini müdafiə baxımından "Roma
papasından daha çox katolik olmağın" həqiqi
nümunəsini göstərmişdi. Əslində,
Xondakaryanın bu müti xidmətkarlığında qeyri-adi
heç nə yox idi. Sadəcə özlərini
liberal-demokratik dəyərlərin tərəfdarı kimi
göstərmək istəyən rus şovinistləri həmişə
olduğu kimi, siyasi çirkab atmaq işini erməni əlaltılarının
vasitəsi ilə görmüşdülər.
Maraqlıdır,
A.Xondakaryan kimləri "Türkiyənin xidmətində
dayanmaqda" ittiham edirdi və bu xidmətin həqiqi mahiyyəti
nədən ibarət idi? Məhəmməd Əmin bəyin bəlli
sarkazmla təsvir etdiyi kimi
"Parisdə, "Prometey" jurnalı ətrafında
toplanan və Rusiya asılılığından necə xilas
olmaq haqda düşünən mühacir siyasi xadimlərin
separatçılıq kimi qələmə verilən fəaliyyəti
rusların özündən
çox erməni Xonkaryanı haldan
çıxarmışdı". "Sən bir iş bax! Bu
çəkiləsi dərddirmi?"- deyə müəllif
eyni istehzalı ahənglə sözünə davam edir və
oxucunun gözləri önündə erməni jurnalistinin
A.P.Çexovun məşhur unter zabit Prişibeyevindən fərqlənməyən
miskin və həqir portretini yaradırdı.
Xondakaryan,
eləcə də onun sifarişli yazılarına səhifələrində
səxavətlə yer verən "Dni" qəzeti Ukrayna, Qafqaz, Krım, Türkistan,
Volqaboyu və başqa qeyri-rus ərazilərin Rusiyadan
ayrılmaq niyyətini cinayət kimi qələmə verməyin
və bu yolla da Rusiya ağalığından xilas olmaq niyyətini
gözdən salmağın gülünc
göründüyünü
yaxşı başa düşürdülər. Belə
yanaşma tərzi opponentlərinə onları velikorus
şovinizmində ittiham etməyə əsas yaradırdı.
Xondakaryan kimi Rusiyanın
"yaxşılıqlarını" unutmayan bir qeyri-rusun
xidməti burada daha yerinə düşürdü. Üstəlik
də, erməni əsilli müəllif türk xalqlarına bəslədiyi
əzəli nifrət zəminində özünü çox
da çətinə salmadan Rusiyadan ayrılan xalqların
mütləq Türkiyəyə birləşmək istədikləri
iddiasını irəli sürürdü. Ardınca isə təbii
ki, Rusiyaya qarşı güc formalaşdırmaq və
pantürkizm ittihamları gəlirdi. Guya son məqsəd müstəqil olmaq deyil, Turan
imperiyası yaratmaq imiş!
"Qəribədir,
- deyə Məhəmməd Əmin yazırdı, - əgər Qafqaz jurnalistlərindən
biri ədəbi zövqünü inkişaf etdirmək
üçün çağdaş türk mətbuatını,
ədəbiyyatını oxuyursa, deməli, bu, böyük
cinayətdir. Çünki Xondakaryanın sözlərindən
belə çıxır ki,
dünyada yeganə ilham qaynağı və inkişaf
meyarı varsa - yalnız Rusiyadır! Sən demə, yeni
türk konstitusiyasının bütün türk ölkələrində
böyük sevinc və maraq hissi ilə qarşılanması
bağışlanmaz günah sayılırmış!
Başqa cür necə ola bilərmiş?! Əgər rus
konstitusiyası, rus nihilizmi, rus anarxiyası, rus kommunizmi və rus leninizmi varsa, türk
konstitusiyası, türk ictimaiyyəti, türk milliyyətçiliyi
və kamalizmlə maraqlanmağa nə hacət?"
