Acı
taleli qız
(Əvvəli
ötən şənbə sayımızda)
Toy günündən sonrakı səhər yeməyi
süfrəsi arxasında onlar ilk dəfə olaraq əvvəlki
bir-birindən çəkinməklərini kənara ataraq
söhbətə başladılar. Hüseyn təzə arvadına dedi:
- Mən
səninlə ailə qurmağıma çox şadam, həm
də ona görə ki, bizdə keçmişi qüsurlu olan
qızlarla, qadınlarla evlənmək qəbahət
sayılır, biz isə öz xoşbəxtliyimizə bunun
mane olmasına imkan vermədik. Mən bu arxaik adəti
pozmağa cəsarət etdim və güman edirəm ki, həmin
qaydanı pozanların sayı xeyli artacaqdır, bu, həm də
cəmiyyətin sağlamlaşmasına kömək edəcəkdir.
İran şahı Böyük Abbas ilk dəfə
olaraq saqqalını qırxdırıb, yalnız bığ
saxlatdırmışdı. Onun bu təcrübəsi
dəbə düşdü və dörd əsrdir ki, davam
edir, iranlı kişilər təkcə bığ gəzdirirlər.
Yalnız Xomeynidən sonra molla rejiminin
sütunları hər şeydə olduğu kimi, saqqal məsələsində
də keçmişi geri qaytarmaq yolunu tutdular. Qoy bizim də təcrübəmiz davamlı olsun, səhv
yola düşən qızlar ayılsınlar,
bataqlığı tərk etsinlər və başqaları
kimi ailə qurmaq xoşbəxtliyini dadsınlar.
Ruhiyyə onun söylədikləri ilə
razılaşdığını bildirdi və əlavə
etdi ki, bu çox sayda qızları bədbəxtlikdən
xilas edərdi.
Lakin onlara yol göstərən xeyirxah insanlar və
sənin kimi cəsarət sahibləri lazımdır. Mənim bəxtim onda gətirdi ki, Yusif müəllim
və Südabə xanım kimi aləcənab insanlara rast gəldim.
Səninlə nikaha ilk xeyir-duanı məhz Südabə
xanım verdi. Sən də
keçmiş adətlərə boyun əyməməyi
bacardın, yalnız ürəyinin hökmü ilə hərkət
edərək. belə cəsarətli
addım atdın, anaxronizmin xəbərdarlığını
da kənara ata bildin.
Mən həqiqətən xoşbəxtəm,
çünki sənin kimi məni hərtəfli başa
düşən və yalnız sevgisini əsas götürən
bir adamın xanımına çevrilmişəm. Gizlətmirəm,
mən özümü göylərdə hiss edirəm. Tarixin ən məşhur çariçaları olan
Semiramidadan, Zenobiyadan, kraliça I Elizabetdən,
imperatriçalar II Yekaterinadan və Viktoriyadan
özümü daha xoşbəxt sayıram. Çünki sahibəsinə çevrildiyim bu evi
krallıqlardan da böyük olan bir səltənət hesab
edirəm. Bu barədə fikirləşməkdən
də qorxuram, bəd-nəzərə gələ bilərəm,
lakin düşüncələrim özümü səndə
tapmaqda yorulmur, ona görə də fikir dünyamı ram edə
bilmirəm. Hər anım səninlə
doludur, daim səni öz ağuşunda hiss edir. Mən bu güclü hisslər burulğanında
batsam, bil ki, bu, məndən asılı deyildir, məhəbbətin
səhvidir. Şəxsi səhvlərimdən
çox qorxsam da, bu yeni səhvimə sevinəcəyəm.
Məhəbbət aləmimizi, bizi
haqlamış bu xoşbəxtliyi göz bəbəyimiz kimi
qorumalıyıq. Mənim keçmiş bədbəxtliklərimin
bir daha qayıtması variantının heç vaxt baş
verməməsi barədəki qətiyyətim, bunun
ölüm qorxusu altında da baş verə bilməyəcəyi
sədaqətimin sarsılmazlığına təminat verir.
