Ömür mənalı yaşananda...

 

Fədakar ziyalı və şair Adil Misirlinin portret cizgiləri

 

Hər bir insan ömrü oxunmamış kitab kimidir. Onu yalnız vərəqlədikdən sonra yetərincə öyrənmək mümkündür. Səhifələri açdıqca hər kəs maraqlı bir tale yolunun müsahibinə çevrilir, yaşanmış illərin yaddaşına qoşulur.

Haqqında söhbət açdığımız Adil Misirli də belə maraqlı müsahiblərdəndir. Adil Əli oğlu Misirli (Əhmədov) 4 avqust 1956-cı ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində, məşhur nəsil şəcərəsinə mənsub ailədə dünyaya göz açıb. Atası Əli Əhmədov Qarabağ və onun hüdudlarından kənarda sayılıb-seçilən ziyalılardan, el ağsaqqallarından idi. O, Kəbirli elinin ilk alitəhsilli rus dili müəllimi olub. Əli müəllim pedaqoji fəaliyyətlə yanaşı, partiya-sovet işlərində çalışıb, tarixçi və publisist kimi tanınıb.

Adilin əmiləri Ənvər Əhməd, Əhməd Elbrus, Əbülfət Misiroğlu, Yusif Əhmədov Azərbaycanın tanınmış söz-sənət adamlarıdır. Qardaşları Əbülfəz Əhməd, Eldar Qaraqarçay və Nazim Əlioğlu da yaradıcılıqla məşğuldurlar. Onun ata babası  Molla Misir bölgənin nüfuzlu dindarlarından sayılıb, ana babası Sınıqçı Mirzə isə Qarabağda loğman kimi şöhrət qazanıb.

Adil Misirli uşaq yaşlarından digər ailə üzvləri kimi ədəbiyyata, poeziyaya həvəs göstərib. İlk şeirləri, məqalələri orta məktəbdə oxuduğu illərdə yerli "Surət" qəzeti səhifələrində işıq üzü görüb. İstedadlı gənc orta məktəbi müvəffəqiyyətlə bitirərək, Sovet ordusu sıralarında xidmət edib. O, hərbi xidməti başa vurduqdan sonra Ukraynanın Odessa vilayət daxili işlər idarəsində əməkdaş kimi çalışıb. 1981-ci ildə Latviyanın paytaxtı Riqa şəhərinə gedən gənc burada inşaat işləri ilə məşğul olub. Özünün dediyi kimi, həmin dövrdə latış dilini öyrənib, ölkənin muzeylərini, tarixi abidələrini ziyarət edib, eyni zamanda, Latviya Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Həmin vaxt paralel olaraq, Moskvada SSRİ Yazıçılar İttifaqının nəzdində fəaliyyət göstərən Ədəbiyyat İnstitutunun oçerk və publisistika fakültəsində daxil olub. Lakin o, sonralar Ədəbiyyat İnstitutunu seçib.

Adil Misirli Moskvada Ədəbiyyat İnstitutunda oxuduğu  dövrdə Lev Oşanin, Mixail Lobanov, Andrey Dementiyev, Vladimir Kedrov kimi məhşur alim və mütəxəssislərdən dərs alıb. O, burada Azərbaycandan olan tələbə yoldaşları Tahir Aslanov, Səfər Alışarlı, Orxan Fikrətoğlu ilə birlikdə jurnalistikanın sirlərinə  yiyələnib.

Təhsilini başa vurduqdan sonra Moskvada qalıb, işləmək qərarına gəlib. Uzun illər Azərbaycanın Rusiyadakı Daimi Nümayəndəliyində, Moskva şəhər kommunal təsərrüfatı, yaşıllaşdırma idarələrində, asfaltsalma şirkətlərində işləyib. O, sözügedən qurum və təşkilatlarda sadə, təvazökar, əməksevər, bacarıqlı insan kimi tanınıb, kollektiv üzvləri arasında nüfuz və hörmət qazanıb. Xaraktercə təmənnasız, xeyirxah insan olan A.Misirli həmin illərdə ona pənah gətirən yüzlərlə həmyerlimizə dayaq durub, hər cür qayğı və köməklik göstərib. O, qürbətdə yaşadığı dövrdə, bir an da olsun,  vətənimizi, doğma Ağcabədini unutmayıb. Onun ruhu, xəyalları daim müqəddəs Vətən torpaqları üzərində dolaşıb.