M.Ə.Rəsulzadənin
fikrincə, Xondakaryan və onun kimilərin imperialist
Rusiyanın şübhəli maraqlarını rusların
özündən də canıyananlıqla müdafiə etmələri
bir tərəfdən həmin adamların təbiətindəki
kölə xislətindən, digər tərəfdən isə
şəxsi maraq və mənfəətlərinə bu yolla
nail olmaq niyyətindən irəli gəlirdi. Təbii ki, belə
siyasi buqələmunlar xalqlarının haqq işi uğrunda,
yeni müstəmləkəçilik və əsarətə
qarşı mübarizə aparan ideya adamlarını nə
özlərinin, nə də Rusiyanın adından qorxuda bilərdilər: "Əgər Xondakaryan köləcəsinə
hədələri ilə bizi də tutduğumuz yoldan çəkindirə
biləcəyi şəxslərin sırasında
görürsə, çox böyük səhvə yol verir.
Biz azadlıq və müstəqillik uğrunda mübarizəmizdə
indiki dövrün qüdrətli
çağırışlarına əsaslanırıq: rus
imperializminin zorakılıq və işğalçı
müharibələr nəticəsində yaranmış sərhədlərinin
müdafiəsi bizdən ötrü
heç vaxt can atdığımız ideal ola bilməzdi
və qətiyyən belə bir ideal deyil!"
Xondakaryan
adı çəkilən məqaləsində yuxarıda da
qeyd etdiyimiz kimi, Rusiyanı mifik panturanizm xofu ilə
qorxutmağı da yaddan çıxarmamışdı. Həm
də bu məsələdə erməni müəllifi tək
deyildi. Onun məqaləsinin çapından az sonra - 1930-cu ildə
Parisdə soydaşı, türkə nifrət ruhu ilə dolu əsərlərin müəllifi Zarevandın (əsl adı və
soyadı Zaven Nalbandyan idi, 1890-cı ildə Osmanlı
imperiyasında doğulmuş, 1973-cü ildə ABŞ-da vəfat
etmişdi - V.Q.) "Türkiyə və panturanizm"
kitabı nəşr olunmuşdu. Osmanlı imperiyasına panturanizm ideyalarının Rusiya
türkləri vasitəsi ilə gətirildiyini xüsusi
vurğulayan müəllif bu siyasi təmayülün Qafqaz, bütünlükdə isə
xristian dünyası üçün ciddi təhlükə mənbəyi
olduğunu və dünyanı yenidən bölməyi
qarşısına məqsəd kimi qoyduğunu cidd-cəhdlə
sübut etməyə çalışmışdı. Məhəmməd Əmin
Zarevandın əsassız iddialarını cavabsız
qoymamışdı. 1930-cu ildə o da Parisdə erməni
müəlliflə polemika xarakteri daşıyan "Qafqaz
problemi ilə əlaqədar panturanizm" kitabını
çap etdirmişdi. Həmin əsərin
bir sıra ilkin tezislərinə
Xondakaryanın məqaləsinə yazılan cavabda rast gəlmək
mümkündür.
M.Ə.Rəsulzadə
panturanizm və panislamizmlə bağlı XIX əsrin
sonlarından başlayaraq Rusiyada ermənilər vasitəsi ilə
geniş yayılan təxribatçı, təhrikçi demoqogiyanın ilk növbədə slavyan və türk ailələrinə
mənsub xalqları üzbəüz qoymaq, düşmən
qüvvələr kimi qələmə vermək məqsədi
daşıdığını vurğulayırdı. Onun
fikrincə, əslində, bir xəyal məhsulu olaan panturanizm
siyasi doktrina kimi meydana çıxmamış, hər
hansı xalqa, yaxud dövlətə qarşı çevrilməmişdi.