Bu mühüm amil mənim vədimin daim
qüvvədə qalacağının birinci əlaməti və
axırıncı təsdiqidir.
Hüseyn
onun andını cavabsız qoymaq istəmədi:
- Sənin
isə nümunəndə mən bir daha qadın təbiətinə
məxsus odun, alovun hərarətinə, məhəbbətin
gücünə, almaz möhkəmliyinə yəqinlik
tapdım. Biz könül seçimimizə
görə evləndik, ailə qurduq, baxmayaraq ki, nəcib bir
insan da bizə yol göstərmişdi. Mən
ikinci dəfə, sən Südabənin sözlərini mənə
çatdıranda qeyri-müəyyənlik axınına
düşmüşdüm. Sən elə
bil televizorun ekranındakı diktor kimi rəsmi xəbər
oxuyurdun, elə təsəvvür yaranırdı ki, öz
sözlərinin sənə heç bir aidiyyəti yoxdur, onlar
yalnız mənə ünvanlanmışdır. Hisslərini elə qılafda gizlətmişdin ki,
güman edirdim ki, sən bu təklifin əleyhinəsən, hətta
ürəyində ona gülürsən. Mən
də belə bir səfehlikdə səndən geri qalmayıb,
sərt ifadələr işlətdim. Başqa
cür hərəkət etsəm, bunu yalvarış kimi qəbul
edəcəyini düşünürdüm. Hər ikimiz qalın maska altında hisslərimizi gizlətmişdik,
sən özünü daha məharətli aktrisa kimi
aparırdın. Guya hisslərimiz torpağı deşib
cücərti verən bitki kimi özünü göstərsə,
biz utancaq roman qəhrəmanlarına bənzəməyimizi
itirəcək, onları səhnədə lazımınca təcəssüm
etdirə bilməyəcəkdik. Bu,
ağılsız bir sadəlövhlük idi, yaxşı ki,
sonrakı görüşdə bu saxtalıqdan
uzaqlaşdıq, burada da ilk təşəbbüsü mən
göstərdim. Çünki
tüğyan edən hisslər bu süstlüyə uzun
müddət davam gətirə bilməzdi. Dağ çayı nəinki qumu,
çınqılı, hətta ağacları kökündən
çıxarıb aparır, coşqun hisslərimiz də bənzər
qaydada bizə maneə törədən iri meşəni
dağıdıb məhv edə bildi, bizim aktyor oyunumuz üzərində
də qəhqəhə çəkib gülməyi
bacardı.
Ruhiyyə keçmiş oyunları barədə onun
sözləri ilə tam razı idi, yaxşı ki, bu oyun uzun
sürmədi, ürəklərimiz
saxtakarlığımızı kənara atmağa bizi məcbur
etdi və nikahımız baş tutdu. Sonra əlavə etdi:
- Səndən
gizlətmək istəmirəm, mən olduqca şadam. Axı sən mənə xoşbəxtlik səltənəti
bəxş etmisən. Bütün
vücudum, könlüm görünməmiş sevinc içərisindədir.
Onun yaradıcısı isə sənsən.
Təkrar edirəm, ömrüm boyu sənə
sədaqətli olacağam, bu sədaqət alınmaz qala təsiri
bağışlayacaqdır. Fəth etdiyin
bu qalanın yeganə fatehi sənsən və daim belə də
olaraq qalacaqsan. Könül bir alınmaz
qaladırsa, onun sahibi və yeganə sakini sənsən.
Görürsən, hər şeyi sənə
etiraf edirəm, lovğalıq kimi qəbul eləmə, bu da mənim
gözəlliyimdən sonra ikinci zəifliyimdir.
İlk dəfə idi ki, Hüseynin onu qızğın
hisslərlə sevdiyinə əminlik tapmışdı, bu onu
qələbəsindən utanmağa sövq edirdi və ona
hakim kəsilmiş utancaqlığından da həzz
alırdı.
