Qiyaslı
gilası
Anam
xəstələnmişdi. Neçə gündü Ağdam,
doğulub boya-başa çatdığı,
ömrünün çoxunu yaşadığı Qiyaslı
kəndi dilindən düşmürdü. Hər gecə
yuxusunda kəndimizi, bağ-bağatlı həyət-bacamızı
gördüyünü söyləyirdi. Sonra bütün
günü havalı kimi öz-özüynən
danışırdı: "Vallah, necə qoyub gəlmişəmsə,
hamısı yerindədi. Erməni adam deyil? Axı niyə
dağıtmalıdı? Bayquş xarabalıq sevər.
Yesin-içsin, yaşasın də bəy kefində. Dədəsi-babası
görmədiyi günə düşüb".
Bir
gün də dedi:
- Bu
gecə sənnən yenə kəndimizdəydim.
Darvazamızın ağzında avtobusdan düşən kimi
qonşumuz Telli arvad böyürdən çıxdı. Dedi,
ağız, hardasınız? Gilasınızı niyə
yığmır, qurd-quşa yem eləyirsiz? Gözüm
qonşuların həyətini gəzdi. Bizdən başqa
hamının gilası dərilmişdi. Səsə
qonşular tökülüb gəldilər. Qonşu rayonlara,
kəndlərə geniyən, ölüb-itən bildiklərimizin
hamısı burdaydı. Gülşən xalayın sənnən
oxuyan qızına gözüm sataşdı. Dedim, ay
canıyanmış, sən heç yekəlməmisən ki?
İncimiş qayıtdı, oğlundan bəri bax!
Çöndüm ki, sən də elə onun boydasan.
Matım-qutum qurudu. Bu vaxt darvazamızın arxasından səsini
eşitdim: "Uşağa baş qoşma, gəl gün
qalxmamış gilasımızı yığaq".
Baxıram, boyaboy sıralanmış gilas
ağaclarımız hamısı insan kimi
qaş-qabaqlıdı. Evləndiyimiz il atayın əkdiyi
gilas ağacını qucaqladım, öpüb-oxşadım.
Qurvan olum, dedim, bizdən küsməyin, Allah erməniyə lənət
eləsin! Ağac qollarımın arasında canlandı. Sonra
gilas ağacında gilas yığır, yeyirdim...
- Bəs
yığdığın gilası neynədin? - Qızım
atmaca atdı.
-
Bax, orasını görmədim. Amma dadı elə əvvəlki
kimi şipşirin, qənd kimiydi.
-
Yıxılmaqdan qorxmadın? - Söhbəti uzatmaq xatirinə
soruşdum.
-
Yox, - deyib güldü, - yuxu bir möcüzədi, bala.
Anam
keçmiş günləri xatırlayanda, o illərdən
danışanda əhvalı yaxşılaşır,
gümrahlaşırdı.
-
Bazara gilas çıxıb, - qızım dedi. - Heyifsilənmə,
atam alıb gətirər, yeyərik.
- Eh,
mən Qiyaslı gilasının tamarzısıyam. O, başqa
bir dad-tamdı. Elə bilirəm, bir də yesəm, ölmərəm.
- Nənə,
indiyəcən ağızda dad-tam qalar? Gör neçə
ildi Qiyaslı gilası yemirsən?
-
Neçə ildi nədi? - Nəvəsinə çəmkirdi.
- Ağzımda deyirəm, bu gecə həyətimizdə gilas
yığır, gilas yeyirdim...
Gülüşdük.
***
Maşını
Qurd qapısından Sədərək
"talkuçkası"nın yanındakı "Meyvəli"yə
sürdüm. Bazarda mer-meyvə ayaq tutub yeriyirdi. Gözüm
gilas axtarırdı. Piştaxta arxasındakılar
yaxınlaşdığımı görüb canlanır,
mallarını tərifləməyə
başlayırdılar.
Qiyaslı
gilasının dadı-tamı az-çox mənim də
damağımda qalmışdı. Qaçaqaç vaxtı
ikinci sinifdə oxuyurdum. Kənd uşağıydım. Meyvə
vaxtı yıxılar, şikəst olarıq deyə nə qədər
qadağa qoysalar da, axşama qədər ağacların
başındaydım. Çətini gözdən
oğurlanıncaydı.
Qiyaslıda
o həyət yoxdu, 5-6 gilas ağacı olmasın. Havayı
demirdilər, Qiyaslı - qapısı gilaslı! Gilas
ağacı olmayanı qiyaslı saymazdılar. Qiyaslı
gilası adla deyilərdi. Əmim oğlu ilə gilas
satmağa gedəndə görmüşdüm, Ağdam bazarında
hara baxsan, Qiyaslı gilasıydı. Ürəyi gilas istəyən
Qiyaslı gilası alırdı.
Biri əmim
oğlu, gilas vaxtı qiyaslı cavanlarının keyfi ala
buludda cövlan edərdi. Adi siqareti bəyənməz, harda
bahalı filtrli siqaret var, ondan alıb fısqırdardılar.
Bazarın yanında, Qiyaslı avtobus dayanacağı ilə
üzbəüzdəki Məhinin çayxanasında pürrəngi
çay qabaqlarında, "Marlbora" damaqlarında
ötüb-keçən şəhərli qızlara baxar,
bildirçinin bəyliyini yaşayardılar.
- Yan
keçmə, bəri dur görüm nə axtarırsan, əmoğlu?
- Suyuşirin satıcı əliynən
qarşısındakı meyvələri göstərib
çağırdı. Yaşdaş olardıq.
-
Gilas, - dedim.
-
Beçə balı kimi şirin gilas məndə, - şəstlə
dedi.
-
Anam mənə qənd kimi şirinini almağı
tapşırıb, qardaş, - gülüb dedim. - Hara
gilasıdı?