Daha çox romantik səciyyə daşımış, islam təəssübkeşliyinin
təsirini müəyyən qədər zəiflədərək türk-tatar xalqlarının ortaq
dil və mədəniyyət vasitəsi ilə bir-birlərinə
yaxınlaşmasına zəmin yaratmışdı. Digər tərəfdən isə
erməni "ideoloqların" mütərəqqi bir fikir cərəyanı
kimi yüksək böyük dəyər verdikləri eyni
xarakterli hərəkat -
panslavizmlə müqayisədə daha az təsir imkanlarına
malik olmuşdu. Praktiki tətbiqini ümumiyyətlə
tapmamışdı. Atatürkün rəhbərliyi
altında qurulan Türkiyə Cümhuriyyəti isə dünyanın qorxulu röyasına
çevrilən panturanizmi əsaslı şəkildə dəyişərək
yeni siyasi gerçəklərə
uyğunlaşdırmışdı. Məhəmməd
Əminin çox dəqiqliklə müşahidə və
qeyd etdiyi kimi, "dünənki romantik anlayışdan fərqli
olaraq Türkiyədə bugünkü real milliyyətçilik
nəinki panturanizm, hətta pantürkizm də deyil, sadəcə
türkçülük kimi meydana çıxır".
Bir
ideya-siyasi cərəyan kimi türkçülük aydın
məsələdir ki, ayrı-ayrı türk dövlətlərinin
qurulmasını istisna etmirdi. Azərbaycan Cümhuriyyətinin
tarixi təcrübəsi bunu aydın
göstərmişdi. Türk dövlətlərinin
hamısının guya Türkiyənin çətiri
altında olmağa can atması ilə bağlı təbliğat
Avropa, Rusiya və İranı daim panturanizm, pantürkizm xofu
altda tutmağa çalışan erməni
"ideoloqlarının" xəyal məhsulundan başqa bir
şey deyildi. Bu istiqamətdəki fəaliyyət XX əsrin əvvəlindən
etibarən daha sistemli xarakter almışdı. M.Ə.Rəsulzadə
erməni fitnələrini ifşa edərək yazırdı:
"Türk xalqları mənşə birliyindən qaynaqlanan
bir sıra müştərək
mədəni dəyərləri qorumağa can atsalar da,
heç şübhəsiz,
müstəqil milli dövlətlər qurmağa
çalışırlar. Bunu görməməzliyə vurmaq,
həmin xalqlardan sadəcə ortaq mədəni-mənəvi
dəyərlərini yaşatmaq istədiklərinə görə
şübhələnmək yalnız rus imperializminin
könüllülərinə, yaxud Rusiya kölələrinə
xas olan bir keyfiyyətdir. Biz inkar etmirik ki, türk birliyi
ideyası Azərbaycanın müstəqilliyinə müəyyən
dərəcədə təkan verib. Lakin eyni zamanda, təsdiq
edirik ki, siyasətdə realist xəttin tərəfdarları
olan Azərbaycan milliyyətçiləri üçün bu
birlik özünü daha çox tarixi, mədəni və mənəvi
məsələlərdə göstərməkdədir".
Azərbaycanın
Türkiyə ilə sıx əməkdaşlığı
Cənubi Qafqazdakı digər iki ölkəyə -
Gürcüstan və Ermənistana hər hansı təhlükə
törədə bilərdimi? Məhəmməd Əmin Azərbaycanın
Türkiyə və digər türk respublikaları ilə
yaxınlaşmasının istər qonşulara, istərsə
də Qafqaz Konfederasiyası ideyasına əsla xələl gətirməyəcəyi
qənaətində idi. Eyni zamanda, inandırıcı şəkildə
sübut edirdi ki, Azərbaycanın coğrafi mövqeyi, linqvistik imkanları,
iqtisadi potensialı Qafqazla Türkiyə, Qafqazla
Türküstan arasında geniş əlaqələr
qurulmasında körpü rolunu oynayacaq. Belə bir birliyin
yaranması həm də Gürcüstanla Ermənistanı
Rusiya və İrandan gələn mümkün hədə və
risklərdən etibarlı şəkildə qorumağa xidmət
edəcək.
(Ardı
var)
Vilayət QULİYEV
525-ci qəzet.- 2021.-
28 may. S. 22-23.