Baş verənləri götür-qoy etdikcə,
bu xoşbəxtliyin öz üstünə
töküldüyünə də inanmaq istəmirdi,
düşünürdü ki, bu ittifaq çat versə,
Hüseynlə münasibəti öz hərarətini itirsə,
o, özünü öldürməyə hazır
olmalıdır. Böyük xoşbəxtlik
puç olduqda böyük də qurban tələb edir. Uzun, əzablı axtarışlardan sonra
tapdığı səadət almazını itirsə, belə
həyatda yaşamağı özünə rəva görməzdi,
çünki o, çox istəyirdi ki, həyatla da bəxtəvər
bir qadın kimi vidalaşsın.
Bu fikirlər içərisində
olanda əri ona yaxınlaşdı, qucaqlayıb öpdü və
dedi:
- Hindlilər
deyirlər ki, Aşoka ağacı qadın ayağı ona dəyəndə
çiçək açır. Sən isə
varlığınla mənim könlümü çiçəkləndirmisən.
Artıq
bir il idi ki, onlar başqalarının
köks ötürə biləcəyi mehriban bir ailə kimi
yaşayırdılar. Ruhiyyə toydan heç
üç ay keçməmiş hamilə oldu və ilin
sonunda Hüseynə bir oğul hədiyyə etdi. Özü də etiraf edirdi ki, əvvəlki hamiləliyi
ilə indikinin dünyalar qədər fərqi vardır.
Öz doğma uşağını bətnində
gəzdirəndə elə güman edirdi ki, ürəyinin
altında onu yaşadan ikinci bir ürək də meydana gəlmişdir.
Əvvəlkindən fərqli olaraq hamiləlikdə elə
bir ağrı da hiss etmirdi, uşaq ona əlavə həyata
bağlılıq, həyatsevərlik hissi vermişdi. Əgər
üç il əvvəl ona belə
xoşbəxt olacağını desəydilər, bunu acı
bir zarafat kimi qəbul edərdi. İndi o,
özünü dünyanın ən xoşbəxt
qadını hesab edirdi, axı həqiqi gələcək
göydən düşən kimi olur. Hüseyn
də ona böyük qayğı ilə yanaşır, onun pəhrizinə,
çox sayda vitamin qəbul etməsinə ciddi fikir verirdi, bu
məqsədlə hər gün evə zənbil-zənbil tər
meyvələr alıb gətirirdi. Ruhiyyə
onları yeməyəndə, özü onunla bir süfrədə
oturub, onu da yedizdirir, özü də meyvələrdən
yeyirdi. Qonşular da Hüseyndəki dəyişikliyi
hiss etmişdilər, eyni mərtəbədə yaşayan qoca
kişi ona zarafatla deyirdi:
-
Hüseyn müəllim, deyəsən, təzə gəlin sənə
ayrı cür baxır, nazınla oynayır, xeyli
cavanlaşmısan. Görünür, doşab almısan, bal çıxmışdır.
Hüseyn qocanın zarafatından incimirdi, axı o, həqiqəti
deyirdi. O,
arvadından çox razı idi. Özünə isə etiraf
etmişdi ki, Ruhiyyəni günü-gündən daha çox
sevir, iş vaxtı başa çatandan sonra evə tələsir
ki, onu və oğlunu görsün, könlü
şadlansın. Arvadının hərəkətlərində
bir incəlik var idi, baxışından isə təzə gəlin
olduğunu xəbər verirdi. Ona görə
də onunla rastlaşan hər kəs ona valeh olmadan
ötüb keçə bilmirdi. Çöhrəsində
əvvəlki qəmgin ifadədən heç bir əsər-əlamət
qalmamışdı. Əri
üçün o, öz sirliyini itirsə də, cazibədarlığını
daha da artırmışdı. Danışanda
nitqindən həlimlik, zəriflik yağırdı. Onun sifət cizgilərini belə heyranedici şəkildə
saxlamasına Hüseyn təəccüb edirdi. O, nəfəs
aldıqca xırda döşləri aramla qalxırdı.