-
Qarabağ, - dedi, - dadına bax, çəkinmə,
alverçi deyiləm, gətiriciyəm, bağımın məhsuludu.
Sözünü
yerə salmadım, birini yedim. Haqqüçünə,
dadlıydı. Dərdimi də danışdım. Qiyaslı
gilası axtardığımı söylədim. Əlini-əlinə
vurub bərkdən dedi:
- Pah
attonnan! Təsadüfə bax. Səni mənə, məni də
sənə Allah ürcah eləyib. Yediyin Qiyaslı
gilasıdı.
-
Ağ eləmə, - etirazımı bildirdim. - Qiyaslı erməni
işğalındadı.
-
Qardaş canı, səhvsən. Qiyaslı bizdədi. Mən
Qiyaslıda oluram, nəinki bu gilası, satdığım meyvələrin
hamısını öz həyətimdən yığıb
gətirmişəm.
-
Əşi, ayıbdı, hələ bilmirsən alacam, yoxsa
yox, yalandan and içirsən. Özün də deyirsən, gətiricisən?
- Üzümü bozartdım.
Satıcı
əsəbi halda pencəyinin qoltuq cibini eşələdi.
Pasportunu çıxarıb göstərdi:
-
İnanmırsan? Oxu, burda nə yazılıb?
Oxudum.
Adam, doğrudan da, Qiyaslı kəndindəndi. Ancaq
Ağdamın deyil, Bərdənin Qiyaslı kəndindəndi.
-
Bağışla, qardaş, - məsələni
aydınlaşdırdım.
Bu dəfə
gilassatan təəccüblə üzrxahlıq elədi.
- Mən
də Ağdamda Qiyaslı kəndinin olduğundan xəbərsizəm,
- dedi.
Anlaşılmazlıq
aradan qalxandan sonra 2 kilo gilas çəkdirdim. Pulunu
götürmək istəmədi, zorla verdim. Dalımca gülə-gülə
dedi:
-
Şirin ağızla! Anana denən, kəndçimizdən
almışam, Qiyaslı gilasıdı.
***
- Sənə
Qiyaslı gilası almışam, - qapıdan girən gimi
anama dedim.
-
Hara gilası?.. - Bayaq mən gilassatana bozaran kimi indi də anam
mənə bozardı.
Daha
uzatmadım, gilası hardan, kimdən aldığımı
danışdım. Bir anda anamın
qırışığı açıldı. Qızım
gilası suya verib gətirincə keçmişlərə
baş vurdu:
- Hə,
Bərdədə də bir Qiyaslı kəndi var. Atan rəhmətlik
haçansa mənə o kənddə bir qohumu
yaşadığını söyləmişdi. - Yerində
dikəldi. Gözləri yenə işıq
saçırdı.
Narahat
oldum. Eşitmişdim ki, insan, ömrünün sonu
yaxınlaşdıqca daha artıq keçmişi ilə
yaşayır.
Qızım
gilası yeyə-yeyə təriflədi:
- Nənə,
bir bax, lap qənd kimi şirindi.
Anam
gilasdan birini götürüb ağzına qoydu. Dişləyib
tamsındı. Handan-hana başını bulayıb dedi:
-
Dadlı gilasdı, amma o deyil.
-
Qiyaslı gilasıdı də, - qızım şeytanlıq
elədi.
-
Quzum, - nəvəsini çəkib yanında oturtdu, -
yığışdığımız bu köçkün
yataqxanasında səndən başqa neçə Aytən
adlı qız var?
-
İki, - qızım dedi.
- Səncə,
bu üç Aytənin hansı mənə daha əzizdi?
-
Əlbəttə, mən! Sən mənim ürəyimsən,
mən də sənin!
Qızım
nənəsini, o da nəvəsini qucaqlayıb öpdü.
-
Ana, - dedim, - tezliklə torpaqlarımız azad olunacaq. Hamı
kimi biz də öz yurd-yuvamıza qayıdacağıq.
Anam
köksünü ötürməklə kifayətləndi.
***
Qaçqınkom
zəng eləmişdi. Bizi təbrik edir, ailə üzvlərimizin
sayı, yurd-yuvamıza dönmək istəyib-istəmədiyimizlə
maraqlanırdı. Ordumuz erməni işğalına son
qoymuşdu.
Bərkdən:
-
Əlbəttə, istəyirik, - dedim. - Minalardan təmizləsinlər,
getməyə icazə versinlər, günü bu gün
uça-uça qayıdarıq!
Anam
soruşdu:
-
Kimdi, nə deyirdi? - Başa saldım. - Buralarda, qocalar evində-filanda
bir yer ayırsaydılar, mən getməzdim, - dedi.
Çaşıb
qaldım. Bunu bu illər ərzində öz
yurd-yuvasının həsrəti ilə qovrulan anamın dilindən
eşidirdim.
- Niyə,
ana? Öz elinə-obana getmək istəmirsən?
-
Elim-obam qalıb?
-
Hamısını təzədən qurub-tikəcək, cənnətə
döndərəcəklər.
-
Qorxuram, oğul.
- Nədən?
-
Gedib o kənd-kəsəyimi, ev-eşiyimi görməməkdən.
Buna dözmərəm, ürəyim partlayar. Mənə cənnət
yox, o kənd-kəsəyim lazımdı. Səni
qınamıram, amma bir gilası tapıb mənə verə
bilmədin. Bəs dünya boyda kəndimi, adamlarını, kəndimiz
uğrunda şəhid olmuş ərimin qəbrini mənə
kim verəcək? Onları birdəfəlik itirməkdən
qorxuram.
Daha
dinə bilmədim.
Eyvaz ZEYNALOV
525-ci qəzet.- 2021.-
28 may. S. 29.