Qarabağ bizimdir! – Adil MİSİRLİ | ARAN qəzeti

20 Yanvar faciəsi baş verdiyi, Qarabağ torpaqları ermənilər tərəfindən işğal edildiyi vaxt Moskvada  etiraz səsini ucaldan ilk azərbaycanlılardan biri də Adil Misirli olub. Təsadüfi deyil ki, Azərbaycan Daimi Nümayəndəliyinin işçisi kimi, o, 20 Yanvar hadisələri ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəallıq göstərib. Eyni zamanda, onun Moskvada yaşayan azərbaycanlılar tərəfindən Mixail Qorbaçovun törətdiyi 20 Yanvar qırğınına etiraz əlaməti olaraq təşkil etdilən nümayişlərdə yaxından iştirakı da mühüm  önəm kəsb edib. Ümummilli lider Heydər Əliyev SSRİ rəhbərliyindən kənarlaşdırıldıqdan sonra da A.Misirli bu böyük şəxsiyyətlə sıx əlaqə saxlayıb, onun tövsiyə və tapşırıqlarını daim yerinə yetirib. O, hətta Ulu öndərin böyük portretini bərpa etdirərək, Daimi Nümayəndəlikdə öz iş otağından asılmasına nail olub. Yanvar hadisələrindən sonrakı dövrdə Moskvada Azərbaycan əleyhinə aparılan kampaniyaların qarşısının alınmasında da Adil Misirli ön sırada olub. O, həmin vaxt bununla əlaqədar "Nezavisimaya qəzeta"nın səhifələrində, eyni zamanda, "Vostoçnaya Panorama", "Azerros", "Stalitsa" kimi mətbu orqanlarda cəsarətli çıxışlar edib.

Adil müəllim dünyanın hər üzünü görmüş, onun keşməkeşlərini yaşamış insandır. Buna baxmayaraq, o, həmişə çətinliklərə sinə gərməyi bacarıb, heç vaxt əyilməyib, möhkəm iradəsi ilə hər bir sınaqdan qalib çıxıb. Onun Moskvada həmişə yaxşı yaşamağa şansı olub, imkanı çatıb. Ancaq Vətən, xalq sevgisi qəlbini rahat buraxmayıb. Odur ki, doğma yerlərə dönməyə üstünlük verərək, Ağcabədiyə  qayıdıb. Dəyərli ziyalı neçə vaxtdır ki, burada öz ata-baba ocağında yaşayır, səmərəli fəaliyyətini davam etdirir. O, əvvəllər adıçəkilən bölgədə bir sıra sahələrdə xidmət göstərib. Hazırda rayonda çıxan "Aran" qəzetinin redaktor müavinidir.

Adil Misirlinin imzası ilə sözügedən qəzet səhifələrində dərc olunmuş bölgənin sosial-iqtisadi, ictimai-mədəni həyatından bəhs edən yazılar oxucular tərəfindən rəğbətlə qarşılanıb. Təcrübəli jurnalistin Vətən müharibəsi ilə əlaqədar məhsuldar fəaliyyəti xüsusilə diiqqət çəkib. Onun müharibə günlərində  qəhrəman döyüşçülərə, şəhidlərə, qazilərə həsr etdiyi yazılar rayon sakinləri arasında geniş rezonansa səbəb olub.

Bu gün Adil müəllim şeir yaradıcılığında da uğurlar qazanır. Şairin qələmə aldığı poeziya nümunələri respublika mətbuatında müntəzəm dərc olunur. Təvazökarlıq edərək, şeir yaradıcılığını "hobbi" kimi dəyərləndirən söz ustası poeziya qarşısında məsuliyyətini  yaxşı dərk etdiyi üçün belə bir addım atdığını söyləyir. Yeri gəlmişkən, tanınmış ziyalı öz çoxşaxəli fəaliyyətində şeir yazmaqla yanaşı, futbol oynamağı da, yaxşılığa qulluq etməyi də, xalq təbabəti ilə məşğul olmağı da "hobbi" hesab edir. Əslində, o, bu işlərə ürəkdən bağlıdır. Onun məharətlə yetişdirdiyi yaşıllıq zolaqları, vurduğu calaqlar, xalq təbabəti ilə bağlı etdiyi məsləhətlər əsl peşəkarlıqdan xəbər verir.

Adil Misirli rayonda tələbkar, qayğıkeş bir ailə başçısı kimi də fərqlənir. O, vətənpərvər ruhda, əqidəli iki oğul böyüdüb, tərbiyə edir. Ailənin böyük oğlu Qürbət rep yaradıcılığı ilə məşğuldur. Kiçik oğul Eldin isə atasının yolunu davam etdirərək, jurnalist olmaq istəyir. Səriştəli şair-publisist ömrünün müdrik çağlarına qədəm qoyub. Bu yaşında o, yorulmaq nə olduğunu bilmir. Daim qurub-yaratmaq həvəsi ilə yaşayır, yeniliyə, fədakarlığa can atır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun 44 gün ərzində torpaqlarımızı erməni işğalından azad etməsi hər bir azərbaycanlı kimi, onu da çox sevindirib, qürurlandırıb. Düşməndən xilas edilmiş ərazilərə gedib orada keçiriləcək bərpa işlərində iştirak etmək isə  onun ən böyük arzusudur.

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet.- 2021.- 28 may. S. 28.