Əri özünü saxlaya bilməyib, tez-tez onu
qucaqlayırdı və bu həzdən az
qala dəli olurdu. Bu anlar ona qismət
olduğundan minnətdarlıq hissini gizlədə bilmirdi.
O deyirdi:
- Mən Ruhiyyə ilə təkcə ailə
qurmamışam, onun gözəl ürəyini fəth edə
bilmişəm, bundan özümə də hörmətim
artmışdır. Bu qız mənə harmoniya hissini təlqin
etmişdir.
Onların övladı qızğın məhəbbətin
bəhrəsi olduğundan, qəşəng uşaq idi. Südabə xanımın
Şekspirə olan pərəstişinə görə
oğullarının adını çox yayılmış
ad olan Hamlet deyil, ingilis dramaturqunun cəmi 11 il
ömür sürmüş oğlunun adı kimi Hamnet qoydular.
Ruhiyyə
Hüseynə "mənim əzizim" deyə müraciət
edirdi, Hüseyn isə onu "Kleopatram"
adlandırırdı. Əri onun gözəlliyinə
vurulduğuna, həm də məlahətinə və lətafətinə
görə Ruhiyyəni məşhur Misir
çariçasına oxşadırdı. Fransız yazıçısı Teofil Qotyenin 1845-ci
ildə Kleopatra barəsindəki "ona tərifdə də
şairlər heç nə əlavə edə bilməzdilər"
sözlərini birbaşa Ruhiyyəyə aid edirdi. Axı şairlər mədh edəndə, tərifləyəndə
də ən uca ifadələrdən istifadəyə
üstünlük verirlər. Onun aləmində
də təzə arvadının xüsusən daxili gözəlliyi
nisbi deyil, mütləq idi və buna nəsə əlavə
etməyə ehtiyac da yox idi.
Həm də ona şad idi ki, Ruhiyyəni heç də
Misir gözəlinin aqibəti gözləmir, çünki o,
siyasətlə məşğul deyildir, bütün
varlığını öz ərinə və
uşağına həsr edir, taxt-tac qayğısını
çəkmir. Kleopatra isə iki dramda baş rolu oynamaq istəyirdi: həm
özünü məhəbbət ilahəsi, ərə sədaqət
rəmzi hesab edilən İsida kimi təqdim edirdi, həm də
çariçalığını qoruyub saxlamağa
çalışırdı. Ona görə də fransız
filosofu Blez Paskal düzgün olaraq qeyd edirdi ki, Kleopatranın
burnunun ucu bir az gödək olsaydı, indi
dünyanın sifəti başqa cür görünərdi.
Ruhiyyənin burnunun ölçüsü də onun və
ərinin xoşbəxtliyinə maneçilik törədə
bilməzdi. Çünki onlar bir-birlərinə elə
vurulmuşdular ki, artıq təkcə həm köhnə, həm
də cavan olan bir gözəl cənub şəhərində
yaşamırdılar, onlar artıq məhəbbət
planetinin sakinləri idilər.
O
oxumuşdu ki, Yaponiyada ən zərif qadınları
"söyüd qadın" adlandırırlar. Hüseynin gözündə Ruhiyyəsi də
"söyüd qadın" idi. Hüseyn deyirdi ki:
- Mən əvvəllər
çox vaxt platonik məhəbbət barədə
düşünürdüm, Ruhiyyə bu fikri ağlımdan
bütünlüklə çıxarmağı bacardı. Çünki cismani
çağırışımın hər birinə ondan
umduğum cavabı alırdım. Bu
qız hissiyyatımı ilhamlandırmaqla yanaşı, həm
də mənim ruhi tələblərimə cavab verirdi. Onun intellektinin aşağı səviyyədə
olması barədə əvvəlki fikrimi də dəyişdim,
çünki mütaliəsi ona çox bilik vermişdir.
Əlbəttə, mənim peşəmə aid
olan bilik sahələri ona yenə də yad olaraq qalır.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2021.-
28 may. S. 30.